7:58 am - Çərşənbə Noyabr 22, 2017

Lənkəran Dövlət Humanitar Kollecində BEYNƏLXALQ Müəllimlər Günü təntənə ilə qeyd edildi

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli bayram tədbiri keçirildi. Tədbiri giriş nitqi ilə kollecin direktoru, dosent Ruslan Həmidov açaraq həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik etdi və bu münasibətlə hər bir müəllimə kollecin büdcədənkənar vəsaiti hesabından pul mükafatı verilməsi haqqında əmr imzalandığını bildirdi. Direktor qeyd etdi ki, hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

Şəkil

Şəkil

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir.

Şəkil

Şəkil

Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Həmişə olduğu kimi, bu ilki Bilik günündə də iştirak edən Prezident İlham Əliyev dövlətin təhsilə və təhsilin əsas siması olan müəllimə göstərdiyi diqqəti bir daha təsdiq etdi və bunun davamlı olacağını diqqətə çatdırdı”. Sonra kollecin FBK sədrləri Nuranə Əsgərova, Qətilə Şükürova, şöbə müdiri Bəyəli Rüstəmov çıxış edərək müəllim yoldaşlarını bu müqəddəş peşə bayramı münasibətilə təbrik etdilər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş kollecin gənc müəllimlərinə – Kişvər Əhmədova, Elduzə Əkbərova, Əsmər Hüseynova və Gülbəniz Hüseynovaya partiya vəsiqələri təntənəli şəkildə təqdim edildi və onlara uğurlar arzulandı. Sonda kollektivlə xatirə şəkli çəkildi.

Cəmil Quliyev,
Lənkəran Dövlət Humanitar
Kollecinin müəllimi, tarix üzrə fəlsəfə doktoru

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın