7:54 am - Çərşənbə Noyabr 22, 2017

YER SƏTHİNDƏ XƏRİTƏSİZ SƏMTLƏNMƏ. SƏMTLƏNMƏNİN MAHİYYƏTİ VƏ ÜSULLARI

Bir çox döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı səmtlənmə vacib şərtlərdən biridir. Məsələn, marşda, döyüşdə, kəşfiyyatda, hədəfgöstərmədə, hədəflərin və digər obyektlərin istiqamətlərinin seçilməsində, atəşin və hərbi bölmələrin idarə olunmasında sətlənmə böyük rol oynayır.

Səmtlənmə, adətən, həyatda “sağ, sol, irəli, geri” kimi sözlərlə ifadə edilir. Hərbi işlərdə, dünyanın hər bir yerində başadüşülən 4 əsas – şimal, cənub, şərq, qərb cəhətləri (səmtləri) tətbiq edilir. Başlanğıc kimi, əsasən, şimal istiqaməti həqiqi (coğrafi), maqnit və ox meridianları qəbul edilir. Cəhətlərə uyğun olaraq dayanma nöqtəsinin və digər yer səthi obyektlərinin (oriyentlərin), hərəkəti istiqamətinin, düşmənin mövqeyinin, mühəndis qurğularının və s. vəziyyəti təyin edilir.

Səmtlənmə ümumi və müfəssəl (daha dəqiq) olaraq həyata keçirilir. Ümumi səmtlənmədə dayanma nöqtəsi, istiqamət üzrə hərəkət təxmini tərtib edilmiş sxem (yaşayış məntəqələrinin siyahısı, digər oriyentirlər) əsasında aparılır. Müfəssəl səmtlənmədə dayanma nöqtəsi, istiqamət üzrə hərəkət daha dəqiq təyin edilir.

Səmtlənmədə geniş tətbiq edilən azimut bucağı meridianın şimal ucundan başlayaraq saat əqrəbinin hərəkəti boyu verilmiş istiqamətə qədər ölçülən bucaqdır, 0º:360º arasında dəyişir.

Həqiqi (coğrafi) meridianın şimal ucundan başlayan və saat əqrəbinin hərəkət istiqaməti üzrə ölçülən bucaq həqiqi azimut (Ahəq.) bucağı, uyğun olaraq maqnit meridianı üzrə isə maqnit azimutu (Amaq.) adlanır.

Üfüqün cəhətlərini çox vaxt kompasın köməyi ilə, səma cisimlərinə və yerli əşyaların bəzi əlamətlərinə görə təyin edirlər.

ŞƏKİL

ŞƏKİL

Həqiqi meridian

Maqnit meridianı

Ahəq.

Amaq.

Oriyentlər yerli obyektlərdən, relyefin elementlərindən hədəflərin vəziyyətinə görə seçilir. Oriyentir rənginə, formasına görə döyüşçülər tərəfindən asanlıqla müşahidə edilərək istifadə olunmalıdır. Onlar sahəvi (meşə, göl, bataqlıq), xətti (yollar, çaylar, kanallar, elektrik xətləri və s.), nöqtəvi (güllər, dirəklər, zirvələr və s.) olmaqla döyüş zamanı çox vacib oriyentirlər kimi böyük əhəmiyyət kəsb edir.

Oriyentirlərin təbii şəraitdən, gecə vaxtı və qışda seçilmə xüsusiyyətindən asılı olaraq müşahidə əlamətləri dəyişir (məs. rəngləri və s.). Gecələr müşahidə üçün xüsusi cihazların tətbiqində oriyentirlərin rəngi dəyişir, ağ-qara təsvir bu halda üstünlük təşkil edir.

Cəhətlərin təyinində ən çox tətbiq edilən cihaz kompasdır və işçi vəziyyətdə onun maqnit əqrəbi Şimal və Cənub istiqamətlərində yönəlmiş olur. Kompasın köməyi ilə maqnit azimutu təyin edilir. Kompaslar, əsasən, üç cürdür:

1. Maqnitli.

2. Hirokompas.

3. Elektron kompas.

Hərbi əməliyyatlarda hərəkət istiqamətini, səmtlənməni təyin etmək üçün sadə maqnitli kompaslar daha geniş tətbiq edilir. Müasir mobil telefonlarda cəhətlərin təyini üçün xüsusi (çoxsadə) proqram mövcuddur.

Səmtlənmədə əsrlər boyu göy cisimlərindən – Günəşdən, Aydan, Qütb ulduzundan və s. ulduzlardan geniş istifadə edilib. Bir çox döyüş əməliyyatlarında yer səthindəki təbii və ya süni obyektlərin əlamətlərindən istifadə edərək cəhətləri tapmaq mümkündür. Məsələn:

• Ağacların, kötüklərin, daşların şimal hissələri mamırla örtülü olur (nəmişlik çoxdur);

• Ağacın gövdəsinin səthi (qabığı) şimaldan kobud, cənubdan isə hamar olur;

• Şimal yamaclarda ot bitkisi daha sıx olur;

• Qarışqa yuvalarının şimalı dik, cənubu isə hamar olur (müxtəlif fəsillərdə, məsələn, qışda bu əlaməti görmək çətinləşir);

• Yazda cənub yamaclarda qar daha tez əriyir;

• Dumanlı havada ağacların, yer səthindəki müəyyən əşyaların (daşların) şimal hissəsi nəm olur, cənub isə quru. Bu əlamət, həmçinin qayalıqlarda da müşahidə olunur – torpaq örtüyü şimalda nəm, cənub da isə quru olur;

• Mişarla kəsilmiş ağacların illik halqalarının Şimaldan sıx, Cənubdan isə seyrək yerləşməsi (Cənub hissə daha yaxşı inkişaf etdiyi üçün) müşahidə olunur.

Azərbaycan ərazisindən təxminən cənub – qiblə, yəni Məkkə şəhərinin istiqamətinə görə cəhətləri təyin etmək olar. Müsəlman dinində qiblənamə adlanan kompasa bənzər cihaz tətbiq edilir. Xristian dinində kilsələrin üzərində bərkidilmiş xaça, qəbristanlıqda qəbirlərin vəziyyətinə və digər əlamətlərə görə səmtlərin təyini mümkündür.

Səmtlənmə zamanı, hədəfgöstərmədə istiqamətlər arasında üfüqi (şaquli) bucaqları ölçürlər. Bu halda bucaqölçən cihazlar və ya gözəyarı ölçmələr tətbiq edilir.

Bucaqların ölçülməsində müxtəlif qurğular, cihazlar (durbin), xətkeşlər, kompas və s. tətbiq edilə bilər. İstiqamətlərin hədəfə doğru üfüqi bucağının – maqnit azimutunun təyinində kompas tətbiq edilir. Məsafələrin təyinində tətbiq edilən sadə üsullar aşağıdakılardır:

• Gözəyarı;
• Spidometrlə;
• Yerli obyektlərin bucaq və xətti ölçülərinə görə;
• İşığa və səsin eşidilməsinin nisbətinə görə;
• Səsin eşidilməsinə (hənirti və digər səslərin eşidilməsi) görə;
• Hərəkət sürətinə və vaxta görə;
• Yer səthində həndəsi ölçmələrə görə;
• Addımlarla (addımölçənlə);
• Müasir aparatlarla (mobil telefon, GPS və s.).

İşığın sürətinə və səsin eşidilməsinə görə məsafəni təyin etmək üçün bilməliyik ki, səsin havada yayılma sürəti 330 m/san, yəni təqribən 3 saniyədə 1 km-dir. İşığın yayılma sürəti isə 300000 km/san-dir. Buna əsaslanaraq, atəş (partlayış) yerinə qədər məsafəni tapmaq üçün onun parıltısının göründüyü andan səsinin eşidildiyi ana qədər qeydə alınmış saniyələrin sayını 3-ə bölmək lazımdır. Məsələn, müşahidəçi partlayış səsini, onun parıltısını gördükdən 27 saniyə sonra eşitdi. Partlayış yerinə qədər məsafə 27:3=9 km olacaqdır.

Günəşə və qol saatına görə cəhətlərin təyini

Günəşə görə cəhətləri təyin etmək üçün biz ilin müxtəlif vaxtlarında Günəşin çıxıb-batma vaxtları və göy üzündəki hərəkəti haqda məlumatımız olmalıdır. Göy cisimləri haqda azacıq anlayışı olan hər kəs Günəşin şərqdə çıxıb, qərbdə batmasını söyləyəcəkdir. Ancaq ilin fəsillərindən asılı olaraq Günəşin çıxıb batması yerdəyişmələrlə baş verir. Yalnız yazda və payızda gecə-gündüzlə bərabərləşəndə Günəş tam şərqdə çıxır və tam qərbdə batır. Eyni zamanda bilmək lazımdır ki, Günəş həmişə şimal yarımkürəsində təqribən saat 7:00-da ( yazda – 8:00-da) Şərqdə, saat 13:00-da (14:00-da) Cənubda, saat 19:00-da (20:00-da) isə Qərbdə olur.

Günəşə görə cəhətləri qol saatının köməyi ilə günün istənilən vaxtında təyin еtmək olar. Saatı elə tutmaq lazımdır ki, onun kiçik (saat) əqrəbi Günəşə istiqamətlənmiş olsun (şəklə bax). Siferblat üzərində saat əqrəbi ilə 1 rəqəmi (yayda 2 rəqəmi) arasında qalan bucaq хəyalən yarıya bölünür. Bucağın tənböləni təqribi cənub istiqamətini göstərəcəkdir. Bucaq ona görə yarıya bölünür ki, Günəş Yer ətrafında xəyalən 24 saata tam çevrə cızır. Bu müddət ərzində saat əqrəbi siferblat üzərində iki dəfə dövr edir.

Nəzərə almaq lazımdır ki, günortaya qədər yarı bölünən bucaq əqrəbin saat 13-ə qədər keçəcəyi, günün ikinci yarısında isə saat 13-dən sonra keçdiyi bucaq olacaqdır.

Şəkil. Saata və günəşə görə cəhətlərin təyini:

ŞƏKİL

ŞƏKİL

a) saat 13-dək; b) saat 13-dən sonra

Bu üsul şimal enliklərində və qışda daha düzgün nəticə verir. Yay vaxtı, xüsusilə cənub enliklərində səhv 25°-yə çata bilər. Rеspublikаmızın ərаzisində (39–420-li еnliklər) Günəşə görə cəhətlərin təyin еdilməsinin dəqiqliyini аrtırmаq üçün аşаğıdаkı üsuldаn istifаdə еtmək məqsədəuyğundur:

* siferblat üfüq müstəvisinə nəzərən 400 mаili vəziyyətdə tutulur (şəklə bax);

* sifеrblаtın 1 rəqəmi ilə sааt əqrəbi аrаsındаkı qövsün tən yаrısınа, sааt diskinə pеrpеndikulyаr şəkildə kibrit çöpü tutulur;
* sааtın vəziyyətini dəyişdirmədən оnu kibrit çöpü ilə birlikdə Günəşə dоğru еlə fırlаdırlar ki, kibrit çöpünün kölgəsi sifеrblаtın mərkəzindən kеçsin.
Bu zаmаn «1» rəqəmi cənub cəhətinə оlаn istiqаməti göstərəcəkdir.

Şəkil. Maili saatla cəhətlərin təyini

ŞƏKİL

ŞƏKİL

Kölgə ucuna görə cəhətlərin təyini

Günəşli havada kölgə ucunu izləyərək üfüqün cəhətlərini təyin etmək olar. Bu iş aşağıdakı ardıcıllıqla həyata kеçirilir:
a) hamar bir yerə 1-1,2m uzunluğunda çubuq şaquli basdırılır;

b) çubuğun kölgəsinin ucu xırda daş və ya hər hansı bir vasitə ilə qeyd edilir (şəklə bax);

c) kölgə ucunun təqribən 10sm yerini dəyişməsi üçün 10-15 dəqiqə gözlədikdən sonra ikinci işarə qoyulur;

d) işarələnmiş iki nöqtə düz xətlə birləşdirilərək uzadılır. Xəttin 1-ci ucu Qərb, 2-ci ucu Şərqdir (Günəş Şərqdən Qərbə, kölgə isə Qərbdən Şərqə hərəkət etdiyi üçün);

ŞƏKİL

ŞƏKİL

Şəkil. Kölgə ucuna görə cəhətlərin təyini

e) həmin xəttə perpendikulyar istiqamətdə şimal-cənub istiqaməti tapılır.

Bu üsulun bir qədər fərqli variantı belədir: yerdə kölgənin ucunu iki dəfə işarələdikdən sonra sol ayağın pəncəsini birinci, sağ ayağın pəncəsini ikinci nöqtənin qarşısında qoyub dayansaq, üzü şimala istiqamətlənmiş oluruq.

Qütb ulduzuna görə cəhətlərin təyini ona əsaslanır ki, sutka ərzində göy qübbəsindəki bütün ulduzlar Qütb ulduzu ətrafında xəyali çevrə cızır. Qütb ulduzu Yerin fırlanma oxunun davamı üzərində olduğu üçün həmişə eyni yerdə – şimal istiqamətində olur. Buludsuz gecələrdə onu Böyük Ayı bürcünə görə asanlıqla tapmaq olar. Böyük Ayı bürcü “çömçə”yə bənzər görünüşü olan yeddi parlaq ulduzdan ibarətdir.

ŞƏKİL

ŞƏKİL

Şəkil. Qütb ulduzunun tapılması

Bürcün iki kənar ulduzundan хəyali düz xətt keçirib onun üzərində iki ulduz arasındakı məsafəni 5 dəfə qeyd etsək, xəttin sonunda Qütb ulduzunu – Kiçik Ayı bürcünün ən parlaq ulduzunu görmək olar (şəklə bax).

Onun parlaqlığı təqribən Böyük Ayı bürcünün ulduzları ilə eynidir. Qütb ulduzu hərəkət isti-qamətini sabit saxlamaq üçün etibarlı oriyentir ola bilər. Belə ki, onun göy üzündəki vəziyyəti vaxtdan asılı deyil və demək olar ki, yerini dəyişmir. Qütb ulduzuna görə istiqamətin təyin edilmə dəqiqliyi 2-3° təşkil edir.

Əlavə olaraq, üfüq müstəvisi ilə Qütb ulduzu arasındakı şaquli bucağı ölçməklə dayanma nöqtəsinin coğrafi en dairəsini də təxmini təyin etmək olar.

Aya görə cəhətlərin təyini

Buludlu havada Qütb ulduzunu müşahidə etmək mümkün deyilsə, lakin Ay görünürsə, cəhətləri ona görə təyin etmək olar. Bədirlənmiş ayın (Ay diski tam görünür) köməyi ilə cəhətlərin təyin edilmə qaydası sadə və nisbətən dəqiqdir.

Bədirlənmiş ay Yerlə Günəş arasında eyni xətt üzərinə proyeksiya olunduğundan, onun doğma və batma vaxtı Günəşdən 12 saat fərqlənir. Bu fərq saat siferblatı üzərində görünmədiyi üçün üfüqün cəhətləri Günəşlə olduğu kimi təyin edilir. Digər hallarda cəhətlər aşağıdakı qaydada təyin edilir:

a) saata baxaraq müşahidə vaxtı qeyd edilir;

b) ayın diametri gözəyarı 12 bərabər hissəyə bölünür (asan olması üçün əvvəlcə yarıya, sonra lazım olan yarını 2 yerə, onu da 3 hissəyə bölmək lazımdır);

c) ayın işıqlı səthinin (hilalının) diametr üzərində neçə belə hissə təşkil etdiyi müəyyənləşdirilir;

d) ay təzə olarsa (Ay diskinin sol yarısı görünür), müşahidə vaxtından bu hissələrin sayı çıxılır, köhnə olarsa (Ay diskinin sağ yarısı görünür), əksinə, üzərinə əlavə edilir. Hansı halda toplamaq və ya çıxmaq lazım olduğunu yadda saxlamaq üçün mnemonik qaydadan istifadə etmək olar: köhnə ayın görünüşü “C” hərfinə bənzəyir və “cəm” sözü ilə assosiasiya olunur;

e) alınmış cəm və ya fərq Ayın indi müşahidə olunduğu istiqamətdə Günəşin saat neçədə görünəcəyini bildirən vaxtdır;

f) günəşi Ayın yerində qəbul edərək və saat əqrəbini yeni hesablanmış vaxtın yerində təsəvvür edərək Günəşə və saata görə cəhətləri təyinetmə üsulu yerinə yetirilir.

ŞƏKİL

ŞƏKİL

Şəkil. Ay hilalına görə cəhətlərin təyini

Misal. Müşahidə vaxtı saat 22:30, Ayın hilalı diametrin 4/12 hissəsini təşkil edir (şəklə bax). Şəkildən göründüyü kimi, kiçilməyə doğru gedən köhnə Ay müşahidə olunur. Çünki onun “C” şəkilli sol tərəfi görünür. Müşahidə vaxtı ilə Ayın görünən hissəsinin diametr üzərində tutduğu yeri cəmləyərək (22:30+4) Ayın indi müşahidə olunan istiqamətində Günəşin saat neçədə olacağını tapırıq (2:30). Siferblatın saat 2.30-a uyğun gələn bölgüsünü Ay istiqamətinə tuşlayırıq. Həmin bölgü ilə “1” rəqəmi arasındakı bucağın tənböləni şimal-cənub istiqamətini göstərəcəkdir.

ŞƏKİL

ŞƏKİL

Ayın birinci, yaxud dördüncü fazalarında hilalın uclarını düz xətlə birləşdirsək və həmin xətti xəyalən üfüq xəttinə qədər uzatsaq, kəsişmə nöqtəsi təxminən cənub istiqamətini göstərəcəkdir (şəklə bax).

Şəkil. Ayın 1-ci və 4-cü fazalarında cəhətlərin təyini

Ceyhun MƏMMƏDYAROV,
Ümumi təhsilin və məktəbdənkənar
təhsilin kurikulumu
şöbəsinin böyük elmi işçisi

Filed in: DERS-COĞRAFİYA

Hələ şərh yoxdur

Şərh yazın