7:54 am - Çərşənbə Noyabr 22, 2017

DANIŞAN KOLXOZDUR

HEKAYƏ

Malik Qurbanov

Malik Qurbanov

Qutqaşen rayon Partiya komitəsinin birinci ka-tibi Abdulla Bullayev kabinetində oturub əlini telefonun ruçkasına atdı. Bir xeyli onu fırlatdı, nəhayət yorulub trubkanı yerinə asdı. Bu vaxt kolxoz idarəsində kim qalar, – deyə öz-özünə sual verdi. -Yəqin ki, heç kəs…Lənətə gələsən…Yol uzaq, maşın yox…Mən indi Bum kəndinə kimi göndərim?! Bircə nəfər dəstəyi götürsəydi, sözümü deyərdim, iş də düşərdi qaydasına…Qoy, poçta tapşırım, dayanmadan zəng vursunlar, bəlkə kimsə telefonun səsini eşidib idarəyə gələr…

Kolxoz kişi bu vaxt Kalinin adına kolxozun idarə binasını süpürmək üçün kəndarası yolla asta-asta gedirdi. Bir vaxtlar qatı bolşevik olan atası partiyaya olan sevgisini izhar etmək üçün oğluna Kolxoz adını qoymuş, Sovet hökuməti də onun bu sədaqətini yüksək qiymətləndirmiş, kolxoz idarə binasını süpürüb səliqəyə salmaq kimi məsul bir işi gənc Kolxoza etibar etmişdi. Düz otuz il idi ki, Kolxoz kişi bu məsul işin öhdəsindən ləyaqətlə gəlirdi. Elə indi də yol gedə-gedə işini planlaşdırırdı; lampanın şüşəsi sınıb, onu dəyişim, bu bir. Peçin külünü təmizləyib atım, bu iki.

Doğranmış quru odunları peçin böyrünə yığım, qoy sədr üşüməsin. Keçən dəfə də mənə “malades” dedi, quru palıddan iki qucaq odunu yığmışdım peçin böyrünə…Hə…Gərək hər gün ağ köynək geyinim…Sədr dedi ki, ağ köynəkdə lap müəllimə oxşayırsan…

Rabitə qovşağında işləyən operator qız Kalinin kolxozuna zəng vurmaqdan yoruldu, “bir az nəfəsimi dərim” – deyib özünə çay süzdü. Kolxoz kişi bu vaxt sədrin otağına girdi. Ehtiyatla sınmış lampa şüşəsini yenisi ilə əvəz etdi. Palıd odunundan iki qucaq gətirib peçin böyrünə yığdı. Əllərini bir-birinə sürtüb sədrin yerinə keçib əyləşdi:

-Mənim nəyim sədrdən əskikdir? Bəlkə də mən ondan artığam. Gör, neçə sədr dəyişmişəm?! Amma mən həmən Kolxozam, hələ də həmən işi görürəm. Bir də ki, sədr nə iş görür, e. Onu elə elə, bunu belə elə. Arabir də telefona cavab ver; trubkanı götür, de ki, kalxoz sədri eşidir. Telefonun cır səsi Kolxoz kişini qorxutdu. Bir anlıq tərəddüddən sonra dəstəyi götürüb: – Əlo, eşidirəm, -dedi.

Telefonçu qız nə dedisə Kolxozun rəngi ağardı:

– Mə…Mən Sədr deyiləm… Atam, vallah Sədr deyiləm…

Qorxudan dili tutulan Kolxoz kişi sakitcə dayanıb trubkanı qulağında saxlayırdı. Nəhayət, amiranə bir səs eşitdi:

-Axşamın xeyir olsun!

-Axşamın xeyir olsun! – deyə Kolxoz nəzakətlə cavab verdi.

-Mən katib Bullayevəm.

-Mən də Kolxozam.

-Mən kiminlə danışıram?

-Kolxozla danışırsan, yoldaş Bullayev.

-Bilirəm kolxozla danışıram, danışdığım adam kimdir?

-Kolxozdur, yoldaş Bullayev!

-Ay kişi, bilirəm e, kolxozdur. Soruşuram ki, kiminlə danışıram?

-Kolxozla danışırsan, yoldaş Bullayev!

-Lənət şeytana, ay kişi, adın nədir?

-Kolxozdur, yoldaş Bullayev…

-Sən məni tanıyırsan?

-Bəli, tanıyıram, yoldaş Bullayev.

-Bəs adın nədir?

-Kolxozdur, yoldaş Bullayev.

Bu günə qədər rayonda onu bu cür ələ salan bir kimsənin olmadığını düşünən Bullayev trubkanı telefonun üstünə hirslə atıb növbətçiyə qışqırdı:

– Osman, tez elə, qaça-qaça milisə get, rəisə de ki, on dəqiqəyə yanımda olmasa, onun paqonlarını sökəcəyəm! Qaça-qaça getməsən səni də işdən qovacağam! Di tərpən, cəld ol! Mən dədidələri sayıram!

Gözünü açandan bəri raykomda mühasib işləyən Osmana bu cür kamanda verən olmamışdı. Yaxşı ki, hava qaralmışdı, alatoranda Osmanı görən olmayacaqdı. Osman köhnə “poluturka” maşını kimi tələmtələsik milisə tərəf abarot götürdü…

Rəis nəfəsini çiyinlərindən ala-ala içəri girdi. Hərçənd ki, vaxt iyirmi dəqiqəni keçmişdi. Zorla ayaqlarını cütləyib “çest” verdi:

-Yoldaş Bullayev, əmrinizlə gəlmişəm, buyurun,- dedi.

-Bu dəqiqə gedirsən Bum kəndinə, kolxoz idarəsinə! Orda bir avara telefonda məni ələ salır, soruşuram ki, adın nədir, deyir ki, kolxozam, onu götürüb gətirirsən mənim yanıma! Onsuz gəlsən paqonlarını bu gecə sökəcəyəm! Marş! Səni burda gözləyirəm!

-Baş üstə, yoldaş Bullayev!

Rəis necə qaranəfəs gəlmişdisə o qayda ilə də kabinetdən çıxdı. QAZ-69-a oturub sürücüyə qışqırdı:

– Nə qədər başarırsan, o qədər bərk sür! Buma – kolxoz idarəsinə!

Sürücü təzə maşını “uladaraq” yerindən tərpətdi. Bu səs yəqin ki, kabinetində oturub hirsindən əlləri əsən Bullayevin də qulağına çatdı. Həmzəlli çayına qədər maşını yüksək sürətlə sürən sürücü çaya çatıb dayandı:

-Yoldaş rəis, maşını hardan salım ki, çayda batmayaq?

– Bilmirəm, – deyən rəis sanki birdən-birə “partladı”, -məndən soruşursan? Rulda oturan sən, yolu mən göstərməliyəm?! Maşın batsa səni burda özüm güllələyəcəyəm!!

Rəis zarafat etmirdi, tapançasını çıxartdı:

– Maşın batsa, səni də öldürəcəyəm, özümü də! Mənim başqa çıxış yolum yoxdur! Allahı çağır, maşını sal çaya…

-Yoldaş Rəis, axı mən kommunistəm.Allahı aşkarda necə çağırım?

-Aşkarda yox, ürəyində çağır! Elə mən özüm bayaqdan bəri ürəyimdə ona yalvarmırammı?!

-Baş üstə, -deyən sürücü ürəyində “Ya Allah, ya Şeşbər Baba, özün kömək ol”,- deyib “razdatka”nı qoşdu , sonra maşını çayaxarı istiqamətdə suya saldı. Bir neçə metr məsafəni qayıq kimi üzən QAZ-69-un təkərləri axır ki, daşa-çınqıla ilişdi və çox böyük ləngər vuraraq sağ tərəfə çıxdı.

-Afərin!- deyən rəis sevincini gizlətmədi. Mən bu əməliyyatı salamat başa vura bilsəm sənə yüz manat pul və bir həftə məzuniyyət verəcəyəm.

-İcazə versəniz mən də o pula bir dənə qurbanlıq qoyun alıb “Şeşpər Baba”nın üstündə kəsib yetim-yesirə paylayaram.

– Et, amma elə et ki, niyə qurban kəsdiyini heç kəs bilməsin… Ora gedəndə “qrajdanski” geyinərsən…

– Yoldaş rəis, soruşmaq ayıb olmasın, getdiyimiz iş ölüm məsələsidir?

-Yox, kimsə telefonda Yoldaş Bullayevi dolayıb, onu tapıb gətirməsəm paqonlarımı sökdürəcək…

-Axı Sizin nə günahınız?

– Eh… Kimdir mənim günahsızlığımı araşdıran..Oturub otağında səhərə qədər məni gözləyəcək…Xasiyyətinə bələdəm…Mənimki də bura kimi imiş…Tapa bilməsəm qanım getdi…

-Taparıq inşallah! Bir qurban da Allah yolunda mən deyirəm! Halal maaşıma alıb kəsəcəyəm! Təki geri üzüqara dönməyək!

-Amin! Amma bu söhbətimiz öz aramızda qalsın ha! İkinci bir adamdan eşitsəm özündən küs!

-Oldu, yoldaş rəis!

İdarə binasına yaxınlaşanda rəis kamanda verdi:

-İşıqları söndür, bilməsin ki, maşın gəlir. Bir az uzaq-da saxla. Mən qapını döyəcəyəm, sən arxa tərəfdən pəncərənin altında ol. Birdən pəncərədən atılıb qaçar!

-Oldu, yoldaş rəis!

-Görsən ki, qaçır, at it oğlun güllə ilə, mən icazə verirəm!

-Baş üstə, yoldaş rəis!

…Kolxoz sədrinin otağında işıq yanırdı. Rəis sevincək oldu:

– Hərif hələ içəridədir. Ehtiyatlı ol! Əməliyyat başlandı!

Kolxoz kişi “Bayatı Kürd”ün üstündə lampanın şüşəsini parıldadırdı. Ölməmişin qəşəng fit çalmağı da vardı. Bir ağız oxuyur, sonra oxuduğunu fit çalmaqla təkrarlayırdı. Həm müğənni idi, həm də musiqiçi. Keyfi kök idi, çünki o bu gün yoldaş Bullayevlə şəxsən telefonda danışmışdı. Evə qayıdan kimi bunu həyat yoldaşına deyəsək, səhər isə qarşısına çıxan hər kəsə bu telefon danışığı haqqında məlumat verəcəkdi.

Qapı cırıldamadan açıldı. Əlində tapançanı hazır tutan milis işçisini görən Kolxoz kişi lampanın şüşəsini əlindən yerə nə vaxt buraxdığını hiss etmədi…Zorla:

-A…a… deyib əlifbanın ilk hərfini bir neçə dəfə təkrarladı və əllərini yuxarı qaldırdı.

-Səndən başqa burda kim var?

Qorxudan dili tutulan Kolxoz kişi başını sağa-sola fırlatdı.

-Lalsan?- deyə rəis astadan dillənib əl-qol işarələri ilə sualını təkrarladı.

Matdım-matdım rəisin üzünə baxan Kolxoz kişi Sədr üçün qrafinə yenicə doldurduğu bulaq suyundan başına çəkib bir xeyli içdi və nəhayət:

– Mən … burda, atam, təkəm, otağı yığışdırıram,-dedi.

-Bayaq telefonla danışan sən idin?

-Bəli, atam, mən idim…

-Kişi, sən telefonda kiminlə danışmısan?

-Atam, yoldaş Bullayevin özü şəxsən mənə zəng vurmuşdu.

-Özü!? Nə üçün zəng vurmuşdu?

-Atam, mən nə bilim? Demədi mənə…

-Dəqiq bilirsən Bullayevlə danışmısan?

-Bəli, atam, dəqiq bilirəm…Hətta soruşdu ki, məni tanıyırsamı? Cavab verdim ki, əlbəttə! Yoldaş Bullayev, otuz ildir ki, mən bu idarədə işləyirəm! Sizi tanımamaq olar?

…Silahını qoburuna qoyan rəis dərindən nəfəs alıb pəncərəyə yaxınlaşdı. Şüşələri taybatay açıb sürücüsünü səslədi:
– Arif, bura gəl! Əməliyyat başa çatdı. Adboy!

…İldırım sürəti ilə özünü ikinci mərtəbəyə yetirən sürücü sevincək soruşdu:

-Kim imiş, yoldaş rəis?

-Bax, bu dəyyus! Qandalları keçir qoluna!

…Atam! Atam! M … Mə… Mən…

-Sonra mələyərsən, – deyə Arif çəkisi otuz yeddi kilo olan Kolxoz kişini futbol topu kimi üzü qapıya tərəf çevirib arxadan təpiklə yavaşca itələdi; – Quşbeyin, telefonla danışmağa başına adam qəhətdir?!

-Atam! Atam! Allaha and olsun, mən heç nə deməmişəm! Mən yoldaş Bullayevin suallarına cavab vermişəm…

Bu arıx, çəlimsiz qocaya yazığı gələn polis rəisi onun qoluna vurulmuş qandalı açdırdı. Ciddi şəkildə tapşırdı ki, qaçmaq fikrinə düşməsin. Qaçsa, onunçün pis olacaq…Kişinin qorxudan ölə biləcəyini düşünən rəis onu da əlavə etdi ki, burda nə isə bir anlaşılmazlıq var…Bullayev tapşırıb ki, səni onun yanına aparaq, səninlə tanış olmaq istəyir, yəqin ki, vəzifəni böyüdəcək, dövlət adamı olacaqsan…

Nə günah işlətdiyini yol boyu fikirləşən, lakin tapa bilməyən Kolxoz kişi telefonun dəstəyini qaldırdığına görə özünü o ki, var, söydü. Şeşpər Babaya and içdi ki, salamat geri dönə bilsə, bir daha telefona yaxın getməyəcək.

-Düş, – deyə polis rəisi Kolxoz kişiyə əmr etdi, -gedirik yoldaş Bullayevin hüzuruna, biz tapşırığa əməl etdik, qalan iş katiblikdir, deyəcək apar sal içəri, salacağıq, yox, deyəcək buraxın getsin, səni buraxacağıq…

Milis rəisi içəri girib raport verdi:

-Yoldaş Bullayev, tapşırdığınız adamı tapıb gətirmişik.

-Gətirin içəri!

…Rəis çölə çıxıb Kolxoz kişinin qolundan tutub dayanan Arifə əmr etdi:

-İçəri apar!

Arif Katibə “çest” verib Kolxoz kişini üzbəüz stulda əyləşdirdi. Təzədən “çest” verib otaqdan çıxdı. Milis rəisi də icazə alıb katibin kabinetindən çıxmaq istəyəndə yoldaş Bullayev:

-Otur!-dedi.

…Xeyli müddət susan Bullayev qəflətən soruşdu:

– Telefonda mənimlə danışan sən idin, kişi?

-Bəli, yoldaş Bullayev, mən idim.

– Gecənin bu vaxtı sən kolxoz idarəsində nə gəzirdin?

-Mən kolxoz idarəsini süpürüb-təmizləyirəm, yoldaş Katib.

-Çoxdan işləyirsən?

-Atam, mən gözümü açandan orda işləyirəm. Mənim ikinci iş yerim olmayıb.

-Niyə məni ələ salırdın, kişi?

-Atam, mən qələt eləyərəm…Mən kiməm ki, sizi ələ salım? Əstafürüllah…

-Kişi, adın nədir?

-Kolxoz…

-Adın nədir, kişi?

-Kolxozdur, yoldaş Bullayev.

-İşlədiyin yeri soruşmuram , e!? Deyirəm ki, sənin adın nədir? Səni çağıranda nə deyib çağırırlar?

-Mənim adım Kolxozdur, yoldaş Bullayev, sədr məni çağıranda “ay Kolxoz kişi” deyə çağırır.

İmtahandan alnıaçıq çıxan Kolxoz kişi mətləbi anlayıb bir az da dərinə getdi:

-Atam rəhmətlik qatı bolşevik olub, ona görə də mənə Kolxoz adını qoyub.

…Mətləbi anlayan Bullayev qımışdı. Ona baxan milis rəisinin də qırışığı açıldı.

-Mən də elə bilirəm ki, bu məni ələ salır. Soruşuram kimdi danışan, cavab verir ki, kolxoz…Sən demə yetimin adı Kolxoz imiş…

-Məni tutduracaqsız, yoldaş Bullayev?

-Yox…Kişi, gəlsənə adını dəyişəsən?

-Bu yaşda adımı necə dəyişim? Dəyişib nə qoyum?

-Savxoz …-deyən milis rəisi söhbətə müdaxilə etdi, – maşallah, daha xeyli böyümüsən, adını dəyişməyin məsləhətdir.

-Nə deyirsən, kişi, adını dəyişib Savxoz qoyaqmı?- deyə artıq hirsi soyuyan Bullayev də zarafat etdi.

Yarım saat əvvəl geri qayıdacağına ümidi olmayan Kolxoz kişi buradan salamat çıxmaq üçün hər şeyə hazır idi. Odur ki, əlbəəl cavab verdi:

-Sizin məsləhət bildiyiniz hər şey mənimçün qanundur, yoldaş Katib!

-Bu gecə Savxoz kişini aparırsan mehmanxanaya, Qəzənfər kişiyə mənim adımdan deyirsən ki, Savxoz kişiyə yatmağa rahat bir yer versin. Səhər bütün işlərini qoyursan bir kənara, qanunun tələb etdiyi bütün sənədləri düzəldirsən, təzə pasport alıb verir, Savxoz kişini Kalinin kolxozuna aparıb şəxsən sədrə təqdim edirsən! Ala, bu yüz manata da ona bir dəst kostyum alırsan! Qoy təzə adla təzə kostyum geyinsin.

Kolxoz kişinin gecə idarədən yoxa çıxması Bum camaatını lərzəyə salmışdı. Hər yerdə onun ya ölüsünü, ya da ki, dirisini axtarırdılar. Bir neçə məsul şəxs də bu barədə milisə xəbər vermək üçün şöbəyə gəlmişdi. Növbətçi onları qəbul edib dinlədikdən sonra rəisin otağında Komxoz adında bir nəfərin olduğunu söylədi. Tələsik rəisin otağına keçdilər. Rəis otaqda yox idi. Kolxoz kişi təzə kostyumda kresloda şellənib oturmuşdu. Gələn həmkəndləri Kolxoza sualları yağış kimi yağdırırdılar:

-Ədə, Kolxoz, Allah səni bizə çox görsün, hara yoxa çıxmısan, camaat gecədən bəri düşüb kəndə-kəsəyə, səni axtarır, sənin burda nə itin azıb?

-Allah başını qoyub ayağına daş salmasın, atan gorbagor da sənə qoymağa ad tapıb, kimdən səni soruşuruq, bizi dəli hesab edir,- kolxoz necə itə bilər?! Da demirlər ki, bu yoxa çıxmış o kolxoz deyil…

-Sədrin tövləsindən tutmuş kolxozun tualetinə qədər hər yerdə səni axtarmışıq. Sən isə şellənib oturmusan burada…

Əynində də təzə qəstum… Təzə qalsın, ay Kolxoz! “Fatihə”n veriləndə ortalıqda olsun bu qəstumun… Arvadlar onun üstündə ağlaş qursunlar… Səsin batıb? De görək necə oldu ki, sən “Cin Mustafa”nın damına gəlib çıxdın? Axı bura “ünsürləri” gətirirlər…Olmaya sən də qoca vaxtında başından böyük qələt eləmisən?!

-Növbətçi də deyir ki, rəisin otağında “Komxoz” adında birisi oturub. Başın batsın, olmaya adını dəyişmisən? Heç bilirsən “Komxoz” hansı idarədir? Komunal Təsərrüfat İdarəsi…Kolxozda qalsın adın.

… Cavab verməyə tələsməyən Kolxoz kişi pauzası ilə onları xeyli vaxt intizarda saxladıqdan sonra dişsiz ağzını qəribə şəkildə açıb qımışdı:

-Atam…Atam…Mən yoxa çıxmamışam, e, – dedi, – rəis gecə özü məni adımı dəyişməyə gətirib, mən daha Kolxoz deyiləm, yoldaş Bullayevin məsləhəti ilə bu gündən etibarən Savxozam! Dedi ki, daha böyümüşəm, bu gündən adın Savxozdur. Bu da təzə pasportum. Anladız?! Mən Savxozam…

Filed in: BƏDİİ

Hələ şərh yoxdur

Şərh yazın