7:57 am - Çərşənbə Noyabr 22, 2017

MƏN ZAMANIN QƏM SAZIYAM VƏ YA DODAQLARIN PIÇILTISI

Afət BULUD

Afət BULUD

Yaralıyam yüz yerdən
Əlli yerdən, yüz yerdən
Sənsiz yaram sağalmaz.
Təbib gəlsə yüz yerdən.

Leyla Gəncənin köhnə kərpic evlərindən birində doğulub, boya-başa çatmışdı. Atası Gəncənin köhnə Şahsevən məhəlləsindən idi. Çox qürurlu, dediyi sözün arxasında duran, ötkəm bir adam idi. Əsas məşğuliyyəti ev təmir etmək idi. Arada bir evdə kustar üsulu ilə araq da bağlayardı, arağın qıt vaxtı restoranlara əlaltdan verərdi. Bunun üçün polislərlə tez-tez qabaqlaşmaları da olurdu. Qazanırdı da, itirirdi də. Amma heç vaxt təmkinini itirmirdi. Ailəsini bir təhər də olsa saxlayırdı. Bir qızı, iki oğlu var idi. Yoldaşı Nəcibə çox sakit, fağır, ağıllı, evdar, işgüzar bir qadın idi.

Leyla orta məktəbin X sinfini bitirib, sənədlərini ali məktəbə versə də, qəbul ola bilməmişdi. Tikiş sənətini öyrənmək üçün yaxınlıqdakı dərzi qadının yanına gedirdi. Yaxşı da öyrənirdi. Düyməni necə tikmək, ilgəyi necə doldurmaq, donun ayağını kəsmək, qatlamaq və s. Sənətə böyük həvəsi də var idi. Qadın paltarı sifarişi də götürürdü.

Məktəbi qurtardığı ilin payız günlərindən biri idi. Xatın xanımla birlikdə tikiş otelində işləyirdilər. Leyla köhnə ütü ilə şalvarın təzə kəsilib, qatlanmış ayağını ütüləyirdi. Xatın xanım mel ilə parçanın üzərində nə isə çəkirdi. Bu vaxt qapıda bir nəfər hərbi paltarda göründü:

– Salam xala, zəhmət olmasa, bu paltara baxa bilərsinizmi? Azca kostyumu böyükdür, bir az şalvarı uzundur. Bunu kəsib düzəltmək olarmı?

– Pərdənin dalına keç, geyin, baxım, sonra.

Oğlan pərdənin dalına keçib geyindi. Xatın xala mellə işarə elədi ki, bu kəsiləcək, bu tikiləcək, bu daralacaq, bu söküləcək və s. Təzə hərbi paltarda gənc lap yaraşıqlı görünürdü. Arada Leyla da xəlvətcə oğlana baxdı. Doğrudan da, yaraşıqlı idi. Gənc bir də pərdənin arxasına keçib, bayaqkı paltarını geyindi. Pərdənin arxasından çıxanda təsadüfən Leyla ilə gözləri bir-birinə sataşdı. Hər ikisinin bədəni elektrik keçirdi. Leyla başını aşağı salıb paltarı ütülədi. Oğlan Xatın xala ilə vaxtını və əlhaqqını danışıb, qapıdan çıxdı. Leyla qeyri-ixtiyar oğlanın dalınca baxdı. Elə bil hərbiçi Leylanın ürəyini özü ilə apardı. Leyla öz -özünə pis oldu. Ürəyində mən niyə belə oldum? Dedi daxilinə bir həyacan doldu. Əlindəki cunanı sıxıb, qapıya çıxdı, cunanı çırpdı. Hərbiçi univermaq tərəfə gedirdi. Leyla istəməzdi ki, Xatın xala onun narahatçılığını hiss etsin. Amma Xatın da indiyə kimi belə qızların çoxunu yola salmışdı. Qızların ağıllısı da olmuşdu, ağılsızı da, yarıyanı da olmuşdu, yarı yolda qalanı da. Xatın xanım Leylanın atasını yaxşı tanıyırdı.

Bilirdi ki, bu adam ömründə tələsiyib, səhv edənlərdən deyil. Qarşıdakını axıra qədər dinləməyi bacaran bir adam idi.

O, bilirdi ki, Kamal kişi alicənab bir adamdır. Ona görə də Leyla üçün narahat deyildi. Fikirləşirdi ki, ot kökü üstə bitər. Atası yaxşıdır, qızı da yaxşı olar.

Leyla elə bu dəqiqə istəyirdi ki, bilsin ki, görən hərbiçi bu paltarın arxasınca nə vaxt gələcək. Amma 100 il qala qüruruna sıxışdırıb, Xatın xaladan onu soruşmazdı.

Başladı yenə öz işini görməyə. Amma bir gözü də qalmışdı qapıda, qeyri-ixtiyar. Axşama kimi xeyli iş gördülər. Qurtardıqları paltarları salafan torbalara qoyub, divardakı iri mismardan asırdılar. Sahibləri gələndə isə bir-bir verərdilər gedərdi. Hər bir salafanın içərisinə də Xatın xanım yazıb qoyardı ki, müştərinin borcu nə qədərdir. Sənət Leylanın o qədər çox xoşuna gəlirdi ki, gəl görəsən. Arada da Xatın xala deyirdi:

– Ay qızım, biz camaatın möhrünü düzürük, Allah da bizim işimizi avandına çevirsin. Amin, inşallah!

Leyla dilsiz-ağızsız anasından fərqli Xatın xalaya çox heyrətlə baxırdı.

Elə adamlar onun yanına paltar gətirirdi ki, elə bahalı parçalar gətirirdilər ki, Leyla qorxurdu ki, bu filan yerin müdirinin yoldaşıdır birdən paltar yaxşı çıxmaz nə edərik?

Amma Xatın xala qorxmurdu. Hələ gələn müştərilərə deyirdi ki, bu parçadan o stil sənin bədəninə yaraşmayacaq. Parça çox boşdur,s ən ətli-qanlısan və s. və ilaxır. Əksəriyyət müştərilər Xatınla razılaşırdı. Razılaşmayanlar da olurdu. İşin sonuna yaxın Leyla parça qırıqlarını, yerə tökülmüş sapları döşəmədə elə yığırdı tər-təmiz. Oteli tam səliqəyə salmamış evə getməzdi. Leylanın bu səliqə-səhmanı Xatının çox xoşuna gəlirdi. Belə səliqəli qızlarda Xatının əlinə az-az keçirdi. Günorta yeməyini bir yerdə yeyərdilər, süfrəni də Leyla açardı. Tam hazır olanda Xatın xanım gəlirdi. Bir yerdə yeyirdilər. Çay içirdilər. Xatının əri yox idi. Üç oğlu var idi. İkisi Rusiyada yaşayırdı. Balacası isə türmədə idi. Xatın qəti öz problemləri ilə heç kimi yormağı xoşlamazdı. Lal-kar öz işində, öz gücündə olardı. Allah verdiyi əzab-əziyyəti də lal-kar qəbul edərdi.

Leyla atası ilə Xatın xalanın xasiyyətində, həyata baxışında bir eynilik görürdü. Elə bil bunlar bir atadan, bir anadan əmələ gəlmişdilər. Leylaya elə gəlir ki, kimisə öldürüb və gedib atasına desə ki, bir nəfəri öldürmüşəm, atası ona elə bir əlac edər ki, nə onu həbs etməzlər, nə də gül üzünə puf etməzlər.

Atasını o qədər çox sevirdi ki, elə bilirdi ki, təpəsində bir gözüdür. Atasını sağ ikən heykəlləşdirmişdi ürəyində, beynində. Atası desəydi öl, ölərdi, qal, qalardı. Onun bir sözünü iki etməzdi, edə də bilməzdi. Kamal kişi də öz ailəsinə elə nəzarət edirdi ki, adam ayağını qırağa qoya bilməzdi. Övladları hiss etmirdi ki, ata onları müntəzəm olaraq izləyir. Kim ilə oturdu, kim ilə söhbət etdi. Amma heç kim bunu hiss etmirdi.

Leylanı dərzi yanına pula görə qoymamışdı. Həyatın istisinə-soyuğuna alışmaq üçün qoymuşdu. Həmişə də deyirdi ki, “Ən yaxşı biclik, düzlükdür”, “Çörək yediyiniz yerə xəyanət etməyin” bu sözlər bu ailənin devizi idi. “Əmanətə xəyanət olmaz”. Hamı da buna əməl edirdi.

Nazimin hərbi xidmətini qurtarıb rayonlarına getməyinə düz bir ay qalmışdı. Evdən göndərilən pula bir təzə hərbi paltar alıb, dərziyə verdi ki, onu düz öz ölçüsündə düzəltdirsin. Dərzinin yanına girəndə elə bil hansısa bir qohumunu gördü. Qızın gözəlliyi, gözlərində olan saflıq, təmizlik onu tamam çaş-baş salmışdı. Heç bilmədi ki, nə geyindi, nə soyundu, qadın buna nə dedi. Heç nə yadında deyildi. Qıza baxmasa da fikri-zikri qızda imiş. Hərbi hissəyə gəldi haraya baxdısa onu gördü. Öz-özünə dedi ki, bu nə iş idi mən düşdüm.

İstirahət günü hərbi hissədən çıxıb, düz otelə gəldi. İçəridən həzin bir musiqi səsi eşidilirdi. Pəncərəni döyüb içəri girdi. Birinci qız tərəfə baxdı. Əlində nə isə tikirdi. Qadın isə tikiş maşını ilə nə isə maşınlayırdı.

Gəldin? – dedi, qadın
Gəldim – səhərə demişdim.
– Amma hazırdır. Geyin, baxım, sonra apar.

Paltarı götürüb, pərdənin arxasına keçdi. Bir azdan geyinib, çıxdı. Elə bil üstündə biçilmişdi. Güzgünün qabağına keçdi. Doğrudan da qəşəng idi.

– Çox sağ olun, istədiyimdən də qəşəng alınıb. Borcum nə qədərdir?
Əsgərsən, ay bala, heç nə lazım deyil.
Yox, xala çox sağ olun, əziyyət çəkmisiniz.

Bəlkə də beş manat verəcəkdi, qadının bu mərdanəliyindən sonra stolun üstünə bir onluq tulladı. Paltarını bükələyib torbaya qoymaq istədi, torba cırılmışdı.

– Leyla, oradan bir salafan torba ver.

Leyla oraya-buraya döyünsə də bir şey tapmadı. Axırda özünün salafan torbasını boşaldıb qadına verdi. Torbadan bir qəribə duxi iysi Nazimi vurdu. Paltarı götürüb qapıdan çıxanda ayaq saxladı:

– Xala yoldaşlarımdan da düzəltdirmək istəyənlər var, götürərsinizmi?

Niyə götürmürəm. Olsa, göndər.

– Özüm də gətirərəm.

Bir gün yenə xəlbətcə gəlib Leylanı işdən çıxanda izləmişdi, görmüşdü ki, evləri çox uzaqda deyil. On dəqiqəlik yoldu.

Evlərinin yaxınlığında, bağın içində yay olanda çayçı işləyirdi. Orada oturub çay içmişdi. Leylagilin ailəsi haqqında kifayət qədər məlumat toplamışdı. Ürəyi yerinə düşmüşdü ki, əsil mən deyəndi.

Nazim otelyadan çıxanda elə bil canı oteldə qalmışdı, gedən ruhu idi. Ayaqları yerimirdi. Özü də özünə məəttəl qalmışdı. Elə bilirdi ki, Gəncənin bu hissəsi elə bura pirdi, cənnətdi. Onu bir qeyri-adi qüvvə buraya çəkib gətirirdi. Əlindəki salafan torbadan bir gözəl ətir iysi gəlirdi, gəl görəsən. Həm də biləndə ki bu Leylanındı lap sevindi. İndi elə bilirdi salafandan yox, Leylanın əlindən tutub harayasa apardı. Özünü çox xoşbəxt hiss edirdi. Yaxınlıqdakı poçta girdi. Evlərinin nömrəsini verdi. 2-3 dəqiqədən sonra – “Ələsgərov 4-cü kabinəyə” – deyəndə yerindən dik atılıb kabinəyə girdi. Xoş-beşdən sonra anasına dedi ki, imkan olsa səhərə-birigünə mənim yanıma gəl.

– Xeyirdimi, ayın axırına özün gəlmirsənmi? Nəyə gəlim?
– Xeyirdi. Elə et ki, mənim çağırdığım evdəkilər bilməsin, guya özün gəlirsən.

Qadın çox narahat oldu. Amma biruzə vermədi. Həmin rayonla Gəncənin arası 2 saatlıq yoldu.

Səhər saat 2-də anası, böyük qardaşı və əmisi oğlu maşınla gəlmişdilər. Qardaşı ilə əmisi oğlu maşını ustaya göstərməyə getdilər. Anası ilə Nazim tək qaldı. Nazim anasına hər şeyi anlatdı ki, onsuzda mənə bir qız almayacaqsınızmı? Burada bir qız var, özümün çox xoşuma gəlib. Qonşularından öyrənmişəm. Əzrayıl kimi atası və iki qardaşı var. Əsas onun namusudur, o da yerindədir. Ailələrini də öyrənmişəm. Çox yaxşı adamlardır. Çağırdım ki, sən də baxasan, gör xoşuna gəlirmi? Qadın lap mat-məəttəl qalmışdı.

– Ay bala, niyə tələsirsən? Belə də evlənməkmi olar, tanınmaza, bilinməzə. Onlar bizi, biz də onları tanımırıq. Nə bilim necə olacaq. Uşaqlıq eləmə. Gəl öz elimizdən-günümüzdən alarıq. Nazim qap-qara kəsilmişdi. Anası onu nə başa düşməmişdi, nə də onun bu hislərini qiymətləndirə bilmişdi.

– Ana, mən uşaq deyiləm. Mən beş il bu şəhərdə oxumuşam. İndi də əsgərliyimi çəkib, qurtarıram. Mən ağı qaradan yaxşı seçə bilirəm. Gedək bax, burada paltar tikirlər, neynək, xoşuna gəlməsə, mən də geri duraram. Tez univermağın parça satılan mağazasından 3m parça alıb, gəldilər oraya ki, apar ver nə forma istəyirsən deynən qonaq gəlmişəm.

Tez gedəcəyəm, tez tikin. Qıza da bax, xoşuna gəlməsə deynən gec olar birdən gələ bilmərəm parça qalar burada, qoy, gedim görüm hazır nə tapıram. Mən burada çinarın altında gözləyirəm. Tələsmə. Mən səni gözləyirəm.

Qadın gəlib qapıdan girəndə gördü ki, içəridən reyhan iyisi gəlir.

– Salam, gəlmək olarmi? Deyəsən çörək yeyirsiniz?

Bu gün işimiz çox olub, günorta çörəyini indi yeyirik. Gəlin, siz də qonaq olun.

– Yox, yox, mən yemişəm. Natahat olmayın, mən gözləyərəm. Qoy, burada oturum, yorulmuşam. Saat 5 olardı, doğurdan da onları çörəyin üstündən qaldırmaq günah olardı.

Nazimin anası qapıdan girəndən Leylanı gözü almışdı. Leylaya söz ola bilməzdi. Onu yaradan məleykə elə yaratmışdı ki, nə əskik, nə də artıq, heç nə yox idi. Gözəllik müsabiqəsi keçirilsəydi, Leyla birinci yeri tutardı. Ürəyindən keçirdi ki, elə bil soyulmuş yumurtadır. Zalım oğlunun gözü var də. Görən niyə oxumayıb, gəlib dərzi işləyir?

Bu suallar onu əldən salıdığı vaxtda Xatın xanım pərdənin arxasından çıxdı ki,

– Gəl görək, ay gözəl, nə istəyirsən? Parçanı çıxart görək.

Nazimin anasının bir gözü burda olsa da, bir gözü qalmışdı pərdənin dalında. Axır ki, Leyla da çıxdı gəlib durdu. Xatının yanındakı görək nə lazımdır.

(ardı var)

Filed in: BƏDİİ

Hələ şərh yoxdur

Şərh yazın