7:57 am - Çərşənbə Noyabr 22, 2017

Öz metodikası ilə fərqlənən müəllim

Sevda  NOVRUZOVA, 27 nömrəli tam orta məktəbin tarix müəllimi

Sevda
NOVRUZOVA,
27 nömrəli tam orta məktəbin tarix müəllimi

Paytaxtımızın qabaqcıl təhsil ocaqlarından sayılan 27 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim, pedaqoji ictimai fəaliyyəti ilə tanınan Cəmilə Ramazanova məktəbin tarix müəllimi Sevda Novruzova haqqında yazmağı bizə məsləhət gördü. Dedi ki, Sevda Novruzova məktəbimizin qabaqcıl, təcrübəli, təlim prosesində müasir texniki vasitələrinin imkanlarından geniş istifadə etməyi bacaran müəllimlərin şagirdləri fənninə, tariximizi öyrənməyə böyük maraq və həvəs göstərirlər. O, öz metodikası, öyrətmə bacarığı ilə fərqlənir. Sevda müəllim dərslərini can yanğısı, vətən sevgisi ilə keçir. Elə bir dərsi olmaz ki, onu vətənlə başlamasın. Qanında, damarlarında, ruhunda olan bu yanğısı, sevgini yetirmələrinə də aşılamağa, onları vətənə məhəbbət, xalqa, elinə-obasına hörmət, soy-kökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşır.

Sevda müəllim yaxşı bilir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Uşaqlarımızı şanlı tariximizə, əfsanəvi qəhrəmanlarımızla fəxr etməyə qadir insan yetişdirməyə çalışır. Onun peşəkarlığı, məharəti hər bir dərsdə hiss olunur. Bu dərslər Sevda müəllimin gərgin əməyi ilə hasilə gətirilən böyük sənət əsərləridir.

Bu ilin fevralında Sevda Novruzova Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş “Ekologiya, Mədəniyyət və İncəsənət, Azərbaycan ekoloji tarixi və etnoqrofiyası” müsabiqəsində “Ekoloji təbiət və incəsənətin təbliği” nominasiyası üzrə I yer, ötən ilin dekabrında Azərbaycan tarixinin fənn aylığında “Ən yaxşı” açıq dərsi I yer tutmuşdur.

Sevda müəllim təlim prosesini elə təşkil edir ki, şagirdlərin hamısı dərsin bütün mərhələlərində fəal iştirak edirlər. Şagirdlər informasiyanı hazır formada öz müəllimindən deyil, müxtəlif mənbələrdən özləri müstəqil əldə etməyi, analiz, təhlil, nəticə çıxarmağı, münasibət bildirməyi öyrənirlər.

Şəkil

Şəkil

Aydındır ki, şagirlərin tərbiyəsində ən böyük təsir göstərən əsas amillərdən biri, onları əhatə edən dünyada yeni-yeni xəbərlər, informasiyalar, reklamlar, kompüter texnelogiyaların təbliği və ondan istifadə, müxtəlif televiziya verlişləri, kompüter oyunlarıdır. Sevda müəllim şagirdlərə bu informasiyadan düzgün istifadə etməyin yollarını göstərir. İKT-dən təlim zamanı istifadəyə üstünlük verən Sevda müəllim dedi ki, tədrisdə şagirdlərə daha maraqlı, düşündürücü dərs prosesi təşkil etmək müəllimləri düşündürən, yaradıcılığa sövq edən əsas məqamdır:

– Mən dərslərimdə daim yeniliklərdən istifadə etməyi sevirəm. Buna hər zaman hazır olmağı qarşıma məqsəd qoyuram. Yaxşı bilirəm ki, indiki şagirdlərin tələbləri daha böyükdür. Məqsədim dərsi şagirdlərə əyləncəli bir şəkildə öyrətməkdir. Kahoot platformasından istifadə şagirdlərdə dərsə çox böyük maraq yaradır və əyləncəli öyrədir.

Kahootun tətbiqi dərsi daha həyəcanlı və zövqlü edir. Kahoot şagirdin həm dərsə necə hazırlaşdığını ölçə bilir, həm də öyrəndiklərini təkrar etməsinə kömək edir. Başqa sözlə, desək oyun oynarmış kimi dərsə həyəcan gətirən bir test üsüsuludur. Şagirdlər həm yarışır, ən əsası isə sualları çox qısa zamanda, 20-30 saniyədə cavablandırmağa çalışırlar.

Searhing.apps mənim mütəmadi olaraq dərslərində tətbiq etməyin bir platformadır. Burada müxtəlif növ tapşırıqlar hazırlamaq mümkündür: Krassvord, xronoloji cədvəl, uyğunluğu müəyyən etməyi tələb edən tapşırıq, yarış xarakterli tapşırıqlar (milyonçu oyunu kimi), xəritə üzərində iş, pazll toplamaq tapşırığı yerinə yetirmək (mövzuya uyğun), video parçalardan istifadə etməklə suallar paneli yaratmaq, viktorina təşkil etmək və s. sinifdənxaric və məktəbdənkənar və ümumiləşdirici dərslər zamanı viktorinaların müxtəlif formalarından istifadə edirəm.

Düşünülmüş şəkildə seçilmiş forma dərsləri daha maraqlı edir, qarşıya qoyulmuş məqsədə tez çatmağa kömək edir.

İKT-dən istifadə şagirdlərin tədqiqat fəaliyyətləri üçün geniş imkanlar açır. Yeni materialın mənimsənilməsində də İKT-dən istifadə çox faydalıdır. Bu yol qavrayışları asanlaşdırır, onlara emosional təsir göstərir və yaddaşlarda yaxşı qalmasına kömək edir.

Sevda müəllim tarix qarşısında böyük xidmətləri olmuş şəxsiyyətlərin düzgün tədris olunmasına xüsusi diqqət yetirir. Çalışır ki, şagirdləri tarixi şəxsiyyətləri qiymətləndirməyi, onlara münasibət bildirməyi, həmçinin, mənbələri araşdırmaqla tarixi şəxsiyyətlərə dair materiallar toplamağı, əldə etdikləri materialları müxtəlif cür təqdim etməyi bacarsınlar. Şagirdləri tarixi inkişafın müxtəlif mərhələlərində görkəmli şəxsiyyətlərin rolunu, fəaliyyətlərini başa düşmələri üçün onları dünya tarixinin görkəmli şəxsiyyətləri ilə bağlı məlumatları öyrənməyə, müzakirə etməyə, nəticələr çıxarmağa sövq edir. Azərbaycan tarixi ilə bağlı şəxsiyyətlərinin fəaliyyəti barədə araşdırmalar aparmaq, müqayisələr və təhlillər əsasında fikir söyləmək imkanı verən bacarıqların aşılanmasına xüsusi diqqət yetirir.

Ramiz Kərimov,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın