7:54 am - Çərşənbə Noyabr 22, 2017

AZİMUT ÜZRƏ HƏRƏKƏT

Azimutla hərəkətin mahiyyəti kompas vasitəsilə verilmiş istiqaməti tapmaq, onu saxlamaq və ya təyin edilmiş istiqamət üzrə qeyd edilmiş məntəqəyə dəqiq çatmağı bacarmaqdan ibarətdir.

Tanış olmayan ərazidə yollardan kənarda – meşə, çöl, səhra və oriyentirlərin az olduğu digər rayonlarda, həmçinin gecə vaxtı, dumanda və digər məhdud görmə şəraitində hərəkət istiqaməti kompasın və ya naviqasiya cihazlarının köməyi ilə düzgün saxlanılır. Məsafələr isə addımla və ya spidometrlə ölçülür. Bunun üçün əvvəlcədən xəritəyə əsasən hərəkət marşrut seçilir, yolun hər bir hissəsinin ayrı-ayrılıqda uzunluğu və maqnit azimutu təyin edilir. Zəruri hallarda xəritə olmadıqda azimutla hərəkətə müraciət edirlər. Azimutla hərəkət, əsasən, piyada yürüşdə tətbiq edilir.

Azimutu təyin etmə vasitələri – Adrianov kompası

Adrianov kompası ilə maqnit azimutunu təyin etmək üçün üzü yerli obyektə (hədəfə) doğru dayanmaq, kompası əldə üfüqi vəziyyətdə tutmaq, əyləci buraxaraq əqrəbi sərbəst vəziyyətə gətirmək, kompası üfüqi müstəvidə döndərərək limbin sıfır bölgüsünü əqrəbin şimal ucunun qarşısına gətirmək, fırlanan qapağı çevirərək gəz və arpacıqdan yerli obyekti (hədəfi) nişan almaq,

Şəkil

Şəkil

Şəkil. Adrianov kompası ilə maqnit azimutunun təyini

arpacığın qarşısındakı hesabat göstəricisinə əsasən şkala üzərində uyğun gələn bölgünün qiymətini oxumaq lazımdır. Bölgünün qiyməti verilmiş istiqamətin maqnit azimutudur.

Şəkildə tək ağaca olan istiqamətin maqnit azimutu 330°-dir.

Adrianov kompası ilə işləyərkən onu göz səviyyəsindən 10-12sm aşağıda saxlamaq lazımdır. Dəqiq nişan almaq məq-sədi ilə onu göz səviyyəsinə qaldırmaq məsləhət görülmür. Çünki bu zaman kompasın səmti pozulur (limb və əqrəb görünmür). Kompasın köməyi ilə azimut ölçmənin optimal dəqiqliyi 2-3°-dir.

Dayanma nöqtəsindən yerli obyektə olan istiqamətin azimutu düz azimut adlanır. Bəzi hallarda, məsələn, yolu geriyə qayıtmaq üçün tərs azimutu hesablamaq lazım gəlir. Düz azimut 180°-dən az olduqda tərs azimutu tapmaq üçün onun üzərinə 180° əlavə edilir, çox olduqda isə 180° çıxılır. Verilmiş şəkildə tərs azimut (tək ağacdan dayanma nöqtəsinə) gəzin qarşısındakı hesabata, yəni 150°-yə bərabərdir.

Azimut üzrə hərəkətetmə qaydası

Azimutla hərəkət üçün lazım olan məlumatlar (marşrutun dönmə nöqtələri arasındakı istiqamətlərin maqnit azimutları və məsafələr) böyükmiqyaslı xəritədən əldə edilir.

Marşrutun forması ərazinin xarakterindən, oriyentirlərin sayından və qarşıdakı hərəkət şəraitindən asılıdır. Əsas məsələ tez bir zamanda təyin olmuş rayona (obyektə) gətirib çıxara bilən marşrutun seçilməsidir. Еyni zamanda çalışmaq lazımdır ki, marşrutda döngələrin sayı az olsun. Marşrutun döngə nöqtələri ərazidə asanlıqla seçilən və yaddaqalan oriyentirlərin yanında nəzərdə tutulmalıdır (qülləvari tikililər, yol ayrıcları, körpülər, geodeziya məntəqələri və s.).

Oriyentirlər arasındakı məsafələr gündüz vaxtı piyada hərəkət üçün 1-2 km-dən artıq olmamalıdır. Gecə vaxtı hərəkət üçün məsafələr daha qısa, oriyentirlərin sayı daha çox olmalıdır.

Seçilmiş oriyentirlər dairə içinə alınır və düz xətlərlə birləşdirilir.

Şəkil. Azimutla hərəkət üçün marşrutun seçilməsi

Şəkil

Şəkil

Marşrutun başlanğıc nöqtəsi, döngə oriyentirləri və son nöqtəsi xəritədən təmiz kağız vərəqinə köçürülür. Oriyentirlərin sxemdəki qarşılıqlı yerləşməsi və şərti işarələri xəritədəki kimi olmalıdır. Oriyentirləri nömrələdikdən sonra onlar düz xətlərlə birləşdirilir. Hər xəttin qarşısında hərəkət üçün ilkin məlumatlar kəsr şəklində yazılır: surətdə – maqnit azimutu, məxrəcdə – məsafə (metrlə) və hərəkət müddəti (dəqiqə ilə). Əgər azimutla hərəkət piyada yerinə yetiriləcəksə, onda metrlər cüt addım sayına çevrilərək mötərizədə yazılır. Bundan sonra, sxemdə şimal-cənub oxu və hərəkət zamanı istifadə oluna biləcək marşrut boyu və marşrutdan kənar əlavə və köməkçi oriyentirlər göstərilir.

Şəkil. Azimutla hərəkət sxemi

Şəkil

Şəkil

Ərazidə, xüsusilə qapalı sahələrdə düzxətli hərəkət etmək bacarığı böyük əhəmiyyət kəsb edir. Açıq və yarıqapalı ərazilərdə bu məqsədlə uzaqdan yaxşı görünən nöqtə oriyentirlərdən (qülləvari və tək tikililər, relyef formaları və s.) istifadə olunur. Yarıqapalı ərazidə oriyentirlərin gözdənitmə ehtimalını nəzərə alaraq, göstərilmiş, yaxud seçilmiş oriyentirin (yerli obyektin) yanına dəqiq gəlib çatmaq üçün onunla başlanğıc nöqtə arasında yol boyu görünən oriyentir təyin edilir. Ona çatdıqdan sonra gedilən istiqamətdə yeni oriyentir seçilir. Belə oriyentirlərə aralıq oriyentirlər deyilir. Hərəkət istiqamətini, həmçinin köməkçi oriyentirlər sayılan səma cisimlərinə görə – gündüzlər Günəşə, gecələr Aya və parlaq ulduzlara görə saxlamaq olar. Qapalı ərazidə uzunmüddətli hərəkət zamanı Günəşin və Ayın səmada saatda 15° yerlərini dəyişmələrini nəzərə almaq lazımdır. Hərəkət zamanı yaxşı seçilən yüksək dağ zirvələri də köməkçi oriyentir kimi istifadə oluna bilər.

Başlanğıc nöqtədə kompasla tələb olunan hərəkət istiqamətini müəyyən edilir, sonra bu istiqamətdə yеrləşən aralıq oriyentiri seçilir və kompasın əqrəbini əyləcə qoyaraq mümkün qədər düz xətt üzrə hərəkətə başlanılır. Aralıq oriyentirə çatdıqda yеnidən kompasla hərəkət istiqaməti təyin edilir, növbəti aralıq oriyentiri seçilir və ona doğru hərəkət davam еtdirilir. Beləliklə, marşrutun birinci döngə nöqtəsinə qədər məsafə bu ardıcıllıqla qət edilir. Bu qayda ilə bütün aralıqlarda hərəkətlər təkrarlanır. Aralıq oriyentirlər görünmədikdə, hərəkət istiqaməti kompasla saxlanılır. Hərəkət istiqa-mətini saxlamaq üçün, həmçinin xətti oriyentirlərdən və izlərdən istifadə edilir.

Açıq ərazidə hərəkət istiqamətini düz saxlamaq üçün özündən arxada müəyyən intervallarla payalar basdıraraq qapayıcı xətt üsulundan istifadə etmək olar. Geridə buraxılmış nişanlara hərdənbir baxaraq hərəkət istiqamətini onlara görə tənzimləyirlər. Əgər həmin marşrutla geriyə qayıtmaq zəruriyyəti yaranarsa, onda bütün sahələr üzrə hərəkət istiqamətinin azimutunu tərs azimutlara çevirmək lazımdır. Geriyə yolu asan tapmaq üçün tək və daha çox diqqəti cəlb edən yerli obyektləri yadda saxlamaq, yaxud yol ayrıclarında, meşə mərzlərinin kəsişmələrində, kolluqlarda işarələr qoymaq lazımdır.

Azimutla hərəkətdə diqqəti cəlb edən bəzi xüsusiyyətlər

Marşrut üzrə hərəkət zamanı bəzi ərazi хüsusiyyətlərini nəzərə alaraq marşruta düzəlişlər еtmək lazım gəlir:

– insanın bir ayağı ilə atdığı addım digər ayağın addımından kiçik olduğu üçün özündən asılı olmayaraq hərəkət istiqamətindən kənara çıxır;

– bir qayda olaraq, ərazidəki məsafələr xəritədə ölçülmüş məsafələrdən böyük olur. Dərəli-təpəli ərazidə bu fərq, xüsusilə böyükdür. Ona görə də relyefə uyğun olaraq məsafələrə düzəlişlər edilməlidir;

– hər bir şəxs öz addımının uzunluğunu bilməlidir. Bunun üçün uzunluğu dəqiq məlum olan bir bazis irəli və geri addımlanır və addımın orta uzunluğu hesablanır. Addımın orta uzunluğuna bir çox amillər təsir edir: insanın boyu, yamacların mayilliyi, küləyin sürəti və istiqaməti, torpaq örtüyü, yağıntılar, geyim, fiziki və mənəvi vəziyyət;

– sıx meşədə, dumanda və digər məhdudgörmə şəraitində kompası əldə tutaraq hərəkət etmək lazımdır;

– kompasla iş zamanı onu metal əşyaların və elektromaqnit sahəsinin təsirinə məruz qoymaq olmaz.

Ceyhun MƏMMƏDYAROV,
Ümumi təhsilin və məktəbdənkənar
təhsilin kurikulumu şöbəsinin
böyük elmi işçisi

Filed in: DƏRS NÜMUNƏSİ ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ

Hələ şərh yoxdur

Şərh yazın