3:16 pm - Bazar ertəsi Yanvar 19, 9091

Qabaqcıl təhsil xadimi

Füzuli Həsənov

Füzuli Həsənov

Savadlı və elmli toplumların formalaşmasında mövcud prinsiplərlə yanaşı, bu sahədə olanların məsuliyyəti danılmazdır. Çünki sağlam cəmiyyətin savadlı kadrlarla gələcək təminatının qurulmasında pedaqoqların üzərinə böyük məsuliyyət düşür. Öz mənəvi məsuliyyətini dərk edən hər zaman savadlı vətəndaşların yetişməsində bilik və bacarıqlarını ortaya qoyan müəllimlərdən danışılır və ağızdolusu söz açılır. Dövlətimizin təhsilə olan diqqət və qayğısı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyamızın önündə məhz savadlı kadrların dayanması Azərbaycanda sağlam cəmiyyətin qurulmasını özündə ehtiva etmiş olur.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan İlham Əliyevin ölkəmizdə elmə, təhsilə diqqəti və qayğısı göz önündədir. Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində ölkəmizdə yüzlərlə məktəblər tikilib istifadəyə verilmişdir.

Elmi ictimaiyyət də dövlətimizin təhsilə qayğısını da yüksək qiymətləndirir. Özünü təhsil sahəsində daha dolğun və bütün mənəvi tərəfləri ilə göstərən pedaqoqlarımızdan biri də Nərimanov rayonu 73 nömrəli tam orta məktəbə rəhbərlik edən Füzuli Həsənovdur. Füzuli müəllim təhsil sahəsində uzun və əzəmətli bir yol keçib. Onun pedaqoji fəaliyyəti bir təhsil adamının adına layiq formada bütün çalarları ilə nümunəvidir. Füzuli müəllimin Azərbaycan təhsil sisteminə vermiş olduğu dəyərli töhfələr məlumdur. Ali təhsilini Naxçıvan Dövlət Universitetində alaraq Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnən Füzuli Həsənov pedaqoji fəaliyyətinə İmişli rayonunda başlayıb. Bu rayonda fəaliyyəti müddətində təhsil ictimaiyyətinin hörmətini qazanan Füzuli müəllim daha sonra doğulduğu Megri rayonunun Nüvədi kəndində pedaqoji fəaliyyətini davam etdirib. Mənfur qonşumuz erməni təcavüzkarlarının azərbaycanlıları öz doğma yurdlarından zorla çıxarılmasına biganə yanaşmayan Füzuli Həsənov müəllimliklə yanaşı, bir vətəndaş, bir əsgər kimi mənəvi borcunu da ləyaqətlə yerinə yetirərək o illərdə formalaşmış özünümüdafiə batalyonlarından birinə rəhbərlik edib, şərəfli döyüş yolu keçib. Sonra ailəsi ilə Bakıya köçüb və pedaqoji fəaliyyətini davam etdirərək müxtəlif illərdə Bakı şəhərində yerləşən 111 və 133 nömrəli məktəblərdə direktor vəzifəsində çalışmışdır.

Füzuli müəllim 73 nömrəli tam orta məktəbə direktor təyin olunduğu gündən var gücü ilə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün çalışır və buna nail olub. Rəhbərlik etdiyi məktəbin istər müəllim, istərsə də şagird kollektivi bu qocaman maarif xadiminə böyük hörmət və ehtiram bəsləyirlər.

Daima qəlbi, ruhu Azərbaycan təhsilinin inkişafına köklənən Füzuli müəllimi və rəhbərlik etdiyi pedaqoji kollektivin bütün üzvlərini 5 oktyabr – Müəllim günü münasibətilə redaksiyamız adından təbrik edir, şərəfli peşə sahəsində uğurlar arzulayırıq.

Qumru Qasımova,
“Təhsil problemləri”

Filed in: TƏBRİKLƏR

Hələ şərh yoxdur

Şərh yazın