7:53 am - Çərşənbə Noyabr 22, 2017

Dövlət bayrağı şərəfimizdir

Nüşabə Xələfova, Bakı şəhər Binəqədi rayon  179 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Nüşabə Xələfova,
Bakı şəhər Binəqədi rayon
179 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi

Yazıma qəlbimdən qopan bu misralarla başlamaq istəyirəm:
Sənin hər bir zolağına, hər rənginə qurban olum,
Qəlbə fəxarət gətirən ahənginə qurban olum,
Tanrıdan göndərildiyin aya, günə qurban olum
Can bayrağım – müqəddəsim, sən namusum, şərəfimsən
Nə xəşbəxtəm bu dünyada mən səninəm, sən mənimsən.
Bəli, bayrağımız bizim qürurumuz, iftixarımız, şərəfimizdir.

Məktəblilərdə vətənə, torpağa, bayrağa, xalqa məhəbbət tərbiyəsi bu gün daha çox əhəmiyyət kəsb edir. Yüksək mənəvi zənginliyə malik, dönməz əqidə və məslək sahibi olan, xalqını, torpağını sevən, onun azadlığı və şöhrətlənməsi uğrunda mübarizə apran vicdanlı, qeyrətli şəxsiyyətlər formalaşdırmaq biz müəllimlərin mühüm vəzifələrindən biridir.

Milli vətənpərvərlik çox geniş anlayışdır. O, dövlətçiliyimizin inkişafında mühüm rol oynayan bir sıra xüsusiyyətləri özündə ehtiva edir. Milli ideologiyanın nəzəri əsaslarının formalaşmasında və inkişaf etdirilməsində milli vətənpərvərlik mühüm yer tutur. Öz milli tarixinə dərin maraq göstərmək, torpağını, vətənini sevmək, onun inkişafı, mənafeyi naminə çalışmaq, “öz vətəninə görə, öz millətinə görə, öz ana dilinə görə milli qürur hissi keçirmək” (Heydər Əliyev) və fəxr etmək milli vətənpərvərliyin əsas xüsusiyyətləri sırasına daxildir.

Bu gün gəncliyimiz vətənpərvərlik anlayışını dərk etsə, “Torpaq uğrunda ölən varsa, Vətəndir” formulunu özünün həyat qayəsinə, həyat idealına çevirə bilsə, onda müstəqilliyimizin əbədiliyinə, ərazilərimizin bütövlüyünə tam təminat ola bilər. Bu o deməkdir ki, milli təhsilimizin qarşısında məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etməyə nail olmaq kimi çətin, lakin şərəfli vəzifə durur.

179 nömrəli tam orta məktəb

179 nömrəli tam orta məktəb

Biz müəllimlər unutmamalıyıq ki, ən başlıca vəzifəmiz xalqın milli, mənəvi, əxlaqi dəyərlərinə dərindən yiyələnən insan tərbiyə etməkdir. Axı cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bu etibarı, etimadı və inamı doğrultmaq bizim borcumuz, vəzifəmizdir.

Vətənpərvərlik, milli mənlik-böyük anlamdır. Onu dərk etməyin, mənən zənginləşməyin yolu bir şəxsiyyət kimi formalaşmaqdan keçir. Bunun üçün isə münbit mühitə ehtiyac var: bu işdə təkcə ailə, məktəb, elm, təhsil ocaqları deyil, telekanallarımız, mətbuat, mədəniyyət ocaqlarımız, internet-media vətənpərvərliyin, milli mənliyin inkişafına yönələn mövzulara, süjetlərə daha çox yer ayırmalıdırlar. Uşaqların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin ardıcıl, sistemli görülməsi milli ideologiyanın tərkib hissəsi olmalıdır. Yəni bu mühüm iş birgə aparılmalıdır.

179 nömrəli tam orta məktəb

179 nömrəli tam orta məktəb

Dövlətimizin, dilimizin, adət-ənənələrimizin milli dəyərlərimizin yaşadılması, nəsildən-nəslə ötürülməsi kimi ümdə vəzifə gənclərimizin üzərinə düşür. Bu baxımdan əsas problemlərdən biri gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda yüksək dövlətçilik şüurunun, məhsub olduğu millətə və dövlətə məhəbbət hislərinin formalaşdırılmasıdır. Bu inkişafın yolu isə tərbiyə və tədrisin keyfiyyətli olmasından keçir. İlk növbədə, ailə tərbiyəsi möhkəm olmalıdır. Çünki tərbiyənin bünövrəsi ailədə qoyulur. Axı uşaq gözünü açıb ailədə gördüyü tərbiyə ilə yetişir, daha sonra bu tərbiyə təhsil ocaqlarında davam edir.

Xalqın soykökünə əsaslanan və milli adət-ənənələrimiz üzərində qurulan bəşəri dəyərlərin uşaqların anladığı səviyyədə izah edilməsi onların dünya görüşünü formalaşdırır. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi, mədəniyyəti ilə həmişə dünyada tanınmışdır. Dövrümüzdə milli-mənəvi dəyərlərin məzmunu yeniləşir. Buraya milli ləyaqət, milli iftixar, İslam dininin dəyərlərinə yiyələnmə, doğma torpağa məhəbbət, Ermənistan siyasi hakimiyyəti kimi təcavüzkar düşmənə qarşı amansız olmaq və s. kimi keyfiyyətlər daxil edilir. Belə təcavüzlərə hazırlıq lap kiçik yaşlardan tərbiyə edilməlidir. İndi xalqımıza igid, mərd, qorxmaz oğullar, şəfqətli qızlar daha çox lazımdır. Bir müəllim kimi vətənpərvərlik yönümündə mən də əməli iş aparır, şagirdlərimdə vətən təəssübü, qeyrət hissi, torpağa bağlılıq, torpaq, vətən sevgisi yaratmağa çalışıram.

Hazırladığım kompozisiyalarda uşaqlar həvəslə çıxışlar edir, ifaları ilə tamaşaçıları duyğulandırmağı bacarırlar.

Şagirdlərimdə mərdlik, mübarizlik, nikbinlik, vətənə məhəbbət kimi müsbət keyfiyyətlər tərbiyə etmək üçün sinifdənxaric, məktəbdənkənar tədbirlərin təşkilinə də üstünlük verirəm. Şəhidlər Xiyabanının ziyarəti, tarixi yerlərə ekskursiyalar şagirdlərdə müqəddəs hislər aşılayır. Mən də həmkarlarım kimi, şagirdlərimi doğma yurda bağlılıq, xalqa, vətənə vicdanla xidmət etmək ruhunda tərbiyə etməyə çalışıram.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın