7:54 am - Çərşənbə Noyabr 22, 2017

TƏBİİ FƏLAKƏTLƏR

Təbii mənşəli fəlakətlər planetimizin sakinləri üçün ən təhlükəli hadisələrdən hesab olunur. Təbii fəlakətləri təhlükəli edən onların qəfil baş verməsidir. Qısa vaxt ərzində onlar əraziləri viran qoyur, yaşayış binalarını, əmlakı, kommunikasiya və infrastrukturun başqa elementlərini məhv edir. Güclü fəlakətdən sonra aclıq, infeksiya, yoxsulluq, soyğunçuluq və başqa bu kimi hadisələrin baş verməsi mümkündür. Hesablamalara görə dünyada hər yüzmininci insan təbii fəlakətlərin qurbanı olur.

Şəkil

Şəkil

Dünyada son vaxtlar təbii mənşəli fəlakətlərin artması müşahidə olunur. Vulkanlar aktivləşir tez-tez dağıdıcı zəlzələlər baş verir və getdikcə onların dağıdıcı gücü artır. Subasma halları müntəzəm xarakter alır. Təbii mənşəli fövqəladə vəziyyətlər olduqca müxtəlifdir. Şəraitindən, yaxud səbəbindən asılı olaraq onları aşağıdakı qruplara ayırmaq olar: geoloji, meteoroloji, hidreoloji, təbii yanğınlar və kütləvi xəstəliklər.

Təbii fəlakətlər haqqında danışarkən onların intensivləşməsində insanın rolunu da qeyd etmək lazımdır. Statistik məlumatlara əsasən torpaq sürüşmələrinin 80%-i insan fəaliyyəti ilə bağlıdır. Meşələrin qırılması nəticəsində sellərin, daşqınların fəallığı dəfələrlə artmışdır. Təbiət, sanki onun möhtəşəm, ahəngdar, dinamik qanunauyğunluqlarına kobud müdaxiləyə görə insanlardan qisas alır. Təbii tarazlığa riayət etmək bu cür fəlakətlərin onların baş verməsinin və təsir gücünün azalmasının zəruri profilaktik tədbirlərindən ən vacibidir.

Təbii fəlakətlər arasında bir-birinə bağlı qarşılıqlı əlaqə mövcuddur. Misal üçün zəlzələ və sunami, tropik siklonlarla subasmalar, uzunmüddətli leysan yağışları daşqınlara, torpaq sürüşmələrinə (eyni zamanda qrunt sularının çirklənməsinə, su quyularının zəhərlənməsinə, infeksiyalara, xəstəliklərin yaranmasına), zəlzələlər yanğına, qaz partlayışlarına, bəndlərin yarılmasına, vulkan püskürmələri isə örüşlərin zəhərlənməsinə, mal-qaranın məhvinə səbəb olur.

Proseslərin mahiyyətini başa düşdükdə qabaqcadan onların baş verməsi haqda məlumat əldə etmək mümkündür. Təhlükəli hadisələrin müasir və dəqiq proqnozu effektli müdafiə üçün əsas şərtdir.

Geoloji xarakterli fövqəladə vəziyyət – geoloji təbii hadisələrlə əlaqəli təbii fəlakətlərə: zəlzələ, vulkan püskürmələrinə, torpaq sürüşmələrinə, sel, qar uçqunlarına, torpaq səthinin çökməsinə bölünür.

Zəlzələ – yeraltı təkanlar nəticəsində yerin üst qatının titrəməsidir. Yer kürəsində il ərzində yüz minlərlə zəlzələ qeydə alınır. Onların əksəriyyəti zəif zəlzələlərə aid edilir və biz onları hiss etmirik. Hal-hazırda zəlzələnin gücünü ölçmək üçün Rixter və beynəlxalq şkalalardan geniş istifadə olunur.

Zəlzələlərin baş verməsini hiss etdirəcək əlamətləri əvvəllər rast gəlinməyən qaz iyi, yüksək gərginlikli elektrik naqillərində əmələ gələn qığılcım, evlərin içərisinin göyümtül işığın əmələ gəlməsi və s. ola bilər. Zəlzələdən bir neçə həftə əvvəl təbii qazların toplanması nəticəsində bitkilərin yarpaqlarında rəng dəyişikliyi, 5-6 saat əvvəl isə heyvanlarda və quşlarda ürkək hərəkətlər müşahidə olunur.

Zəlzələ baş verərkən dəyəcək ziyanı və insan tələfatını azaltmaq məqsədilə seysmik zonada məskunlaşan əhalinin aşağıdakı tədbirləri həyata keçirmələri məqsədəuyğundur:

– hər bir ailə zəlzələ baş verəcəyi hal üçün fəaliyyət planı tərtib edilməli, zəlzələdən sonra ailə üzvləri harada toplaşacaqlarını müəyyənləşdirməlidir;

– elektrik, qaz və su xətlərinin saz vəziyyətdə olmasına nəzarət edilməli, ailənin hər bir üzvü onların haradan və necə söndürülməsini bilməlidir;

– vacib əşyalar hazırlamalı və bütün ailə üzvlərinin bildiyi yerdə saxlanmalıdır;

– otaqlardakı mebellər elə yerləşdirilməlidir ki, zəlzələ baş verən zaman onlar yatağın üzərinə aşmasın, çıxış və keçidləri bağlamasın;

– mənzillərə giriş yolları daim boş olmalı, oraya heç bir qalaq yığılmamalıdır;

– evdə, otaqlarda ən təhlükəsiz yer əvvəlcədən müəyyənləşdirilməli və təkanlar səngiyənə qədər orada gözlənilməlidir.

Zəlzələ təhlükəsi xəbərdarlığı edildikdə, yaxud onun əlamətləri hiss olunduqda, cəld, soyuqqanlı və təlaşsız davranmaq lazımdır. Evi tərk etməzdən öncə qızdırıcı cihazları və qazı söndürərək, zəruri əşyaları, dərmanları, sənədləri götürərək küçəyə çıxmaq lazımdır. Küçədə mümkün qədər tez bir şəkildə binalardan uzaqlaşaraq parklara, meydanlara, tikili olmayan yerlərə gedilməlidir. Zəlzələ qəflətən baş verdikdə, əvvəlcədən müəyyən edilmiş təhlükəsiz yerdə gözləməli, təkanlar dayanana kimi küçəyə çıxmaq lazımdır.

Müəssisə və təşkilatlarda zəlzələ zamanı bütün işlər durdurulmalı, istehsal və texniki avadanlıqlar dayandırılmalı, işıqların söndürülməsi, kislarodun, qazın təzyiqinin azaldılması üçün tədbirlər görülməlidir. Fəhlə və qulluqçular təhlükəsiz yerə toplaşmalı, Mülki Müdafiə qurumlarının əməkdaşları isə dərhal toplanış rayonlarına getməlidirlər.

Zəlzələ vaxtı fəaliyyətin effektiv olması təşkilatın qəza-xilasetmə təşkilatının və əhalinin hazırlıq səviyyəsindən, xəbərdaretmə sistemindən asılıdır. Qəfləti zəlzələ zamanı təlaşa düşməmək və şüşə qırıqlarından, ağır əşyalardan özünü qorumaq, binaların pəncərələrindən uzaq, daxili əsaslı divara isə yaxın durmaq lazımdır.

Zəlzələ baş verəndən sonrakı ilk bir neçə saat ən təhlükəli vaxt hesab olunur. Ona görə də təkanlardan sonra ən azı 2-3 saatdan tez binaya girmək qadağandır.

Vulkan püskürmələri

Şəkil

Şəkil

Vulkan – xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.

İnsan üçün təhlükəli hallar aşağıdakılardır:

– sürəti 100 km/saata çatan isti lava axını onlarla km yol qət edərək yüzlərlə km2 ərazini bürüyür, öz yolunda hər şeyi yandırır.

– temperaturu 700° çox olan isti lava qaya parçalarından, qumdan, küldən, vulkanik qazlar 150–200 km/saat sürətlə yamacla aşağı enərək 10-20 km yol qət edir.

– Partlama dalğası və qırıntıların tullanması.

– 15-20 km hündürlüyə yüksələn qaz və kül buludu.

– 90-100 km/s sürətlə axan 300 km-ə qədər yol qət edən yüzlərlə km2 sahəni bürüyən su və daşlı lil axını.

Vulkan püskürərkən lavanın dilinə yaxınlıqda qalmaq olmaz, başı, bədəni küldən, daşdan qorumaq lazımdır.

Damların kül örtüyünü təmizləmək, su quyularını örtmək, ağız və burunu tənzif sarğı ilə bağlamaq lazımdır.

Vulkan püskürmələrindən ən etibarlı qorunma – yaşayış yerini fəaliyyətdə olan vulkanlardan uzaqda seçməkdir.

Sürüşmə – torpaq kütləsinin, dağ süxurlarının ağırlıqlarının təsiri ilə yamac-dərə, çay və dəniz sahili boyu sürüşərək axmasıdır.

Sürüşmə qrunt sularının çoxalmasından, bitki örtüyünün dəyişməsidən və ya məhv edilməsindən, aşınmadan, silkələnmədən baş verə bilər:

Axma sürətinə görə sürüşmələr üç kateqoriyaya bölünür: zəif, orta, sürətli. Sürətli sürüşmələr böyük fəlakətlərə səbəb olur.

Sel – dağ çaylarının yatağında intensiv yağış yağması, buz və qarın əriməsi nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axındır. Selin yaranmasına əsas səbəb, ərazinin fiziki-coğrafi şəraiti, iqlim, torpaq, bitki örtüyü və s. amillər təşkil edir. Sellər çay suları olan və olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə, qarın sürətlə əriməsi ilə əmələ gələn sular, zəlzələ və vulkanlar hesabına yaranır.

Əsas təhlükə – sürəti 15 km/saata çatan sulu-palçıqlı axının böyük dağıdıcı kinetik enerjisidir.

Şəkil

Şəkil

Sellər gücünə görə: zəif güclü, orta güclü və güclü olmaqla üç qrupa bölünür. Sellər qəflətən baş verir və təxminən 3 saata qədər davam edir.

Şəkil

Şəkil

Uçqun – dağ süxurlarının ağırlıq qüvvəsinin təsiri altında sərt yamaclarla diyirlənməsi və parçalanmasıdır.

Təbii uçqunlar dağlarda, dəniz sahillərində və qalıq çay vadilərində baş verir. Uçqun təhlükəsi gözlənildikdə əhalinin, kənd təsərrüfatı heyvanlarının təhlükə zonasından təxliyəsi həyata keçirilir. İnsanların təxliyəsi üçün təbii təhlükəsiz yerlər sel və sürüşmə zonasından kənarda olan dağların yamacları, təpələrdir.

Qar uçqunları – dağların yamacları boyu aşağıya doğru sürətlə sürüşən qar kütləsidir.

Qar uçqunlarının əmələ gəlməsinin səbəbləri uzunmüddətli qar yağması, qarın intensiv əriməsi, zəlzələ, partlayışlar, hava mühitinin titrəməsidir.

Qar uçqunu intensiv baş verən rayonlarda qarlı və pis hava şəraitində dağlara çıxmamaq, dağlarda olarkən havanın dəyişməsinə diqqət yetirmək, uçqun ehtimalı olan sahələrdən, dik yamaclardan kənar gəzmək lazımdır.

Şəkil

Şəkil

Qar uçqununa qarşı tədbirlər fəal və passiv olur. Passiv tədbirlər istinad qurğularının, bənd, dirək, ağac, kolluqların istifadə olunmasıdır. Aktiv üsula müəyyən vaxtlarda təhlükəsizliyin təmin olunması ilə qar uçqunu yaratmaq üçün əvvəlcədən hazırlanmış süni partlayışlardır. Bu məqsədlə mütəxəssislər qar kütləsinin zəif yerlərini və təsir növünü müəyyənləşdirirlər. Oranı atəşə tutur, xüsusi minalar (mərmilər) partladaraq səs dalğaları yaradırlar. Bəzən vertolyotların manevri nəticəsində əmələ gələn gurultu nəhəng qar kütləsini hərəkətə gətirə bilir.

Meteoroloji xarakterli fövqəladə vəziyyətlər

Ekstremal meteoroloji şəraitlə bağlı fəlakətlər: külək, o cümlədən boran, tufan, qasırğa və s., güclü yağış və irihəcmli doluyağma; şiddətli qaryağma, çovğun; ayazvurma; güclü şaxta, yaxud isti səbəbindən baş verə bilir.

Qasırğa – təbii fəlakətin ən güclüsüdür. Belə ki, özündə çox böyük enerji daşıyır. Elektrik naqillərini qoparır, dirəkləri yıxır, yüngül tikililəri aparır, digərlərini isə dağıdır.

Tez-tez qasırğa güclü yağışlarla müşayiət edilir. Bu isə qasırğanın özündən də təhlükəlidir. Çünki bu yağışlar sellərə, sürüşmələrə səbəb olur.

Tufan – sürəti 20 m/san çox olan uzunmüddətli, güclü küləkdir. Adətən, siklon keçərkən baş verir, dənizdə güclü təlatümlə, quruda dağıntılarla müşayiət olunur. Güclü tufanı hərdən fırtına adlandırırlar.

Hidroloji xarakterli fövqəladə vəziyyətlər

Bu növ fövqəladə hallara suyun səviyyəsinin yüksək, yaxud aşağı olması və s. aid edilir.

Subasma – ərazinin uzunmüddətli yağışlar, qaryağmalar, qarın sürətlə əriməsi nəticəsində su ilə örtülməsidir. Nəticədə insanlara maddi ziyan dəyir, sağlamlığına və həyatına təhlükə yaranır. Subasma zamanı suyun səviyyəsi sürətlə qalxır və ətraf ərazilər suyun altında qalır.

Sunami – təhlükəli təbii hadisədir. Sualtı, yaxud sahilboyu zəlzələ nəticəsində əmələ gələn dalğalardır. Formalaşmış sunami 1000 km/saat sürətlə bir neçə min km qədər genişlənir. Başvermə ərazisində dalğaların hündürlüyü 5 m-ə çatır. Dayaz yerlərdə dalğaların hündürlüyü 50 m-ə qədər yüksələ bilir. Nəhəng su kütləsi sahilə çırpınır, subasma, dağıntılar meydana gəlir.

Şəkil

Şəkil

Sunami təhlükəsi haqqında məlumat aldıqda təlaşlanmadan dərhal yaxınlıqdakı dağlara, təpələrə və başqa hündür yerlərə getmək lazımdır. Əgər hündür yerlər yoxdursa, sahildən 2-3 km-dən uzağa getmək lazımdır.

Təbii yanğınlar

Meşə yanğınları. Meşə ərazisində qeyri-mütəşəkkil yayılan bitki örtüyünün nəzarətsiz yanmasıdır. Meşə yanğınlarının baş verməsinin əsas günahkarı – insandır. İstirahət, yaxud iş vaxtı meşədə odla ehtiyatsız davranma meşə yanğınları ilə nəticələnir. İldırım nəticəsində əmələ gələn yanğınlar ümumi sayın 10%-ni təşkil edir.

Şəkil

Şəkil

Meşə yanğınları zamanı yaxın ərazilərdəki evlər, taxta körpülər, işıq və telefon xətləri və dirəkləri alışıb yanır, insanlar, eləcə də heyvanlar xəsarət alır.

Yanğın mövsümündə meşədə qadağandır:

– yanan kibrit çöpünü, papiros kötüyünü tullamaq;

– meşədə benzinlə isladılmış, yağ hopdurulmuş materialları saxlamaq;

– otları yandırmaq;

– ocaq qalamaq.

Yanğın təhlükəsizliyini pozan şəxslər inzibati, administrativ, yaxud cinayət məsuliyyəti daşıyırlar.

Əhalinin meşə yanğınları baş verərkən hərəkətləri

Əgər siz meşədə yanğının mənbəyinə yaxınsınızsa və öz imkanlarınızla onu söndürə bilmirsinizsə, dərhal yaxınlıqdakıları xəbərdar edin. Onların yola, çığıra, geniş talaya çıxmalarını təşkil edin. Təhlükəli zonadan tez, yanğına əks istiqamətdə çıxmaq lazımdır. Açıq ərazidə, yaxud talada torpağa sıxılaraq, ağız-burunu tənzif sarğı, yaxud əsgi ilə örtərək nəfəs almaq lazımdır. Yanğın zonasından çıxdıqdan sonra yaşayış məntəqəsinin müdiriyyətinə onun yeri və miqyası barədə məlumat vermək lazımdır.

Bioloji fövqəladə hallar

Bioloji mənşəli fövqəladə hallara kütləvi xəstəliklər, epidemiya və s. aiddir.

Epidemiya – əhali arasında infeksion xəstəliklərin geniş yayılmasıdır.

İnfeksion xəstəliklər dörd qrupa bölünür:

– bağırsaq infeksiyaları;

– nəfəs yollarının infeksiyaları;

– qan infeksiyaları;

– xarici qalıq infeksiyası.

Kütləvi infeksiya xəstəliklərinin epidemiya mənbəyi olur. Bu mənbə müəyyən edilərək xəstəliyin aradan qaldırılması və lokallaşdırılması üçün kompleks tədbirlər görülür.

Ekoloji fövqəladə hallar

Ekoloji fövqəladə hallar – qurudakı, atmosferdəki, hidrosferdəki və biosferdəki dəyişikliklərlə əlaqədar təbii mühitin pozulmasıdır.

Yerin vəziyyəti ilə bağlı fövqəladə hallar:

– insan fəaliyyəti nəticəsində (faydalı qazıntılar) yerin səthinin çökməsi və sürüşmələr;

– ağır metalların mövcudluğu;

– sənaye və məişət tullantıları ilə ətraf mühitin çirklənməsi;

– eroziya, duzlaşma və bataqlıqlaşma nəticəsində böyük ərazilərin səhralaşması və sıradan çıxması.

Atmosferin tərkibinin və xüsusiyyətinin dəyişməsi ilə bağlı fövqəladə hallar:

– havanın və iqlimin antropogen fəaliyyətlər nəticəsində kəskin dəyişməsi;

– atmosferdə zərərli maddələrin yolverilən son həddini aşması;

– şəhərlərdə “kislorod” aclığı;

– şəhərlər üzərində temperatur inversiyası;

– şəhərlərdə səs-küyün yol verilən son həddi aşması;

– atmosferin ozon qatının dağılması;

– atmosferin şəffaflığının əhəmiyyətli dərəcədə dəyişməsi.

idrosferin vəziyyətinin dəyişməsi ilə əlaqəli olan fövqəladə hallar:

– su mənbələrinin çirklənməsi və tükənməsi nəticəsində su qıtlığı;

– məişət-təsərrüfat və texnoloji proseslərin təşkili üçün su ehtiyatlarının, su resurslarının tükənməsi;

– ekoloji balansın və təsərrüfat fəaliyyətinin pozulması.

Biosferin dəyişməsi ilə əlaqəli fövqəladə hallar:

– heyvan və bitki növlərinin yox olması;

– geniş ərazilərdə yaşıllığın məhv olması;

– heyvanların kütləvi məhvi.

Ekoloji fövqəladə halların əsas səbəbləri təbii, antropogen və texnogen faktorlardır. Antropogen və texnogen proseslər insanın fəaliyyəti ilə bağlıdır. XXI əsrdə təbiətə insanın təhlükəli müdaxiləsi kəskin artıb və bu müdaxilənin həcmi genişlənib. Bu isə bəşəriyyət üçün qlobal təhlükəyə çevrilir.

Ceyhun MƏMMƏDYAROV,
Ümumi təhsilin və məktəbdənkənar təhsilin
kurikulumu şöbəsinin böyük elmi işçisi

Filed in: DƏRS NÜMUNƏSİ ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ, YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın