7:54 am - Çərşənbə Noyabr 22, 2017

ŞƏRƏFLİ MÜƏLLİM ÖMRÜ

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

Heydər Əlİyev

Ülkər HÜSEYNOVA, T.Bayrambəyov adına ingilis dili təmayüllü Lənkəran şəhər 2 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Ülkər HÜSEYNOVA,
T.Bayrambəyov adına ingilis dili təmayüllü Lənkəran şəhər 2 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Müəllimlik peşə-sini ürəkdən sevən, savadlı, yüksək əxlaqi keyfiyyətlərə malik, saf, ülvi duyğulara köklənərək insanlığa, işığa dəstək verən, xeyirxah əməllərdən özünə çələng hörən Ülkər Hüseynova Lənkəran rayonunun hörmətli ziyalı qadınıdır. Millət, cəmiyyət üçün yaşadığına görə hamının gözündə ucadır. Gözəl insani münasibətləridir ki, adı çəkiləndə belə üzlərdə təbəssüm,ürəklərdə mənəvi rahatlıq, fərəh hissi yaranır. Bu cür qəlbində vətəninə, xalqına məhəbbət yaşadan Ülkər müəllimdən bir qədər danışmaq istəyirəm.

Ülkər Hüseynova Lənkəran şəhərində yaşayır, 15 ildir T.Bayrambəyov adına ingilis dili təmayüllü şəhər 2 saylı məktəbində müəllim işləyir. Dil-ədəbiyyat müəllimi olmaqla, ana dilimizin sadəliyini, qədimliyini, şirinliyini, zənginliyini ilahi bir sevgi ilə gənc nəslə öyrədir. Dilində adi söz də füsunkar gözəllik kəsb etməklə tez ürəklərə yol tapır. İstedadının işığından ağızdolusu danışır, əsl müəllimə xas olan insani keyfiyyətlərini nümunə göstərirlər. Onu tanıyanlar deyirlər ki, Ülkər kimi yaxşı müəllim indiki zamanda cəmiyyətə hava, su, çörək qədər lazımdır. Mədəniyyəti, xoş davranışı ona çox şey qazandırıb. Təmiz, ülvi məqsədlərlə yaşayır, bilik və bacarığını böyük həvəslə şagirdlərinə verir. Əxlaqi saflığı, mənəvi zənginliyi, sadəliyi, ən əsası vətənpərvər olması istədiyi vaxtda onu bütün istəklərinə çatdırır.

Sənəti Ülkər müəllim üçün doğma və əzizdir. Məktəbi ikinci evi bilir, uşaqları əsl övlad məhəbbəti ilə sevir. Həyatda düzgün yerini məhz belə ilahi sevgilərdə tapmış, müəllim adını, müəllim şərəfini layiqincə daşımaqla özü də ucalmışdır. Ülkər Hüseynovanı vətənpərvər insan, gözəl pedaqoq, daim axtarışda olan yenilikçi müəllim tək tanıyır, uşaqların taleyini çəkinmədən ona etibar edirlər. Böyük etimad görən gənc müəllim vətənin adını ürəyinin başına yazmaqla daha da müqəddəs əməllərə can atır, xalqa, dövlətə, millətə sədaqətli xidmətlə günlərini mənalı edir, qəlbinin odunu, hərarətini gənc nəslin təlim-tərbiyəsinə verməklə xüsusi zövq alır.

