7:54 am - Çərşənbə Noyabr 22, 2017

Əməkdaşlıq pedaqogikası: demokratizm, bərabərlik və pArtnyorluq

(əvvəli ötən saylarımızda)

kivdf1

kivdf1

Psixoloji və pedaqoji ədəbiyyatda sinifdə münasibətlərin humanistləşdirilməsi şəraitində müəllimin sosial-psixoloji portreti aşağıdakı cizgilərlə təsvir olunur:

– Müəllim hər bir şagirdə hörmətlə yanaşır, onun insan məziyyətlərini yüksək dəyərləndirir;

– Şagirdin taleyi ilə yaxından maraqlanır;

– Onların qabiliyyət və istedadına optimistcəsinə inanır;

– Şagirdlərlə onların partnyoru kimi əməkdaşlıq edir;

– Onları stimullaşdırmaq yolu ilə daxili motivlər yaradır;

– Şagirdlərin nöqsanlarına dözümlüdür;

– Ünsiyyət mədəniyyəti seçimlidir…

Müəllimi həmişə ulu sözlərlə səciyyələndiriblər. Şərq mədəniyyətində onun imici xüsusilə önəmli olub. Müəllimin şəxsiyyətinə başlıca tərbiyə amili kimi baxıblar. Lakin şagirdin sərt ölçülərlə obyekt kimi dəyərləndirildiyi bir şəraitdə müəllimlə şagird münasibətlərində həmişə nə isə bir Çin səddi olub. Müasir təhsil konsepsiyası onların münasibətlərinə soyuqluq gətirən, yadlaşma üçün öz-özünə şərait yaradan bu səddi dağıdıb və təhsiln humanistləşdirilməsi kökündə yeni pedaqoji sistem – əməkdaşlıq pedaqogikası yaradıb.

Əməkdaşlıq pedaqogikası: demokratizm, bərabərlik və partnyorluq

Əməkdaşlıq pedaqogikası özünəməxsus psixoloji semantikası olan rəmzi anlamdır. Bu pedaqogika, sözün əsl mənasında, müəllimlə şagirdin əməkdaşlığına söykənir, lakin mahiyyətcə inkişafetdirici didaktik sistemdir. Bu sistemdə şagirdlərdə nəzəri təfəkkürün inkişaf etdirilməsi, təfəkkür üsullarının formalaşdırılması nəzərdə tutulur. Fənlərin inteqrasiyasına, təlimin variativliyinə, diferensiyasına və s. xüsusi əhəmiyyət verilir.

Əməkdaşlıq pedaqogikasında müəllim-şagird münasibətləri subyekt-subyekt münasibətləri kimi təhlil olunur. Bu mürəkkəb və çoxcəhətli münasibətlər dövrün bənzərsiz mənəvi sərvətlərinə – demokratizmə, bərabərliyə və partnyorluğa əsaslanır.

Əməkdaşlıq pedaqogikasında şagird, sözün əsl mənasında, şəxsiyyətdir. Şəxsiyyət baxımında yanaşma onun ana xəttini təşkil edir. Xeyirxahlıq, məhəbbət, əməksevərlik, vicdan, ləyaqət, vətəndaşlıq və s. bu konsepsiyada şagirdin başlıca keyfiyyətləri hesab olunur. Müəllim şagirdi qabiliyyətli hesab edir, ona inanır, ən başlıcası müvəffəqiyyət qazanmaq üçün şərait yaradır. Tərbiyə işi özünün humanizmi ilə seçilir. Şagirdlərə ümumbəşəri sərvətlər milli-mədəni sərvətlərlə vəhdətdə aşılanır. Dərs haqqında ictimai şüurda bərqərar olmuş təsəvvürlər dəyişilir. Dərs sadəcə olaraq bilik, bacarıq və vərdişlərin deyil, şagirdin bir şəxsiyyət kimi formalaşması prosesinin önəmli vasitələrindən biri kimi meydana çıxır, sadəcə olaraq adi bir cədvələ sığan 45 dəqiqəlik məşğələ kimi deyil, canlı ünsiyyət prosesi kimi özünü göstərir, şagird həyatının bir parçasına çevrilir.

Əməkdaşlıq pedaqogikası özünün bu məziyyətləri ilə diqqəti daha çox cəlb edir: onun başlıca ideyaları XX yüzilliyin mütərəqqi təhsil texnologiyalarında uğurla həyata keçirilir. Mütəxəssislər əməkdaşlıq pedaqogikasını haqlı olaraq 80-ci illərin önəmli pedaqoji nailiyyətlərindən biri hesab edirlər. 80-90-cı illərdə təhsil sahəsində həyata vəsiqə almış innovasiya proseslərinin çoxu bu və ya digər dərəcədə əməkdaşlıq pedaqogikası ilə bağlıdır.

Əməkdaşlıq pedaqogikasının paradiqmaları həmişə məktəbin aktual problemi kimi səslənmiş önəmli bir məsələyə – şagirdlərə “nəyi” və “necə” öyrətməli məsələsinə mahiyyətcə yeni baxımdan yanaşmaq imkanı verir. Onlar müasir məktəbdə tərbiyə prosesinin başlıca inkişaf meyillərini də əks etdirirlər.

Əməkdaşlıq pedaqogikası özünün keyfiyyətcə yeni mərhələsində artıq birgə yaradıcılıq pedaqogikası kimi inkişaf etməyə başlamışdır.

Pedaqoji qabiliyyətlərin sehrində

Çağdaş psixologiyada pedaqoji qabiliyyətlərin müxtəlif növləri – didaktik, perspektiv, konstruktiv, kommunikativ, ekspressiv, təşkilatçılıq qabiliyyətləri və s. fərqləndirilir. Onlardan hər biri öz-özlüyündə pedaqoji fəaliyyətdə xüsusi yer tutur. Müəyyən edilmişdir ki, pedaqoji qabiliyyətlər sistemli xarakter daşıyır, “zəncirvari reaksiya” kimi bir-birilə bilavasitə bağlıdır.

Müasir təhsil konsepsiyası didaktik və təşkilatçılıq qabiliyyətlərinin əhəmiyyətini qətiyyən azaltmadan bu gün, təhsilin humanistləşdirilməsi şəraitində kommunikativ və perseptiv, ekspressiv və konstruktiv qabiliyyətlərin əhəmiyyətini xüsusi vurğu ilə dəyərləndirir. Müəllimin şagirdlərlə qarşılıqlı münasibətlərinin inkişafı baxımından məhz bu qabiliyyətlər və bilavasitə onunla bağlı olan qabiliyyətlər – perseptiv və ya ekspressiv qabiliyyətlər önəmli əhəmiyyət kəsb edir. Məktəb müşahidələri də şagird-müəllim münasibətlərinin əmələ gəlməsində və inkişafında, ilk növbədə, kommunikativ qabiliyyətlərin xüsusi yer tutduğunu göstərir. Müəllim məhz bu keyfiyyətləri ilə, yazıçı C.Əlibəyovun qeyd etdiyi kimi, həyatın dibinə enib uşaqları və gəncləri cəmiyyətin fövqünə qaldırmaq zəhmətinə qatlaşır.

Müəllim bir şəxsiyyət kimi şagirdlərin ona münasibətlərində yaşayır. Onun şəxsiyyətinin, fərdi-psixoloji xassələrinin əhəmiyyəti haqqında nə qədər təntənəli sözlər deyilmişdir?! Bu sözlərin hamısı da inkaredilməz pedaqoji həqiqətlərə söykənir.

Müəllimin şagirdlərlə ünsiyyəti çoxsaylı və müxtəlif amillərlə şərtlənir. Hətta sinifdə şagirdin yeri – neçənci partada, hansı sırada oturmasının da bu baxımda əhəmiyyəti vardır.

“Müəllim və şagirdlərin münasibətləri” monoqrafiyasının müəllifləri ilk baxımda diqqəti cəlb etməyən maraqlı faktı açıqlamışlar. Müəyyən edilmişdir ki, müəllim istəyindən asılı olmayaraq birinci partalarda oturan şagirdlərlə daha çox ünsiyyətə girməyə çalışır. Bu şagirdləri də daha yüksək qiymətləndirir.

Ünsiyyətin məkan (və zaman) parametrləri var. Bu həqiqət dərk olunanda “dəyirmi stollar” kəşf olundu və onlarla suallar əmələ gəldi: idarədə iş kabineti və ya ofis necə olmalıdır? Vaqon kupesinin və ya xəstəxana palatasının quruluşu necə olmalıdır? Müasir psixologiya bu suallara artıq əsaslı cavab verir. Sinif otağının infrastrukturu isə mahiyyətcə dəyişilmir ki, dəyişilmir. Bundan da hələlik birinci partalarda oturan şagirdlər qazanırlar. R.Ristin müşahidələrini xatırlayın.

Xarici ölkələrdə isə sinif otaqlarının infrastrukturunda köklü dəyişikliklər əmələ gəlib. A.Cahangirov və F.Qədirovun müasir dərsin aktual problemlərinə həsr olunmuş maraqlı məqaləsində haşiyə təriqilə olsa da, önəmli bir qeyd var. Müəlliflər yazırlar: “Dünya bankının təhsil üzrə ekspertləri bizdəki ənənəvi dərsin müasir dərsdən nə ilə fərqləndiyini izah etmək üçün o dəqiqə bir vərəq götürüb bizdə və onların sinif otaqlarında partaların yerləşməsini əks etdirən iki sxematik şəkil çəkirlər. Bizdə: 3 sırada düzülmüş partalar, üzü müəllimə tərəf oturmuş uşaqlar, xaricdə 5-6 nöqtədə qruplaşmış partalar, üz-üzə oturmuş uşaqlar… həmin ekspertlərə deyəndə ki, biz bunu çoxdan bilirik, təəccüblə soruşurlar: bəs nə üçün tətbiq etmirsiniz? Haqlı sualdır…”.

Şagirdin hansı partada oturması ilk baxımdan bəlkə də son dərəcə adi misaldır. Bəla bundadır ki, müəllim elə bu adiliyin özündə qeyri-adi səhvlərə yol verir – sinifdə ayrı-seçkilik salır. Bu adi məsələni genişləndirsək, məktəb məkanında özünə asanlıqla yer tapan onlarla adi, lakin təzadlı misallar göstərmək olar. Əslində isə məktəbdə, tərbiyə mühitində adi məsələ yoxdur və ola da bilməz. Bu mühitdə adi görünən “şeylərin” tərbiyə effektləri bəzən adi görünməyən “şeylərin” tərbiyə effektindən daha kəsərli olur…

Qövsi-quzeyin rəngləri: şagirdlərin gözüylə

Əgər müəllim sinifdə müxtəlif yollarla ayrı-seçkilik salırsa, təkcə şagirdləri deyil, həm də valideynləri ailənin statusuna görə qiymətləndirirsə-şagirdlər bunları görürlər və necə deyərlər, uşaq həssaslığı ilə mənalandırırlar. Bu “kiçik həqiqətlər” şagirdin müəllimə münasibətini müəyyənedici tərzdə şərtləndirməyə başlayır. Q.Melvilin maraqlı bir ricəti var: Kim qövsi-qüzeydə bənövşəyi rəngin harada qurtardığını və narıncı rəngin harada başladığını deyə bilər? Biz rənglərin çalarlarını aydın görürük, ancaq bir tonun qarışaraq başqa boyaya qovuşduğunu əslində sadəcə olaraq ayırmırıq və ayıra da bilmirik. İnsan münasibətlərinin pöhrələnməsi də elə qövsi-qüzeydə rəng dünyasının şaxələnməsinə bənzəyir: qövsi-qüzeydə rənglər təbiət qanunları ilə, insan münasibətləri isə psixoloji qanunlarla, ilk növbədə, emosional qanunlarla bir-birinə qovuşur. Qövsi-qüzeyin 7 rəngi varsa, insan münasibətlərinin bəlkə də yüzlərlə boyası var. Uşaqların müəllimə mehri-məhəbbəti ən adi hallarda isə sadəcə olaraq seçici münasibət, hər şeydən öncə, məhz ünsiyyətin emosional çalarlarında yaranır, müəllim-şagird münasibətlərində önəmli psixoloji amilə çevrilir.

Bəs, şagirdlər müəllimlərin onlarla ünsiyyət sahəsində yol verdikləri nöqsanları görürlərmi? Müəllimlərin bəzi uşaqlara ögey münasibət bəsləməsinə, sinifdə ayrı-seçkilik salmasına, əslində ögey-doğmalıq şərait yaratmasına necə münasibət bəsləyirlər?

Kiçik məktəblilər, illah da I sinif şagirdləri üçün müəllim adi müəllim deyil, Əlahəzrət Müəllimdir. Onu uşaqlar nağıl ölçüləri ilə qiymətləndirirlər. Yuxarı siniflərdə də müəllimin nüfuzu böyükdür. Hətta müəllimin səsini eşidəndə, şəklini görəndə, şagirdlərin davranışları istər-istəməz bu və ya digər dərəcədə dəyişir, özlərini başqa tərzdə aparmağa başlayırlar.

(ardı var)

Professor Əşrəf Əlizadənin
elmi əsərləri əsasında
məqaləni çapa hazırladı:

Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın