7:57 am - Çərşənbə Noyabr 22, 2017

QÜRUB ÇAĞI

POVEST

Malik Qurbanov

Malik Qurbanov

Malik Rəcəbin “Qürub çağı” povesti gənc yaşlarından didərgin düşən və Vətən həsrəti ilə ömrünü qürbətdə başa vuran Bəsər əminin fikir və düşüncələrindən bəhs edir.

Müəllif Arazın bu tayından o tayına boylana-boylana dünyadan nisgilli köçən qəhrəmanının timsalında ikiyə bölünmüş Azərbaycan türklərinin Vətən həsrətini inandırıcı boyalarla təsvir edir.

Türklərə məxsus böyüyə hörmət, dosta sədaqət, dara düşənin dadına çatmaq kimi xüsusiyyətləri ustalıqla qələmə alan müəllif oxucunu inandırır ki, sərhəd məftilləri torpaqlarımızı ayırsa da, ürəklərimizi heç vaxt ayıra bilməyəcək.

Aylı bir yay gecəsi idi. Açıq pəncərədən içəri dolan sərin hava gecənin yarıdan keçdiyini xəbər verirdi. Bəsər əmi isə hələ də yatmamışdı. Daxili bir sevinc, atalıq qüruru ilə bağlı şirin xəyallar onu qucağına almışdı.

Dünən böyük qızı Nazlının toyu olmuşdu. İlk övlad toyu … Qoca yaman kövrəlmişdi, lakin özünü o yerə qoymurdu. Hətta arada qol götürüb oynadı da. Nəhayət, «Vagüzarı» (“Vağzalı”) havası çalındı və Nazlını apardılar. Bəsər əmi atalıq borcunun altından üzüağ çıxa bildiyi üçün Allahına şükürlər oxudu. Bu toy həm də onu ömrünün bəxtəvər çağlarına qaytardı. Qırx ildən bəri unuda bilmədiyi nisgilli xatirələr örtüyündən sıyrılıb çıxdı. Ağrılı da olsa, nakam keçmişini yenidən yaşadı.

“…Qoca zurnaçı vəcdə gəlmişdi. Ovurdları şişib boşaldıqca cavan faytonçu yerində dingildəyir, atları daha tez-tez muşqurdurdu. Atını faytonla yanaşı sürən Bəsərin nələr çəkdiyini onlar duya bilməzdilər. Elə indicə, tini burulan kimi fayton dayanmalı, qırğı baxışlı Bəsər zorla başqasına ərə verilən sevgilisi Zərnişanı tərkinə götürüb aradan çıxmalı idi…

Gözlənilmədən bir anda baş verən hadisələr ”Vagüzarı” havasını yarımçıq kəsdi; qoca da, atları aramsız qamçılayan cavan oğlan da dayanan faytondan Bəsərin tərkinə atılan və bir göz qırpımında gözdən itən sevgililərin arxasınca baxa-baxa qaldılar.

Özünü dünyanın ən xoşbəxti hesab edən Bəsər üçün hələ də “Vagüzarı” çalınırdı. Zərnişan onun idi. Daha heç kəs sevgilisini onun əlindən ala bilməzdi. Kəhər at dördnala çapır, ovsunlu təranələr isə getdikcə uzaqlaşıb zəifləyir, lakin heç də birdəfəlik yox olub getmirdi…”

* * *

İllər çox sürətlə ötüb keçmişdi. Lakin o təranələr hələ də Bəsər əminin qulaqlarında səslənirdi. Qoca arabir fikrə gedər, sevinclə kədərin çulğalaşdığı o anları bütün təfərrüatı ilə xatırlayar, özünü dünyanın xoşbəxti sanardı.

El-obada toy olanda Bəsər əmi ora adətən hamıdan tez gedər, həm də hamıdan əvvəl toyxananı tərk edərdi. “Vagüzarı” çalınan vaxt Bəsər əmi xəlvətə çəkilər, uzaqdan eşidilən təranələri dinləyər, xəyalən o bəxtəvər anlarını yenidən yaşayardı.

Təbiətən sərt və qaraqabaq olan Bəsər əmi son günlər dəyişmiş, deyib-gülən olmuşdu. Bəsər əminin kədərli baxışlarına alışmış kənd camaatı indi onun gözlərində qəribə bir sevincin oynadığını görür, təəccüblə bir-birindən soruşurdular: ”Bu qaradinməz qocanı uşaq kimi sevindirən, görəsən, nədir?“

Heç kim bu suala cavab tapa bilmirdi.

* * *

Bəsər əminin Üçqovaq kəndində böyük hörməti vardı. O bura gəlmə idi. Lakin haralı olduğunu, bu kəndə haradan gəldiyini bilən yox idi. Çox adam bu sirri öyrənməyə cəhd etsə də, nəticəsi olmamışdı.

Tale onu başına döyə-döyə bu kəndə gətirib çıxartmışdı, amma qoca heç nəyi unutmamışdı. Ata yurdu da, tənha qovaq ağacı da, öz əlləri ilə torpağa tapşırdığı ilk məhəbbəti Zərnişan da həmişə onun gözünün qabağında idi.

Qırx il ürəyində gəzdirdiyi, fəqət heç bir Allah bəndəsinə demədiyi arzusunu həyata keçirmək üçün indi onun əlinə imkan düşmüşdü.

Uşaqları daha böyümüşdü. Düzdü, ilki Nazlı idi, amma böyük oğlu Arifin artıq on yeddi yaşı vardı. Çətin ayaqda evi dolandıracaqdı. Dar günü də Bəsər əmi unutmamış, bir az ehtiyat da yığmışdı.

Bəsər əmi Allah adamı idi. Həmişə inanırdı ki, bir olan Allahı ona kömək edəcək və o haçansa öz müqəddəs arzusuna çatacaqdır. Artıq o gün gəlib çatmışdı. Bəsər əmini sevindirən də bu idi. O, Vətəninə qayıtmaq istəyirdi. Ata yurdunu görmək, köhnə daş pilləkənləri öpə-öpə qalxıb, atasının namaz qıldığı gündoğandakı balaca otağa boylanmaq ən böyük diləyi idi. Atasının ruhu bir an da olsun onu rahat qoymurdu. ”Bəsər, niyə məni yada salmırsan, bala?” – deyə yuxularına girən anasının qəbrini, heç olmasa, bircə dəfə ziyarət etsəydi, dünyada dərdi qalmazdı.

Yol qırağında, qoruq yerlərində öz əli ilə əkdiyi qovaqlar illər keçdikcə böyüyüb nəhəng ağaclara çevrilsə də, o tənha qovağı unutmur, onun əvvəlkitək qaldığına Bəsər əmi əsla şübhə etmirdi. Zərnişanın məzarı o tənha qovağın altında idi. Bir az aralıdakı fıstıq ağacının dibindən bulaq qaynayırdı. Can verən sevgilisinə o bulaqdan ovucunda su gətirmişdi. Bəsər əmi o bulaqdan doyunca su içmək, sevgilisinə sonuncu dəfə ovcunda su aparmaq istəyirdi.

Vətənə qayıtmaq arzusunu bu günə kimi hamıdan gizlətmişdi, indi isə açıb kiməsə danışmaq istəyirdi. Ancaq necə danışaydı?

Bəsər əmi düşünür, hey düşünürdü… Artıq dan yeri ağarırdı. Zərifə xala çoxdan oyansa da, səsini çıxartmır, ərinin nədən narahat olduğunu götür-qoy edirdi. Axırı dözmədi:

– Bəsər, ay Bəsər, – deyə astadan dilləndi.

– Nədir? Nə olub?!

– Niyə yatmırsan?

– Nə bilim…

– Bütün gecəni yatmamısan. Elə bil nəyinsə dərdini çəkirsən…

Bəsər əmi yerində qurcalandı. “Ta bundan gözəl məqam olmaz”, – deyə düşündü. Arvadın özü məqamında söhbət salmışdı.

– Heç nəyin dərdini çəkmirəm, arvad. Bir ondan qorxuram ki, Bilal bizdən inciyə. Toya çağırmadığım üçün…

– Sənə dedim, qulaq asmadın, daha gecdi. Ürəyinə salıb özünü üzmə.

– Kişi əziyyətimi çox çəkib. İstəmədim yenə də zəhmətə salım. Yaylaq yeridir, dərdi-səri çoxdur. Gələrdi, qurd-quş qoyuna toxuna bilərdi, mən də ömürlük yanında xəcalətli qalardım. Gərək ki, inciməsin. Hər halda, gedib bir üzrxahlıq etməyim pis olmaz…

Susdu Bəsər əmi. Sözünün dalını demədi. Ömründə dilinə yalan gəlməyən bir adam üçün ömrünün ahıl çağında yalan danışmaqdan ağır nə ola bilərdi!? Zərifə xala hələ də onun əsl məqsədindən xəbərsizdi. Sadəlövlüklə soruşdu:

– Nə vaxt gedirsən?

– Səhər açılan kimi.

– Bəs niyə tədarük görməmisən? Yaylaq yeridir, heç olmasa, qovundan-qarpızdan aparaydın.

– Qocalmışam, arvad, daha o vaxtım deyil.

– Əliboş getməzlər axı.

Bəsər əmi, axır ki, özündə təpər tapdı:

– Zərifə, – dedi, – sənə bir sirr açacağam, amma səni and verirəm balalarımızın canına, mən qayıdana qədər bunu heç kəsə açıb-ağartma…

– Nə sirdir, ay kişi?

– Ürəyim atlanıb, Vətəni görmək istəyirəm…

– Vətəni?! Hansı Vətəni?!

Bəsər əmi dinmədi. Zərifə xala ona tərəf çevrildi, diqqətlə baxdı. Kişinin gözündən yaş axırdı…

Zərifə xala gözlərinə inanmadı. Bu vaxta qədər min cür əzab-əziyyət çəkmiş, zillət görmüşdülər, lakin Bəsər əmi bircə dəfə də olsun gözünün yaşını axıtmamışdı. İndi isə ağlayırdı. Lap uşaq kimi ağlayırdı. Zərifə xala mat qalmışdı. Heç bilmirdi nə desin. Güclə özünü ələ aldı:

– Sənə nə oldu, ay kişi? – deyə doluxsunmuş halda soruşdu.

– Heç, – dedi Bəsər əmi, – duraqmı? Deyəsən, səhər açılıb.

– Duraq deyirsən, duraq da…

Bəsər əmi sübh namazından sonra toyuq-cücəyə dən verdi, inəkləri naxıra qatdı. Evə qayıdanda artıq çay hazır idi. Sarı samovar astadan zümzümə edirdi. Zərifə xala süfrə açdı, çay süzdü. Birlikdə oturub səhər çörəyi yedilər. Bəsər əminin gözlənilməz qərarı Zərifə xalanı tamam çaşbaş salmışdı. Kişini qərarından döndərmək istəyir, lakin cürət edib bir söz deyə bilmirdi. Onsuz da Bəşər əmini fikrindən döndərmək çətin məsələ idi.

Qoca çayını içib ayağa qalxdı. Yavaşca qonşu otağa keçdi. Zərifə xala onun hər bir hərəkətini diqqətlə izləyirdi. Bəsər əmi şirin-şirin yatan uşaqlara baxdı, baxdı… Sonra köksünü ötürdü, əyilib çarpayının lap kənarında mışıl-mışıl yatan sonbeşiyi Əzizi ehtiyyatla öpdü, dönüb arvadına baxdı, nəsə demək istədi, ancaq heç nə demədi. Qapıdan çıxanda dayandı, dönüb bir də fikirli-fikirli arvadına baxdı.

Qocanın nəyisə götür-qoy etdiyini görən Zərifə xala dilləndi:

– Bəlkə ayrı vaxt gedəsən, hə?

– Yox, Zərifə, qismət Allahdan, nəsə ürəyim atlanıb…

Bəsər əmi həyətə düşdü. Sonuncu dəfə baxırmış kimi hər tərəfi diqqətlə nəzərdən keçirdi. Bu gözəl, səliqəli həyət nə vaxtsa kol-kos basmış boş torpaq sahəsi idi. Buranı laləzara çevirən Bəsər əminin əlləri idi. Cərgəylə əkilmiş qızılgüllər də, yamyaşıl otağı andıran üzüm çardağı da, barlı budaqlarına dayaqlar vurulmuş ərik ağacları da onun zəhmətinin bəhrəsi idi. O, bu ağacları, bu kolları körpəsi kimi əzizləyə-əzizləyə bəsləmiş, boya-başa çatdırmışdı.

Zərifə xala əlində xurcun qapıya tərəf getdi. Dayanıb ərinin hərəkətlərinə tamaşa etdi. Bəsər əmi Toplanın suyunu dəyişdi, quyruğunu bulaya-bulaya dizinə sığınan itin başını sığalladı, sonra evin qabağındakı əlüzyuyana yaxınlaşıb əllərini sabunla yudu, çəpərin üstündə qanadlarını çırpıb lovğa-lovğa banlayan çil xoruza bir xeyli təbəssümlə baxdı. Çevrilib qapıya tərəf boylandı. Zərifə xala onu gözləyirdi.

– Di sağ ol, Zərifə, – deyə Bəsər əmi heybəsini sol əlinə aldı, sağ əlini arvadına uzatdı, – uşaqlardan muğayat ol, özünüzə korluq verməyin. Əvvəl Bilala dəyəcəyəm, sonra, inşallah, o tərəflərə gedəcəyəm… Vətənə… Orada bir tənha qovağım var..

– Allah amanında, ay kişi. Yolun uğurlu olsun.

– Hə, yaxşı yadıma düşdü, Arifə deynən, nar bağı üçün göstərdiyim yeri çəpərləyib belləsin. Çubuqları gəlib özüm basdıracağam. İstəsə, bir az da kərpic kəssin.

– Yaxşı, deyərəm.

– Salamat qal, Zərifə. Hə, dünyadır bilmək olmaz, zəhmətini mənə halal eylə. Sənə çox əziyyət vermişəm.

– Yaxşı yol, ay kişi. Sağ-salamat qayıt. Belə şeylər danışma. Zəhmətim sənə halaldır.

Zərifə xala əlində hazır saxladığı bir dolça suyu onun arxasınca atdı. Dörd-beş addımdan sonra Bəsər əmi geri çevrildi. Arvadı dayanıb onun arxasınca baxırdı. Bəsər əmi yenə nəsə demək istədi, amma başını tərpətməklə kifayətləndi, dönüb yoluna davam etdi.

* * *

Gün günorta yerinə təzəcə qalxmışdı. Dağlıq yer olmasına baxmayaraq, Səfalıda dözülməz isti vardı. Sərdarla anası Bikəxanım alma ağacının altında oturub çay içirdilər. Ana kölgəlikdə ləhləyən toyuq-cücəni göstərərək:

– Sərdar, bala, bir onlara bax, – dedi, – istidən gör nə hala düşüblər, buralar belədirsə, yazıq arandakılar neyləsinlər?

Heç demə, ay ana, – Sərdar onun sözünə qüvvət verdi, – Bəsər əmigil hər il bu vaxt bizə gələrdilər, nədənsə bu il gəlib çıxmadılar. İndi ora əsil cəhənnəmdir.

– Düz deyirsən, ay bala, – Bikəxanım oğlunun sözünü təsdiqlədi, – Allah eləməsin, yəqin nəsə olub, yoxsa Bəsər qardaş Zərifə bacını bu vaxtacan aranda saxlamazdı. Özü də bu yay Nazlının toyu olmalıydı, bir xəbər çıxmadı. Deyirəm, qoca kişidi, Allah eləməsin, başına bir iş gələr, xəbərimiz olmaz, onların yanında üzüqara olarıq.

– Elə demə, ay ana, inşallah, heç nə olmaz, – Sərdar boş stəkan-nəlbəkini özündən kənara itələdi. Anası çay süfrəsini yığışdırdı, xörək qazanının ağzını açanda küçə qapısından tanış səs eşidildi:

– Bilal, ay Bilal!

– Bəsər əmidir, – Sərdar yerindən dik atıldı, yüyürüb küçə qapısına çıxdı. Gələn doğrudan da Bəsər əmi idi. Bəsər əminin qəfil gəlişindən narahat olan Sərdar tələsik soruşdu:

– Ay Bəsər əmi, xoş gəlmisən, səfa gətirmisən, de görüm evdəkilər necədir?

– Çox sağ ol, ay oğul, salamatlıqdır. Ürəyimə yaylaq havası düşüb, gəldim bir çıxım yaylağa, bir az havamı dəyişim, – deyə Bəsər əmi gümrahlıqla cavab verdi.

– Elə bura da yaylaq kimidir, yaxşı eləyib gəlmisən, qaymağımız bol, qatığımız bol, hələ motal pendirini demirəm. Nə qədər xətrindi, qal. Keç içəri. – Çox sağ ol, bala, mən elə birbaşa yaylağa getmək istəyirəm. Əgər vaxtın varsa, gedək mənimlə. – Keç içəri, ay Bəsər əmi, yol gəlmisən, bir nəfəsini dər. Yad qapı deyil ha!

– Yox, oğul, ala bu heybəni evə ver, tez qayıt, yola düşək.

– Ay Bəsər əmi, başına dönüm, birbaşa qapıdan yola düşmək ayıbdır axı. Bir evə keç, çörək yeyək, məsləhətləşək.

– Səsə Bikəxanım da qapıya çıxdı. Bəsər əmi ilə görüşdü, hal-əhval tutdu. Sonra da:

– Ay Bəsər qardaş, – dedi, – utandırma bizi, küçədə dayanmısan, keç həyətə, elə bil yad evinə gəlmisən.

– Yox, mən hökmən yaylağa, Bilalın yanına getməliyəm, – deyə Bəsər əmi təkid etdikdə, ana-balanı fikir götürdü.

Bəsər əmi aran adamı idi. Bircə dəfə də olsun yaylaqda olmamışdı. Özü də bu yaşda yaylağın sərt havasına dözə bilərdimi? “Bəlkə kişinin başqa məqsədi var?” – deyə Sərdar ürəyindən keçirtdi.

– Bəsər əmi, sən balan Arifin canı, gizlətmə məndən, əgər atamla gizli söhbətin varsa…

– Nə danışırsan, ay oğul, nə gizli söhbət? Elə-belə gedirəm. Bilalı görmək, onunla doyunca söhbət etmək istəyirəm. Həm də qoca vaxtımda könlümə yaylaq havası düşüb, – Bəsər əmi onun sözünü kəsdi.

– Bəsər əmi, sən mənim canım, zarafat eləmə. Doğrudan da atam sənə lazımdırsa, gedim, ya da xəbər göndərim, gəlsin. Amma sənin yaylağa qalxmağın heç məsləhət deyil.

– Niyə, a bala?

– Dünya görmüş adamsan, bilirsən ki, bu dağların yolları keçilməzdi. Zirvələrə bax, başdan-başa ağappaq qardır. Yol da ki, yol ola, yenə dərd yarıdır. Gərək cığırlarla gedəsən. Tərs kimi indi burda nə at var, nə də qatır. Sən bilən, piyada bu qədər yolu gedə bilərsənmi?

– Gedərəm.

Qocanı fikrindən döndərmək çətin məsələydi. Cavan oğlanın bütün cəhdləri mənasız idi. Əlacsız qalan Sərdar sonuncu çarəyə əl atdı:

– Bilirsən nə var, Bəsər əmi, – dedi və müsahibinin ona diqqətlə qulaq asdığını görüb, sözləri ehtiyatla seçməyə başladı, – yaşının o vaxtı deyil, yol da ki çətindir, uzaqdır, özü də birinci gedişin düşər-düşməzi olur… Ayaqların tutular… Havan çatışmaz… Dağ havası tutar səni… Ölənəcən xəcalətli qalaram.

– Qorxma, oğul, – deyə qoca inamla cavab verdi, -çətinə düşərəm, çağıraram o bir olan Allahı, çatar dadıma.

Bikəxanım söhbətə qarışdı:

– Ay Bəsər qardaş, yol gəlmisən, hazır xörəyimiz var, nahar eləyək, çörək yeyək, bir az dincəl, onsuz da günortadan sonra uzaq yola çıxmazlar. İnşallah, səhər tezdən gedərsiz.

Bəsər əmi tələsirdi. Elə günü bu gün Bilalı görmək, sonra da yoluna davam etmək niyyətində idi, lakin dünyada ərklə içəri girdiyi bu yeganə qapıdan geri qayıtmağa da ürəyi gəlmirdi. Nəhayət, ev sahibəsinin sözü öz təsirini göstərdi. Qoca inadından əl çəkdi və səhər tezdən yola çıxmaq qərarına gəldi.

Sərdar axşamacan onun qulluğunda durdu. Arada bir-iki dəfə yenə eyham vurdu ki, yol uzaq və çətindir, ancaq atasının köhnə dostu bu barədə heç eşitmək belə istəmədi. Axşam tez yatdılar, onsuz da yay gecəsi qısaydı, obaşdan yola çıxmalı idilər.

Dan yeri yenicə ağarırdı. Bəsər əmi səhər çörəyini çox könülsüz yedi. Görünür, gecəni narahat yatmışdı. Sərdar anasının hazırladığı heybəni götürdü. Yola düşdülər.

Sərdar cavan idi, gözünü açandan bu dağları görmüşdü. Bəsər əmi, şübhəsiz, onunla ayaqlaşa bilməzdi. Yaxşı ki, qoca papiros çəkmirdi, yoxsa halı lap pis olardı. Bir xeyli getdilər.

– Sərdar, oğlum, gəlsənə bir nəfəsimizi dərək, – deyə Bəsər əmi tərini sildi və cavab gözləmədən hamar bir daşın üstündə oturdu. Sırıqlısını soyundu və heybəsinə qoydu.

– Bura ver, – dedi Sərdar,- o da bir yük olacaq sənə. Nə ağırlıq edirsə, qoy mənim heybəmə.
– Çox sağ ol, bala.

Bir xeyli dinməzcə oturdular. Ətrafına boylanan Bəsər əmiyə hər şey qəribə görünürdü. Sıldırım qayalar, qarlı zirvələr, gurultuyla axan dağ çayı… Bütün bunlar olduqca cazibədar idi.

– Sərdar, qayalara bir bax, elə bil İlahinin qüdrətindən yaranıb, – deyə təəccübünü gizlədə bilməyən qoca, nəhayət, dilləndi.

– Elədir, Bəsər əmi, ancaq əsil möcüzə qabaqdadır. Zirvəyə yaxın yaylada yüzlərlə hamar daş səliqə ilə yan-yana düzülüb. Bəzisi üç-dörd yüz kilo ağırlığında olar. Ətrafda da elə bir qayalıq yoxdur ki, daşların oradan gətirildiyi güman edilsin. Deməli, daşları dərədən qaldırıblar. Amma kim qaldırıb, nə üçün qaldırıb, bilən yoxdur. Özü də ən iri daşı lap kənarda qoyublar, niyə? Elə bil başdakı sərkərdədir, qalanları da əsgərləri. Yəni düşmənin qabağına bu nizamla çıxmaq lazımdır… Hamı deyir ki, bu daşlar duzlaq daşıdır, üstünə duz səpirlər, qoyun-quzudan ötrü. Amma doğrudanmı yüzlərlə ağır daşı qoyun-quzudan ötrü dağın başına qaldırıblar? Məgər duzu bir az aşağıda vermək olmazdımı?

– Nə bilim, vallah.

– Bəsər əmi, mən o qəribə daşlara baxanda bilirsən nə fikirləşirəm? Deyirəm, yəqin o iri daş qəbilə başçısı imiş, burada döyüşdə həlak olub, daşa dönüb, o biri daşlar da adamlarıdır, qabağında diz çöküb and içirlər ki, sənin qanını yerdə qoymayacağıq…

– Müqəddəs yerdi, bala, ocaqdı. Gərək günorta namazımı orda qılam.

– Eh, Bəsər əmi, sən hələ gölü görəsən! Daşlardan bir az yuxarıdadır.

– Göl var deyirsən?

– Hə də, göl. Bilirsən suyu necə şəffafdır? Göz yaşı kimi. Gölə tökülən bulağın başı həmişə qar marxalları ilə örtülmüş olur. Bəsər əmi, sən heç ağlına gətirə bilərdin ki, dağın zirvəsində göl olar?

– Yox, bala, heç yuxuma da girməzdi. Allahın nə çoxdur möcüzəsi! Müqəddəsdir yəqin o göl də!

– Əlbəttə, müqəddəsdir. Elə ona görə müqəddəsdir ki, dağın başındadır.

– Gedək, bala, yolçu yolda gərək.

Gün hələ günorta yerinə qalxmamışdı, lakin Bəsər əmi qan-tərin içində idi, paltarlarını bir-bir çıxardıb Sərdarın heybəsinə qoyurdu. Bayaqdan dinməzcə Sərdarın dalınca gedən qoca, axır ki, dilləndi:

– Yol yarı olubmu, bala?

– Yox, əmi, heç üçdə biri də olmaz.

Xeyli keçəndən sonra Bəsər əmi bir də soruşdu:

– Sərdar, bala, o müqəddəs daşlara çoxmu var hələ? Günorta namazımı orda qılsam yaxşıdır.

– Xeyli var, – deyə Sərdar könülsüz cavab verdi. Onu fikir götürmüşdü. Cığır dar dərə ilə üzüyuxarı uzandığından çayı bir neçə dəfə o tərəf-bu tərəfə keçmək lazım gəlirdi. Buz kimi soyuq və iti axan dağ çayını keçmək Bəsər əmi üçün asan məsələ deyildi.

Keçid yerinə çatıb dayandılar. Dinməzcə soyundular. Sərdar bir çaya baxdı, bir də Bəsər əmiyə. Yazığı gəldi bu inadcıl qocaya.

– Bəsər əmi, gəl min dalıma, – dedi, – keçirdim səni çaydan.

Bəsər əmi çaya baxdı, baxdı… Sonra isə utana-utana razılıq verdi. Çayı keçdilər. Bir azdan çayı ikinci dəfə keçmək lazım gəldi. Bura çayın xatalı yeri idi. Daşlar sürüşkəndi. Sərdar beş-altı addım atmışdı ki, ayağı büdrədi. Şappıltı ilə suyun içinə yıxıldılar. Sərdar bir də gözünü açanda gördü ki, qıjov qocanı kötük kimi qabağına qatıb aparır. Bəsər əmi cəld tərpənib iri bir daşı qucaqladı və Sərdarı səslədi. Özünü yetirən Sərdar Bəsər əminin qolundan tutub onu kənara çıxartdı. Qorxusundan tir-tir əsən qoca suyu süzülə-süzülə astadan Allaha şükür etdi. Sərdar ona təsəlli verdi:

– Kefini pozma, – dedi, – çayın xatalı yerini sağ-salamat keçdik. – Sonra da dərindən nəfəs alıb xırda çınqılların üstündə uzandı. Üzünü yana çevirdi ki, qoca paltarını soyunub suyunu sıxa bilsin.

Sərdarın “çayın xatalı yerini sağ-salamat keçdik” sözləri Bəsər əmiyə qırx il əvvəl olmuş bir hadisəni xatırlatdı. Ancaq o vaxt bu sözü Sərdarın atası Bilal demişdi…

* * *

– Axır ki, çayı sağ-salamat keçdik! – deyə Bilal dərindən nəfəs aldı, Bəsəri ehtiyatla yerə uzatdı, – yaran çox ağrımır ki?
– Ax, Bilal, daha dözə bilmirəm.

– Döz, Bəsər, döz! Biz sənə elə-belə ”əmi” demirik ha! Sən dözümlüsən, ağıllısan, elə bil bizdən beş-altı yox, iyirmi-otuz il böyüksən. Səbirli ol, dostum, bir azdan buradan uzaqlaşarıq, daha onlar bizi heç tapa bilməzlər.

– Yox, Bilal, daha taqətim qalmayıb. Nə qədər ki gec deyil, sən çıx get burdan. Mən onsuz da daha yaşamaq istəmirəm. Barı sən…

– Heç gözləməzdim səndən… Qorxma, özünü ələ al… Qaldı ki, ölüm məsələsi, o barədə narahat olma. İndi hələ tezdir… Sən, sadəcə olaraq, yorulmusan. Bir az özünə gələndən sonra, inşallah, hər şeyi unudacaqsan.

– Unuda bilmərəm, Bilal.

– Baxarıq.

– Üstümü ot bassa da, mən bu müsibəti heç qəbirdə də unuda bilmərəm.

– Elə demə, əmi, bu çayı görürsən? Bu çay bizi xilas etsə də, çox şeyi əlimizdən aldı. Daha bizim vətənimiz yoxdur. Biz qaçqınıq, Bəsər, cəlayi-vətən düşmüş adamlarıq! Baş götürüb gedəcəyik. Tale hara sürükləsə ora…

– Nə danışırsan, Bilal! Çayın o üzündəki meşə məgər bizim deyil? Mən hətta kəndimizdən gələn it səslərini də eşidirəm.

– Nə olsun, ora çayın o üzüdür.

– Bəs bu üzü nədir, qürbətdir?

– Qürbətdir, qardaş! Bu çay sərhəd çayıdır. Arazdır, Araz!

– Ağıllı danış, Bilal. Çay bir yurdu iki yerə bölə bilməz!

– Bölər, dostum, bölər, necə ki bölüb də! Zavallı anamın yalvarışları hələ də qulağımdadır: “Qaç burdan, bala, qaç o biri sahilə, yoxsa səni öldürəcəklər…” Deməli, elə çıxır ki, o sahil ölümdür, bu sahil həyat. Vətəndə bir dəstə adam əldə tüfəng, səni axtarır, öldürmək üçün. Düz danışdığına görə! Haqqı tələb etdiyinə görə! Bumudur sənin ədalətin, ulu Tanrı?

– Tanrı ilə işin olmasın, Bilal. Biz öz bəxtimizdən küsməliyik. Əslində, səni də mən işə saldım. Bağışla məni, Bilal.

– Yox, əmi, mən bəxtimdən narazı deyiləm. Onsuz da başqa cür hərəkət edə bilməzdim. Onun qan içində çabalamağı hələ də gözlərimin önündədir. Mən qatiləm, amma heç bir vicdan əzabı çəkmirəm, çünki günahsız adamları qanına qəltan eləyən bir cəlladı öldürmüşəm. Əslində, mən xoşbəxtəm. Məzlumların qisasını aldım. Səni isə ölümün caynağından qopartdım. Bundan sonra ölsəm də dərdim olmaz, çünki sən sağsan, sənin ürəyində yaşayacağam. Bunun özü də bir xoşbəxtlik deyilmi?

– Mənsə bədbəxtəm, Bilal! Kaş orda öləydim, elə orda da – Zərnişanın yanındaca basdıraydın məni. Onsuz da bu yaradan öləcəyəm. Tərpətmə məni, qoy burda ölüm, o biri sahili görə-görə…

– Dayan görüm, deyəsən, gələn var. Səsini çıxarma.

– Biz ki cığırın üstündəyik.

– Tez ol, Bəsər, tez elə! – deyə Bilal əlləri əsə-əsə tüfəngin çaxmağını şaqqıldatdı.

– Aman Allah, axı niyə məni zorla qatil edirsən? Üç-dörd günün içində gör neçə adam öldürmüşəm. Yalvarıram sənə, mənə rəhmin gəlsin! Qoyma əlim bir də insan qanına bulaşsın… Odur e, kimsə gəlir…

Uzaqdan gələn kim idisə bayatı üstündə oxuyurdu: Uca dağ qarı neynər?! Ağ buxaq xalı neynər?! Ay yarı göyçək olan,
Dünyada malı neynər?!

Bilal üzünü dostuna tərəf çevirdi:

– Birtəhər yoldan qırağa çəkil. Sürünə-sürünə olsa da get. Mən onu ləngidərəm. Tərs kimi atlarımızı da buraxdıq…

– Kaş o tənha qovağın altında ölmüş olaydım! – deyə Bəsər son gücünü toplayıb cığırdan kənara süründü. Qanı hələ də axan yarası quru yulğun kötüyünə toxundu, Bəsər dəhşətli ağrıdan inildədi, dişini-dişinə sıxaraq irəliləmək istədi.

Üfüqdən yenicə boylanan günəş sanki qəfildən söndü, hər tərəf qaranlığa büründü. Bəsər ağrıdan huşunu itirdi…”

* * *

Sərdar xəyala dalmış qocaya xeyli tamaşa etdi. Kim bilir ömrünün hansı səhifəsini varaqlayır, – deyə öz-özünə düşündü. – Bəlkə peşman olub? Birdən geri qayıtmaq istəyər, utanar deməyə… Xeyli tərəddüddən sonra mehribanlıqla soruşdu…

– Bəsər əmi, gəlsənə geri qayıdaq?

Qoca isə tamam başqa cavab verdi:

– Deyəsən, çox oturduq, bala, dur gedək.

İkisi də susmuşdu, addımlarının səsi aydınca eşidilirdi. Hərə öz aləmində idi. Bəsər əmi Allaha dua edir, Sərdar isə nə edəcəyini fikirləşirdi. Qoca artıq yorulmuşdu, yolun çətin yeri isə hələ qabaqda idi.

– Bala, Sərdar, ocağa çoxmu qalıb? Axı günorta namazımın vaxtıdır, – deyə narahatçılığını ikinci dəfə bildirdi.

Sərdar ürəyində hirslənsə də, özünü ələ aldı: – Ay Bəsər əmi, – dedi, – Allah evini tiksin, qıl qurtar bu namazını da, elə gərək mütləq ocaq ola?

– Elə danışma, bala, günahdır. Axı, özün deyirdin ki, bu həndəvərdə ocaq var.

– Var, əlbəttə var… Əslində, Sərdar ona ocaq yox, duzlaq demişdi. Ancaq qocanın müqəddəs yerlərə olan inamını öldürmək istəmədiyi üçün məsələni açıb ağartmadı. Bu inam Bəsər əmi üçün çox vacib idi, yoxsa mənzil başına çata bilməzdi. Qəfildən Tufan dağının zirvəsində bir topa qara bulud göründü. Sərdarı fikir götürdü. «Zirvəni vaxtında aşmaq lazımdır, tufan orda bizi yaxalasa, batdıq…»

– Hə, Bəsər əmi, bir az tələsmək lazımdır, görürsənmi? – deyə Sərdar qəfil peyda olmuş qara buludu qocaya göstərdi.
– Qorxma, heç nə olmaz, – Bəsər əmi yaxınlıqdakı sal daşın altından qaynayan bulağa tərəf getdi.

– Bəsər əmi, nə oldu?

Qoy günorta namazımı qılım, bala, – deyə qoca dəstəmaz almağa başladı.

Bəsər əminin namaz qılmağı Sərdara sonsuzluq qədər uzun gəldi. Buludların rəngi getdikcə daha da tündləşirdi.

ərdarın qanı tamam qaralmışdı. Əgər bu tərs qoca bilsəydi ki, onun bu uzun çəkən namazı hər ikisinin də ölümünə səbəb ola bilər, yəqin ki, bir belə ləngiməzdi.

Nəhayət, qoca namazını qılıb qurtardı və üzünü cavan yol yoldaşına tutub arxayınlıqla dedi:
– Hə, bala, gedəkmi?

– Bəsər əmi, nə qədər ki gec deyil, gəl qayıdaq. Vallah-billah, o qara bulud qan-qan deyir, zirvədə bizi haqlasa, and olsun Allaha, ikimiz də buralarda qalar, qurd-quşa yem olarıq.

– Qorxma, oğul, görmürsən hava necə istidir? O bir olan Allahın köməkliyi ilə sağ-salamat mənzil başına çatacağıq.
– Allah ağzından eşitsin!

Yola düşdülər. Yenə Bəsər əmi astadan nəsə pıçıldayırdı, lakin Sərdar daha bununla maraqlanmırdı, onun fikri-zikri zirvədə get-gedə sıxlaşan qara buludlarda idi. Sərdarın susduğunu görən qoca dilləndi:

– Oğlum, ocağa, deyəsən, yaxınlaşırıq, hə?

– Hə, Bəsər əmi, hələ təxminən beş yüz metr də yuxarı qalxmalıyıq.

– Allaha şükür ki, yaxındadır.

Birdən Sərdarın ağlına nə gəldisə, dayanıb qocanın üzünə baxdı. Bəsər əmi də ayaq saxladı və dostunun oğlunun sual dolu baxışlarını görüb soruşdu:

– Nəsə demək istəyirsən? Sərdar, bala, de görüm…

– Bəsər əmi, orada da namaz qılacaqsan?

– İnşallah!

Cavab elə qəti idi ki, susmaqdan savayı Sərdarın çarəsi qalmadı. Başını qaldırıb Tufan zirvəsinə doğru boylandı. Orada tufana düşüb həlak olmuş bir dəstə adamın axtarışında Sərdar şəxsən iştirak etmişdi. Bu bir yana, bəlkə də yüz dəfə qocalardan eşitmişdi ki, zirvədə qara buludlar dolaşanda ora getmək olmaz. Ancaq bu tərs qoca onu məcbur edirdi…

– Bir şey qalmayıb, – deyə Bəsər əmi sevincini gizlətmədi, – beşcə yüz metr və müqəddəs daşlar. Sərdar, bala, bilirsən nə qərara gəlmişəm? Mən də ora özümlə bir daş aparacağam və o daşın üstündə namaz qılacağam.

– Ay Bəsər əmi, sən Allah, belə fikrə düşmə, daş nədi, elə daşsız ora qalxa bilsən, onun özü böyük işdir. İndi isə hazırlaş, çayı axırıncı dəfə keçək.

Sərdar yenə onu dalına alıb ehtiyatla çayı keçdi.

Çırmanmış balaqlarını aşağı salan qoca yeni bir şey kəşf edibmiş kimi dilləndi:

– O daşlar adi daş deyil, bala, müqəddəs daşlardır, bəlkə də Allahın hökmü ilə onları dağın başına çıxardıblar. Göl də ki, peyğəmbər gölüdür, mən bu haqda atamdan bir dəfə eşitmişəm. Rəhmətlik danışırdı ki, hardasa bir dağın zirvəsində göl var, onun suyundan içən adam ölmür… Bəlkə elə həmin göldür, suyundan doyunca içərəm… Ola bilsin ki, elə taleyin hökmü ilə gəlib çıxmışam bura…

Sərdar yenə də qocanı inandırmaq istədi ki, geri qayıtmaq hələ də gec deyil, lakin Bəsər əminin tamam ayrı ahəngdə danışdığını görüb fikrindən vaz keçdi. Bircə bunu dedi:

– Bir halda ki qayıtmaq istəmirsən, onda heç olmasa, təhlükəsiz bir yerdə daldalanaq.

Yol yoldaşı onun bu sözünə də məhəl qoymadı:

– Axı sən niyə qorxursan, Sərdar? Gün başımızın üstündə par-par yanır, hava da ki belə isti. Özün demirsənmi ki, zirvəni aşsaq, yaylağa çatmış kimiyik?

– Eh, Bəsər əmi, birini bilirsən, birini yox! Elə bilirsən o zirvəni aşmaq asandır?! Qorxmaq məsələsi isə… Mən heç nədən qorxmuram. Lap ölümdən də! Məni düşündürən yalnız bircə şeydir: – Nə üçün öl-düyümü bilməliyəm, ya yox?!
Bəsər əmi Sərdarın sualını cavabsız qoydu. Əslində isə, astadan nəsə deyirdi və Sərdarın bu sözləri eşidib-eşitməməsi onu maraqlandırmırdı. Qoca öz ürəyini boşaldırdı:

“-Eh, Sərdar, Sərdar! Vəfalı dostumun ağıllı balası! Bəzən heç ölməyə dəyməz, amma ölürük, bəzən də əksinə, ölüm həyatda sonuncu çıxış yolun olur! Elə götürək mənim atamı. Yazıq kişi özünü öldürdü. Özü də baisi kim olsa yaxşıdır? Sənin doğmaca baban! Atamı elə günə qoydu ki, kişi məcbur olub özünə qəsd elədi… Qəribədir bu adamlar, – deyə Bəsər əmi Bilalı xatırladı, – atalar düşmən, oğullar dost… Heç kəs inanmaz… Allaha, “Quran”a and içsən də, inanmazlar. Belədir də! Adamlar olmayan şeylərə tez inanırlar, acı həqiqətlərə isə yox. O vaxt atam deyəndə ki, qızım Nazlını Vəli ağanın adamları oğurlayıblar, heç kəs inanmadı. Yazıq kişi düz üç ay bədbəxt qızını axtardı. İtkin düşmüş bacımın adı Nazlı idi, məndən bir yaş böyükdü… Nəhayət, bir gün gecəyarısı gəlib çıxdı. Tamam dəyişmişdi. On dörd yaşlı qıza oxşamırdı heç, özü də boylu idi…

Mən yarımxulu olsam da, hər şeyi eşidirdim. Onu qaçırdıb uzaq kəndlərin birinə aparıblarmış. Qırx beş yaşlı Vəli ağa atamdan intiqam almaq üçün onun on dörd yaşlı qızını zorlayır və axırda boylu olduğunu yəqin edəndən sonra geri göndərir…

Buna da inanmadılar. Yazıq atam Vəli ağanı öldürmək fikrinə düşdü. Nə olsun? Kasıbın ağanı öldürməsi asan işdirmi?

Nazlının bu gün-sabah uşağı olacaqdı. Bir gün səhər yuxusundan anamızın qışqırıq səsinə oyandıq – atam tövlədə özünü asmışdı…

Onun nə üçün özünü asdığını çox adam bilirdi. Lakin heç kəs bunu açıb demədi. Bircə nəfərin də qeyrəti çatmadı ki, Vəli ağaya desin: – Sən namussuz adamsan! Kimsə dodaqaltı dilləndi ki, son vaxtlar Muxtar kişi çox fikirli gəzirdi. Başqa birisi də onun sözünə qüvvət verdi ki, rəhmətlik elə həmişə fikirli gəzirdi, yəni ruhi xəstə idi. Beləliklə, Vəli ağanın adamları belə bir şayiə yaydılar ki, Muxtar kişinin elə çoxdan tutması varmış. Guya ki, gec-tez özünə qəsd etməliymiş… Bəli, mənim balam, bu minvalla da müsibətinə dözə bilməyib özünü asmış bir adamı dəli hesab etdilər. Qara camaat da buna inandı.

Yazıq kişi! Sonralar anam bir dəfə ağlaya-ağlaya mənə danışdı ki, atam əvvəl Nazlını öldürmək istəyirmiş, amma əlini günahsız övlad qanına batırmaq istəməyib, çıxış yolunu özünü öldürməkdə görüb. Bədbəxt atam… Köməksiz, arxasız atam… Vəli ağaya bircə dəfə cavab qaytarmaq gör ona necə baha-başa gəldi!… Yaxşı, tutaq ki, o vaxt elə idi, bəs indi? Bəs indi niyə pullu-dövlətli bir yekəbaşın sözünü həqiqət sayırıq? Deməli, pula sitayiş, pulun hökmranlığı davam edir. Belədir, ya yox, mənim balam?..”

Bəsər əminin öz aləmində “mənim balam” deyə müraciət etdiyi adam Sərdar idi, lakin Sərdar onun nə dediyini eşitmirdi, çünki qoca öz-özüylə danışırdı. Bəsər əmi yalnız indi başa düşdü ki, Sərdar ondan cavab gözləyir. Dərdini öz-özünə danışmaqdan təsəlli tapmış qoca:

– Bir də mənə belə sual vermə, yaxşı? – dedi.

– Baş üstə, Bəsər əmi, – deyə Sərdar tələsik cavab verdi.

– Hə, indi de görüm, bu cığırlardan zirvəyə gedəni hansıdır?

– Bir az qabağa getməliyik, çünki yoxuşu dik qalxmaq olmaz, dolama cığırlarla qalxmalıyıq. Yorulmusansa, nəfəsimizi dərək.

– Yox, bala, yorulmamışam. Bir o daşlara tez çatsaydıq, namaz qılardım. Dedin, orda daş çoxdur, eləmi?

– Bəli.

– O daşa bax, Sərdar, gör nə hamardır! Şükür kəramətinə, xudaya! Elə bil mərmərdir.

Sərdar yol-yoldaşının nişan verdiyi daşa baxdı və onun sözünü təsdiq etdi. Susdular. Lakin qoca hələ də heyranlıqla həmin daşa tamaşa edirdi.

“ – Nə gözəl başdaşıdır! – deyə Bəsər əmi fikrə getdi. – «Başdaşı insanın kimliyindən xəbər verən sonuncu nişanədir.

Tutaq ki, başdaşıma iki kəlmə söz yazılıb, nə olsun? Filan vaxt doğulmuşam, filan vaxt da ölmüşəm. Məgər bu tarix mənim istəyimdən asılıdır? İşə bax ha, sonuncu nişanəmizdə də bizdən asılı olmayan şeyləri yazırlar… Ay kişi, bəs nə yazsınlar?! Yazsınlar ki, baş götürüb vətənindən qaçmış Bəsərin qəbridir? Yazsınlar ki, bu mərhum altmış il ömür sürüb, amma hələ də bilmir ki, anasının qəbri hardadır? Ya da yazsınlar ki, qucağında can vermiş sevgilisini öz əliylə qəbirə qoyan və bir daha o tərəflər də heç görünməyən etibarsız sevgilinin abidəsidir?! Yox! Yox… Belə şeyləri yazmaq olmaz. Elə acı həqiqətlər var ki, onları nəinki yazmaq, heç dilə gətirmək də olmaz. Amma mən, doğrudan da, etibarsızam. Gərək Zərnişanla bir yerdə öləydim, qəbirlərimiz də qoşa qazılaydı …»

Sən aciz adamsan, Bəsər! Qorxaqsan! Hünərin çatsaydı, Zərnişan ömürlük sənin yanında olardı, indi də qocalıb əldən düşdüyün bir vaxtda qəbirlərinizin qoşa olmasını arzulamazdın! Bir də, dünyada ölməkdən asan nə var ki! Yaşamaq çətindir, dostum, yaşamaq! Ucuz ölüm axtarma! Atan da belə etdi, amma nə olsun? Ölüm nə verdi ona? Heç nə! Taleyin acığına yaşamış olsaydı, bəlkə də, zalım ağadan intiqamını alardı…”

– Gedəkmi, Bəsər əmi?

– Bir az otur, bala. Bilirsən ağlıma nə gəlib?

– Yox, bilmirəm.

– Sən bilən adamın qəbirinə niyə başdaşı qoyurlar?

– Qəbir itməsin deyə.

– Qəbir itəndə nə olur?

– Nə olasıdır, heç nə.

– Qəbrin itməsi daha yaxşı deyilmi?

– Bəlkə də. Bəs sənin fikrin?

– Bir söz deməyə çətinlik çəkirəm.

– “Quran”da bu haqda nə yazılıb, Bəsər əmi?

– Bilmirəm…

– Yalan-gerçək eşitmişəm, “Quran”da yazılıb: sadə müsəlmanların qəbiri üstündə başdaşı olmamalıdır. Bu fikrin nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, amma bir onu deyə bilərəm ki, başdaşı olmayan qəbirlər bir-birinə daha çox bənzəyirlər, bu da axirət dünyasında hamının bərabər olduğuna işarədir. Bir də ki, insanın torpaqdan yaranması fikrini söyləyənlər onun nə vaxtsa yenidən torpağa dönəcəyini deyirlər. Təbiidir ki, başdaşısız qəbir müəyyən müddətdən sonra adi torpağa dönür. Nəhayət, köçəri ərəblər üçün Ərəbistan səhralarında və ya düzənliklərində başdaşı tapmaq, yəqin ki, asan məsələ olmayıb…

Ümumiyyətlə, Bəsər əmi, belə şeylərin nə mənası var? Tutaq ki, əziz bir adamın məzarını hər gün ziyarət edirik. Ona böyük bir başdaşı da düzəltmişik. Qəbirdə yatan məgər bunu bilir? Sağlığında ona bir yaxşılıq etməmisənsə, ölümündən sonrakı bu bəzək, təmtəraq onun nəyinə gərəkdir? Hələ onu demirəm ki, kədərli başdaşları öz dəhşətli sükutları ilə sağ qalanların həyat eşqini öldürür…

– Bəzən də tərsinə olur; məzar da var, başdaşı da. Di gəl ki, qəbir itir, daha doğrusu, onu yada salan olmur.

– Elədir, Bəsər əmi, nə isə… Çox oturduq. Gedəkmi?

– Gedək. Bəlkə bu daşı aparım ora, hə? Birdən ölüb eləyərəm, qoy başdaşım olsun…

– Zarafatı boşla, Bəsər əmi.

– Ciddi sözümdür, Sərdar.

– Ay kişi, bu daşın azı otuz kilo çəkisi olar, sən onu apara bilməzsən !

– Apararam!

Sərdar mat qalmışdı, gah bu tərs qocanın üzünə, gah da mərmər kimi parıldayan sal daşa baxırdı. ”Aparır, aparsın da, mənə nə, can onun, cəhənnəm Allahın»… – ürəyində götür-qoy etdi, – «onsuz da əldən düşüb, olan-qalan gücünü də bu daşa sərf etsə, taqəti tamam üzüləcək, öz xoşuna geri qayıdacaq…” Astadan dedi:

– Özün bilən yaxşıdır, Bəsər əmi.

Bəsər əmi irəli yeriyib daşı yerindən tərpətdi. Daş sanki zərgər ustalığı ilə cilalanmışdı.

– Bala, gəl bunu çiynimə qaldır, – deyə Bəsər əmi heybəsini çiynində rahatladı.

– Gəlsənə elə burdaca çörəyimizi yeyək, sonra daşa gücənək? – Sərdar gözlənilmədən təklif etdi.

– Yox, bala, – Bəsər əmi razılaşmadı, – çörə-yimizi gölün qırağında yeyəcəyik.

– Yaxşı,- deyə Sərdar naəlac qalıb daşı qocanın sümükləri çıxmış arıq çiyninə qaldırdı. Yola düzəldilər.

Dolama dağ cığırı ilə xeyli getdilər. Bir azdan qocanın addımları yavaşıdı. Bəsər əmi yoruldu, daşı yerə qoyub üstündə oturdu. Onun alnında tər damlaları muncuqlanmışdı. Zorla nəfəs aldıqca arıq çiyinləri körük kimi qalxıb-enirdi. Sərdarın ona yazığı gəldi:

– Bəsər əmi, gəl bu daşı qoy burda, yoxsa tamam əldən düşəcəksən, axı hələ heç əlli metr qalxmamışıq, sən isə qan-tər içindəsən.

– Eybi yoxdur, birtəhər gedərik, bala, – qoca inadından dönmədi.

Bir xeyli oturdular. Sərdar onun heybəsini götürdü, sırıqlısını isə qatlayıb çiyninə qoydu ki, daşı rahat aparsın.

Yenicə yola düşmüşdülər ki, Bəsər əmi yenidən nəfəsini dərmək istədi. Sərdar çox yalvardı ki, daşı versin ona. Qoca “yox” dedi, bu daşı ancaq mən özüm aparmalıyam, yoxsa torpaq altında rahat yata bilmərəm…

Sərdar sanki yuxudan ayılan kimi oldu: “Doğrudanmı qoca ölmək fikrinə düşüb? Bəlkə ürəyinə damıb?.. Elə bir bu çatmırdı…” Sərdar daha ehtiyatlı olmağa başladı. Asta-asta yeriyir, qocanın hər hərəkətinə göz qoyurdu. Mənzil başına gec çatacaqları daha vecinə deyildi. Çalışırdı ki, Bəsər əmi tamam yorulub əldən düşməsin. Qocaya hər an kömək etməyə hazır idi.

Bir saatdan çox idi ki, yol gedirdilər. “Müqəddəs ocağa” lap yaxınlaşmışdılar, iyirmi-otuz addım ancaq qalmışdı. Bəsər əmi yorulub əldən düşmüşdü. Sərdar bərk qorxu içində idi, çiynində daş aparan qoca dik yoxuşu qalxanda hər an müvazinətini itirib dərənin dibinə yuvarlana bilərdi. Allah eləməsin!.. Birdən cavan oğlanın eyni açılan kimi oldu, ağlına gələn fikirdən sevindi. Tez dayandı və qocaya dedi:

– Bəsər əmi, indi ki daşı vermirsən mənə, onda keç qabağa…

“Birdən büdrəyib eləsə, qoymaram yıxılsın…” – ürəyindən keçirtdi və xeyli arxayın oldu. Qoca onun bu hərəkətinin fərqinə varmadan qabağa keçdi və zorla da olsa, yoluna davam elədi…

Artıq “ocaq” gözünün qabağında idi. Nəhayət, üçcə addım qalmış Bəsər əmi daşı çiynindən yerə atdı və həqiqətən müvazinətini itirib yıxıldı, daşın böyründəcə düşüb qaldı.

Sərdar bir neçə dəfə onu qaldırmağa çalışdı, lakin qoca əlinin işarəsi ilə Sərdarı başa saldı ki, ona toxunmasın.

Axır ki, qoca qalxıb oturdu. Su istədi. Əlbəttə, Sərdarda su yox idi. Axı bu qədər bulaq olan yerdə özü ilə su götürmək artıq iş idi. Nə edəcəyini bilməyən Sərdar qocanı dilə tutmağa başladı:

– Bir az döz, Bəsər əmi, yuxarıda göl də var, bulaq da, inşallah, ora çatan kimi doyunca su içərsən.

Sərdar bərk narahat idi; bir qurtum su nədir, onu tapa bilmir. Lakin təlaş keçirməyə dəyməzdi, su Bəsər əmiyə içməkdən daha çox dəstəmaz almaqdan ötrü lazım idi. Qoca dinmədi, ürəyində isə fikirləşdi: “Göl yaxındadırsa, eybi yoxdur, namazım batil olmaz…”

Bəsər əmi bir xeyli nəfəsini dərdi, axırda “Ya Allah”, – deyib ayağa qalxdı. Min bir əziyyətlə gətirdiyi daşa bir xeyli tamaşa edib yola düzəldi. Sərdar sevinirdi. Qocanın canı daşdan qurtardı! Deyəsən, Bəsər əmi tamam dirçəlmişdi, axı bayaq zorla yeriyirdi, heç səsi də çıxmırdı, indi isə addımlarını nisbətən yeyinlətmişdi, özü də arabir ondan söz soruşurdu. Sərdarın vaxtında mənzil başına çatmaq inamı artdı. Sərdarın ağızdolusu təriflədiyi göl dağın lap zirvəsində idi. Ləngiməsəydilər, tufan başlayanacan zirvəni aşa bilərdilər. Xeyli gedəndən sonra dincini almaq istəyən qoca ayaq saxladı:

– Dayan görüm, Sərdar, o bulaq hara axır dedin?

– Gölə.

– Gölə?! – deyə Bəsər əmi təəccüblə soruşdu. – Doğrudanmı o dediyin göl dağın başındadır?

– Bəli, – Sərdar könülsüz dilləndi.

– Onda o göl necə göldür ki, dolub daşmır?

Qocanın təfərrüata varması Sərdarın qanını qaraltdı:

– Ay Bəsər əmi,- dedi,- elə danışırsan ki, elə bil uşaqsan. Dünyanın möcüzələri azdırmı? Biri də bu göldür ki, dağın başında peyda olub! Yəqin bir hopan yeri var ki, daşmır da!

– Belə de!

– Hələ oradakı ikinci möcüzəni də yaxından görərsən. Yayın cırhacırında qar! Zirvə dolu, bəmbəyaz, xarlanmış qar! Qurd düşməyibsə, yemək də olar. Ağ, balaca-balaca qurdlar. Başları isə qapqara. Qara qurd düşür, təsəvvür edirsən? Amma bərk susayanda xarramış qar yaman ləzzət verir !..

Onlar gölə çatanda xəfif külək əsməyə başladı. Bəsər əmi heyrətlə ətrafa tamaşa edirdi. Qəribə mənzərə idi; ensiz yarğan sanki birdən kəsilirdi, torpaq qatı xeyli aşağı sürüşmüşdü, nəhəng dağın sinəsində kiçik bir sahəni sanki kimsə əl içi kimi təmizləyib hamarlamışdı. Tən ortada yerləşən göl yuxarıdan yarğana söykənirdi. Gölün suyu həqiqətən gözyaşı kimi dumduru idi.

– Buradan o yana yolumuz nə qədər qalmış olar, Sərdar? – deyə Bəsər əmi gözünü göldən ayırmadan soruşdu.

– Nə qədər gəlmişiksə, təxminən onun üçdə biri qədər. Təkcə Tufan zirvəsini aşa bilsək, sonrası asandır. Ordan o yana yoxuş yoxdur, eniş başlanır. Bu gördüyümüz gözəllər-gözəli isə, – gölü göstərdi, – bir gecədə yaranıb, Bəsər əmi. O gecə səhərəcən tufan qopub. Elə buna görə də bu gölə “Tufan gölü” deyirlər. Bəlkə də rəvayətdir, bunun doğuşunu bilən yoxdur.

Sərdarın üzünə düşən yağış damcısı onun sözünü yarımçıq qoydu. Qorxa-qorxa zirvəyə sarı boylandı. Qara buludlar daha da sıxlaşmış, ətrafa kölgə salmışdı. Bütün bunlar – arabir düşən iri yağış damcıları, qara buludlar və sərin külək güclü bir tufanın başlanmasına işarə idi.

Sərdarı fikir götürdü. Artıq geriyə dönmək mümkün deyildi. Kükrəyən sel suları onları çoban papağıtək qabağına qatıb daşlara, qayalara çırpacaqdı. Burda daldalanmağa da bir yer yox idi. Barı bir qaya parçası olaydı, küləyin, dolunun qabağını kəsər, soyuqdan qoruyardı, onda səhərəcən burda qala bilərdilər. Sərdar gözünü buludlardan çəkib, corablarını soyunan qocadan soruşdu:

– Bəsər əmi, neyləyək?

– Necə yəni neyləyək? Görmürsən, dəstəmaz almaq istəyirəm? Möhkəm də acmışam. Tələsmə, sən də yuyun, namazdan sonra çörəyimizi yeyib yola düşərik. Demirsən burdan o yana enişdir?

Sərdar dinmədi. “Burda deyiblər ki, keçi can hayında, qəssab piy axtarır!”. Onun boğazı qurumuşdu, aclıq da yadına düşmürdü. Yağış damcıları çoxaldıqca, narahatlığı da artırdı. Cavan oğlan qocanı xəbərdar etməyi qərara aldı. Bir az əsəbiliklə:

– Tufan başlayır, Bəsər əmi! – dedi. – Başa düşürsən, tufan!

Qoca ona baxmadan arxayınlıqla cavab verdi:

– Ay oğul, görmürsən aşağılarda bir əlçim də olsa, bulud yoxdur, bir-iki damla yağış yağmaqla nə olasıdır? – Çılpaq ayaqlarını ehtiyatla soyuq suya saldı:

– Keç günahımdan, İlahi…

Su buz kimi soyuq idi. Yarğanın başındakı qar tamam əriməmişdi, orda-burda talalanmışdı. Qoca boyun-boğazını yuyanda titrədiyini hiss etdi, hava da birdən-birə soyudu.

Sərdar Bəsər əminin hərəkətlərinə göz qoyur, cınqırını çıxartmadan baş verə biləcək hadisələr barədə fikirləşirdi.

Qoca günəşə tərəf boylanıb fəhmlə qibləni müəyyənləşdirdi, sırıqlısını çıxardıb ayaqları altına atdı, canamazını qabağına qoydu və kamali-ədəblə namaza başladı.

Külək get-gedə daha bərkdən əsir, yağış güclənirdi. Bəsər əmi isə titrəyə-titrəyə namazını qılırdı. Bir azdan hava tamam qaraldı, arabir şimşək çaxır, göy gurultusu dağlarda əks-səda verib adamı vahimələndirirdi. Bəsər əmi hər şimşək çaxanda ucadan “Allahü əkbər” deyir, lakin namazını davam etdirirdi. İbadətini qurtaran kimi həyəcanla Sərdardan soruşdu:

– Bu nə müsibətdir, bala?

– Tufan başladı, Bəsər əmi, tufan!

Yenidən şimşək çaxdı. Qocaman bir palıd ağacının köklərini xatırladan odlu xətlər səmanın tutqun sinəsinə həkk olundu. Gözqamaşdırıcı işıqdan az sonra qulaqbatırıcı gurultu qopdu. Sanki göylərdə nəhəng bir dəmirçixananı söküb-dağıtdılar. Gur işartı dalğalanıb daha böyük qüvvətlə səsləndi və yeri-göyü lərziyə salan gurultudan sonra dolu başladı, nə başladı! Sanki xırdaca daşlar başlarına tökülür, üzlərinə çırpılır, boyun-boğazlarını yalayırdı. Şiddətli külək ot-ələfi, toz-torpağı qabağına qatıb göyə sovururdu. Göz açmaq mümkün deyildi.

Hər ikisi qəfil bəladan çaşbaş qalmışdı. Sərdar bir əli ilə papağını bərk-bərk başına basır, o biri əli ilə qocanı tutur, çətinliklə kürək-kürəyə verib dayanmışdılar.

Bir azdan qoca tir-tir əsməyə başladı. Sərdar qorxdu. Dayanmaq olmazdı. Hərəkət etmək lazım idi, yoxsa qoca, Sərdarın gözü qabağındaca o dünyalıq olardı. Tez onun əllərini, belini, kürəyini ovxaladı. Neyləsinlər? Gerimi qayıtsınlar. Yox! Sel indi aşağıları ağzına alıb! Yenə irəli yaxşıdır – gölün qırağındakı düz yolla irəli getməli. Yalnız irəli! İstər-istəməz qışqırdı:

– Bəsər əmi, qaçaq! İrəli qaçaq!

Sərdar götürüldü. Baş verənlərdən dəhşətə gəlmiş qoca da onun arxasınca qaçmağa başladı. Qabaqda, əlli-altmış metr aralıda bir qaya vardı və o qaya sonuncu yoxuş idi. Yalnız orada daldalanmaq olardı. Tərs kimi külək də qarşıdan əsir, şapalaq kimi onların üzlərinə çırpılır, irəliləməyə qoymurdu. Dalbadal çaxan şimşək onların gözünü qamaşdırır, cığırdan-izdən sapdırırdı. Az qala hər şeyin artıq dağılmaq üzrə olduğunu xatırladan fasiləsiz göy gurultusu! Aman Allah, bu nə dəhşətdir!

– Bəsər əmi, tez ol! – deyə arxaya çevrilən Sərdar həyəcanla çığırdı, lakin qoca artıq yeriyə bilmirdi, tez yüyürüb onun qolundan tutdu, bir xeyli darta-darta apardı. Özü də yoruldu, dayanıb qocanın qolunu buraxdı. Bəsər əminin taqətsiz əli yanına düşdü və tirtap yerə sərildi. Sərdar əlini onun sırıqlısının altına saldı, qocanın bədəni isti idi. Sadəcə olaraq, haldan düşmüşdü.

Yenidən zirvədə dalbadal şimşək çaxdı, şıdırğı dolu daha iri dənələrlə yağmağa başladı. Sərdar vəziyyətin çıxılmaz olduğunu dərk etdi. Tələsik qocanı çiyninə alıb zirvəyə tərəf yüyürməyə çalışdı.

Dolu aramsız yağırdı, ətraf artıq ağappaq idi. Külək isə səngimir, əksinə, daha da şiddətlənirdi. Sərdara elə gəlirdi ki, külək bu saat onu yıxacaq, lakin o yıxılmaq fikrində deyildi. Yıxılmaq ölüm deməkdi…

Nəfəsi təntimiş Sərdar bir anlığa dayandı. Niyəsə, nişanlısı Sona yadına düşdü və ölümlə üz-üzə dayandığı bir vaxtda nişanlısının yadına düşməsi ona çox qəribə gəldi, taleyin bu təsadüfünə acı-acı gülümsündü. Bu payız toyları olacaqdı. “Belə getsə, cənazəmin üstündə saçını yolacaq… O da hələ tapılsa”.

Şimşək çaxdı və qulaqbatırıcı gurultu onu fikirdən ayırdı. İldırım güclü gurultu salıb yaxındakı dərəyə düşdü. Elə bil Əzrayılın sonuncu xəbərdarlığı idi bu ildırım! Deməli, böyrümüzdəki dərədə nəsə bir cazibə qüvvəsi var ki, ildırımı çəkir. Hər halda, bu yerdən tez uzaqlaşmaq lazımdır. İstədi qocanı burada qoyub getsin. Lakin atasının vəfalı dostunu atıb getməyi qüruruna sığışdırmadı…

Dolu ara vermədən yağırdı. Sərdar cığırı zorla seçirdi. Görəsən, zirvəyə neçə addım qalıb? – öz-özünə pıçıldadı və başını qaldırıb yuxarı baxmaq istəyəndə bayaqdan gözünün üstünə endirdiyi papağını külək başından götürüb apardı. Papağın arxasınca baxanda ayağı sürüşdü, dizini yerə verdi, yıxılmaqdan özünü zorla saxladı. Qəddini düzəldib ayağa qalxdı və bu zaman dolunun gücünü tam mənası ilə hiss etdi. Onun açıq başına sanki fındıq boyda daşlar çırpılır, heç cür irəliləyə bilmirdi. Axır ki, Bəsər əmini çiynindən yerə qoydu və gördü ki, qocanın da papağı yoxdur. Pencəyini başına bürüyüb, yenidən qocanı çiyninə aldı. Zirvəyə az qalmışdı, lap az, beş-altı addım! Yaman sevindi: “Nə qalıb ki! İnşallah, çataram və oranı aşaram. Sonrasa enişdir. Uzaqbaşı, üzüaşağı sürüşə-sürüşə gedərəm…”

Bir anlığa qəddini dikəldən Sərdara elə gəldi ki, kimsə onun sinəsindən vurub itələdi. Yıxılmamaq üçün var gücünü toplasa da, xeyri olmadı. Aşacağını hiss edib çiynindəki qocanı kənara tulladı, özü isə arxası üstə yıxıldı. Dolunun üstü ilə xizək kimi sürüşən Sərdar əllərini ümidsiz halda o yan-bu yana atır, nədənsə yapışmaq istəyirdi. Get-gedə daha sürətlə sürüşürdü. Birdən əli torpağa dəydi. Yarğanın otlu-ələfli maili döşündə sürəti xeyli azaldı, az qala dayanmışdı da! Lakin son anda əli torpaqdan aralandı və yenə sürüşməyə başladı. Hər halda, əvvəlki sürətlə sürüşmürdü. Arabir yapışdığı otlar qırılır, ümidi boşa çıxırdı. Əslində, bu otlar da saman çöpü kimi bir şey idi, pəhləvan cüssəli Sərdarı saxlaya bilməzdi. Bu yerdə tez-tez rast gəlinən itburnu kolları da qəhətə çıxmışdı. Sərdar buralara yaxşı bələd olduğu üçün bilirdi ki, bir neçə metrdən sonra uçurum başlanır. Dibsiz uçurum! Və o dibsiz uçurumu təsəvvürünə gətirən Sərdar qeyri-ixtiyari olaraq vahiməli bir səslə bağırdı. Onun bağırtısı küləyin səsindən eşidilməz oldu. Əlləri aramsız olaraq işləyir, yapışmaq üçün nəsə axtarırdı. Nəhayət, sağ əli daşa toxundu. Sanki bütün qüvvəsi sağ əlinin barmaqlarında toplandı. Daşdan möhkəm yapışdı. Həyatla ölüm arasında sonuncu bağdı bu daş! Bu daşı buraxmaq olmazdı. Ancaq barmaqları son dərəcə gərildiyindən artıq sızıldayırdı və yarğanın döşünə çınqıl kimi səpilmiş dolunun üstündə dayanmış ağır bir bədəni uzun müddət saxlamaq imkanında deyildi. Nəsə fikirləşmək lazım idi, özü də lap tez! Sərdar üzü ilə dolunu eşib, çənəsini bərk-bərk torpağa sıxdı. Yalnız bundan sonra sağ əlinin gərginliyi xeyli azaldı və nisbətən rahat nəfəs aldı.

İndi o, son dərəcə ehtiyatlı olmalı idi. Qorxa-qorxa aşağı boylandı. Dibsiz uçurum şıdırğı yağan dolunun ağ örtüyündə necə də vahiməli görünürdü! O sanki Qıl körpüsünün üstündə dayanmışdı və cəhənnəmi gözləri ilə görürdü…

Sərdar sol əli ilə dolunu eşib torpağa çatdı və barmaqları ilə yeri qazmağa başladı. Bu çox çətin və əzablı bir iş idi, ancaq onun ayrı çarəsi qalmamışdı. O, ayağa qalxmalı və bunun üçün yenicə ayaq tutub yerimək istəyən uşaqlar kimi nəsə bir şeydən yapışmalı idi. Lakin nədən?

Sağ əli yavaş-yavaş gücdən düşürdü. Ümidi təkcə sol əlinə qalmışdı. Sərdar sol əli ilə yarğanın döşündə kiçik bir çuxur qazırdı, sol ayağını ora qoya bilmək üçün.

Dolu elə hey yağır, külək isə ac qurd kimi ulayırdı. Sərdarın sol əli isə yorulmadan işləyirdi.

Artıq kiçik çuxur hazır idi. Lakin Sərdarın iri ayağı ora yerləşməzdi. Birdən əli daşa toxundu. Əslində, bu, yerə bitişmiş bir daşın çıxıntısı idi. Sərdar bunu hiss elədi və sevindi: “Bu daşı çıxarda bilsəm…” Çıxıntıdan yapışıb var qüvvəsi ilə özünə tərəf çəkdi. Daş tərpəndi. İkinci dəfə dartanda hiss etdi ki, laxlayır. Lakin sağ əli bərk sızıldadı. Bir anlığa nəfəsini dərdi, daşı öz yerinə itələdi və üçüncü dəfə dartdı. Daş yerindən çıxdı və Sərdar onu aşağıya itələdi. Daş uçuruma yuvarlanıb qaranlıqda görünməz oldu. Özünün də eynən bu daş kimi aşağı düşə biləcəyini düşünən Sərdarın bədənindən soyuq gizilti keçdi. Özünü birtəhər ələ aldı, qorxudan tir-tir əsən sol ayağını ehtiyatla açdığı çuxura qoydu və ürəyi yerinə gəldi. Elə bu an sanki bütün yarğan hərəkətə gəldi. Bu nədir? Yoxsa dağmı sürüşür? Zəlzələmi qopdu?.. Su ilə dolunun qarışıb yaratdığı su şırnağı onun qarnının altından axaraq dibsiz uçuruma tökülməyə başladı. Bir-iki dəqiqədən sonra bu axın azalıb dayandı. Bu, bayaqdan bəri Sərdara ilişərək qalaqlanmış dolu axını idi. Beləliklə, yarğanın üstü xeyli təmizləndi və Sərdar sağ tərəfində də bir daş gördü. İkinci ayağını da ehtiyatla çuxura qoyub, hər iki əli ilə daşdan yapışdı, uzandığı yerdə ətrafını nəzərdən keçirdi. Yuxarıya boylananda gözlərinə inanmadı – Bəsər əmi ondan bir addım yuxarıda – yarğanın döşündə, köndələn vəziyyətdə bir itburnu koluna ilişib qalmışdı. Qoca tərpənmirdi. “Yəqin yazıq kişi artıq ölüb…” – deyə Sərdar kədərlə düşündü və bayaqdan bəri Bəsər əmini unutduğu üçün xəcalət çəkdi. Azacıq dikəldi, küləyin sovurduğu xırda dolu dənələri yenidən qırma kimi onun üzünə çırpıldı.

– Bəsər əmi, ay Bəsər əmi! – deyə qocanı səslədi, lakin ondan səs çıxmadı.

Sərdar küləyin sovurduğu dolu dənələrinin zərbələrinə əhəmiyyət verməyib yenidən başını qaldırdı. Gözlərini qıydı. Təxmini də olsa yarğanın hündürlüyünü təyin etməyə çalışdı. Yuxarıya, nisbətən düzən yerə çatmaq üçün on beş-iyirmi addım məsafə qalmışdı!

Ümid yeri var idi. Sərdar ürəyində özünə təsəlli verdi. Yeganə əlacı hər addımda torpağı qazıb ayaq yeri açmaq idi.

Sərdar Bəsər əminin yanına çatmışdı. Qocanı xeyli silkələdi, doludan xışmalayıb üzünü ovxaladı, təkrar-təkrar onu səslədi, lakin qocada heç bir həyat əlaməti qalmamışdı.

Sərdarı fikir götürmüşdü. Onu gətirib öz ayağı ilə ölümün ilgəyinə keçirmiş qoca bəlkə də artıq dünyadan xəbərsiz idi. Onu qoyub gedə bilərdi. Bir müddət tərəddüd etdi, ölmüş insandan ötrü ölümə getməyi ilk əvvəl mənasız addım saydı. Lakin sonda fikrini dəyişdi: “Nə olursa olsun, ya ölməli, ya da qocanın meyitini də olsa, uçurumdan çıxartmalıdır!”

Dalbadal şimşək çaxdı, ətraf apaydın işıqlandı. Artıq axşamın düşməsinə az qalmışdı. Mümkün qədər yarğandan tez çıxmaq lazım idi. Çətin və ağrılı iş olsa da, hər addım üçün çuxur qazmaq yeganə çıxış yolu idi.

Artıq hava qaralmışdı. Dolu çoxdan kəssə də, arabir şimşək çaxırdı. Sərdar tamam yorulmuşdu. Barmaqlarının dərisi sürtülüb yeyilmiş, ucları qanamışdı. Hər dəfə əli torpağa toxunanda ağrıdan gözlərinə qaranlıq çökürdü. Ancaq zirvəyə də az qalmışdı, lap az…

Sərdar yalın əllə daha çuxur qaza bilməyəcəyini başa düşüb dayandı. Ehtiyatla aşağı boylandı. Min müsibətlə qalxdığı bu on-on beş metr məsafə onun üçün sonsuzluq qədər uzun göründü… “Kaş bıçağım üstümdə olaydı! Onda bu qədər əziyyət çəkməzdim…”, – deyə düşündü.

Birdən əli Bəsər əminin toqqasına ilişdi. Sərdar xəzinə tapmış adamlar kimi sevindi. Tez toqqanı qocanın belindən açdı. Böyük bir həvəslə işə başladı. Ax, toqqanın dəmir başlığı ilə yeri qazmaq nə qədər asan imiş !..

Hər dəfə çuxur hazır olanda və qocanın taqətsiz bədənini itələyib bir addım da yuxarı qaldıranda elə bil Sərdara dünyanı bağışlayırdılar.

Sonuncu çuxuru qazanda artıq göydə tək-tək ulduz sayrışırdı. Sərdar qüvvəsini toplayıb Bəsər əmini ehtiyatla yarğanın başına tərəf itələdi. Sonra çevrilib aşağı – yıxıldığı yerə baxdı. Eşim-eşim eşdiyi qara torpaq ağ örtükdə oyulmuş iri gözləri xatırladırdı. “Aman Allah, doğrudanmı buradan çıxdım?!”. Heç cür ağlına sığışdıra bilmədi. O, təkcə cəhənnəmin dibindən çıxıb gəlməmişdi, həm də huşunu itirmiş qocanı da darta-darta özü ilə gətirmişdi. Sevincinin həddi-hüdudu yox idi. Ona görə də təbiətin bu sərt, kimsəsiz bucağında, heç kimin eşitməyəcəyini bilsə də, dəli bir nərə çəkdi:

– E-he-ey ! Mən sa-ğam ! Sa-ğa-a-m !..

Onun səsinə ancaq dağlar hay verirdi – əks-səda dalğa-dalğa uzaqlara yayıldı:

– Mən… sa… ğa … m … sa…ğam…

Sərdarın ürəyinə dammışdı ki, Bəsər əmi sağdır. Çünki artıq bir dəfə taqətsiz halda yıxılıb qaldığının şahidi olmuşdu. Diqqətlə qocanın nəbzini yoxladı. “Deyəsən, ürəyi vurur! Hə, elədir ki, var! Nə yaxşı oldu! Nə yaxşı oldu! Allah, sənə min şükür, yoxsa atamın üzünə baxa bilməyəcəkdim. Daha gecikmək olmaz. Burdan o yana nə qalıb ki? Bir neçə kilometr. Bəlkə daha da az! Onsuz da enişdir. Təki Bəsər əmiyə heç nə olmasın…”

Hava tamam qaralmışdı. Sərdar tələsdiyindən onsuz da çətin seçilən cığırı tezliklə itirdi və bundan sonra ağır yüklə eniş enməyin yoxuş qalxmaqdan da çətin olduğunu anladı.

Keçdiyi yola bələd olmasına və ehtiyatla hərəkət etməsinə baxmayaraq, Sərdar tez-tez sürüşürdü. Ümümiyyətlə, hər tərəf dolu ilə örtüldüyündən ayağını etibarlı yerə qoyub yerimək çətin məsələ idi. Doğrudur, yamac çox dik deyildi və aşağıda da uçurum-zad yox idi, lakin sürüşkən yolla yıxıla-yıxıla getmək yorğun və ağır yük aparan Sərdar üçün başdan-başa məşəqqət idi. O, cığırın kənarındakı iri daşın üstündə oturdu, işini yüngülləşdirməkdən ötrü çarə düşünməyə başladı. Bəsər əminin xilaskar qayışını ehtiyatla onun qollarının altından keçirib, arxadan bərk-bərk yapışdı. Ayaqlarını oturaq vəziyyətdə irəli uzatdı, sağ əlinin kiçicik təması ilə sürüşməyə başladı.

Bu cür sürüşmək rahat idi. Sərdar heç bir güc sərf eləmirdi, əksinə, arabir otlardan tutaraq sürətini azaldırdı. Bu qayda ilə bir xeyli endi. Eniş qurtardı və yol getmək də çətinləşdi. Ayağa qalxdı, qocanı çiyninə alıb yoluna davam etdi.

Xeyli gedəndən sonra yorulub dayandı. Daha Bəsər əmini çiynində saxlaya bilmirdi. Onun gah sağa, gah da sola sürüşən bədəni, əlləri və ayaqları Sərdarı sərbəst yeriməyə qoymurdu. Nəsə etmək lazım idi. Sərdar pencəyini və köynəyini çıxardıb qocaya geyindirdi. Növbə şalvarına çatdı. Qəribə bir üsul kəşf edibmiş kimi, özündən razı halda yaş şalvarının belini Bəsər əminin başına keçirdi, balaqlarını isə dolayıb arxada çarpazladı və toqqa ilə bağladı. Qocanın başının təhlükəsizliyinə əmin olandan sonra toqqadan bərk-bərk yapışdı. Bu minvalla qocanı sürüşkən yolla dartıb aparmaq o qədər də çətin deyildi və Sərdar dayanmadan irəli getməyə başladı.

Buludlar çoxdan dağılmışdı. Üzü büsbütün açıq olan ay ətrafı öz nuruna qərq etdiyindən dolunun ağartdığı uzaq yerlər də apaydınca görünürdü.

Yolun çox hissəsi arxada qalsa da, Sərdar çətinliklə yeriyirdi. Yorğunluq və aclıq öz işini görmüşdü. İndi də soyuq ona əziyyət verirdi. Qan-tər içində olmasına baxmayaraq, Sərdar indi də üşüyürdü, tükləri biz-biz olmuşdu. Az qala bütün paltarlarını çıxarıb qocaya geyindirmişdi. Nə qədər çox hərəkət etsə də, canına istilik gəlmirdi. Dişlərini dişlərinə daha möhkəm sıxmağa çalışır, lakin gücü çatmırdı. Dayanmaq olmazdı – soyuqdan dona bilərdi. Dişi-dişinə dəysə də, toqqadan bərk-bərk yapışmışdı. Elə bil kimsə onun qulağına elə hey pıçıldayırdı: “Dayansan donacaqsan, do-na-caq-san…” Sərdar bu səsi içində boğub yox etməkdə gücsüz idi. Axırda hirsindən bağırmaq istədi:

– Yox! Yox!..

Lakin beynindən keçən bu iki kəlməni tələffüz edə bilmədi. Sadəcə olaraq, onun dili artıq söz tutmurdu. Yaxınlıqda itlərin hürüşdüyünü eşitdi. “Deməli, binəyə az qalıb…” Qışqırmaq istədi, səsi çıxmadı. Artıq yeriməyə taqəti qalmamışdı, sanki hər ayağından bir pud daş asılmışdı. Birdən bərk acdığını hiss etdi. Yadına düşdü ki, səhərdən dilinə heç nə dəyməyib.

* * *

İtlər lap yaxınlıqda hürüşdülər. Sərdarın qollarına sanki əlavə qüvvə gəldi, Bəsər əmini bir xeyli də sürüdü.

İri köpək ona çatanda sağa döndü. Qurdboğan idi.

Sərdar sevindi və istədi iti adı ilə çağırsın. Lakin onun şaqqıldayan dişlərinin arasından söz əvəzinə xırıltı çıxdı. İt qarşısına çıxan bu qəribə canlının görkəmindən bir anlığa özünü itirdi. Qurdboğan heç vaxt belə geyimdə bir varlığa rast gəlməmişdi. O, ani tərəddüddən sonra geri çəkildi, sonra sürətlə yüyürərək enli döşü ilə soyuqdan büzüşüb yumağa dönmüş Sərdara güclü zərbə vurdu. Sərdar arxası üstə düşdü. Qurdboğan pəncələrini onun sinəsinə qoydu, qalib bir görkəm alıb dayandı və tərpənməsini gözlədi.

Sərdar gözlənilməz zərbədən özünü tamam itirdi. İt hər an onun boğazından yapışa bilərdi. Yorulub əldən düşmüş, üstəlik, soyuqdan tir-tir əsən pəhləvan cüssəli Sərdar Qurdboğanın güclü pəncələri altında miskin bir vəziyyətə düşmüşdü. İyindən it Sərdarı tanıdı, bir addım geri çəkilib zingildədi və sahibinin üz-gözünü yalamağa başladı, quyruğunu bulaya-bulaya ətrafına göz gəzdirdi.

Sərdar var gücünü toplayıb ayağa qalxdı və qalxan kimi də, özünü saxlaya bilməyib yenidən yerə çökdü.

Sahibindən nəvaziş görməyən Qurdboğan xeyli sakit dayandı, sonra dözməyib lap yaxına gəldi, burnunu, üzünü onun buz kimi soyuq bədəninə sürtdü və şöngüyüb ucadan ulamağa başladı.

Sərdar qəribə hallar keçirirdi. Daha o, soyuğu hiss etmirdi. İsti-soyuğun onun üçün daha fərqi yox idi. Ruh kimi göylərdə dolaşır, istədiyi yerə gedir, istədiyi adamla danışırdı. Bu nədir? Yoxsa yatmaq istəyir? Nə istəmək! Yatıb artıq. Bunlar həqiqətdən çox yuxuya bənzəyirdi. Sərdarın yalnız vəfalı iti ulayandan-ulayana huşu özünə qayıdır, həyatla-ölüm arasında olduğunu dərk edirdi.

* * *

Dumanlı şəkildə olsa da, onun təsəvvüründə həyat həqiqətlərini xəyali şeylər əvəz edirdi. O, daha qanadlanıb uçmurdu. Onun gördüyü adamlar adi adamlardı, ancaq yaxşı geyinmişdilər, danışıb gülürdülər, əl çalır, oynayırdılar. Bəs o – su sonasına bənzəyən gözəl qız kimdir? Necə yəni kimdir? Sonadır da! Sənin Sonan! Başı ağ örpəkli, əli xınalı Sona! Sənin toyundur, Sərdar!..

Sərdar göz qapaqlarını azca araladı. Qurdboğan bu dəfə daha sürəkli və bərkdən uladı. Binəyə tərəf bir ağız da ulayandan sonra başını ona sarı döndərdi, ay işığında bir cüt yanar közü andıran gözlərini sahibinə dikdi. Hə, Qurdboğandır, onun sevimli itidir. O it ki bu yerlərin ağasıdır. Qurd-quşun nə həddi var bu həndəvərdə dolaşsın! Heç qonşu sürülərin bir iti də buraya yaxın düşə bilməz. Yaxın düşərsə… Qurdboğan o an ley kimi başının üstünü alar, yırtıcı dişlərini kəlbətin kimi o itin boğazına keçirər. “Bəsdir, burax!» – deyən Sərdar onu qoymaz. Qurdboğan sahibinin əmrinə tabe olar, rəqibindən əl çəkər və şəstlə başını qaldırıb ona baxar. Rəqibi bu ani vaxtdan istifadə edib aradan çıxar, zingildəyə-zingildəyə qaçıb gözdən itər və … bir də bu tərəflərə üz tutmaz…

Sərdar başa düşürdü ki, vəfalı iti onun keşiyini çəkir. Tərpənmək istədi, bacarmadı. Bədəni bütöv-lükdə kötüyə dönmüşdü. Göz qapaqları yavaş-yavaş endi. Onları açıb saxlamağa artıq Sərdarın gücü çatmırdı. Qurdboğan narahat halda yerində eşələndi və yenə də başını binəyə tərəf döndərib ucadan ulamağa başladı.

* * *

Bilal kişi yapıncısının altından bir xeyli Qurdboğanın ulartısına qulaq asdı. İtlərin hamısı qayıdıb gəlmişdi. Təkcə Qurdboğan hələ də binədən aralıda ulayırdı. Hava bərk soyuq olduğundan kişinin isti yerdən qalxmağa həvəsi yox idi.
– Yəqin nəsə var, – deyə Bilal kişi öz-özünə pıçıldadı, – Qurdboğan boş-boşuna haray-həşir salmaz…

Adətən çoban iti sürüdən ayrı düşmüş heyvana-zada rast gələndə beləcə yanında dayanıb ulayar, sahibini çağırardı. Bilal kişi dəfələrlə itin səsinə getmiş, bir dəfə də olsun əliboş qayıtmamışdı. Ancaq bu dəfə… Bilal kişi düz üç gündür ki, Qurdboğanın uladığı tərəfə sürüsünü aparmamışdı. “Allah xeyirə calasın…”, – deyə istəməsə də, yerindən durdu. Beşaçılanın ilk gülləsini çaxmağın ağzına verib, tüfəngi çiyninə keçirdi… Qurdboğanın səsinə tərəf yön aldı.

* * *

Günəş yenicə doğmuşdu. Tufan dağı köksünə sancılmış qızılı şüalardan bərq vururdu. Yaylaq tərəfdən zirvəyə qalxan cığırda iki atlı göründü. Onların mindikləri ayğırlar aşağıdakı düzəngahda otlayan madyan atları görüb tez-tez kişnəyir, cilov gəmirirdilər, lakin istəklərinin mümkünsüzlüyünü görüb, fınxırmaqla kifayətlənir, yollarına davam edirdilər.

Qabaqda gedən kürən atın belində saçı-saqqalı ağarmış, lakin üz-gözü mis rənginə çalan bir kişi oturmuşdu. Sahibinin qıvraqlığını sanki at da hiss edir, yolun nisbətən rahat hissəsinə çatan kimi yorğa yerişə keçirdi.

Arxadakı kəhər idi. Belində də əldən düşmüş bir qoca. Kəhər at arabir yerişini yeyinlədib kürənə çatır, lakin qocanın sürəkli öskürəyi başlayan kimi yenidən dala qalırdı. Sanki o bu xəstə qocanın halına acıyır, hərəkəti ilə ona rahatlıq gətirməyə çalışırdı. Qoca heç yaylaq adamına oxşamırdı, rəngi qaçmış üzündən bilinirdi ki, xəstədir, bəlkə də zorla atın belinə qalxıb.

Atlılardan biri Bilal kişi, o birisi isə Bəsər əmi idi. Düz qırx il əvvəl də onlar, bax beləcə, at belinə qalxmışdılar, ancaq … doğma yerləri tərk etmək üçün…

Axır ki zirvəyə çatdılar. Bilal kişi atın başını çəkdi. Ətrafa göz gəzdirdi, sonra Tufan zirvəsinə boylandı. Avqustun sonu olsa da, zirvə ağappaq qarla örtülü idi.

– Hə, Bəsər əmi, – deyə Bilal kişi, nəhayət, sükutu pozdu,- bu da Tufan zirvəsi! Bax, o, Bazardüzü, bu Yeddisərpic, o uzaqdakı zirvə isə Şahdağıdır.

Bəsər əmi könülsüz-könülsüz:

– Görürəm,- dedi.

– Bu zirvələr əsil möcüzədir, Bəsər əmi!

– Mənim üçün burda hər şey möcüzədir, Bilal, yaxşısı budur ki, sən mənə düşdüyümüz uçurumu göstər.

Bilal kişi atın cilovunu buraxdı. Bir az aşağıya düşdülər. Sağdakı yamacda Sərdarın açdığı “pilləkən” yerləri aydınca görünürdü və bu “pilləkənlər”dən sonra başlanan dibsiz uçurum adamı vahiməyə salırdı.

– Bəsər əmi, bax, ora düşmüsünüz, – deyə Bilal kişi əli ilə “pilləkən” tərəfi göstərdi.

– Oradan salamat çıxmağımız möcüzədir, Bilal! Belə yerdən adamı ancaq Xudamızın özü xilas edə bilər.

– Elədir, – deyə Bilal kişi üzündəki kədəri gizlədə bilmədi və oğlunun hələ də sağalmamış əlləri gözünün qabağına gəldi.

Yenidən yola düzəldilər. Dinməzcə gedirdilər. Uzun ayrılıqdan sonra bir-birini yenicə görmüş iki dost qabaq-qənşər oturub şirin-şirin söhbət etmək əvəzinə, hərə öz xatirə dünyasına qapılmışdı. Ancaq bu xatirə dünyasında biri digərinin müsahibi idi.

Bilal kişi ürəyində deyirdi: “Yadındamı, dostum, mən sənin üçün bacardığım hər şeyi elədim. Səni ölümdən qurtarmaq xatirinə hətta vətənimdən didərgin düşdüm. Düzdür, mən heç vaxt buna acımamış, təəssüflənməmişəm, amma boynuma alım ki, insan üçün vətəndən şirin şey yoxdur.

Mənim nəyə ehtiyacım var idi ki! Atam Vəli o boyda kəndin ağası idi. Ancaq günah iş gördü atam. Gərək eləməyəydi! Axı Zərnişan Bəsərin sevinc dünyası, qibləgahı idi…”

Bilalın xəyalı yenidən o günlərə qayıtdı.

«Bilal Bəsərə necə kömək edəcəyini bilmirdi. Atasına dönə-dönə yalvarsa da, xeyri olmadı. Atası nəinki fikrindən dönmədi, hətta onu hədələdi ki, bir də o cındırından cin hürkən gəda ilə dostluq etsə, onu öldürəcək.

Bəsərin hər yerdən əli üzülmüşdü, gümanı təkcə Bilala gəlirdi. Zərnişan isə ev dustağı idi. Gecə-gündüz gözünün yaşını axıdıb, taleyinə lənət oxuyurdu. Bəsərə qovuşmaq üçün o, hər şeyə hazır idi. Lakin zavallı qız nə edə bilərdi?

Toy gününün dəqiq təyin edilməsi Bəsəri tamam çaşbaş saldı. İndi onun iki yolu vardı: ya Zərnişanı götürüb qaçmalı, ya da özünü öldürməli idi.

Yenə də Bilal – vəfalı dostu onun dadına çatdı. Kiçik bacısı ilə Zərnişana xəbər yolladı. Onu Bəsərə qoşulub qaçmağa razı saldı.

Lakin çox şey onların düşündüyü kimi olmadı. Vəli ağa tədbirli adam idi. Odur ki, Bilalın cızdığı plan tezliklə pozuldu. Düzdür, onlar qızı qaçıra bildilər, amma çox çəkmədi ki, bütün kənd bundan xəbər tutdu. Əlüstü beş-altı atlı qızı geri qaytarmaq üçün Bəsərin dalınca düşdü. Bilal olmasaydı, onlar, bəlkə də, Zərnişanı geri qaytaracaqdılar.

Lakin Bilalın özü ilə götürdüyü beşaçılan tüfəng onların dadına çatdı. Bilal atlılarla bir xeyli atışdı və bununla da Bəsərin meşəyə girməsinə imkan yaratdı.

Bilal səhərisi gün əvvəlcədən şərtləşdikləri yerə – taladakı tək qovağın yanına gələndə gözlərinə inanmadı – Bəsər təptəzə bir qəbirin yanında oturub gözyaş tökürdü. Zərnişan dünənki atışma zamanı təsadüfi bir güllənin qurbanı olmuşdu…

Bəsəri Vəli ağanın adamları axtarırdılar. Onun gedə biləcəyi bütün yollar nəzarət altında idi. Meşənin yol-irz olan yerlərində pusqular qurulmuşdu. Bilalın atdığı güllələrdən biri ərbab Məmmədin böyük qardaşını ağır yaralamışdı.

Onun sağ qalacağına ümid az idi. Vəli ağa bu işdə oğlunun iştirak etdiyini bilmirdi. Odur ki, Bəsərin qarasınca danışır, onu hədələyirdi. Bilal bütün bunları bilirdi. Vaxtından əvvəl onu tək qovağın yanına gətirən də elə bu idi. O, Bəsəri xəbərdar etmək istəyirdi: –

Qoy Zərnişan daha təhlükəsiz yerdə qalsın. Hətta uzaq kəndlərin birində yer də bəlləmişdi. Amma bütün bunlara daha ehtiyac yox idi. Zərnişan bu başıbəlalı dünyanın ən təhlükəsiz bir yerinə – qara torpağın altına köçmüşdü…

Bilal dostuna çox şey demək istəyirdi, lakin heç nə demədi. Susdu. Gözlərindən axan yaş hər şeyi açıq deyirdi. Lal baxışlarla tüfəngini Bəsərə uzatdı. Patrondaşı da açıb qəbirin üstünə qoydu və tələsik kəndə qayıtdı.

Kəndə çatar-çatmaz Bilalın diqqətini Məmmədgilə tərəf qaçışan adamlar cəlb etdi. Məmmədin qardaşı aldığı yaradan keçinmişdi. Bilal əlləri əsə-əsə özünü köhnə tövlələrinə çatdırdı. Atasının samanlıqda gizlətdiyi beşaçılan tüfənglərdən birini patrondası ilə bərabər götürüb oğrunca bağa keçdi. Atasının bu hadisə ilə əlaqədar nə düşündüyünü öyrənmək istəyirdi, lakin bu vaxt küçə ilə çığıra-çığıra gələn Məmmədi görcək dayandı. Onun əlində tüfəng vardı. Əvvəl elə bildi ki, onu axtarır, lakin Məmməd Bəsərgilin evinə girdi və içərdə dalbadal atılan güllə səsi kənd evlərində əks-səda verdi. Tükürpədici çığırtı səsi eşidildi. Bir azdan Məsmə xalanın meyitini hörüklərindən tutaraq sürüyə-sürüyə küçəyə çıxaran Məmmədin vəhşi nəriltisi uzaqlarda eşidildi:

– Bu da əvəzə əvəz! İkisi birinə əvəz! İkisi!..

Bilal donuxub qalmışdı. Gözlərinə inana bilmirdi. Bir xeyli beləcə baxa-baxa qaldı. Elə ki, Məmməd yenidən cəsədi küçə ilə sürüməyə başladı, Bilal sanki yuxudan ayıldı. Aslan cəldliyi ilə çəpərdən aşdı və qəzəbli səslə əmr etdi:

– Burax onu, biqeyrət! Ölünü sürüməzlər!

Məmməd bayaqdan bəri onun dalınca qaçışan və uzaqdan-uzağa qışqırmaqla kifayətlənən adamlardan bu cürəti gözləmirdi. Odur ki, sərt bir hərəkətlə dayanıb geri çevrildi və söyüş söydü:

– Hansı köpəyoğludu üstümə qışqıran?

– Burax deyirəm sənə! Kişi qadından intiqam almaz!

Gözünü qan tutmuş Məmməd qarşısında duranın Vəli ağanın oğlu olmasına fikir vermədən:

– Sən onu müdafiə edirsən?!

– Hə!

– Elə isə al gəldi!

Lakin Bilalın atdığı güllə Məmmədə tətiyi çəkməyə aman vermədi. Məmməd arxası üstə düşüb, əfi ilan kimi qıvrıldı. Sinəsindən fışqıran qan Məsmə xalanın bəyaz hörüklərini al rəngə boyadı.

Bilal donuxub qalmışdı. Baxışlarını yerdə göllənən qandan ayıra bilmirdi. Dünya-aləm ona qan rəngində göründü. Kimsə onun köynəyinin yaxasından bərk-bərk tutub dartdı. Köynək cırıldı. Bilal qandan gözünü çəkib başını qaldıranda qarşısındakı adam qışqırdı:

– Qaç, bala, tez qaç, yoxsa sənin qanın da bunların qanına qarışacaq.

Bilal özünə gəldi. Çəpərdən tullanıb, bağdakı ağacların arasında görünməz oldu».

***

Həyəcanlanmış Bilal kişi dönüb arxaya baxdı. Bəsər əmi atın belində, deyəsən, mürgüləyirdi. Ətrafı bürümüş sükutu atların ayaq tapıltısı, bir də yaxınlıqdakı qayaların üzərində uçuşan İsgəndər quşlarının nəğmələri pozurdu.

Bəsər əmi gözünü açanda gördü ki, artıq gölə çatıblar. Atın yüyənini çəkdi. «Həmin göldür» – deyə öz-özünə pıçıldadı.

O, gölə doyunca tamaşa etmək istəyirdi. Burada dayanmaq üçün bəhanə axtardı və axtardığını da tapdı. «Hə, deyim ki, acmışam». Dostunu səslədi:

– Bilal, ay Bilal, gölə tökülən bulağın üstündə atın cilovunu çək, çörək yeyək.

– Yaxşı, Bəsər əmi, – deyə Bilal kişi sevindi. Axı onun səxavətlə kəsdiyi əmlik quzudan dostu bir tikə də olsun dadmamışdı. Bu dəfə də səhər tezdən erkək kəsib Bəsər əmiyə pay qoymuş, onun ciyər və quyruğundan isə yol üçün kabab çəkmişdi. Yəqin ki, yuxaya büküldüyü üçün kabab hələ də isti qalmışdı.

Bulağın başında atdan düşdülər. Bəsər əmi xeyli qıvraqlaşmışdı, odur ki, Bilalın köməyinə ehtiyac duymadı. Atların yüyənlərini yəhərlərinə bağlayıb otlağa buraxdılar. Özləri isə yemək dolu xurcunu götürüb bulağa endilər.

Bulağın suyu soyuq idi. Yuyundular. Bəsər əmi dostunun etirazına baxmayaraq, buz kimi sudan doyunca içdi.

Yeməyə oturdular. Pendir-lavaşdan başlayıb, ciyər kababına keçdilər. Sonra duz səpib qızarmış quyruq tikələrini də iştahla yedilər. Bəsər əmi bəlkə də birinci dəfə idi ki, dostunun bişirdiyi kababı ürəkdən tərifləyirdi. Bayaqkı qaraqabaqlığı da getmişdi, həvəslə danışırdı:

– Hə, Bilal, ömür keçir, gün keçir, biz isə elə hey sabahı düşünürük. Unuduruq ki, sabah bu gündən sonra başlanır. Əvvəlcə bu günü yaşamaq lazımdır.

Bəsər əmi Bilalın ona diqqətlə qulaq asdığını görüb sözünə davam elədi:

– Arabir özümə acığım tutur. Bilirsən niyə? Həyatımı dəyişmək üçün əlimdən gələni eləmədim. Razılaşdım qismətimlə… Gərək razılaşmayaydım, gərək fələklə cəngə çıxaydım, taleyimi özüm yaradaydım. İnsan gərək əmin olsun ki, arzuladığı sabah ona xoşbəxtlik gətirəcək.

Bilal kişi dinmirdi. Arabir başını tərpədir, lakin söhbətə qoşulmurdu. Daha doğrusu, dostunun sözünü kəsmək istəmirdi. Fikirləşirdi ki, sözlü adama oxşayır, qoy danışıb ürəyini boşaltsın.

– Eh, Bilal, Bilal! Mən də bu cür bədbəxtəm. Bədbəxtəm, bilirsən niyə? Taleyin ilk zərbəsindən məğlub oldum mən. Ümidimi itirib, ixtiyarımı verdim fələyin əlinə. O da məni dağa-daşa saldı, başıma olmazın müsibətlər gətirdi. Bəlkə də düz deyirlər ki, qismətdən artıq yemək olmaz. Görünür, qismətmiş bu sudan içmək, bu çörəkdən yemək. Arada sənə əziy-yət verdim, gərək məni bağışlayasan. İnanıram ki, sən həyatda hələ çox adamın dadına çatacaqsan. Oğlun da belədir. Mərddir! Sənə oxşayır. Çörəyin ona halal olsun !..

Bilal kişi oğlu barədə deyilən xoş sözlərdən bir ata qüruru duydu və yenə də dostunun sözünü kəsmədi. Lakin qocanın söhbət edə-edə tez-tez sağ tərəfə boylandığı gözündən yayınmadı.

– Bura bax, – deyə Bəsər əmi yenə də o tərəfə boylandı, – nədir o daş? Elə bil yerə sancılıb!

– Başdaşıdır, Bəsər əmi.

– Nə? Başdaşı?!

– Hə də, orda qəbir var.

– Dağın başında qəbir olar? Kimin qəbridir?

– Bilmirəm. Üstündə yazısı var, ancaq hərfləri yaxşı oxunmur.

Qoca yaşına uyğun olmayan bir cəldliklə oturduğu yerdən sıçrayıb ayağa qalxdı, qəbirə tərəf getdi. Bilal kişi də onun dalınca düşdü.

Bəsər əmi qəbirin yanında «heykəl» ə dönmüşdü. Lakin bu «heykəl»in dodaqları tərpənirdi. Qoca, dağ başındakı tənha məzarı görüb, çox mütəəssir olmuşdu. Öz-özünə danışırdı: «Ay bədbəxt, sən niyə burda tənhasan? Yoxsa səni də mənim kimi bir insafsız tənha qoyub? Zalım əcəl, bilmədinmi gözü yolda qalanı var? Eh, onda insaf nə gəzir? Xahiş-möhlət nə olduğunu bilir ki?! Baxan deyil apardığı adam cavandır, yoxsa qoca, xoşbəxtdir, yoxsa bədbəxt. İndi burda tək qalmısan, tək-tənha! Daha heç vaxt yoldaşın da olmayacaq. Zərnişan da tənhadır. Onu mən yalqız qoydum, mən evi yıxılmış! Sənin heç olmasa, başdaşın var. Onun isə».

– Bilal, pendir doğradığın o bıçağı mənə ver, – dedi. Bilal kişi tələsik bıçağı gətirdi:

– Buyur. Bəsər əmi, bıçağı neynirsən?

Bəsər əmi mamır basmış başdaşındakı hərfləri qaşımağa başladı. Ağlaya-ağlaya hərfləri təmizləyir, Bilal isə həyəcanla onun hərəkətlərini izləyirdi. Nəhayət, qırıq-qırıq hərfləri ürəyində bir-bir oxudu. Bir də, bir də oxudu. Sonra ağlaya-ağlaya:

– Bilal, – dedi.

– Nə olub, Bəsər əmi? – Bilal həyəcanla soruşdu.

– Bilirsən nə yazılıb?

Bilal matdım-matdım Bəsər əmiyə baxdı:

– Yox.

– «Nəinki insanın özü dünyada,

Heç onun qəbri də yalqız olmasın!»

Birdən-birə özünü halsız hiss edən Bəsər əmi məzarın elə yanındaca oturdu. Xeyli keçəndən sonra dostundan atları gətirməsini xahiş etdi.

* * *

Bilalın köməyilə atına mindi, yerini rahatlayıb dedi:

– Gedək, Bilal.

– Gedək, Bəsər əmi, gedək, – deyə Bilal kişi qıvraq bir hərəkətlə kürən atın belinə sıçradı.

Kəhər at enişi ehtiyatla enirdi, heç bir narahatlıq hiss etməyən Bəsər əmi yüyəni boş buraxıb, arxayınlıqla ətrafı seyr edirdi.

Günəş xeyli qalxmış, qarşı yamacları al şəfəqə bürümüşdü. Əks-tərəflər isə hələ də kölgə içində idi. İşıqla kölgənin arasında qəribə bir sərhəd xətti yaranmışdı. Soldakı dərənin qaranlığında gurultuyla axan dağ çayı qıvrılaraq ağ lent kimi uzanıb gedirdi. Ucu zirvəyə bağlanmış kimi görünən göy qurşağı rəngdən-rəngə girib dərəyəcən uzanırdı. Yeddi rəngin toplusu! Təbiətin bu al-əlvan kəməri qırmızıdan başlayıb bənövşəyi rəngdə qurtarırdı. Bəsər əmi göy qurşağına baxa-baxa ah çəkdi:

– “Budur, başlanğıc, bir də son. Eynilə insan ömrü kimi; əvvəli də var, sonu da. Bəs bu ömür hardan başlanır? Ana südündənmi? İlk inamsız atılmış addımdanmı, yoxsa ilk dəfə deyilən «ana» kəlməsindənmi? Bəlkə də. Ancaq mənim üçün bu ömür bir loxma çörək üçün özgə qapısını döydüyüm andan başlayıb. Nədir həyat? Doğulub bu dünyaya gəlməkmi? Gərəkli-gərəksiz yaşamaqmı? Yoxsa yaşamaq istəyə-istəyə ölməkmi? Kaş yenidən bu dünyaya gələ biləydim! Başqa bir ömür yaşayardım, tamam başqa! İşləyərdim, ailə qurardım, lap çoxlu uşaqlarım olardı.

Böyüdərdim onları, sonra da evləndirərdim, köçürərdim! Qocalanda da gündə birinin evinə qonaq gedərdim.

Qonaq?! Elə hamımız bu dünyada qonaq deyilikmi?! Həmişə vaxtından əvvəl gələn, həm də dünyadan heç getmək istəməyən bir qonaq.

Ömrüm boyu işləmişəm, ömrüm boyu da ehtiyac içində olmuşam. Səhər iş, axşam ev. İllər qovdu bir-birini. Bir də gördüm ki, Nazlının toyudur. Bir xoş gün görə bildimmi? Yox. Nə qalıb yadımda öyünməli, fəxr etməli?! Heç nə! Hamısı bir yuxudur; gecələr başımı qatan, səhərlər unudulan bir yuxu. Eh, fani dünya!.. Fani dünya! İndi də tale məni sürükləyə-sürükləyə gör hara gətirib çıxarıb! Taqətim kəsilib, bir quru nəfəsimdir gedib-gələn. Zəhrimar öskürək də ki məni lap əldən salıb”.

Öskürək adını çəkən kimi Bəsər əmini öskürək tutdu. Qoca boğulmaq dərəcəsinə çatmışdı. Nəhayət, qanqarışıq tüpürüb bir az sakitləşdi.

Bilal kişi tez-tez atının başını çəkir, dostuna toxtaqlıq verir, onun halsızlığını dağ havasına bağlayırdı:

– Bəsər əmi, inşallah, arana çatanda hər şey keçib gedəcək.

– Allah ağzından eşitsin – Bəsər əmi razılıqla başını tərpətdi və əli ilə işarə elədi ki, gedək.

Axır ki gəlib duzlaq yerinə çatdılar.

– Bilal, atını əylə, – qoca zorla dilləndi.

Bilal yüyəni çəkdi, dostuna yaxınlaşıb hazır dayandı.

– Məni atdan düşür.

Bilal tez atdan düşdü və Bəsər əmiyə atdan düşməyə kömək etdi. Qoca diqqətlə ətrafına boylandı. Bilal həyəcanla onun nə edəcəyini gözləyirdi.

– «Hə, mənim daşım odur e» – dedi və səndələyə-səndələyə Sərdarla gələrkən gətirdiyi daşa tərəf yeridi. Bilal mat-məəttəl qalmışdı. Dostunu intizarda qoymaq istəməyən qoca əlavə etdi:

– Mən bu daşı bir müsibətlə bura gətirmişəm ki… Üstündə namaz qılmaq üçün… Hə, yaxşı yadıma düşdü, xurcunumdakı su bardağını, sən Allah, bura gətir.

Bilal kişi dostunun xahişini yerinə yetirdi. Bəsər əmi dəstəmaz aldı, canamazını həmin o hamar daşın üstünə qoyub namaza duranda Bilal kişi dilləndi:

– Düz dayanmamısan, Bəsər əmi, qiblə bu tərəfdədir.

– Bilirəm, Bilal, eybi yoxdur, – bu dəfə namazımda qibləm qoy Vətən olsun.

Qocanın səsi titrədi, ara verməyən öskürəkdən gözləri yaşardı. Zorla nəfəs ala-ala:

– Üstümdə zəhmətin çoxdur, Bilal, halal elə… – dedi.

– Nə danışırsan, Bəsər əmi! Axı nə olub. Nə etmişəmsə, borcumdur, halalın olsun.

– Elə isə keç otur, namazımı qılım. Yox, yox, dayan, yaxın gəl, gör nə deyirəm… Alt köynəyimin cibində bir qızıl pul var, düz ürəyimin üstündə… Onu çıxart…

– Neynirsən axı onu?

– Sözümü yerə salırsan, Bilal?!

– Yox, nə danışırsan, bu saat, bu saat.

Çox çətinliklə pulu tapıb çıxartdı:

– Bax, bu da sənin pulun, niyə onu çıxartdırdın?

– Yaxşı bax, gör bu pul sənə tanış gəlirmi?

– Nə deyim, vallah, bir o yadıma gəlir ki, anam mənə belə bir pul vermişdi. Ayrılıq çağı əlini atdı ki, boynundakı qızılları mənə versin, sap qırıldı. Atamın səsi gəldi. Anam əlində qalmış yeganə sikkəni tez ovucuma basıb dedi ki, qaç, bala, canını qurtar, yoxsa səni öldürəcəklər.

– Bu həmən o puldur, Bilal!

– Nə danışırsan? Ola bilməz!!

– And olsun anamın ruhuna, həmən o puldur! Sən bunu məni sağaldan qocaya məndən xəbərsiz vermişdin, elə deyilmi?

– Elədir. Amma sən bunu hardan bilirsən?

– Qoca özü dedi. O, pulu qaytarmaq istəyirdi. Dedi ki, mən səni təmənnasız sağaltmışam. Pulu da ona görə dostundan almışam ki, ürəyi sakit olsun. Ancaq mən pulu qocadan elə-belə almadım. Üçqat əvəzini verib aldım. Bilirsən niyə?

Çünki o pul sənin ananın yadigarıdır. Sənin ananın əlləri toxunub ona. Qırx ildir ki, göz bəbəyim kimi onu qoruyub saxlamışam. Bağışla məni, dost, gərək bu vaxtacan sənə deyəydim. İndi isə ölüm ayağında olan bir qocanı vaxtsız etirafına görə, yəqin ki, bağışlayarsan… Mən bunu sənə o biri sahilə – Vətənə qayıdanda qaytarmaq istəyirdim. Lakin qismət beləymiş.

Bəsər əmini yenə öskürək tutdu. Bənizi qar kimi ağardı. Bilal kişi əlindəki pula baxdıqca baxır, anasını xatırlayır və sədaqətli dostunun səbrinə heyrət edirdi.

– İndi də sonuncu xahişimə qulaq as, Bilal! Ölsəm, məni burda basdır… Qoy mənim də qəbrim tənha olsun… O bədbəxt qızının qəbiri kimi.

– Sən nə danışırsan, Bəsər əmi, biz yol üstəyik. Vətənə gedirik. Bir vaxtlar necə qoşa qaçmışdıqsa, indi də eləcə – bir yerdə Vətənə qayıdacaq, orada öləcəyik.

– Vəsiyyət yüngüllükdür, Bilal. Sərdara deyərsən ki, zəhmətini mənə halal eləsin. Balalarımı sənə əmanət qoyuram. İndi isə keç bir az uzaqda otur, namazımı qılım… Lazım olsa, çağıraram səni, yaxşı?..

– Yaxşı, – deyə Bilal kişi könülsüz-könülsüz atlara tərəf getdi.

Qoca taqətsiz halda namazını qıldı. Sonra sonsuz səmaya üz tutub dua eləməyə başladı:

– Pərvərdigarə, – dedi, – ömrüm boyu sənə inanmışam. Dilimə haram tikə dəyməyib, heç kəsə pislik eləməmişəm. Niyə mənə əzab verirsən, günahım nədir? Axı mən yaşamaq istəyirəm, yaşamaq çox az, lap az Vətənə qayıdana kimi. Atam naçar qalıb özünü asdı, anamın meyitini sürüdülər, istəklim qucağımda can verdi, özüm də ki Vətənsiz qaldım. Bir insan üçün bunlar çox deyilmi?! Qoy el-obam, Vətənim bağışlasın məni… Mən indi, ölüm ayağında başa düşürəm ki, Vətəndə ölmək Vətən həsrətini çəkə-çəkə qürbətdə ömür sürməkdən qat-qat yaxşıdır. Bu nədir, yoxsa yuxumu görürəm? Öz evimizdə, Vətəndəyəm! Elədir ki, var. Bura evimizdir, atam Muxtarın evidir. Vəli ağa qaytarıb. Həmişəlik qaytarıb. Zərnişan da burdadır ki! Lap gəlin kimi bəzənib. Çal, qoca, çal! Təki həmişə «Vağüzarı» havası çalınsın !.. Əziz, sən də buradasan, mənim balam?.. Unutma ki, bu daş sənin atanın başdaşıdır.

* * *

Bəsər əmiyə mane olmamaq üçün xeyli aralıda oturmuş Bilal həyəcanla qocanın hərəkətlərini izləyirdi. Atlar cığırın kənarlarındakı otlardan qırpmaq üçün dartınır, lakin cilovları əldə olduğundan ağızları ota çatmır, tez-tez fınxırırdılar. Əllərini göyə qaldırıb Allaha dua edən qoca növbəti dəfə başını daşın üstünə qoydu və eləcə də qaldı. Bilal xeyli gözlədi, axı qoca ona demişdi ki, lazım olanda özüm səni çağıraram. Gözləməkdən Bilalın səbri tükəndi, atların yüyənini buraxıb özünü qocaya yetirdi.

Bəsər əmi hərəkətsiz qalmışdı. Ağzından axan qan daşı və otları al rəngə boyamışdı. Bilal qocanın çiyinlərindən tutub dikəltdi. Əlini əlinə aldı, elə bil istisi vardı. Qoca dikələndən sonra bir az rahat nəfəs aldı, ancaq üzü meyit rəngində idi.

– Bəsər əmi! Bəsər əmi! – Bilal həyəcanla səslədi, lakin qocadan səs çıxmadı. Bilalın hələ də ovucunda saxladığı ətsiz, sümükləri hiss olunan əl qəribə halda getdikcə bükülüb yumruğa dönürdü.

– Yoxsa kişi ölür? – deyə Bilal öz-özünə sual verdi. Qocanın əlləri hələ isti idi.

– Su – deyə Bəsər əmi zorla zarıdı. Bilal kişi bardağın dibində qalmış sudan ona bir qurtum içirtdi. Lakin qoca daha danışa bilmirdi, xırıldayırdı. Üzünün tükləri getdikcə biz-biz olurdu.

Bilal onu arxası üstə uzatdı. Rahat nəfəs alsın deyə sinəsini tamam açdı. Qoca nəsə demək istəyir, ancaq bacarmırdı. Bilal kişi həyəcanla ona baxır, nə demək istədiyini üzündən, gözündən oxumaq istəyirdi. Bəsər əminin qar kimi ağarmış üzündə həyat nişanəsi qalmamışdı. Yaşarmış gözlərindən iki damla yaş ayrılaraq yanaqlarından aşağı yuvarlandı. Gözünün qarası artıq itmək üzrə idi.

Kəhər at qəfildən kişnədi, kürən də onun səsinə səs verdi. Bilal dostunun açıla qalmış gözlərinə baxanda sarsıldı. Titrəyən əlləri ilə onun gözlərini sığadı. Gücünün heç nəyə çatmayacağını dərk edən Bilal özündən asılı olmayaraq hönkürdü. Sonra gözlərinə inanmırmış kimi dostunun hərəkətsiz bədənini qucaqlayıb silkələdi:

– Bəsər əmi! Bəsər əmi! Yalvarıram sənə, ölmə! Eşidirsənmi, ölmə!..

Qoca artıq keçinmişdi. Bilal kişi ümidsiz halda yenidən qışqırdı:

– Ölmə! Ölmə! Eşidirsənmi, ölmə!!

Onun hayqırtısı yaxınlıqdakı dağın döşünə sancılmış qayalara çatıb əks-səda verdi və uzaqlarda ötən İskəndər quşlarının səsinə qarışaraq bir azdan eşidilməz oldu.

SON.

28.09.1985-ci il

Malik Rəcəb

Filed in: BƏDİİ

1 şərh var: to “QÜRUB ÇAĞI”

  1. 19 Oktyabr 2017 at 15:57 #

    “Onun hayqırtısı yaxınlıqdakı dağın döşünə sancılmış qayalara çatıb əks-səda verdi və uzaqlarda ötən İskəndər quşlarının səsinə qarışaraq bir azdan eşidilməz oldu”/

    Təkcə bu cümləyə görə əsərin maralı dil xsusiyyətləindən inamla söz açmaq olar.

    Təbrik edirəm,
    Malik müəllim.

    19.10.2017.

Şərh yazın