7:57 am - Çərşənbə Noyabr 22, 2017

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİNİN SEHRİNDƏ

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

Dünya təcrübəsində təlimin diferensasiyasının da müxtəlif formaları əmələ gəlmişdir. Əvvəllər qomegen qrupları daha çox maraq sahəsinin xüsusiyyətlərinə görə təşkil edirdilər. Humanitar, kimya-biologiya və ya fizika-riyaziyyat təmayüllü siniflər və ya məktəblər belə yaranmışdı. Müasir şəraitdə qamogen qruplar seçimli meyarlarla – şagirdin psixoloji profilinin xüsusiyyətlərinə (təfəkkürün tipi, xarakterin aksentuasiyası və ya temperament tipi), əqli inkişafın səviyyəsinə, yaşa, cinsə, sağlamlıq vəziyyətinə və s. görə təşkil olunur. Azərbaycan məktəblərində təmayüllü məktəblərin özünəməxsus forması – fənn məktəbləri formalaşmağa başlamışdır.

Təmayüllü məktəblərin (siniflərin) vüsətlə meydana çıxması şəraitində maraq problemi də aktuallaşır. Onların çox vaxt maraq məktəbi adlanması da, görünür, təsadüfi deyildir. Ancaq bu adi maraq deyil, mahiyyətcə özünəməxsus peşə marağıdır: kütləvi məktəblərin IX-XI siniflərində olduğu kimi, təmayüllü məktəblərdə də bu kökdə profil və qeyri-profil fənlər anlamı yaranır və onlara ikili münasibət əmələ gəlməyə başlayır: bu önəmli elmi-metodik problemdir və təmayüllü məktəblərin inkişafı onların həllindən bilavasitə asılıdır.

Qrupla iş metodlarına da diqqəti hər vasitə ilə artırmaq lazımdır. Respublikamızda şagirdlərin tərbiyəsi sahəsində qrupla iş üsullarının səmərəli olduğunu göstərən maraqlı tədqiqatlar aparılmışdır. Dərsdə işin xüsusiyyətləri isə nə psixoloji yönümdə, nə də pedaqoji və metodik yönümdə belə sistemli öyrənilməmişdir.

Qrupla iş şagirdlərin fəallaşdırılmasının səmərəli vasitəsi sayılır, problemli təlim baxımından onun böyük imkanlara malik olduğu müəyyən edilmişdir. X.Liymetsin fikrincə, qruplarla iş nəinki dərsin təhsil məqsədlərini, həm də inkişaf və tərbiyə məqsədlərini həyata keçirmək üçün böyük əhəmiyyətə malikdir. Psixoloji tədqiqatlar (B.Lomov və b.) əsaslı surətdə göstərdi ki, qrupda ünsiyyət şəraitində özünənəzarət prosesləri xüsusilə aktivləşir, şagird özünün idrak fəaliyyətini şüurlu surətdə tənzim etməyə başlayır, psixi proseslərin məhsuldarlığı artır və s. Qrupda şagirdlərin qarşılıqlı münasibətlərinin inkişafı üçün əlverişli psixoloji məkan yaranır: qrupla iş nəinki şagird-şagird, həm də müəllim-şagird münasibətlərinin humanistləşdirilməsinin səmərəli vasitəsi kimi də dəyərlidir.

İnsan hər şeyin ölçüsüdür (Protaqor) – bu sözlər yunan fəlsəfəsinin bəlkə də kreslosu idi. İnsanın şəninə, şərəfinə dünya ədəbiyyatında nə qədər əzəmətli sözlər deyilib.

XX yüzilliyin qlobal problemləri içərisində insan münasibətləri xüsusi yer tutur. Bir tərəfdən, təbabət, digər tərəfdən, sosiologiya, sosial-psixologiya, hüquq elmləri və b. sahələrdə tutarlı faktlar müəyyən edilmişdir. İnsanın psixi sağlamlığı da, əmək məhsuldarlığı da, yaradıcılıq uğurları da bilavasitə onun “sosium”unun sosial-psixoloji xüsusiyyətləri ilə, özünəməxsus ziddiyyətləri və qayğıları olan şəxsiyyətlərarası münasibət sahələri ilə bağlıdır. Onları bəzi mütəxəssislər kövrək münasibətlər kimi səciyyələndirirlər. Bu münasibətlər doğrudan da kövrəkdir, zərifdir və bəzən adi bir yersiz baxış, təsadüfi sayğısızlıq onlarda əks olunur, adamların (müəllimlərlə şagirdlərin) bir-birinə hörmət-izzətini azaldır, qarşılıqlı münasibətlərinə soyuqluq gətirir…

Dövrün qlobal xəstəlikləri, obrazlı desək, insan münasibətlərindən “su içir”. Bəzi ailələri didən-parçalayan gözəgörünməz ixtilaflar, hətta adi söz-söhbətli güzəran məhz bu sahədə əmələ gəlir. Məktəblərdə, klinikalarda, elmi-tədqiqat institutlarında, fabriklərdə və ya zavodlarda əmələ gələn, bəzən aylarla, illərlə “alovlanan” və səngimək bilməyən, yaradıcılıq axtarışlarını səmərəsizləşdirən, əmək məhsuldarlığını aşağı salan konfliktlərin köklərini də insan münasibətlərində axtarmaq lazımdır.

“İnsan münasibətləri” doktrinası ABŞ-da 30-cu illərdə yaranmış və menecmentin psixoloji konsepsiyasında önəmli yer tutmağa başlamışdır. “Xotorn eksperimentləri” insan münasibətlərinin sosial-psixoloji dəyərlərini bütün aydınlığı ilə açıqlamışdır.

İnsan münasibətlərinə bu gün insanın özünəməxsus varlıq forması kimi baxırlar. İnsan bir insan kimi bu münasibətlərdə mövcuddur, bu münasibətlərdə yaşayır, bu münasibətlərdə nəfəs alır. İnsan mehrinin-məhəbbətinin kökü elə bu münasibətlərdədir. Bədii ədəbiyyatda insan münasibətlərinin köklərini insanın qəlbi, ürəyi ilə bağlayıblar. İnsanın ürəyini sındırdın – onun əzablı günləri başlayır, bəlkə də dünya onun üçün qurtarır. İnsan tək də qala bilmir. Uzun müddət tək qalanda onun psixikasında köklü dəyişikliklər baş verir.

XX əsrdə, stress əsrində insan münasibətlərinin humanistləşdirilməsi ictimai təcrübənin hər bir sahəsində aktual problemə çevrilib. H.Selyenin sözləri ilə desək, əsrimiz onsuz da stress əsridir. Stresin distresə, ikiqat stresə çevrilməməsi üçün insan münasibətlərinin humanistləşdirilməsi zəruridir.

Təhsilin humanistləşdirilməsinin ölçüləri çoxcəhətlidir. Bu ölçülərin hamısı da bilavasitə müəllim və şagirdlərlə, onların qarşılıqlı münasibətlərilə bağlıdır.

Müəllim də, şagird də konvensial roldur. Özlərinin rol repertuarlarına görə onlar müxtəlif adamlarla bağlıdırlar. Bu kökdə də müəllim və şagirdlərin münasibətləri şaxələnir: “müəllim-müəllim”, “müəllim-valideynlər”, “şagird-şagird”, “şagird-valideynlər” və s. tipli münasibətlər şəbəkəsi əmələ gəlir. Lakin məktəbin münasibətlər şəbəkəsi nə qədər çoxcəhətli olursa-olsun, onların mürəkkəb kontiniumunda mərkəzi, sistem təşkiledici münasibətlər “müəllim-şagird(lər)” münasibətləri sayılır.

Hər yerdə, ilk növbədə, məktəbdə, ölkənin uşaqlar aləmində insan münasibətləri “nəfəs aldığımız hava” (E.Meliburdı) qədər əhəmiyyətlidir. Müəllim-şagird(lər) və şagird-şagird(lər) münasibətlərinin humanistləşdirilməsi məktəb həyatının ən başlıca problemlərindən biri kimi dəyərləndirilməlidir.

“Müəllim-şagird(lər)” münasibətlərinin psixoloji effektlərinə uzun müddət kifayət qədər diqqət yetirilməmişdir. Ancaq tərbiyə işinin öz realizmi var. Müasir məktəbin bir çox köklü məsələləri, özəmli təlim və tərbiyə effektləri məhz bu sahə ilə, əsas məziyyətlərinə görə daha çox valideyn-övlad münasibətlərini xatırladan müəllim-şagird münasibətləri ilə şərtlənir.

Müəllimlər çox vaxt şagirdlərlə ünsiyyətə girərkən psixoloji və pedaqoji “kanonlara” deyil, daha çox özlərinin birtərəfli güzəran təcrübələrinə əsaslanırlar. Adi müəllimlərin gözündə şagirdlərin ən geniş yayılmış təsnifatı çox sadədir: yaxşı-pis oxuyan şagirdlər, intizamlı-intizamsız şagirdlər. Bu bölgü güzəran təcrübəsinə söykənsə də, özünəməxsus təsnifatdır. Həmin təsnifatda şagirdlər əslində 4 tipə ayrılır:

1. Yaxşı oxuyan – intizamlı;
2. Yaxşı oxuyan – intizamsız;
3. Pis oxuyan – intizamlı;
4. Pis oxuyan – intizamsız.

Müəllim şagirdləri birtərəfli ölçülərlə bir-birilərindən fərqləndirməməlidir. Bu pedaqoji fəaliyyətin ilk baxışda bəlkə də adi, əslində isə öz müdrik “qanunudur”. Lakin müəllimin bir insan kimi yaşadığı hislər çox vaxt onun pedaqoq duyumunu üstələyir: hislərin kövrək qaynağında da onun sevdiyi və sevmədiyi uşaqlar aləmi əmələ gəlir.

Şagirdlərin də sevdiyi və sevmədiyi müəllimlər aləmi elə bu kökdə pöhrələnir. Bu əslində özünəməxsus subyektiv ölçüləri olan təhlükəli aləmdir. Müxtəlif ölkələrdə (Rusiya, Tailand və s.) aparılmış araşdırmalar bu sahədə etnomədəni fərqlər olduğunu göstərir. Bu önəmli faktlarda bir maraqlı qanunauyğunluq aydın nəzərə çarpır: emosional münasibətlərin səviyyəsi həm müəllimlərin, həm də şagirdlərin intellektinin səviyyəsi ilə bilavasitə bağlıdır. İntellektual səviyyə aşağı olanda, görünür, emosional münasibətlər də güclənir.

Müəllimlər emosional qiymətlərə arxalananda şagirdlərin fərdi xüsusiyyətlərini çox vaxt görmürlər, onların intellektini birtərəfli intizam müstəvisində qiymətləndirirlər, bu mühüm məsələlərə psixoloq gözü ilə baxmırlar. Onların anlamında ideal şagird yaxşı oxuyan və intizamı pozmayan şagirddir. Yaxşı oxumayan və intizamı pozan isə “pis uşaq” sayılır.

Müəllimlər çox vaxt belə uşaqlarla kifayət qədər işləmirlər, otların fərdi xüsusiyyətlərinə, maraqlarına düzgün istiqamət vermirlər.

Müəllimlər şagirdləri bir şəxsiyyət kimi təkcə bu iki ölçü axarında qiymətləndirəndə onlara birtərəfli münasibət bəsləyirlər. Psixologiyada eksperimental yolla müəyyən olunmuş ibrətamiz effektlərdən birinin mənası da elə bundan ibarətdir.

1968-ci ildə Amerika psixoloqları Rozental və Cekobsonun “Piqmalion sinifdə” adlı kitabı böyük əks-səda doğurmuşdu. Mütəxəssislər onu pedaqoji psixologiyanın tarixində “Ən maraqlı və ən mübahisəli” kitab kimi səciyyələndirirdilər. Görəsən, nə üçün? Bu kitabda hansı məsələ açıqlanır? Piqmalion kimdir?

Piqmalion yunan mifologiyasında əfsanəvi heykəltaraşdır. O, insanlardan uzaqda, təkcə həyat sürürdü. Fil sümüyündən Qalateya adlı gözəl bir qadının heykəlini yaratmışdı və öz əlləri iə yaratdığı heykələ aşiq olmuşdu. Səhər-axşam ona nəvaziş edir və bu nəvazişdən doymurdu… Bu kökdə Piqmalion öz yaratdığına aşiq olmuş insan obrazı kimi rəmzi məna kəsb etmişdi. Ədəbiyyat və incəsənətdə bu obraza tez-te rast gəlmək olur: B.Şounun “Piqmalion” komediyası, Cilbertin “Piqmalion və Qalateya” pyesi, Falkoisin “Piqmalion” heykəli və s. məşhurdur.

Rozental və Cekobson da Piqmalion obrazının psixoloji çalarlarını sinifdə, müəllimin şagirdə münasibəti kontekstində vurğulamışlar. Psixologiyada “Piqmalion effekti” anlamı bərqərar olmuşdur. Onların eksperimentləri ilə tanış olaq.

(ardı var)

Professor Əşrəf Əlizadənin
elmi əsərləri əsasında
məqaləni çapa hazırladı:

Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın