7:54 am - Çərşənbə Noyabr 22, 2017

ORDU TORPAQLARI, KİTAB KÖNÜLLƏRİ FƏTH EDİR

Həcər ƏSGƏROVA, Naxçıvan Muxtar Respublikası, Şərur rayon Yeni Azərbaycan Partiyası Düdəngə kənd ərazi ilk təşkilat sədri,  Düdəngə kənd tam orta məktəbinin tarix müəllimi

Həcər ƏSGƏROVA,
Naxçıvan Muxtar Respublikası, Şərur rayon Yeni Azərbaycan Partiyası Düdəngə kənd ərazi ilk təşkilat sədri,
Düdəngə kənd tam orta məktəbinin tarix müəllimi

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri və ən mühümü Azərbaycanın dövlət müstəqilliyinin qoruyub saxlanılması və ölkəmizin dünya birliyində layiqli yer tutmasını təmin etməsi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin milli köklərini, tarixini, qədim mədəniyyətini, böyüklüyünü bütün dünyada ordumuz, təhsilimiz ilə göstərməli, təbliğ etməliyik.

Azərbaycan dövləti xalqının birliyi, güclü ordusu ilə müstəqillik əldə etdikdən sonra təhsil sahəsində daha da gözəl imkanlar yarandı. Dövlətləri ucaldan iki böyük məziyyət var: Güclü ordusu və savadlı xalqı. Bizim güclü dövlətimiz, güclü ordumuz var. Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə yadellilərə qarşı mərdliklə döyüşüb, nizami ordu, mərd və qorxmaz oğulları ilə Vətəni qoruyub,yaşadıb.

Azərbaycanın həsəd aparılacaq, qibtə ediləcək dərəcədə böyük, vətənpərvər, cəsur oğullarından ibarət, dünyanı fəth edəcək, yeri gələndə tərəddüdsüz şəkildə, canını fəda edə biləcək şəkildə vətəninə bağlı böyük, güclü ordusu var.

Ayaq basdığı hər yerdə yeri-göyü titrədən güclü ordumuz var. Biz belə bir qüdrətli ordu ilə Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırıq. Bizim ordumuz gücünü göstərəcək,erməni vəhşiliyini sonlandıracaq. Azərbaycanın Qarabağ kimi böyük yarası var, torpaqlarımızın 20%-dən çoxu işğal altındadır, milyondan çox insanlar doğma elindən didərgin salınmışdır. Çox keçməyəcək ki, Azərbaycan ordusu əsl hərb meydanın düşmənə göstərəcək, işğal altında olan torpaqlarımızı,əsirlikdə olan ana-bacılarımızı qurtaracaq.

Güclü ordumuz Qarabağı düşmən tapdağı altında qoymayacaq, düşməni torpaqlarımızdan çıxaracaq.

Torpaqlarımızın azad olunması uğrunda son nəfəsinə kimi vuruşan Mübariz, Fərid, Əhməd, Çingiz kimi qəhrəman oğullarımız var. Onların itkisi bizim üçün nə qədər acı olsa da, təsəllimizdə var. Bu gün Azərbaycanın hər bir şəhərində, rayonunda, kəndində onların davamçıları yetişir. Onların qisasını almaq bizim ordumuzu,gənclərimizi birləşdirən istəkdir.

Doğma Azərbaycan əsl qəhrəmanlar, əsl igidlər torpağıdır. Azərbaycanın dövlət müstəqilliyi Azəbaycan xalqının ən böyük arzusudur. Gənclərimiz tarixini,mədəniyyətini yaxşı bilməlidir, tarixini yaxşı bilməyən vətənpərvər ola bilməz.

Vətənpərvərlik təkcə orduda xidmət etmək deyil. Vətənpərvərlik vətənini sevmək onun tarixini, ədəbiyyatını, mədəniyyətini bilməkdir. Kitab oxumaqla,geniş biliyə,savada malik olub, tariximizi, ədəbiyyatımızı öyrənirik.Kitab neçə-neçə xəzinələr açarıdır.

Kitab oxumaqla bizim üçün ən böyük nümunə olan Koroğlu, Babək, Nəbi qeyrətli oğulların, Həcər qeyrətli qızların, Azərbaycanı vahid halda birləşdirməyə çalışan Şah İsmayıl Xətainin qəhramanlığı haqqında məlumat əldə edib, onları örnək alaraq, işğal olunmuş torpaqlarımızın qaytarılması, bütovlüyü uğrunda daima mübarizə aparmağa hazırıq. Biz oxuduğumuz kitablarla, aldığımız savad və təhsillə keçmişimizi öyrənib,gələcəyimizi qurub, müstəqilliyimizi qorumalıyıq. Kitab oxuyub biliyimizi artırmaqla biz gənclər Azərbaycan dövlətinə, xalqına, bayrağına yararlı vətəndaş olacaq, doğma Azərbaycanımızı dünyaya tanıtdıracağıq.

Kitab bizi qəhramanlığa aparır, vətənpərvərliyi öyrədir. Biz Azərbaycan gənci olaraq müstəqilliyimizi qorumağa qadirik. Heç bir qüvvə bizi bu yoldan çəkindirə bilməz. Çünki biz müstəqil, güclü ordusu olan, savadlı xalqı olan Azərbaycan gəncləriyik. Biz Azərbaycanın gələcəyi, gələcəyin qurucularıyıq. Vətənimiz Azərbaycanı, müstəqilliyimizi əməyimizlə, canımızla, qanımızla, şərəf və ləyaqətimizlə qoruyacaq, vətənimizə sədaqətli övladlar olacağıq.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın