7:57 am - Çərşənbə Noyabr 22, 2017

BİR SALAVAT DA PROKURORUN ATASINA

HEKAYƏ

Malik Qurbanov

Malik Qurbanov

Onun əsil adını çox az adam bilirdi. Qəbələdə uşaqdan tutmuş qocaya qədər hamı onu “Malış” kimi tanıyırdı. Bəlkə elə onun özü də adını unutmuşdu, çünki az qala atmış yaşı olan bu insanı hətta öz həyat yoldaşı da “Malış” deyə çağırırdı. Bəri başdan deyim ki, gözəl qonşuluğu və mərd, kişiyə məxsus yaxşı cəhətləri çox olan bu insanın bir eybi vardı – olduqca çox içki içərdi, Allahın ver günü kefli olardı. Onun ayıq vaxtı uzaq başı saat on ikiyə qədər olardı, sonra isə harda gəldi içər, lakin ağlını itirməzdi. Ailəsini dolandırmaq üçün hər işə girişərdi, amma onun əla başardığı iş çayçılıq idi. O qədər cəld və səliqəli işi olardı ki, “piyaniskə” olmasına baxmayaraq, çox adam xeyir-şərə çayçı kimi onu dəvət edərdi. Hətta ona “Malış” adını da lap körpə yaşlarında çayçı “şəyirdi” işləyərkən ustası veribmiş.

Hər gün qəbul edilən içki “Malış”da qəribə keyfiyyətlər aşılamışdı. Ağına-bozuna baxmadan söyüş söyər, dilinə gələn hər hansı sözü işlətməkdən utanmazdı. Fikirləşib söz demək ona yad xüsusiyyət idi. Mənə məlum olmayan səbəblər uzündən düşdüyü həbsxana həyatı da “Malış”a öz təsirini göstərmişdi. Çox vaxt “çatana çatar, çatmayanın dalınca isə daş atardı”. Kimdənsə yaxınlaşıb pul istəmək, yaxud təsadüfi bir adamı təhqir etmək onunçün adi bir iş idi. Odur ki, çox adam “Malış”dan uzaq qaçar, onun hədəfinə çevrilmək istəmirdi.

Günlərin bir günü qonşuda yas düşmüşdü. Qışın oğlan çağı idi, yerdə qar dizə çıxır, şaxta adama musiqisiz rəqs etdirirdi. Qohum-əqrəba, dost-tanış, mərhumun yaxınları-uzaqları Molla Əkbərin dəfn proseduruna nə vaxt başlayacağını gözləyirdi. Molla Əkbər isə heç tələsən adama oxşamırdı. Başında “Qaragül” dərisindən tikilmiş papaq, ayağında xrom çəkmə, ğəkmə də qaloşun içində…Qalın paltosunun boynuna “maxer” şərf salmışdı. Bu azmış kimi qəbirqazanlara ayağının altındakı qarı təmizlətmiş, ora taxta qoydurmuş, taxtanın üstündə dayanmışdı ki, ayaqları üşüməsin…

“Qara camaat” soyuqdan donurdu. Kimi su buraxmış ayaqqabının içində donan ayaqlarından birini götürüb digərini qoyur, kimi donan əllərini üfürməklə isidir, kimisi də dayanmadan əllərini bir-birinə sürtürdü.

Molla Əkbər Qəbələnin “kəndbaşı” deyilən məhəlləsində doğulmuşdu. Hamı ona “mantyor” Əkbər desə də əslində ali təhsilli elektrik mühəndisi idi. Olduqca bacarıqlı və işgüzar Əkbəri bir vaxtlar Qəbələdə işıq idarəsinin müdiri vəzifəsinə təyin etmişdilər. Xeyli müddət müdir işləyən Əkbər uğursuz bir sövdələşmənin qurbanı olmuşdu. “Yeni yol” kolxozuna işıq çəkdirərkən sənədləri rəsmiləşdirməmiş, rüşvət aldığı pulla xəlvəti elektrik xətti çəkdirərkən elektrik dirəyi yıxılmış, mantyorlardan biri hadisə nəticəsində həlak olmuşdu.

İşi araşdıran rayon prokuroru Abbasov işıq idarəsinin müdiri Əkbəri tutdurmaq qərarına gəlir. İş məhkəməyə göndərilir. Əliyev familiyasında bir hakim işə baxır və müdir Əkbərə düz səkkiz il həbs cəzası verir. Əkbər həbsxanada “papağını günə vermir”. Dini ədəbiyyat əldə edir, müntəzəm olaraq avazla “Qurani-Kərim”i oxuyur. Gözəl avazı olan Əkbər həbsxananı nümunəvi məhbus kimi vaxtından əvvəl tərk edir və az bir vaxtdan sonra azadlıqda özünü molla kimi təsdiq edir. Molla kadrların çatışmadığı həmən dövrdə dünyasını dəyişənlərin sayca çoxalması “mantyor” Əkbər üçün geniş üfüqlər açır. Bəzən bir gündə onu iki yerə yas məclisinə dəvət edirlər. Az bir zaman ərzində yenidən ön cərgəyə çıxan Molla Əkbərdə bir az lovğalıq, bir az da özünü “nümayiş etdirmək” meyilləri yaranır ki, “qara camaat” da bunu duyur, arabir öz aralarında müzakirə edirdi.