Keçdiyi dərslər həmişə nur çeşməsi tək şagirdləri özünə çəkir. Bu da ondan irəli gəlir ki, zahiri, daxili gözəlliyi, diqqət və qayğısı bütün hərəkətlərində görünür, şəxsiyyəti ilə əməlləri üst-üstə düşür. Dediyi kimi, şagirdləri qarşısında özünü saflığın, ilahi eşqin zirvəsində hiss edir, beləcə xalqın maraqlarını düşünməklə bir çiçəyin işığına yol gedir ki, dünyada insanlıq itməsin, həyat gözəl olsun, insanlar sevda yolçusu olmaqla qurub-yaratsınlar. Ülkər müəllim ömrünün baharlı illərini yola salır. Şagirdlərin qəlbində düzlükdən, təmizlikdən elə bir məşəl yandirib ki, odu, hərarəti heç zaman sönməz. Azərbaycan xanımı olmaqla ürəyinin böyüklüyünə, insanlığına, yüksək estetik zövqünə, dürüstlüyünə, xalqa olan sevgisinə, vicdanlı vətəndaşlıq mövqeyinə söz çatmaz. Olduğu yerdə xoş ülfət, ünsiyyət, mehr-məhəbbət olur. Belə əxlaqi keyfiyyətlərə görə Ülkər müəllimin tərbiyə etməyə gözəl mənəvi haqqı vardır.

Ülkər Hüseynova 1992-ci ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini bitiribdir. Əlinə jurnal alıb sinif otağına girdiyi gündən vətənin tərəqqisi, xalqın xoşbəxtliyi naminə çalışmaq bütün arzuların zirvəsində dayanır. Tədris etdiyi fənlərə məhəbbətlə yanaşır, onları şagirdlərə həvəslə, ilhamla öyrədir. İllərin səfində fikri, düşüncəsi günəş tək parlayır, dərs dediyi uşaqların mənəvi dünyasına işıq saçdıqca vətənin ləyaqətli övladları böyüyür. İndi onların sayı bilinmir. Azərbaycanda elə guşə yoxdur ki, Ülkər müəllimin şagirdləri orada vətənpərvərliyini xalq yolunda təmənnasız xidmətə çevirməsin. Bundan müəllim üçün böyük mükafat yoxdur. Həm də şagirdlərin xoş sədaları ölkə hüdudlardan kənardan da eşidilir.

Şagirdlərini çox sevir. Deyərdim ki, bu, sevginin həddi-hüdudu yoxdur. Təcrübəsi, istedadı məktəbin uğurlarında mühüm rol oynayır. Gördükləri vətənpərvərliyə, düzlüyə, mənəvi təmizliyə bağlanır. Əqli, zəkası, mənəvi dünyası ilə Ülkər müəllimi məktəbdə kamillik mücəssəməsi bilirlər. Dərs zamanı birinci ona ilham verən qüvvə doğru düşünməyi, düzgün yanaşmağıdır. İndiyə qədər gəldiyi bu müqəddəs yolda qazandıqları xalqın məhəbbəti və şagirdlərin ona olan sonsuz sevgisidir. Qürur duyduğu cəmiyyət içində başıuca yaşamasıdır. Harada olursa olsun, bəşər övladına məxsus gözəl, təkrarolunmaz xasiyyəti həmişə ona hörmət gətirir. Tanrının Ülkər müəllimə bəxş etdiyi işıqlı zəkadan, ədəb-ərkandan, nəcib təlim-tərbiyədən xoşbəxt həyat naminə başqalarına səxavətlə pay verir. Ötən ömürdən razıdır. Deyir ki, özümü biləndən sonra keçən illər mənə insanların sevgisini, sevincini yaşadıb. Yüzlərə, minlərə gərək bir həyat günəşdən, aydan da əzəmətlidir.

Lənkəran şəhər T.Bayrambəyov adına ingilis dili təmayüllü 2 saylı məktəbə uzun illərdir bacarıqlı pedaqoq, zəngin mədəniyyəti, zəhməti ilə öz elində hörmət, nüfuz qazanan Siyasət Rəhimov rəhbərlik edir. Özünəməxsus xarakteri, müdrikliyi müəllim kollektivin yaxşı çalışmağına dəyərli stimuldur. Siyasət müəllim öyrənmək, kömək, məsləhət məqsədilə ona müraciət edən hər kəsə xeyirxahlıq əlini uzatmağı, onlara maddi, mənəvi dayaq olmağı özünə şərəfli iş bilir. Eyni zamanda həssas, qayğıkeş olmaqla, həm də son dərəcə tələbkar rəhbərdir. Vəzifə borcuna ögey münasibət bəsləyənə güzəştə getmir. Ülkər Hüseynova haqqında söz düşəndə o, deyir:

– Ülkər müəllim gənc olsa da, müəllim adını uca tutmaqla öz işini kamil bilir. Tükənməz həyat eşqinə malik, sağlam əqidəli, xalqa, dövlətə sədaqətli insan, vəzifəsini vicdanla yerinə yetirən müəllimdir. Şagirdlərinə doğma balası kimi yanaşır, onların bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaş olmasına çalışır. Dərslərini yaradıcı qurur, şagirdlərin ürəyinə məqamında nüfuz etməyi bacarır. Həmişə də əməyi öz bəhrəsini verir. Yetirmələri kamil vətəndaş olaraq, cəmiyyətin inkişafında fəallıq göstərirlər.

2016-2017-ci tədris ilində rəhbəri olduğu sinfin üç şagirdi – Məhəmməd Quluzadə, Zeynəb Qənbərli, Şahanə Əhmədzadə 600-dən yuxarı bal toplayıb tələbə adını qazanıblar. Daha bir şagirdi – İnarə Hüseynzadə (Rayon ədəbiyyatçı biliciləri arasında birinci yerə çıxıb) Bakıda keçirilən “Ədəbiyyat biliciləri” arasında Təhsil Nazirliyi tərəfindən təltif olunubdur. Ülkər müəllimin belə sevindirici uğurları çoxdur. O, məktəbimizdə, eləcə də şəhərdə yaxşı müəllim olmağın özünəməxsusluğu ilə seçilir, çox şaxəli fəaliyyəti, qazandığı uğurlar nümunə, örnək sayılır. Müəllim şəxsiyyətinin ucalığını əməllərində inamla qoruyur.

Ülkər müəllim insanı xoşbəxt edən bütün mənəvi dəyərləri özündə toplayıb. Həyatı sevə-sevə yaşayır ki, hər kəs dünyanın necə gözəl, yaşamalı bir aləm olduğunu bilsin. Və şagirdlərinə başqaları üçün yaşamağı öyrətməklə arzularına nail ola bilir. Ömrünü-gününü verməklə keçdiyi yol şərəflidir. Bu nəcib adam, yaxşı müəllim xalqına fayda verməkdən doymur. Dərsdən sonra şəhərin ictimai həyatına qaynayıb-qarışır. İnsanların güzəranı yaxşı olsun deyə, çox işdən yapışır. Ürəyi həmişə yenilik həvəsi ilə döyünür. Yüksək pedaqoji məharəti, hər gün görüşdüyü insanların istək və arzuları ona arayıb-axtarmaya qanad verir. Bir-birinin ardınca elmi yazıları Rusiyanın, Türkiyənin müxtəlif mətbu orqanlarında çap olunur. Lənkəran Dövlət Universitetinin aspirantıdır. Elmi fəaliyyətini “Qövsi Təbrizi divanının elmi-filoloji tədqiqi” mövzusuna həsr etmişdir. Zəngin biliyi, əzmkarlığı deməyə əsas verir ki, Ülkər müəllim bu işin öhdəsindən layiqincə gələcəkdir.

Ülkər Hüseynova iki qız anasıdır, ikisi də ali təhsil alıbdır. Onlar artıq cəmiyyətdə nəcib əməl sahibi kimi yaxşı tanınırlar.

Ülkər müəllim elin gözündə gördüyü dəyərli əməlləri ilə ucalıbdır. Həyatın xoşbəxtliyi bu cür yaşamaqdır. Onun halal ocağından boy verən işığa doğru getməyə dəyər.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın