7:55 am - Çərşənbə Noyabr 22, 2017

“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA QADIN OBRAZLARI

 Rəfiqə  RZAYEVA, Şirvan   şəhər 1 nömrəli   tam  orta  məktəb-xüsusi     istedadlı şagirdlər  liseyinin direktoru

Rəfiqə RZAYEVA,
Şirvan şəhər 1 nömrəli tam orta məktəb-xüsusi
istedadlı şagirdlər
liseyinin direktoru

“Kitabi-Dədə Qor-qud” dastanları milli-mənəvi bütövlüyümü-zün, əxlaqi kamilliyimizin, etik dünyamızın mükəmməl toplusudur. Bu kamillik dünyamızın bir qütbünü də qadınlar – xanımlar təşkil edir.

“Dastan”da yurdumuzun müdriklik rəmzi, el bilicimiz Dədə Qorqud oğuzun hər müşkülünü həll edəni, qayibdən dürlü xəbərlər söyləyənidir. Ona görə də uluca ozanımız “nə ki buyursa qəbul edərlərdi”. Dastanda Dədə Qorquda aid olan deyimlərdən biri də qadınların xarakterinə görə bölgüsüdür. Dastanın müqəddiməsində Dədə Qorqud dilindən deyilir:

Qarılar dörd dürlüdür:
Birisi solduran soydur,
Birisi dolduran toydur.
Birisi evin dayağıdır,
Birisi necə söylərsən, bayağıdır.

Müdrik el bilicisi bu qadınlardan yalnız birini – “evin dayağı” olan qadınları təqdir edir, alqışlayır. Kimdir evin dayağı qadınlar?! Qorqud ata onları belə səciyyələndirir: “…evin dayağı oldur ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, ağırlar, əzizlər, göndərər”. Müdrik ozan belə qadınları alqışlayaraq deyir: “Xanım, onun bəbəkləri bitsin (balaları yetişsin)! Ocağına buncılayın (bunun kimi) övrət gəlsin!

Şəkil

Şəkil

Uluca ozanımız təsvir etdiyi o biri qadınları – “solduran soy”, “dolduran toy” və “bayağı” qadınları isə qarğışlayaraq belə söyləyir: “Bunun kiminin, xanım, bəbəkləri bitməsin! Ocağına bunun kimi övrət gəlməsin!”

Dədə Qorquda görə “solduran soy” qadınlar el-obanın adını batıran, əsil-nəcabətini itirənlərdir. “Solduran soy” ifadəsi “nəsil adını batıran” anlamına gəlir. Belə qadınlar acgöz, paxıl, görməmiş olar: “…sabahdanca yerindən uru durar, əlin-yüzin yumadan doquz bazlammac ilən bir küvlək yoğurd gəvəzlər, doyunca tıqa-basa yer (yeyər)…” Belələri naşükürlük edər, olanlara qane olmaz, sədaqətdən, etibardan uzaq olar, gəldiyi ocağa xain baxar, əlini böyrünə vurub deyər: “Bu evi xarab olası! Əri varalıdan bəri daxı qarnım doymadı, yüzüm gülmədi; ayağım başmaq, yüzüm yaşmaq görmədi. Nolaydı, bu öləydi, birinə dəxi varaydım, umarımdan yaxşı-uyar olaydı”.

Şəkil

Şəkil

“Dolduran toy” qadınlar isə deyingən, söyüşkən qadınlardır. Belələri abır bilməz, həya bilməz: “…tərpədincə yerindən qalxdı, əl-üzünü yumadan obanın o ucunu bu ucuna çarpışdırdı. Söz-şayiə yaydı, qapılara qulaq qoydu. Öynəyədək gəzdi. Öynədən sonra evinə gəldi. Gördü ki, oğru köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq komasına, inək damına dönmüşdür…”. Bu gün el arasında belə qadınlara “çovuş” deyərlər. Belələri ev-eşik, ailə qədri bilməz, səhərdən axşamacan qapı pusmaq, söz gəzdirmək, qeybət qırmaq, ara qarışdırmaq onun sevimli məşğuliyyəti olar.

Şəkil

Şəkil

“Bayağı”, yəni tərbiyəsiz, qanacaqsız qadınlar pis vərdiş və xasiyyətləri ilə “solduran soy” və “dolduran toy” qadınlardan da dözülməzdirlər, ona görə də müdrik el ağsaqqalı belələrini “Ol, Nuh peyğəmbərin eşşəgi əslidir”, – deyə lənətləyir və belə səciyyələndirir: “Evinə yazıdan-yabandan bir udlu (abırlı, utancaq) qonaq gəlsə, ər adam evdə olsa, əri ona desə ki, dur ətmək gətir, yeyəlim, bu da yesin. Deyər bişmiş ətməyin bəqası olmaz, yemək gərəkdir?…”. Beləsi deyingən, söz eşitməzdir. Hətta qonaq yanında da ərini saymır, onu alçaldar: “Neyləyim, bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə də dəyirmandan gəlmədi…Nə gəlirsə, mənim sağrıma gəlsin”, – deyə əlini yanına vurar, üzünü o tərəfə, sağrısını ərinə döndərər. Min söylərsən, birini eşitməz, ərin sözünü qulağına almaz …”.

Buradakı “Nuh peyğəmbərin eşşəgi əsli” ifadəsi Nuh peyğəmbərlə bağlı bir əfsanə ilə bağlıdır. Belə ki, əfsanəyə görə gəmisini təmir etdirən Nuh peyğəmbər bir qızı olduğu halda gəmini təmir edən üç ustaya qızını verəcəyini söz verir. İş başa çatanda çıxılmaz vəziyyətə düşən peyğəmbərin iti də, eşşəyi də qıza çevrilir, it və eşşəkdən dönən qızlar bu heyvanların xasiyyətlərinə uyğun hərəkət edirlər. Göründüyü kimi, qədim folklor qaynağı olan əfsanələrimizdə də qadınlar xasiyyətlərinə görə qruplara bölünürlər: insan, it, eşşək xislətli. Nağıllarımızda da belə bölgüyə rast gəlirik: ipək qarı, köpək qarı, napak qarı, hətta küpəgirən qarı! Ancaq “Dastan”nın qadın qəhrəmanları ən layiqli, nümunəvi, bu günümüzə, sabahımıza örnək ola biləcək qadınlardır.

“Dastan”da qadına böyük hörmət, ehtiram diqqəti çəkir. İslamaqədərki təfəkkürümüzün məhsulu olan bu zəngin xalq örnəyində nə çoxnigahlılıq, nə də qeyri-qanunu nigah təqdir olunur. Əksinə, çobanla pəri qızının nikahından qeyri-qanuni övlad – Təpəgöz doğulur ki, o da oğuzların başına zaval gətirir, nankorluq, vəhşilik rəmzinə çevrilir…

“Kitabi-Dədə Qorqud” cəmiyyəti nəcib əxlaqi dəyərlərin ensiklopediyasıdır. Ulularımız qadın adını həmişə uca tutmuş, qadını “yıxılan evin dirəyi” sanmışlar. “Dastan”da qadın cəmiyyətin bərabərhüquqlu üzvüdür, ona görə də evin kişisi onu özünə arxa, dayaq, məsləhətçi hesab edir: “Dirsə xan dişi əhlinin sözü ilə ulu toy eylədi, hacət dilədi…”.
“Kitabi-Dədə Qorqud”da diqqəti cəlb edən, əsas qəhrəman səviyyəsinə yüksələn, “evin dayağı” olan qadınlardır. Dirsə xanın xatunu, Boyu uzun Burla xatun, Banu Çiçək, Sarı donlu Selcan xatun, Dəli Domrulun xatunu belə qadınlardandır.

“Dastan”dakı qadın obrazlarını səciyyələndirən ümumi cəhətlər ondadır ki, onlar təkcə qadın-ana, qadın-gəlin, namuslu, sədaqətli həyat yoldaşı, böyük ürəkli, kövrək qəlbli analar deyillər, onlar, eyni zamanda, at çapmaqda, qılınc oynatmaqda, qurşaq tutmaqda, kəmənd atmaqda, düşmənlə vuruşub baş gətirməkdə oğuz igidlərindən geri qalmayan qəhrəmandırlar.

Bütün bunlarla yanaşı, bu qadınlar fərdi-psixoloji temperamentləri ilə bir-birindən seçilən zəngin obrazlar silsiləsi təşkil edirlər.

“Dastan”da “qadın” sözünün leksik-semantik tutumu da müasir dilimizdəkindən fərqlidir. Burada “qadın” məfhumu “xatun” sözü ilə ifadə edilib. “Qadın” sözü isə “xanım” mənasında işlənir. “Dastan”ın müqəddiməsindəki “Qaravaşa don geyirsən qadın olmaz !” deyimi də fikrimizi aydın sübut edir.

“Dastan”da qadın, ilk öncə, vəfalı həyat yoldaşı, övladı üçün hər şeyə hazır olan anadır. Dirsə xanın xatunu “Dastan”da həm vəfalı həyat yoldaşı, həm də həssas, qayğıkeş, kövrək qəlbli ana obrazı kimi diqqəti cəlb edir. Oğuz ellərinin sayğılı bəylərindən olan Dirsə xan da sevimli qadınını düzgün qiymətləndirir, onu belə öyür:

Bəri gəlgil, başım baxtı, evim taxtı!
Evdən çıxıb yürüyəndə sərvi boylum!
Topuğumda sarmaşanda qara saçlım!
Qurulu yaya bənzər çatma qaşlım!
Qoşa badam sığmayan dar ağızlım!
Güz almasına bənzər al yanaqlım!
Qadınım, dirəyim, döləyim!

Vəfalı həyat həyat yoldaşı olmaqla yanaşı, həm də kövrək qəlbli ana olan bu qadın oğlunun ilk dəfə ova getdiyini görəndə bu hadisəni şadyanalıqla qeyd etmək üçün “atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırır”, “qanlı oğuz bəylərini toylayalım”, – deyir.

Ancaq oğlunun qayıtmadığını görən ananın “qara bağrı sarsılır, düm ürəyi oynayır”, “qara qıyma gözləri qan-yaşla dolur”, ərinə üz tutub deyir:

İki vardın, bir gəlirsən, yavrum qanı?

Qara gərdunda bulduğum oğul qanı?

Çıxsın mənim kor gözüm, a Dirsə xan, yaman səyrir,

Kəsilsin oğlan əmən süd damarım yaman sızlar.

Ərindən bir cavab ala bilməyən bu qadın qırx incə belli qızı da yanına alıb oğlunu axtarmaq üçün Qazlıq dağına gəlir.

Qana bulaşmış yaralı oğlunu tapıb, onun yarasına dağ çiçəkləri ilə ana südündən məlhəm qoyur. Ərinin şərəf və ləyaqətini düzgün qiymətləndirən, ona hörmətlə yanaşan ana oğlunda atasına qarşı nifrət hissi oyatmır, əksinə, onu vaxtilə oxla yaralayaraq dağa atan atasını bağışlamağa çağıraraq deyir: “Baban sənə qıydısa, sən babana qıymağıl, oğul!”.

“Dastan”ın ikinci əsas qadın obrazı Burla xatundur. Oğuz qadınlarının ən dəyərli mənəvi keyfiyyətlərini özündə cəmləyən Burla xatun dastanın əsas qəhrəmanlarından olan Salur Qazanın arvadı, Uruz bəyin anasıdır.

Şöklü Məliyin “qara donlu kafirləri” Qazanın yurdunu talayanda Burla xatunu qızlarla birgə əsir alaraq onu qızlardan ayırıb hər cür təhqir etməyi, ləyaqətini alçaltmağı düşünürlər. Burla xatunu tanımaq üçün oğlu Uruzu şişə çəkib ətindən qızlara yedirtmək istəyirlər: kim yeməsə o, Burla xatun olacaq. Bu müdhiş xəbəri eşidən Burla xatun oğluna üz tutub soruşur:

…Sənin ətindən oğul, a yeyəyimmi?
Yoxsa sası dinli kafirin döşəyinə girəyinmi?
Ağan Qazanın namusunu sındırayınmı?..

Qeyrətli, məğrur oğul isə ana namusunu, ləyaqətini hər şeydən üstün yutaraq cavab verir: “…Saqın, qadın ana! Mənim üzərimə gəlməyəsən!..Onlar bir yedigində sən iki yegil! Səni kafirlər bilməsinlər, duymasınlar !…”

Burla xatun oğlunun sərt cavabından sarsılır, “bıldır-bıldır gözünün yaşını rəvan edərək, boynu ilə qulağını alıb düşür, küz alması kimi al yanağını dartıb yırtır, qarğı kimi qara saçını yolur, oğul! oğul!…” deyərək zarlıq qılıb ağlayır.

“Dastan”da Burla xatunun zahiri görkəmi də diqqəti cəlb edir; boyu uzun, beli incə, yanaqları qırmızı, saçları qaradır.
“Dastan”da qəbul edilmiş etik normalara uyğun olaraq Burla xatun həm də igidlik, cəsurluq nümunəsidir. Şərəf və ləyaqətini, ərinin namusunu hər şeydən yüksək tutaraq ən çətin sınaqlardan da mətanətlə çıxan Burla xatun döyüş meydanının da ər-igidinə çevrilir, qılınc qurşanıb əri Qazan xandan əvvəl döyüşə girir: “Məgər, xanım, Boyu uzun Burla xatun oğlancığın andı, qərarı qalmadı, qırx incə belli qız, oğlanla qara ayğırın dartdırdı, bütün mindi, Qara qılıncın quşandı, “Başım tacı Qazan gəlmədi”, – deyə izin izlədi getdi. Gələ-gələ Qazana yaxın gəldi. Qazan halalını tanımadı…”

“Dastan”da üçüncü əsas qadın obrazı Banuçiçəkdir. “Evin dirəyi” qadınlardan olan Banuçiçək Oğuz bəylərindən Baybecanın qızı, Bəybura oğlu Bamsı Beyrəyin beşikkərtmə adaxlısıdır.

Oğuz igidləri evlənmək istərkən atalarından belə dilək dilərmişlər: “Baba, mana bir qız alı vergil kim, mən yerimdən durmamış ol durmuş ola! Mən qara-qoç atıma minmədən ol minmiş ola! Mən qırıma varmadan ol mana baş gətirmiş ola !…”. Banuçiçək də məhz bu xüsusiyyətlərə malik qızdır; o, at çapır, Beyrəklə güləşir, ox atır və s.

Banuçiçək bahar çiçəkləri kimi saf, təmiz, sədaqət, ləyaqət, namus nümunəsidir: nişanlısı Beyrəyi 16 il gözləyir, “ölüm” xəbəri alındıqdan sonra onu məcburən Yalıncığa vermək istərkən qan-yaş töküb yasa batır. Ancaq kafir əlindən qurtulub gələn Beyrəyi tanıyınca “cübbəsiə-çuxasilə Beyrəyin ayağına düşür”, sevinclə ata minib Beyrəyin ata-anasına muştuluğa gedir.

“Dastan”ın at minən, qılınc qurşanan Amazonka qeyrətli qadın obrazlarından biri də Sarı donlu Selcan xatundur.

Onun sorağı ilə gəlmiş, çətin sınaqlardan keçən oğuz igidi Qanturalıya ilk baxışdan aşiq olan Selcan xatun onu itirə biləcəyindən narahat olub həyəcan keçirir: “…Qanturalı niqabın sərpdi. Qız köşkdən baxırdı. Daraqlığı boşaldı, kədisi mavladı. Öysəl olmuş dana kimi ağzının suyu axdı. Yanındakı qızlara dedi: “Həqtəala atamın könlünə rəhmət eləsə, kəbin kəsib məni ol yigidə versə. Bunun kimi yigit heyf ola ki, cənavərlər əlində həlak ola!”, -dedi. Oğuz igidinin məhəbbətini qazanan, sevgisinə tapınan, uzaq ellərdən oğuz ellərinə öz sevgisi və sədaqətini gətirən bu igid qız da mahir at çapan, qılınc oynadan, ox-yay dartan cəsur döyüşçü kimi təqdim olunur: “Selcan xatun at saldı, “aman” deyəni öldürmədi. Elə sandı kim, düşmən basıldı, qılıncının balçığı qan odaya gəldi”.

“Dastan”ın ən maraqlı və bitkin, mükəmməl qadın obrazlarından biri də Dəli Domrulun xatunudur. Bu fədakar qadın etibarın, sədaqətin, ülvi məhəbbətin rəmzidir. Bu vəfalı qadın, hətta ərinin yolunda özünü qurban verməyə hazırdır:

Qadir tanrı tanıq (şahid.) olsun!
Mənim canım sənin canına qurban olsun !

Zəngin surətlər qalereyası təşkil edən “Kitabi-Dədə Qorqud”un qadınlar dünyası igidlər-ərənlər dünyasının bir zərrəsi, naxışı, bəzəyidir. Yenilməz xalqımızın ululuq, əzəmət rəmzidir bu igid, qeyrətli, ləyaqətli qadınlar, xatunlar!…

Filed in: DƏRS ANA DİLİ

Hələ şərh yoxdur

Şərh yazın