Elə həmən gün dəfn mərasiminə işdən ac və yorğun gələn adamlar arasında da Molla Əkbərin bəzi əda və hərəkətləri, proseduru bilə-bilə gecikdirməsi və digər məsələlər müzakirə mövzusu idi. Malış da mərasimdə iştirak edirdi. “Samoqon” arağının ürəkbulandırıcı iyi iki-üç metrdən adamı vurur, Malış arağın hesabına dingildəyir, müzakirələrə qoşulur, fikir yürüdür, münasibət bildirir, arada bir kimisə lağa da qoyurdu.

Soyuqdan titrəyən adamlardan fərqli olaraq Malış Molla Əkbərə “replika” atır, qarın içində büzüşüb qalanlara “məsləhət” verirdi:

– Samavardan nümunə götürün; bir küsey atırsan içinə, başlayır “dızıldamağa”. İkincisini atırsan, samavar yerində dingildəyir. Yerdə qar-tufan olsun, fərq etməz, odduğunda küsey varsa, dızıldamalıdır. İnsan da canlı samavardır – odduğunda küsey varsa, üşümür. Bax, Molla Əkbər, vaxtılə küseyləri “daraqonu” atıb deyənə indi üşümür. Ədə, bu ölən yetim Əkbərin xahişi ilə diriləcək? Yox! Elə isə oxu bunun “Fatihəsini” qurtarıb getsin də… Əkbərdə hər iş “raşşot”nandı. Ürəyində çoxdan hesablayıb; yarım saat acqarına, yəni “küsey”siz qarın içində dayanan kasıbların neçə faizi soyuqdan sətəlcəm olacaq və onlardan neçə nəfərinə gələn ay Əkbər burada “Fatihə”deyəcək…

Ay Əkbər, istəyirsən gəlib “Fatihəni” özüm oxuyum!?

Nəhayət, Molla Əkbər dəfn prosedurlarına başladı. Səbri tükənmiş, qarın içində az qala yarım saat titrəyə-titrəyə dayanan adamlara Molla Əkbərin “Yasin”i çox uzun gəldi. Sən demə bu hələ “yurnal” imiş. Molla Əkbər “maxer” şərfini səliqəyə salıb ucadan dedi:

-Camaat,bir salavat da qəbiristan əhlinə çevirək.

-Amin!-deyə yerbəyerdən dilləndik.

-Bir salavat da Qarabağda şəhid olanların ruhuna çevirək.

-Amin!

-Bir salavat da Böyük Vətən müharibəsində ölənlərin ruhuna çevirək!

-Amin!

-Bir salavat da arxa cəbhədə ölənlərin ruhuna çevirək.

-Amin!

-Bir salavat da bu dünyadan erkən keçənlərin ruhuna çevirək.

-Amin!

-Bir salavat da bu qəbiristanlıqda uyuyan həcilərin ruhuna çevirək.

-Amin!

-Bir salavat da bu dəfn mərasimində iştirak edənlərin ölülərinin ruhuna çevirək.

-Amin!

Molla Əkbər dayanmadan salavat çevirməyi təklif edir, yorulub əldən düşmüş camaat isə “Amin!” deməklə kifayətlənirdi. “Kösövü” sönmüş Malış tir-tir titrəyir, dişləri şaqqıldayırdı. Birdən o qəribə bir səslə bağırdı:

-Molla Əkbər! Molla Əkbər!!

-Buyur, oğlum, – deyə Malışdan ağıllı söz gözləməyən Molla Əkbər bir az həyəcanla dilləndi.

-Bir salavat da prokuror Abbasovla sudya Əliyevin atasına çevirək!

-Niyə, oğlum? Onların nə xidmətləri olub ki, ruhlarına salavat da çevirək?!

-Xidmətləri o olub ki, səni basıblar qoduqluğa, qayıdıb gəlib olmusan molla! Başıva qoymusan “Qaragül”dən papaq, boğazına salmısan “maxer”dən şərf, çıxıb durmusan Şah oğlu Şah Abbastək taxtanın üstündə. Yoxsa sən də “Zoburnu doxtur” kimi əlində plasakubsa stolbanın başında olası adam idin! Ədə, Allahın olsun, salavat neçə dənə olar, soyuqdan qırıldı ki, camaat!!

Soyuqdan titrəyən camaatın əlinə yaxşı girəvə düşmüşdü – hamı gülürdü. Hətta ölü sahibləri belə dərdlərini unudub gülürdülər. Pərt olan, rəngi qaralıb kömürə dönən Molla Əkbər xeyli müddət ağız-ağıza verib gülənlərə baxdı və ucadan:

-Allah sənə lənət eləsin!- dedi və camaata qoşulub gülməyə başladı.

Filed in: BƏDİİ

Hələ şərh yoxdur

Şərh yazın