7:55 am - Çərşənbə Noyabr 22, 2017

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİNİN SEHRİNDƏ

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

Müəlliflər məktəblərin birində test üsulu ilə uşaqların əqli inkişaf səviyyəsini öyrənirdilər. Təsadüfi say seçimi əsasında iki şagird qrupu ayırd etdilər. Birinci qrup şagirdləri müəllimlər əməlli-başlı təriflədilər, ikinci qrup şagirdlərin isə əqli inkişaf səviyyəsinin aşağı olduğunu bildirdilər.

Bir cəhətə diqqəti cəlb edək: qruplar təsadüfi əlamətlər əsasında düzəldilmişdi. Hər qrupda həm əqli inkişaf səviyyəsi yüksək, həm də aşağı olan şagirdlər var idi. Müəllimlər bunu bilmirdilər. Şagirdlərə də bu haqda məlumat verilməmişdi.

Alimləri bir məsələ maraqlandırırdı. Görəsən, şagirdlər barəsində müəllimdə yaradılmış müsbət və mənfi rəy (başqa sözlə, yanlış qənaət) onun şagirdlərlə işinə təsir edir, yoxsa etmir? Eksperimentdə bu fərziyyə təsdiq olundu. Müəyyən edildi ki, müəllimdə şagird barəsində yaradılmış müsbət və ya mənfi rəy onun şagirdlərlə işinin xarakterinə əməlli-başlı təsir göstərir. Eksperimental materiallarda bu cəhət aydın nəzərə çarpır. Həm birinci, həm də ikinci qrupda inkişaf səviyyəsi nisbətən aşağı olan şagirdlər var idi. Alimlər ilin axırında şagirdlərin əqli inkişaf səviyyəsini ikinci dəfə yoxlayanda məlum oldu ki, adı qabiliyyətlilər arasına düşmüş, əslində isə əqli inkişaf səviyyəsi aşağı olan şagirdlər (I qrup) il ərzində xeyli inkişaf etmiş və təlim sahəsində də müəyyən uğurlara nail olmuşlar. Müəllimlər onlara daha çox diqqət yetirmiş, tapşırıqları yerinə yetirə bilməyəndə bunu onların qabiliyyətlərinin aşağı olması ilə deyil, tənbəllik etmələri ilə, əvvəllər hansı mövzunu isə yaxşı öyrənməmələri ilə izah etmişlər. Halbuki ikinci qrupda əqli inkişaf səviyyəsi aşağı olan şagirdlər ilboyu kifayət qədər inkişaf etməmişdilər. Müəllimlər qabiliyyətsiz saydıqlarına görə onlarla kifayət qədər işləməmiş, əlavə məşğələlər keçirməmiş və bunun faydasız olduğunu güman etmişdilər.

Məktəb təcrübəsində müəllimlərin şagirdlərlə münasibəti sahəsində az təsadüf edilməyən bu effekt maraqlı bir faktı – müəllimin şagirdə münasibətinin əhəmiyyətini eksperimental kontekstdə açıb göstərdi. Lakin eksperiment düzgün təşkil edilməmişdi və psixoloji eksperimentin paradiqmaları ilə səsləşmirdi. Eksperimentlərin nəticələri də, H.Ayzenk və D.Evansın qeyd etdikləri kimi, səhv təhlil olunmuşdu və elə buna görə də ekspertlər tərəfindən kəskin tənqid edilmişdir. H.Ayzenk və D.Evans da bu tənqidləri haqlı sayırlar. Hətta onların qeyd etdiyi kimi, Rozental və Cekobsonun araşdırmalarının nəticəsi xüsusi eksperimentlə yoxlanılmışdır. Lakin psixoloqlar və təhsil işçiləri onu nə qədər təkrar etməyə çalışsalar da, təkrar edə bilməmişlər.

Şeylər məntiqi belədir. Lakin Rozental və Cekobsonun eksperimentlərinin mahiyyətini təkcə bu məntiqlə şərh etmək birtərəfli olardı. Bir cəhət aydın qeyd olunmalıdır. Rozental və Cekobsonun eksperimentlərində məktəb təcrübəsi üçün son dərəcə maraqlı olan ideyalar var. Müəllim şagirdin qüvvəsinə inananda onların qarşılıqlı münasibətlərinin xarakteri dəyişir, əməkdaşlıq etməsi üçün psixoloji cəhətdən əlverişli şərait yaranır. A.A.Leontyevin sözləri ilə desək, müəllim öz qənaətinə inanır, fəaliyyətini onun əsasında proqnozlaşdırır və bu proqnozların doğrulması üçün səy göstərir.

Müəllimlər qabiliyyətli hesab etdikləri şagirdlərdən çox şey gözləyirlər, “qabiliyyətsizlərdən” isə əllərini üzürlər. Dərsdə də onlara bu ölçülərlə yanaşırlar və köklü səhvlərə yol verirlər.

Amerika psixoloqlarının müşahidələrinə görə, müəllimlər daha qabiliyyətli saydıqları və şübhəsiz ki, sevdikləri şagirdlərə dərsdə həmişə xeyirxahlıq göstərirlər. Məsələn, dəqiq cavab verməyəndə, müəllim onlara kömək etməyə çalışır, yönümlü suallar verir. Halbuki nisbətən qabiliyyətsiz şagirdi sinifdə, necə deyərlər, “divara söykəyir”, bununla da onun yararsız olduğunu sübut etməyə çalışır.

Görəsən, müəllimlər bu məqamda hansı nöqteyi-nəzərə istinad edirlər? Əgər yaxşı şagird nəyi isə düz demirsə, onlar belə güman edirlər ki, şagird nəyi isə yaxşı öyrənməyib. Pis şagirdi isə müəllimlər bu ölçülərlə qiymətləndirmirlər. Pis şagird yaxşı danışmayanda müəllimlər belə hesab edirlər ki, o, öyrəndiyi materialı başa düşmür.

H.Kuperin müşahidələrinə görə, müəllimlər dərsin gedişində qabiliyyətli şagirdlərə daha çox müraciət edirlər. Çox ehtimal ki, onların özləri də müəllimə və dərsə münasibətləri ilə müəllimlərin diqqətini özlərinə cəlb edirlər.

Bu münasibət tərzinin psixoloji effektlərini aydın təsəvvür etmək üçün J.Parsons və başqalarının tədqiqatlarının nəticələrini xatırlamaq kifayətdir. Onlar riyaziyyat müəllimlərini şagirdlərə – oğlan və qızlara münasibətlərinə görə iki qrupa ayırmışlar:

a) Birinci qrup müəllimlər belə hesab edirlər ki, qızlara nisbətən oğlanlar riyaziyyata daha çox qabiliyyətlidirlər. Onlar riyaziyyat dərslərində oğlanları daha çox rəğbətləndirirdilər.

b) İkinci qrup müəllimlər isə oğlanları və qızları eyni dərəcədə riyaziyyata qabiliyyətli hesab edirdilər, təlim uğurlarına görə onları eyni tərzdə tərifləyir və rəğbətləndirirdilər.

Tədqiqatın nəticəsində müəyyən edildi ki, müəllimlərin münasibətindən asılı olaraq qızlar da özlərinin riyazi qabiliyyətlərini müxtəlif meyarlarla qiymətləndirirlər.

Müəllim-şagird münasibətlərinin psixoloji effektləri çoxcəhətlidir. Başqa bir eksperiment zamanı uşaqları iki qrupa ayırmışdılar: müəllimlərin sevdiyi və sevmədiyi şagirdlər.

Psixoloqları bir məsələ maraqlandırırdı. Görəsən, müəllim sevdiyi və sevmədiyi şagirdlərin nöqsanlarına necə yanaşır? Eksperimenti qəsdən elə qurmuşdular ki, sevimli şagirdlər müəyyən səhvlərə yol verirlər. Müəllimin sevmədiyi şagirdlər isə tapşırığı səhvsiz icra edirdilər. Nə qədər təəccüblü olsa da, eksperimental situasiyada da müəllimlər məhz sevdikləri şagirdlərin səhvlərini görmürlər. Halbuki onlar sevmədikləri şagirdlərin, hətta düz icra olunmuş işlərində belə ciddi-cəhdlə müəyyən nöqsan axtarırlar və əsassız da olsa tapırlar.

Psixoloji araşdırmaların nəticələri göstərir ki, müəllim şagirdi necə qəbul edirsə, onunla elə də rəftar edir və özünün rəftar tərzi ilə əslində şagirdin pis və ya yaxşı şagird kimi formalaşması üçün şərait yaradır. Tanış olduğumuz eksperimentlərin ibrət dərslərini də elə bu kökdə açıqlamaq lazımdır.

Müəllimlərin şagirdlərə münasibətləri bir çox hallarda birtərəfli sosial stereotiplərə də əsaslanır. R.Ristin müşahidələri bu baxımdan maraqlıdır. Zənci məktəbində müəllim hələ dərs ili başlamamışdan əvvəl şagirdləri onların ailəsinin maddi vəziyyətinə görə üç qrupa bölmüşdü: orta səviyyəli ailələrdən olan uşaqları birinci qrupa, kasıb uşaqlarını ikinci qrupa, tək valideynlərin uşaqlarını isə üçüncü qrupa daxil etmişdi. Müəllim orta səviyyəli ailələrdən olan uşaqların daha çox qabiliyyətli olacağını güman edirdi. Onun fikrincə, bu uşaqlar o biri uşaqlara nisbətən daha yaxşı oxumalıdırlar. Müəllim uşaqları qruplara ayıranda dərs ili başlamamışdı və şagirdlər də öz qabiliyyətlərini, şübhəsiz ki, hələ göstərməmişdilər. Müəllim onların qabiliyyətləri haqqında ancaq sosial stereotiplər əsasında fikir söyləmişdi.

Dərs ili başlananda müəllim şagirdləri partalarda özünün müvafiq təsəvvürünə əsasən yerləşdirdi. Birinci qrupa aid etdiyi uşaqları ön partalarda, özünə yaxın yerlərdə, kasıb və tək valideynlərin uşaqlarını isə arxa partalarda oturtdu. Birinci partada oturan uşaqlar üçün daha yaxşı şərait yaratdı: onların suallarına cavab verir, tez-tez dərsi onlardan soruşur, yaxınlaşıb ayrı-ayrı məsələləri onlara izah edirdi. Müəllimin ümidləri, təbii ki, bu halda özünü doğrultdu. Birinci qrup uşaqların təlim uğurları daha önəmli oldu. Onlar özlərinin təkcə qabiliyyətlərinə görə deyil, ilk növbədə, müəllimin onlar üçün dərsdə əlverişli şərait yaratdığına görə yaxşı oxumağa başladılar.

Müəllim isə antihumanist addım atmışdı: özü də bilmədən ikinci və üçüncü qrup uşaqlarda qabiliyyətlərin inkişafı üçün şərait yaratmamışdı.

Müəllim-şagird münasibətləri: müasir müəllimin sosial-psixoloji portreti

Şagird sosial varlıq kimi başqa insanlarla, məktəb məkanında, ilk növbədə, müəllimlərlə və sinif yoldaşları ilə min bir görünən və görünməyən tellərlə bağlıdır. O, həyatının xüsusi bir mərhələsini – məktəbli ömrünü bu sirli-sehrli psixoloji məkanda yaşayır.

Hələ əsrin əvvəllərində Amerika psixoloqu C.Mid “Mən”in strukturunda iki “Mən”i – fərdi “Mən”i və sosial “Mən”i fərqləndirirdi. Müəllifin fikrincə, “Mən” mahiyyətcə bu iki vəsilədən qaynaqlanan sosial prosesdir. C.Mid müəyyənləşdirmişdi ki, insan ancaq başqa adamın mövqeyində dayananda özünü “Mən” kimi dərk edə bilər. O, ancaq bu yolla mənlik şüuruna yiyələnir.

Fundamental nəzəri-eksperimental araşdırmalar göstərir ki, şagird bir şəxsiyyət kimi ailə və məktəbin çoxşaxəli münasibətlər sistemində formalaşır və inkişaf edir. “Müəllim-şagird” münasibətlərinin əhəmiyyəti bu kontekstdə dəyərləndirilməlidir.

Müasir psixoloji təsəvvürlərə görə, “Müəllim-şagird(lər) münasibətləri” ikitərəfli mürəkkəb proses olsa da, onun müəyyənləşməsində müəllimin rolu önəmlidir. M.N.Lukyanovanın qeyd etdiyi kimi, müəllim bu münasibətlərin təcrübəli iştirakçısı kimi şagirdin bir şəxsiyyət kimi formalaşmasına və inkişafına min bir görünməz tellə təsir göstərir. Müəllifin fikrincə, müəllim-şagird münasibətlərinin” inkişafı bir çox cəhətdən “məhz müəllimin bir şəxsiyyət kimi aktivliyindən asılıdır.

(ardı var)

Professor Əşrəf Əlizadənin
elmi əsərləri əsasında
məqaləni çapa hazırladı:

Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın