7:57 am - Çərşənbə Noyabr 22, 2017

CƏLİLABAD TƏHSİLİNDƏ KEYFİYYƏT İLİ OLACAQ

Elminaz NADİROVA, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri

Elminaz NADİROVA,
Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri

Diqqətəlayiq və əlamətdar haldır ki, yeni dərs ilinin ilk məşğələsi 2016-cı ilin aprel ayında qəhrəman ordumuzun tarixi qələbəsinə həsr olunmuşdur. Lələtəpə əməliyyatında qazanılmış parlaq qələbə ölkəmizin hər bir vətəndaşına böyük ruh yüksəkliyi yaratmış, vətənpərvərlik duyğularını, mübarizə əzmini və işğala məruz qalmış ərazilərimizin tezliklə qaytarılacağına inam hissini gücləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və buraya hazırda digər bölgələrdə məskunlaşmış yerli əhalinin köçürülməsi barədə tapşırığını biz hamımız doğma ata-baba torpaqlarımıza böyük qayıdışın başlanğıcı kimi qiymətləndiririk.

Qeyd olunanları, eləcə də Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəərə alaraq, onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında dolğun məlumatlar vrilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmasını qərara almışdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları 2003-cü ilin oktyabrından bütün sahələrdə inamla reallaşdıran Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikanı sürətli tərəqqi yoluna çıxarmış, onun davamlı və tarazlı inkişafını təmin etmişdir. Cənab İlham Əliyev yürütdüyü siyasətin gerçəkliyə adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlıllığı və ardıcıllığını təmin etmiş, ölkəmizin həyatında yeni yüksəliş mərhələsinin başlanmasına nail olmuşdur.

Bu gün ölkəmiz milli dirçəliş və intibah, inkişaf və tərəqqi yolu olan Heydər Əliyev yolu ilə inamla irəliləyir, möhtəşəm qələbələrə imza atır, böyük milli-siyasi vəzifələrin gerçəkləşdirilməsi istiqamətlərində möhtərəm prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə çoxşaxəli, ardıcıl və hərtərəfli fəaliyyət göstərir. Möhtərəm prezidentimizin ölkəmizin hərtərəfli inkişafı və modernləşdirilməsi, güclü və zəngin dövlətə çevrilməsi sahəsində qarşıya qoyduğu taleyüklü vəzifələr Cəlilabad rayonunda da uğurla öz həllini tapmaqda, məqsədyönlü və ardıcıl sürətdə həyata keçirilməkdədir. Son illərdə Cəlilabadda aparılmış intensiv, sistemli və çoxşaxəli fəaliyyət nəticəsində rayonun siması əasaslı şəkildə dəyişmiş, sosial-iqtisadi inkişaf sürətlənmiş, abadlıq-quruculuq işləri genişlənmiş, yeni iş yerləri açılmış, əhalinin güzaranı yaxşılaşmış və rifah səviyyəsi yüksəlmiş, dövlətimizə və dövlətçiliyimizə inam xeyli güclənmişdir. Respublika prezidenti rayonumuzda görülən işləri yüksək qiymətləndirmiş, Cəlilabada mütəmadi səfərləri ilə bu regiona olan xüsusi münasibətini dəfələrlə əməli olaraq ifadə etmişdir. Sentyabr ayının 3-də ölkə başçısının Cəlilabada 8-ci səfəri göstərdi ki, möhtərəm prezidentimiz Cəlilabada və cəlilabadlılara xüsusi münasibət bəsləyir, rayonumuzun sürətli inkişafından razıdır və bundan sonra da Cəlilabadın tərəqqisi üçün lazımi addımlar atılacaqdır. Prezidentimiz rayonda sosial layihələrin uğurla icra olunduğunu, kənd təsərrüfatının artan templə inkişaf etdiyini, diqqətəlayiq abadlıq-quruculuq işlərinin aparıldığını, yaşayış məntəqələrinin, o cümlədən Cəlilabad şəhərinin gözəlləşdiyini ayrıca olaraq qeyd etmişdir. Cənab prezidentin verdiyi qiymət, rayonumuzun bugünkü inkişafına və potensialına güclü inam və əminliyi bütün cəlilabadlıların qəlbini fərəh və qürur hisləri ilə doldurmuşdur.

Biz təhsil işçiləri üçün ikiqat fərəhlidir ki, birbaşa vəzifələrimizi yerinə yetirməklə yanaşı, göstərilən taleyüklü proseslərdə yaxından iştirak etmiş, öz müdrik liderlərimizin yanında olmuş və bütün məqamlarda birmənalı şəkildə onları dəstəkləmişik. Xalqımızın müdrik və alternativsiz lideri, görkəmli siyasi xadimi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bundan sonrakı işlərində də əzəmətli qələbələr, yeni-yeni uğurlar arzulayırıq.

Hamınıza yaxşı bəllidir ki, Respublika Prezidenti cənab İlham Əliyevin apardığı dövlət siyasətinin əsas komponentlərindən biri təhsilin aparıcı rolu, prioritet xarakteri və üstün inkişaf etdirilən sahə olmasından ibarətdir.
2016-2017-ci dərs ilində Təhsilin İnkişafı Sahəsində Dövlət Strategiyasının əsas hədəfləri Cəlilabad Rayon Təhsil Şöbəsi və rayonun ümumi təhsil müəssisələrinin fəaliyyətində başlıca istiqamət olmuşdur. Belə ki, biz həm təşkilati-pedaqoji, həm tədris-metodik, həm də inzibati və maliyyə-təsərrüfat fəaliyyətimizdə səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununu və təhsilin bütün pillələri üzrə kurrikulumların inkişafı kimi vacib hədəfi daim ön planda saxlamışıq. Belə bir prinsipi əsas tutmuşuq ki, məktəb proqramları şagirdlərimizə elmlərin əsasını dərindən öyrənməyə və məktəbdə aldıqları bilikləri həyatda işlətməyə, təhsilin məzmunu uşaqlarımızda dərrakəni inkişaf etdirməyə, hadisələrin səbəblərini dərk etməyə və düzgün qərar qəbul etmək bacarıqları aşılamağa xidmət etməlidir. Əməli fəaliyyətimizlə və müəllimlərimizin gündəlik pedaqoji işləri ilə bunların icrasına lazımi səviyyədə nail ola bilmişik.

Hesabat dövründə Dövlət Strategiyasının tələblərinə uyğun olaraq rayonumuzda təhsil sahəsində insan resursları müasirləşdirilmiş, innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli təhsilverənin formalaşdırılması prosesi ardıcıl və sistemli şəkildə davam etdirilmişdir.

Dərs ili ərzində planauyğun surətdə apardığımız araşdırma, monitorinq və təhlillər bizə təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqinə, sırf elmi-pedaqoji meyarlar əsasında qiymətləndirmə aparmağa, məktəb rəhbərlərinin, müəllimlərin və bütövlükdə müəssisələrin fəaliyyətini dəyərləndirməyə imkan vermişdir. Nəticədə biz Təhsil Şöbəsi olaraq Dövlət Strategiyasının üçüncü istiqamətinə müvafiq surətdə hər bir təhsil işçisini konkret işinə görə qiymətləndirmiş və lazımi tədbirlərin həyata keçirilməsini təmin etmişik.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan respublikasının birinci vitse-prezidenti çox hörmətli Mehriban Əliyevanın həyata keçirdikləri tədbirlər strategiyanın dördüncü istiqaməti üzrə rayonumuzda müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını təmin etmişdir.

Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsini nəzərdə tutan həmin tədbirlər davam etdirilməkdədir.

Rayon Təhsil Şöbəsi tərəfindən Strategiyanın bəlli istiqamətləri üzrə işlərlə və yuxarıda qeyd olunanların tətbiqi ilə əlaqədar çoxsaylı tədbirlər həyata keçirilməklə yanaşı, nazirliyin əmr, qərar, təlimat, tövsiyə və müxtəlif xarakterli digər tapşırıqlarının icrası da şöbəmizin gündəlik fəaliyyətinin başlıca məzmununu təşkil etmişdir.

2016-2017-ci dərs ilində rayonda 125 ümumtəhsil məktəbi, o cümlədən 14 ibtidai, 37 ümumi orta və 74 tam orta məktəb fəaliyyət göstərir.

Rayonun ümumtəhsil məktəblərində 3079 nəfər prdaqoji kadr fəaliyyət göstərir. Bunlardan 2862 nəfər ixtisas müəllimi kimi fəaliyyət göstərir, 217 nəfər isə rəhbər pedaqoji kadrlardır.

Göstərilən müddət ərzində məktəblərdə 28125 şagird, o cümlədən I-IV siniflərdə 12406, V-IX siniflərdə 12461, X-XI siniflərdə 3258 şagird təhsilə cəlb edilmişdir. Keçən dərs ili ilə müqayisədə şagird artımı 550 nəfər, rayon üzrə orta şagird sıxlığı 15.15 nəfər, müəllim-şagird nisbəti 11.35 olmuşdur. Keçən dərs ilində məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına 1168 nəfər 5 yaşlı uşaq cəlb edilmişdir. 2017-2018-ci dərs ilində məktəbəhazırlıqla əlaqədar 1504 5 yaşlı uşağın təhsilə cəlbi nəzərdə tutulmuşdur.

Ötən dərs ilində rayonumuzun 4 məktəbində 4 təmayül sinif fəaliyyət göstərmişdir. Qarşıdakı dərs ilində isə 10 məktəbdə 20 təmayül sinfinin fəaliyyəti təşkil ediləcəkdir.

2017-2018-ci dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil məktəblərində lazımi abadlıq işləri görülmüş, daxili imkanlar hesabına məktəblərin binaları və həyətləri səliqəyə salınmış, təmir işləri aparılmışdır. 16275,84 manatlıq 339,08 kubmetrlik odun alınıb məktəblərə verilmişdir.

Məktəblərdə 65901,12 manatlıq 120 adda əyani təşviqat plakatları, 136,80 manatlıq 40 ədəd fənn proqramı, 474085,33 təsərrüfat invertarı və dəftərxana ləvazimatı, 35985 manatlıq 25 ədəd kompüter dəsti, 13605,30 manatlıq 10 ədəd noutbuk dəsti, 21083,97 manatlıq 141 ədəd yanğınsöndürən avadanlıq, 33391,77 manatlıq laboratoriya avadanlığı verilmişdir.

RTŞ-nin sifarişi əsasında IV, V, VI, VIII və X siniflər üzrə 64 adda 73167 ədəd dərslik, 31 adda 4841 nüsxə metodik vəsait gətirilib məktəblərə paylanmışdır.

Məktəblərdə icbari təhsil dərs ili ərzində diqqət mərkəzində saxlanılmış, rayona gələn və gedən şagirdlərin hərəkəti mövcud qaydalara uyğun aparılmışdır. Dərs ili ərzində rayonun məktəblərindən 597 nəfər digər məktəblərə getmişdir ki, onlardan 426 nəfəri rayon məktəblərində təhsilə cəlb edilmiş, 171 nəfəri isə respublikanın başqa şəhər və rayonlarına və xarici ölkələrə getmişlər. Məktəblərə respublikanın digər şəhər və rayonlarından 168 nəfər şagird gəlmişdir.

Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarov Təhsil Nazirliyində keçirilmiş müşavirələrdəki çıxışlarında, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə və imzaladığı sənədlərdə təhsilimizdə reallaşdırılması nəzərdə tutulan köklü dəyişikliklər və baş verməkdə olan əsaslı tədbirlərdən ətraflı bəhs edərək təhsil işçiləri qarşısında ciddi vəzifələr irəli sürmüşdür. Cəlilabad Rayon Təhsil Şöbəsi Təhsil nazirinin göstəriş və tövsiyələrinə öz əməli işi ilə cavab verərək qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün fəaliyyətini daha da gücləndirmiş, mövcud potensialı hərəkətə gətirmiş, qüvvə və resursları fəallaşdırmışdır. Xüsusən hörmətli nazirimizin irəli sürdüyü tələblərə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi və təlim-tərbiyə prosesinin səmərəliliyinin artırılması diqqət mərkəzində saxlanılmışdır. Belə ki, icbari ümumi orta təhsilin təşkili, tədris prosesinin tənzimlənməsi, şagirdlərin dərs məşğələlərinə davamiyyəti və təhsilin keyfiyyətinə təsir göstərən digər məsələlər RTŞ-nin fəaliyyətinin aparıcı istiqaməti olmuş, monitorinq, müşahidə və nəzarət tətbiq edilməklə həmin məsələlər vaxtaşırı və plana uyğun şəkildə öyrənilərək təhlillər aparılmış, məktəblərdə şagird davamiyyəti ilə bağlı nəzarət yoxlamaları keçirilmiş, təhsilin təkmilləşdirilməsi və tədrisin keyfiyyəti üzrə təhlillər aparılaraq müvafiq tədbirlər görülmüşdür.

Əmək və icra intizamının möhkəmləndirilməsi, təlim-tərbiyə prosesinin normal fəaliyyətinin təmin olunması və şagird davamiyyətinin təşkilinə nəzarət gücləndirilmiş, monitorinqlər keçirilib nəticələri məktəblərdə və RTŞ-də müzakirə edilmiş, mövcud problemlərin həllinə və çatışmazlıqların aradan qaldırılmasına diqqət əsaslı şəkildə artırılmışdır.

Ötən dərs ili ərzində məktəbdaxili nəzarət və rəhbərlik fənlərin tədrisi, təlimin keyfiyyəti üzrə tədbirlərin icrası ilə əlaqədar rayonun ümumi təhsil və məktəbdənkənar tərbiyə müəssisələrində pedaqoji kollektivlərin fəaliyyəti qarşıya qoyulmuş vəzifələrin yerin yetirilməsinə yönəldilmiş müxtəlif təlim-tərbiyə, tədris-metodik və təşkilati-pedaqoji tədbirlər həyata keçirilmişdir.

Kollektivlərin fəaliyyətinin səmərəliliyini təmin etmək üçün məktəblərdə və RTŞ-də lazımi təhlil aparılmış, müsbət və mənfi cəhətlər aydınlaşdırılmış, nöqsanları doğuran səbəblər araşdırılıb onların aradan qaldırılması tədbirləri müəyyənləşdirilmişdir. Ötən müddət ərzində vaxtaşırı məktəb rəhbərlərinin hesabatları dinlənilmiş, hesabat zamanı işin necə planlaşdırılması, yol verilən nöqsanlar, təşkilati, metodik və pedaqoji funksiyaların icra vəziyyəti təhlil edilmişdir. Tədbirlərin təşkili tədris prosesi ilə əlaqələndirilmiş, şagirdlərin maraq və tələbatları nəzərə alınmışdır. Təlim-tərbiyə işlərinin hazırlanıb keçirilməsində şagirdlərin yaş və fizioloji xüsusiyyətləri, psixoloji keyfiyyətləri, bilik və inkişaf səviyyələri başlıca amil kimi əsas tutulmuşdur.

Şagirdlərə bilik verilməsində zəif göstəriciləri olan məktəblərin rəhbərlərinə qarşı tələbkarlıq gücləndirilmiş, həmin məktəblərdə aparılmış yoxlamaların nəticələrinə müvafiq olaraq məktəb direktorları haqqında inzibati tənbeh tədbirləri görülmüşdür. Belə ki, RTŞ şurasının qərarına əsasən Bayxanlı kənd tam orta məktəbinin direktou Tofiq Nəcəfova, Kürdlər kənd tam orta məktəbinin direktoru Gözəl Şərifovaya, Kövüzbulaq kənd tam orta məktəbinin direktoru Rəzzaq Abbasova, Cəfərxanlı kənd ümumi orta məktəbin direktoru Yusif Paşayevə, Komanlı kənd tam orta məktəbinin direktoru Aqil Nəzərova, Sadatlı kənd ümumi orta məktəbin direktoru Novruz Ağayevə axırıncı xəbərdarlıqla şiddətli töhmət, Privolnoye kənd 2 nömrəli tam orta məktəbin direktoru Camal Babayevə, Təzəkənd kənd tam orta məktəbin direktoru Valeh Niftiyevə, Qarazəncir kənd tam orta məktəbin direktoru Vüqar Hüseynova töhmət verilmiş, Dələli kənd ümumi orta məktəbin direktoru Möhübbət Ağayev, Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Natəvan Şıxova, Hacıcavad kənd ümumi orta məktəbinin direktoru Nurlan İmanzadə, Xəlilli kənd tam orta məktəbin direktoru Sübhü Talıbov tutduqları vəzifələrdən azad edilmişlər.

Monitorinq aparılan Bayxanlı, Kürdlər, Kövüzbulaq, Təzəkənd, Komanlı tam orta, Dələli və Cəfərxanlı kənd ümumi orta məktəblərinin I-IX kurikulum siniflərində summativ qiymətləndirmə nəticələri məktəbli kitabçalarına yazılmamış, məzmun standartlarının tələblərinə uyğun olaraq şagird biliklərinin mənimsəmə səviyyələri izlənilməmişdir.

Qarazəncir, Alar 3 nömrəli, Xəlilli, Privolnoye kənd 2 nömrəli tam orta və Sadatlı kənd ümumi orta məktəblərində proqram materiallarının yerinə yetirilməsi və buraxılış imtahanlarına hazırlığın vəziyyətinin monitorinqinin nəticələri göstərmişdir ki, yoxlanılan məktəblərdə ümumi orta təhsilin dövlət standartlarının, tədris planının və kurrikulum sənədlərinin tətbiqi, pedaqoji şuraların fəaliyyətinin təlimin keyfiyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilməsi, tədris prosesinə rəhbərlik və nəzarətin təşkili, fənlərin tədrisi keyfiyyətinin təmin olunması, yeni texnologiyalar və fəal təlim metodlarından istifadə sahəsində hökm sürən nöqsanlar qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə ciddi maneələr yaradır.

Görülmüş tədbirlər buraxılış imtahanlarının keçirilməsinə öz müsbət təsirini göstərmiş, TQDK-nın iyun ayının 30-da keçirdiyi imtahanlarda mütəşəkkilik təmin edilmişdir. Buraxılış imtahanlarında IX siniflər üzrə 2476, XI siniflər üzrə isə 1679 şagird iştirak etmiş, IX siniflər üzrə nəticə və onların hamısı təhsil sənədi almışlar.

Cəlilabad şəhər 8 nömrəli məktəb-lisey, Sabirabad kənd 1 nömrəli, Günəşli kənd 2 nömrəli, Alaşar, Abazallı, Dövlətalıbəyli, Şorbaçı, Əliqasımlı kənd tam orta, Hacıismayıllı, Əççələr, Əliabad və Babaxanlı kənd ümumi orta məktəblərinin IX sinifləri üzrə imtahanda yüksək nəticələr göstərmişdir.

Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra məktəblərin nəticələrinin aşağı olması, bəzilərinin isə heç bir şagirdinin müvəffəq qiymət almaması ümumi reytinqin azalmasına gətirib çıxarmışdır. Belə ki, Məmmədrzalı, Kövüzbulaq, Ləkin, Bəciravan, Cəlayir, Gülməmmədli, Buravar, Şükürlü, Xəlilli, Komanlı, Sərhədabad kənd tam orta məktəbləri və Uzuntəpə kənd 3 nömrəli, Vənlik, Sarxanlı, Mikayıllı, Hasıllı, Moranlı, Oğrubulaq, Şəhər 3 nömrəli ümumi orta məktəblərinin nəticələri aşağı olmuş və mövcud qiymətləndirmə meyarlarına uyğun gəlməmişdir. Belə bir faktı ayrıca vurğulamağı lazım bilirəm ki, imtahan nəticələri həmin məktəblərə rəhbərliyin qüsurlu fəaliyyətini göstərir və məktəb rəhbərləri haqqında ciddi tədbirlərin görülməsini təxirəsalınmaz vəzifə olaraq qarşıya qoyur. Ümumiyyətlə, zəif nəticələri olan məktəblərin fəaliyyətinin araşdırılması, yarıtmaz fəaliyyət doğuran səbəblərin aydınlaşdırılması, xüsusi tədbirlərin müəyyənləşdirilməsi vacib məsələ olaraq RTŞ tərəfindən qısa müddətdə həyata keçiriləcəkdir.

RTŞ nəticəsi qənaətbəxş olmayan məktəblərin fəaliyyətini nəzarətə götürməli, təlim-tərbiyə prosesinin təşkili və gedişini mütəmadi olaraq izləməli, belə mənfi nəticələrin yaranmasının səbəblərini araşdırmalı və məsul şəxslər haqqında ciddi qanunamüvafiq tədbirlər görməlidir.

Ali məktəblərə qəbul zamanı rayonumuzun təhsil müəssisələrinin göstərdiyi nəticələr həqiqətən çox uğurlu və sevindirici olmuşdur. 449 nəfər məzunumuz ali məktəblərə daxil olmuş, 51 nəfər 500-700 bal arası, 12 nəfər isə 600-dən çox bal toplamışdır. Ali məktəblərə qəbul sahəsində rayonumuzun təhsil müəssisələri məzunlarının qazandıqları nailiyyətlər, irəliyə doğru müsbət addımlar və irəliləyiş həm müəllimlərimizin dərs ili ərzində gördükləri səmərəli təlim işinin məntiqi nəticəsi, həm də qəbula hazırlıqla əlaqədar RTŞ-nın həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərin faktik yekunu kimi dəyərləndirilməlidir.

Ali məktəbə qəbul sahəsində müxtəlif parametrlər üzrə aparılmış təhlil göstərmişdir ki, Cəlilabad şəhər 1 və 8 nömrəli məktəb-lisey, şəhər 7 nömrəli, Göytəpə şəhər 1 nömrəli, Alar kənd 1 nömrəli, Günəşli kənd 1 və 2 nömrəli, Kazımabad, Kürdlər, Üçtəpə, Təklə kənd tam orta məktəbləri əvvəlki illərlə nəticələrini yaxşılaşdırmış, qənaətbəxş nəticələr göstərmişlər.

İstedadlı şagirdlərlə iş ümumi təhsil müəssisələrimizin fəaliyyətinin aparıcı istiqaməti olmuşdur.

Qabaqcadan belə bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, göstərilən istiqamətdə fəaliyyətimizdə müsbət cəhətlər çoxluq təşkil etmiş, nəticələrimiz uğurlarla zəngin olmuşdur.

5 mart 2017-ci il tarixində keçirilən məktəblilərin fənn müsabiqələrində Riyaziyyat fənni üzrə 81 nəfər, fizika fənni üzrə 33 nəfər, Kimya fənni üzrə 35 nəfər, Biologiya fənni üzrə 29 nəfər, İnformatika fənni üzrə 17 nəfər, rayon üzrə cəmi 195 nəfər VI-VII sinif şagirdləri iştirak etmişlər. Günəşli kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Dadaşov Elgün Vaqif oğlu və Ağdaş kənd tam orta məktəbin XI sinif şagirdi Rufullayeva Ləman Azər qızı Tarix fənni üzrə 21-23 aprel 2017-ci il tarixlərində bakı şəhərində keçirilən olimpiadaların final mərhələsində müvəffəqiyyətlə çıxış etmiş müvafiq olaraq II və III dərəcəli diplomlara layiq görülmüşlər. Onu da qeyd etmək lazımdır ki, Ləman Rufullayeva məktəbi qızıl medalla bitirərək yüksək balla BDU-ya, Elgün Dadaşov isə 634 balla Azərbaycan Tibb Univerisitetinə daxil olmuşlar.

“Vətəni tanı” nominasiyası üzrə keçirilən intellektual bilik yarışlarında uğurla çıxış edən akademik Zərifə Əliyeva adına tam orta məktəbin IX sinif şagirdi İbrahimova Günay Oqtay qızı ikinci yeri tutaraq müvafiq diplomla təltif edilmişdir.

25 mart 2017-ci il tarixdə Bakı şəhərində keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika mərhələsində Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Qurbanova Nuranə Etibar qızı və Sabirabad kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Novruzova Məryəm Qalamirzə qızı ikinci yeri tutaraq müsabiqənin qalibi olmuşlar.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Rusiya Federal Agentliyinin nümayəndələrinin xəti ilə 7-8-9-cu sinif şagirdləri arasında keçirilən 9-cü Rus dili və ədəbiyyatı olimpiadasında iştirak edən Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əsgərova Arzu Samir qızı və Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi Mehdiyeva Zeynəb Vəliş qızı mükafata layiq yer tutduqlarına görə 5 iyun 2017-ci il tarixində Bakı şəhəri – Slavyan Universitetində keçirilən təltifetmə mərasimində iştirak etmiş və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

2016-2017-ci dərs ilində şagirdlərimizin hərbi-vətənpərvərlik tərbiyəsi ilə əlaqədar bir neçə faktı diqqətinizə çatdırmaq istəyirəm. 2017-cı ilin aprel ayında “Marş irəli” çoxnövçülük oyunlarının Mingəçevir şəhərində keçirilən respublika finalında Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin komandası I yeri, iyun ayında “Sərhəd” hərbi idman oyunlarında Ləkin kənd tam orta məktəbinin komandası respublika turunda ikinci yerə layiq görülmüşdür.

Qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsi pedaqoji kadrların elmi-metodik və peşə hazırlığından əsaslı şəkildə asılıdır. Buna görə də həmin vacib sahəyə xüsusi diqqət yetirilmiş, 2016/2017-ci dərs ilində də rayon təhsil şöbəsi və təhsil müəssisələrində pedaqoji kadrlarla aparılan işin məzmununun yeniləşdirilməsi və mövcud normativ-hüquqi sənədlərdə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

Pedaqoji kadrların elmi-metodik və ixtisas hazırlığnın səviyyəsini müəyyənləşdirmək məqsədilə 2015-ci ilin dekabr ayında 2536 nəfər, 2016-cı ilin yanvar ayında 14 nəfər və 2016-cı ilin dekabr ayında isə 208 nəfər müəllim (ümumilikdə 2758 nəfər) Təhsil Nazirliyi tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə iştirak etmişdir.

Pedaqoji kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması, peşə hazırlığı və elmi-metodik səviyyəsinin yüksəldilməsi bundan sonra da ciddi vəzifə kimi rayon təhsil şöbəsinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edəcəkdir.

Rayonun ümumitəhsil müəssisələrindəki real vəziyyətin təhlili bizə qarşıdakı dərs ilində həyata keçirəcəyimiz aşağıdakı konkret vəzifələr istiqamətində fəaliyyətimizi gücləndirmək üçün kifayət qədər əsaslar verir. Rayon Təhsil Şöbəsi və məktəb rəhbərləri 2017-2018-ci dərs ili ərzində göstərilən tədbirlərin planauyğun və sistemli icrasını təmin etməlidirlər.

1. Hər bir məktəb üzrə şagird kontingentinin təhlili, kontingentin optimallaşdırılması. Hər bir məktəbdə təhsildən yayınan, dərslərə müntəzəm gəlməyən şagirdlər haqqında məlumatların operativ surətdə təhsil şöbələrində qeydiyyata alınması üzrə çevik sistemin yaradılması, müvafiq araşdırmaların aparılması, nəticələrin müzakirəsi və tədbirlərin görülməsi.

2. Buraxılış imtahanlarının və ali məktəblərə qəbulun nəticələri qeyri-qənaətbəxş olan məktəblərdə şagirdlərin seçmə yolla fənlər üzrə (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, Azərbaycan tarixi) bilik səviyyəsinin araşdırılması, ibtidai siniflərdə və buraxılış siniflərində şagirdlərin oxu və yazı bacarıqlarının mövcud vəziyyətinin öyrənilməsi, müzakirə olunması, təkliflərin hazırlanması.

3. Məktəb şəbəkəsinin rasionallaşdırılması ilə əlaqədar əsaslandırılmış təkliflərin hazırlanması.

4. Məktəbəhazırlıq qruplarda təhsilin təşkilinə müntəzəm nəzarətin həyata keçirilməsi, dərs ilinin dekabr və may aylarında bu qruplara cəlb olunmuş uşaqların müəyyən olunmuş qaydalar və məzmun üzrə məktəbəhazırlıq təhsili almalarının səviyyəsinin seçmə yolla öyrənilməsi.

5. Təmayüllü siniflərdə təhsilin keyfiyyətinə, müəllimlərin fəaliyyətinə davamlı nəzarət edilməsi, şagirdlərin təmayül fənləri üzrə bilik və bacarıqlarının monitorinqlərinin keçirilməsi, nəticələrə uyğun olaraq tədbirlərin görülməsi.

6. Hər bir ümumi orta və tam orta məktəbdə fənn sahələri və digər sahələr üzrə VI sinifdən başlayaraq istedadlı şagirdlərin uçotunun aparılması, onların təhsil şöbəsində qeydiyyata alınması və ümumi “Məlumat bankı”nın yaradılması. Şagirdlərin fənn olimpiadalarına hazırlığının gücləndirilməsi məqsədilə Təhsil Nazirliyindən daxil olan təlimat və göstərişlərin vaxtında yerinə yetirilməsi.

7. İbtidai sinif müəllimlərinin Tədris dili və Riyaziyyat fənlərindən savadlılıq səviyyəsinin müxtəlif yoxlama formalarından istifadə etməklə araşdırılması və təkliflərin hazırlanması.

8. Məktəb rəhbərlərinin Əmək Məcəlləsi üzrə məlumatlılıq səviyyəsinin testlər vasitəsilə yoxlanılması.

9. Zəruri ehtiyacı nəzərə alaraq, ümumi təhsilin yeni məzmununun mahiyyəti, müasir təhsil texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində müsbət təcrübə toplamış müəllimlər, məktəb rəhbərləri tərəfindən digər müəllimlər üçün öyrədici təlimlərin və təqdimatların keçirilməsi.

Qarşıdakı dərs ili onunla əlamətdardır ki, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli, 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunmuş, “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən Nazirliyin Fəaliyyət planı təsdiq edilmişdir.

Əmrdə və tədbirlər planında “Təhsildə keyfiyyət ili” çərçivəsində müxtəlif mövzularda çoxsaylı tədbirlərin icrası o cümlədən nazirlik, təhsil şöbəsi və məktəb rəhbərləri tərəfindən təhsilin ayrı-ayrı sahə və məsələləri üzrə yoxlama araşdırma və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuş, təhsil şöbələri və təhsil müəssisələri qarşısında həyata keçirilməsi zəruri olan mühüm vəzifələr qoyulmuşdur. Belə ki, 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin əmri ilə bağlı maarifləndirmə işlərinin aparılmalı, şura iclaslarında bu əmrin məzmununun məktəb rəhbərlərinə çatdırılması, yeni dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsəd və mahiyyətinin izah olunmalı, Nazirliyin həmin əmrlə təsdiq edilmiş Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin, habelə “İl” çərçivəsində “Pedaqoji mühazirələrin” keçiriləcəyi haqda məlumat məktəb rəhbərlərinə elan edilməli və bunlara uyğun olaraq qarşıda duran vəzifələr müzakirə edilməlidir.

Buraxılış imtahanlarının son 3 ildəki nəticələrinə görə, rayon ümumtəhsil məktəblərinin reytinq cədvəli hazırlanmalı, ali məktəblərə qəbulun son 5 il üzrə nəticələrinə görə, həmin müddət ərzində məzunlarından qəbul üçün sənəd verməyən, sənəd verdiyi halda qəbul olmayan məktəblər dəqiqləşdirilməli, yaranmış mövcud vəziyyətin səbəbləri araşdırılması və tədbirlər müəyyənləşdirilməlidir.

Təhsilin keyfiyyəti aşağı olan məktəblərdə fənn müəllimlərinin, xüsusilə də ibtidai sinif müəllimlərinin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin, habelə məktəbdaxili nəzarət və rəhbərliyin təşkili vəziyyətinin monitorinqləri keçirilməli, ibtidai siniflərdə və buraxılış siniflərində şagirdlərin mövcud tələblərə uyğun qaydada oxu, yazı və riyazi bacarıqları öyrənilməli, seçmə yolla zəruri hesab edilən məktəblərdə ana dili və riyaziyyat, habelə digər fənlərin tədrisi vəziyyəti yoxlanılmalıdır.

Keyfiyyətə təsir edən başlıca amil kimi müəllimin rolu əsas tutularaq qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği sahəsində maarifləndirmə işləri gücləndirilməli, qabaqcıl müəllimlərin iştirakı ilə təqdimatların, seminar və dəyirmi masalar keçirilməlidir.

Seçmə yolla təmayüllü siniflərdə təhsilin təşkili və şagirdlərin təlim nailiyyətləri, müəllimlərin fəaliyyətləri araşdırılmalı, təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması sahəsində görülən işlər haqqında məktəb rəhbərlərinin hesabatı dinlənməlidir.

Rayon Təhsil Şöbəsi görüləcək işin daha çox, qarşıdakı vəzifələrin daha böyük olduğunu dərk edir, nöqsan və problemlərin nədən ibarət olduğunu bilir, Təhsil Nazirliyi və RİH başçısının rəhbərliyi ilə həmin nöqsanların aradan qaldırılması və problemlərin həlli istiqamətində lazımi tədbirlər planlaşdırır və bunların icrasını təmin edəcəkdir.

Cəlilabad rayonunun təhsil işçiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsində məqsədli proqramlarının və “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsində, dövlətin təhsil siyasətinin yerinə yetirilməsində başlanmış müsbət işləri daha artıq səy və intensivliklə davam etdirəcək, qarşıya qoyulmuş vəzifələrin reallaşmasında fəallıq, təşəbbüskarlıq və işgüzarlın artırılmasına nail olacaq, təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni-yeni nailiyyətlər qazanacaqlar. Həmçinin də 2017-2018-ci tədris ilini rayonda keyfiyyət ili elan edəcək, bütün əməli fəaliyyətimizi bu istiqamətə yönəldəcəyik.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın