7:58 am - Çərşənbə Noyabr 22, 2017

ON GÜN FRANSADA

Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir.

Firudin bəy Köçərli

Məndən soruşsalar ki, yenidən özünə peşə seçməli olsan bir çox tanınmışlar kimi tərəddüd etmədən deyərdim: Müəllimlik!

Şəkil

Şəkil

Hələ orta məktəbdə oxuyarkən müəllim olmaq istəyirdim. Özü də fransız dili müəllimi. Atam fransız dili müəllimi olduğu üçün onun şəxsi kitabxanasında olan kitablara baxarkən həmişə fikirləşirdim ki, mən nə vaxt bu kitablardan istifadə edəcəyəm. Onu da qeyd edim ki, atam Mətləb müəllim ömrünün 60 ilini fransız dilinin tədrisinə həsr etmişdir. Belə ki, Azərbaycanda fransız dilini ilk tədris edənlərdən biridir. Hazırda təqaüddədir. 1953-cü ildə ilk əmək fəaliyyətinə Naxçıvan rayonunun (indiki Babək) Cəhri kənd orta məktəbində, Qarabağda, Bakıda müəllim kimi fəaliyyət göstərmişdir. O, mənim təkcə fransız dili müəllimim yox, həm də bütün həyatımın müəllimidir. Orta məktəbi bitirdikdən sonra fransız dilinə olan sevgi məni Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna gətirdi. İnstitutu bitirdikdən sonra, 1993-cü ildən paytaxtın Xətai rayonundakı 116 nömrəli tam orta məktəbində çalışıram. İngilis-fransız dillərini şagirdlərimə həvəslə öyrədirəm. Atamın yolunu şərəflə, ləyaqətlə davam etdirdiyim üçün özümü xoşbəxt hesab edirəm. Özümün və həmkarlarımın zəhməti bəhrəsini verməkdədir. Belə ki, ali təhsil ocaqlarına qəbul olunan məzunlarımızın xarici dil fənni üzrə göstəriciləri yüksəkdir. Yetirmələrimizin arasında təhsillərini ingilis-fransız dillərində davam etdirənlər də az deyil. Bu gün də ailə ənənəsi davam edir. Nəsrin xanım Bakı Dövlət Universitetində ingilis dili müəllimi işləyir. Selcan isə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dördüncü kursunda təhsil alır.

Şəkil

Şəkil

Fransız dili Fransanın dövlət dilidir. Fransanın əhalisinin 90 faizini fransızlar təşkil edir. İngiltərə, Amerika Birləşmiş Ştatları, Kanada, Belçika və İsveçrə əhalisinin bir hissəsinin dili də fransız dilidir. Bu dildə təxminən 100 milyona yaxın adam danışır. Latın dili əsasında formalaşmış fransız dili, əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərindən biridir. BMT-nin iqamətgahı Nyu-York şəhərindədir, ərəb, ingilis, ispan, rus, Çin və fransız dilləri bu mötəbər beynəlxalq təşkilatın rəsmi dilləridir.

Şəkil

Şəkil

Bu il iyul ayının 31-dən avqust ayının 11-dək Azərbaycan Dillər Universitetindən Yaqut Qurbanova, Pərvanə Xanızadə, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Aytən Cəfərova, Aytən Qasımova (bu universitetin Şəki filialından) və Naxçıvan Dövlət Universitetindən İradə Qasımova ilə birlikdə Fransada – Besanson şəhərində Franche-Comte Universitetində Tədbiqi Dilçilik Mərkəzində təkmilləşdirmə kursunda olduq. Təkmilləşdirmə kursuna dörd qitənin ayrı-ayrı ölkələrindən fransız dilini tədris edən müəllimlər gəlmişdi. Qeyd etdiyim kimi, Azərbaycandan 6 nəfər idik. İyulun 31-də təyyarə ilə Parisə gəldik, hava limanında bizi Azərbaycandakı Fransa İnstitutunun icraçı direktoru Moris Rufən qarşıladı. Sonra isə qatarla Bezanson şəhərinə Zenütüd otelinə (mehmanxanasına) gəldik.

Şəkil

Şəkil

Avqustun 1-də dərslərimiz başladı. Mən artıq iştirak edəcəyim modulları seçmişdim: şəkil və video ilə tədris etmək, Frankofon mahnılarla tədris etmək, Cəmiyyət və bugünkü fransız mədəniyyəti. İnteraktiv təlim metodlarından istifadə, tədrisin şəkillər, videolar vasitəsi ilə keçirilməsi, mahnıların öyrənilməsi çox maraqlı idi. Dilçilik Mərkəzində dünyanın 4 qitəsindən gələn müəllimlər fikir mübadiləsi edir və öz təcrübələrimizi bölüşürdük. Onlarla dostlaşaraq ölkələrimizin adət-ənənələrini paylaşdıq. Bizim ümumi bir dilimiz vardı – fransız dili.

Yeri gəlmişkən qeyd edim ki, hələ 1937-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Xarici dillər fakültəsi açılıb və onun əsasında 1941-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu (indiki Azərbaycan Dillər Universiteti) təşkil edilib. Atam Mətləb müəllim də bu institutun məzunu olub. Hazırda bu universitetdə əsasən ingilis, fransız, alman, ispan, italyan və koreya dilləri tədris edilir və mütəxəssislər hazırlanır.

Ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biridir.

Azərbaycan Dillər Universitetində 20-dən çox dil mərkəzi fəaliyyət göstərir. Jorj Sand adına mediateka, Fransa İnformasiya Mərkəzi 1998-ildə Fransa səfirliyi və ADU-nun dəstəyi ilə yaradılıb. Bu mərkəzin yaradılmasında əsas məqsəd müəllim və tələbələri fransız dilinin tədrisi ilə əlaqədar lazım olan dərs vəsaitləri, Fransa haqqında müxtəlif kitab və ləvazimatlarla təmin etməkdir. Hazırda Mərkəzin resurs fondu 2 mindən çox kitab, jurnal və audio-video vəsaitlərindən ibarətdir. Mərkəz Azərbaycan Fransa İnstitutu ilə sıx əməkdaşlıq edir, birgə tədbirlər keçirir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransa-Azərbaycan Universitetinə (UFAZ) ötən tədris ilində 141 nəfər qəbul olunub. Bu il isə 500-dən yuxarı bal toplayan 148 məzun bu universitetin tələbəsi adını qazanıb. UFAZ-da dörd ixtisas üzrə – geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri və neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ-ın məzunları iki diplom – Strasburq və ADNSU-nun diplomlarını alacaqlar.

Biz Bezanson şəhərində təkmilləşmə kursu keçməklə bərabər, eyni zamanda, atölyelərdə və formalarda da iştirak edirdik. Bizə yuxarıda qeyd etdiyim modulları maraqlı şəkildə keçən Şüngü Atanas, Puarie Nikol, Friza Jan-Mari, Vantie Elen və Delband Jan-Kristof xatirimdən çıxmayacaqdır.

Həftə sonunda müxtəlif görməli yerlərə ekskursiya təşkil olunurdu. Strasburqda Notre-Dame de Strasburg (XII-1XV əsrə aiddir) və Le Palais Rohan (XVIII əsrə aiddir) çox möhtəşəm tarixi abidələrdir. Bu kimi tarixi abidələr Fransanın qədim, zəngin mədəniyyət tarixindən xəbər verməkdədir. Le Hant Dorbasya etdiyimiz ekskursiya, Chateau de Joux kimi tarixi abidələr heç vaxt yaddan çıxan deyil. Yaşıl şəhər adını almış gözəl Bezanson tarixi abidələri ilə yanaşı, bir çox məşhurların və eyni zamanda, Viktor Hüqonun vətənidir.

Viktor Hüqonun ev muzeyində oldum. 31 may 2017-ci il tarixində məktəbimizdə şagirdlərimizlə birlikdə fransız dilində hazırladığımız “Azadlıq gələndə mən dönəcəyəm” adlı tədbirin diskini və tədbir haqqında “Təhsil problemləri” qəzetinin 08-15 iyun 2017-ci il tarixli nömrəsində dərc olunmuş jurnalist Əşrəf Hümmətovun “Viktor Hüqonun 215 illiyi qeyd edildi” adlı məqaləsini (qəzeti) Viktor Hüqonun ev muzeyinə təqdim etdim. Muzeyin əməkdaşları bunları çox qiymətli bir hədiyyə kimi qəbul etdilər və yazıçının Azərbaycanda belə yüksək səviyyədə tanınmasına və sevilməsinə heyran qaldılar. Odlar Yurdu Azərbaycan, təhsilimiz haqqında onlara ətraflı məlumat verdim.

Franche-Comte Universiteti Tətbiqi Dilçilik Mərkəzinin direktoru Frederik Penilla avqustun 10-da bizim hər birimizə Şəhadətnamə təqdim etdi. Təqdimatdan sonra vidalaşma mərasimi oldu. Fransuaz Martənin, Vantie Elenin, Saymanın, Amelinin və Janın bizə olan xoş münasibətləri unudulmazdır.

Görüşlər, ekskursiyalar xoş xatirələrə çevrilib. Bütün bunlar üçün Azərbaycanda Fransa səfirliyinə, səfirliyin Təhsil və Mədəniyyət işləri üzrə müşaviri Yohan Şittererə, Azərbaycanda Fransız İnstutuna, institutun icraçı direktoru Moris Rufənə, Fransız dili kurslarının direktoru, Azərbaycanda fransız dilinin yayılması üzrə məsul şəxs Ülfət İbrahimə minnətdarlığımı bildirirəm.

Məktəbimizə göstərdiyi diqqət və qayğıya görə Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanova, şöbənin baş məsləhətçisi Aytən Sadıqovaya, məktəbimizin direktoru Gülnaz xanım Kərimovaya çox sağ olun deyirəm.

Ötən tədris ilindəki uğurlarda məktəb rəhbərliyinin, xüsusilə direktor Gülnaz xanım Kərimovanın fəaliyyəti diqqətəlayiqdir. Fənn olimpiadalarında, müxtəlif layihələrdə, müsabiqə və yarışlarda, tədbirlərdə müəllim və şagirdlərimizin nailiyyətləri fərəhləndiricidir. Məzunlarımızın yüksək balla ali təhsil müəssisələrinə qəbulu diqqəti çəkir. Ötən dərs ilinin son günlərində səylə hazırlaşıb keçirdiyimiz, dahi fransız yazıçısı Viktor Hüqonun 215 illiyinə həsr etdiyimiz “Azadlıq gələndə mən dönəcəyəm” tədbirinin uğurlu alınmasında şagird və müəllimlərimizin fəallığını, məktəbimizin direktoru Gülnaz xanım Kərimovanın köməyini, diqqət və qayğısını bir daha qeyd etməklə yeni uğurlar qazanacağımıza əmin olduğumu bildirirəm.

2017-2018-ci il də yeni nailiyyətlər əldə etmək əzmi ilə çalışıram. Fransada öyrəndiyim nəzəri və təcrübi biliklərimi həmkarlarımla bölüşürəm. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Azərbaycanın bütün təhsil işçilərini, o cümlədən başda Gülnaz xanım Kərimova olmaqla çalışdığım məktəbin müəllimlərini təbrik edir, onlara gənc nəslin təlim-tərbiyəsində yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Məhsəti ƏLİBƏYOVA,
Bakı şəhəri, Xətai rayonundakı
M.Hacıyev adına 116 nömrəli tam
orta məktəbin ingilis-fransız dili
müəllimi

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın