7:55 am - Çərşənbə Noyabr 22, 2017

BİLİK GÜNÜ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ QEYD OLUNUB

Naxçıvan Dövlət Universitetində 15 sentyabr – Bilik Günü qeyd olunub. Universitetin professor-müəllim heyəti və birinci kurs tələbələri əvvəlcə Naxçıvan Dövlət Bayrağı Muzeyini ziyarət ediblər. Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributlarının nümayiş etdirildiyi muzey ekspozisiyası ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

NDU

NDU

Universitetin əsas binasının akt zalında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələri 15 sentyabr Bilik Günü münasibətilə təbrik edərək yeni tədris ilində uğurlar arzulayıb. Rektor ümummilli lider Heydər Əliyevin milli təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Yarıməsrlik tarixi inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetinin mütərəqqi ənənələrə söykənən, yüksək ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağı olduğunu vurğulayan rektor universitetin 2014 və 2017-ci illərdə ölkəmizin ali məktəblərin reytinq cədvəlində birinci yerə layiq görülməsinin muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu bildirib. Rektorun sözlərinə görə Naxçıvan Dövlət Universitetinin artan nifuzunun nəticəsidir ki, cari ildə qəbul planı 92,2 % yerinə yetirilib.

Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov Təhsildə kredit sistemi adlı məruzəsində qeyd edib ki, universitetimizdə fənlər üzrə biliyin kredit sistemi ilə qiymətləndirilməsi ilk dəfə olaraq 2009-cu ildə tətbiq olunmağa başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 24 dekabr 2013-cü il tarixli 348 saylı qərarına uyğun olaraq Naxçıvan Dövlət Universitetində də bu qaydalar qanuni olaraq tətbiq olunub. Qeyd olunub ki, ali təhsilin bakalavr səviyyəsində əyani tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Vurğulanıb ki, tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir.

Tələbələr adından Sosial idarəetmə və hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü Gülnar Fərəcova, Tibb fakültəsinin “Stomatologiya” ixtisası üzrə I kurs tələbəsi Aygün Yusifova muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Rektor universitetə yüksək balla qəbul olan gənclərə tələbə vəsiqələri və “Naxçıvan Ensiklopediyası” təqdim edib. Tədbirin sonunda universitet haqda film nümayiş etdirilib.

Səadət ƏLİYEVA,
NDU-nun Mətbuat şöbəsinin müdiri

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın