7:55 am - Çərşənbə Noyabr 22, 2017

BU XƏTA DEYİL, XƏYANƏTDİR

Afət BULUD

Afət BULUD

Bilə bilməzsən kim dost,
kim düşmən.
Bəzən tutduğun əldir
səni arxadan vuran.

Məlahət xanımın yaşadığı ev düz Gəncənin göbəyində idi. İki mərtəbəli yaraşıqlı bir ev idi. Həyətdə yan-yana 3 otaq da var idi. Bu otaqlar həmişə kirayəyə verilərdi. Kirayəşinlərdə həmişə qızlar olardı. Qızlar ya tək-tək qalardı, ya da cüt-cüt. Elə valideyn olurdu ki, qızlarının tək qalmasını istəyirdi. Elə valideyn olurdu ki, tək qalmasına razı olmurdu.

İndiki kirayəşinlər 3 nəfər qız idi. Hərəsi də bir rayondan. Qızlardan biri yanvarda ailə qurduğuna görə qiyabi şöbəyə dəyişilərək getmişdi. O biri 2 qız kirayədə qalırdılar. Jalə və Alin. Qızlar başıaşağı gedər, başıaşağı gəlib, girərlər evə.

Səhərə kimi işləri ilə, gücləri ilə olardılar. Ev yiyəsinə qəti nə problem yaratmırdılar, nə də gəlib onların vaxtını almırdılar.

Həmin boş qalan otağa tələbə qız axtarırdılar, amma tərslikdən otağı oğlanlar istəyirdi. Buna da Məlahət xanım razı deyildi ki, yox, oğlan olmaz.

Məlahət xanımın özünün dediyi kimi xoşbəxtlikdən tələbə qızlar elə ağıryana, ağayana, öz işləri, gücləri ilə məşğul olurdular ki, gəl görəsən. Hələ arada söz düşsün, düşməsin Məlahət onları çox tərifləyirdi. Bəzən hiss edirdi, ağzını büzənlər də var, tanımıram deyənlər də, olsun, olsun deyənlər də. Fərqi yox idi Məlahət xanıma ki, kim nə cürə reaksiya verəcək. Qızlar doğrudan da müəllimənin bərkdən xoşuna gəlirdilər. Onlar IV kursda idilər. Fikirləşirdi ki, görəsən belə qızlar bir də onun qabağına çıxacaqmı? Yox yəqin ki. Çünki….

Əri Qeysər ali təhsilli mühəndis idi. Qeysər üçün maraqlı deyildi çox şey. Onun üçün ən maraqlı bu dünyada pul idi. Nə qədər ki, kirayə evlərin pulu, Məlahətin repititır kimi hazırlıq pulları hələ gəlib Məlahətin əlinə çatmamışdı, heç səsini də çıxartmırdı. Elə ki, pul Məlahətə çatırdı, kişi olurdu ayrı adam. Az qalırdı Məlahətin XIX əsrdə qırılanlarına da bir-bir salavat çevirsin. Pulu alandan sonra olur lal, kar, heç səni də tanımır. Ondan sonra oğulsan o puldan 10 manat geri istə. Olacaq qara bulud, göy süyüd. Az qalacaq səni göndərsin evlər idarəsinə ki, get arayış gətir görüm bu 10 manatı neynirsən. Neçə illərdi Məlahət ona mat-məəttəl baxa-baxa durur. Di gəl ki, puldan söz düşsün, heç utanmadan deyir ki, Məlahət özü desin mən onun onca qəpiyinə dəyməmişəm. Məlahət də etika xatirinə deyirdi ki, düz deyir. Nə etsin baxırdı ki, yepyekə kişi ağ yalan danışır. Bir də bu namusdan söz düşəndə deyirdi ki, əşi artıq arpan var, ver öz atın yesin. Bununla da Məlahətin başının aıtına 95×95 ölçüdə bir balınc qoyurdu, üstünə də naşatır spirti tökürdü ki, yat. Məlahət də həqiqətən elə yatırdı ki, oğlan kimi.

Qeysərin ailəsinin həm şəhərdə, həm də qohum-əqraba yanında yaxşı hörməti də vardı. O hörmətin çoxunu da Məlahət yığmışdı. Bir nəfər də olsun qohum uşağından pul götürmürdü. Müəllim yoldaşlarının da uşaqlarını pulsuz hazırlayırdı. Pulsuz deyəndə ki, heç kim çörəyi qulağına yemir. Pul götürmədikləri də elə paylar gətirirdi, hesablayanda görürdün ki, hələ bir az da artıq olub ki, əksik olmayıb. Heç yerindən verməyənlər də olurdu. 9 aya 1 kq konfet göndərəndə olurdu. Məlahət heç kimin üzünə heç nəyi çəkməzdi. Öz- özünə deyərdi ki, pul da qazanmaq lazımdır, hörmət də. Bu minvalla da yaşayırdılar. Onu da deyim ki, Məlahət özünü həm xoşbəxt bir ana, xoşbəxt bir qadın bilirdi.

Qeysər səhər çörəyini yeyib evdən çıxar, bir də axşam qayıdardı evinə. Evin bazarlığı ilə, biş-düşü, ölü yeri, toy hamısı baxardı Məlahətə. Son dövrlərə kimi “07” sürən Qeysər indi “inamarka” da almışdı. Bu xarici maşından həm özü çox məmnun olmuşdu, həm də Məlahət. Maşını elə təmiz saxlayırdı ki, elə bil muzeydir. Məlahət maşına çox nadir hallarda minirdi. Çünki həm məktəb yaxında idi, həm də müəllimə bütün günü evdə uşaq hazırlayırdı. Bir də ki, Qeysər nə vaxt evdə olurdu ki? 20 dəqiqəyə gedilməsi mümkün olan yola bir də Qeysəri çağırmağa nə ehtiyac var idi axı?

Axşam Qeysər evə gələndə Məlahətin həvəsi, nə də enerjisi olmurdu ki, Qeysərdən nə isə soruşsun. Elə çalışırdı ki, saat 4-də qəbul etdiyi qruppanı 6-da yox, bir az da tez buraxsın. Danışmaqdan, başa salmaqdan həm başı ağrıyırdı, həm də çənəsi yorulurdu. Ara-sıra axşamlar həyat yoldaşından xahiş edirdi ki, ya çayın qırağına apar, ya da sakit bir yerə qoy başım dincəlsin. Dediyi günü alınmırdı, səhəri günə söz verirdi. O da ya bir iş çıxar, ya bir qonaq gələr, ya da nə isə olurdu. Məlahət bundan da incimirdi. Belə qəbul edirdi ki, yəqin o da yorulub. Zərər yoxdur sabah gedərik. Arada da bir deyirdi ki,

– Ay qohum, mənim başımda bir istilik var. Bilirsən necə? Elə bil bir elektrik lampası on gün yanılı qala necə isinirsə, bax, mənim başım eləcə od kimidir. Beynindəki yorğunluğunu loru dildə ətrafındakılara çatdırırdı.

Məktəbdə müəllimlərlə də bölüşməyə o qədər vaxtı olmurdu. İşinin hamısını da qaçaraq görürdü. Salam, sağ ol. Amma bir nəfərlə çox yaxından yoldaşlıq edirdi. Bircə saat asudə vaxtı olan kimi ya Məryəm müəlliməni evlərinə çağırırdı, ya da özü durardı əlinə gələndən götürərdi, ara yolla dəyib qayıdardı evə ki, növbəti qruppanın uşaqları gəlib qapıda qalmasın.

Məryəm müəllimə də çox danəndə qadın idi. Çöx gözəl psixoloq idi. Hansı dərd üçün yanına gedərdin hamısına görə onda “resept” var idi. O qədər də ağzı bütün bir qadın idi ki, ölən olsaydı bu adamın sözünü o biri adama deməzdi.

Hamıya da öz yardım əlini uzadırdı. Məryəm müəllimənin əri çoxdan rəhmətə getmişdi. Evi də mənəvi cəhətdən ehtiyacı olan bütün qadınların üzünə açıq idi. O qədər səmimi, o qədər hövsələli idi ki, elə bil Allah-təala bu qadını bu şəhərin qadınları üçün göndərmişdi. Elə bil simurq quşu idi.

Şənbə günü qruppası olmurdu. Çalışırdı ki, həmin gününü o qədər səmərəli keçirsin ki, sonradan hayıfsılanmasın.

(ardı var)

Filed in: BƏDİİ

Hələ şərh yoxdur

Şərh yazın