7:54 am - Çərşənbə Noyabr 22, 2017

Lisey “Təhsildə keyfİyyət ili”ndə DƏ böyük uğurlara imza atacaq

Zeynəb Qasımova, 291 nömrəli Ekologiya liseyinin tərbiyə işləri üzrə direktor müavini

Zeynəb Qasımova,
291 nömrəli Ekologiya liseyinin tərbiyə işləri üzrə direktor müavini

Elmin zirvəsinə pillə-pillə yüksələn elm və pedaqoji aləmdə yaxşı tanınan alim-müəllimlərimizdən biri də müsahibimiz Qasımova Zeynəb Məmməd qızıdır. O, 1961-ci ildə anadan olub. 1985-ci ildə M.F.Axundov adına APRDƏİ-ni bitirib. Həmin ildən pedaqoji fəaliyyətə başlayıb. 1997-ci ildən 291 nömrəli Ekologiya liseyində rus dili müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir. 2004-cü ildən həmin təhsil müəssisəsində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Zeynəb Qasımova 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir, filologiya üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi-publisistik məqalənin və 3 kitabın müəllifidir. Qırğızıstan, Qazağıstan, Moldova və Ulyanovskda məqalələri nəşr edilmişdir. Rus dilinə tərcümə etdiyi (şərikli) kitablar Moskvada və Sankt-Peterburqda işıq üzü görmüşdür.

-Zeynəb müəllim, liseyin fəaliyyəti barədə nə deyə bilərsiniz?

-291 nömrəli Ekologiya liseyi 1994-cü ildə yaradılıb. Hazırda 600 şagirdin təlim-tərbiyəsi ilə 50-yə yaxın müəllim məşğul olur. Yarandığı vaxtdan bu günədək həmişə göstərdiyi yüksək nəticələrə görə öncül sıralarda yer tutur. Bunun ən başlıca səbəbi peşəsinin əsl sahibi olanların liseydə toplanmasıdır. Burada yüksək savada malik olmaqla yanaşı, təcrübəli, daimi öz üzərində çalışan, həm valideyn, həm şagird, həm də həmkarı ilə əməkdaşlıq etməyi bacaran yenilikçi, təhsil fədailəri çalışır. Onlardan Qəmər Tağıyeva (ibtidai sinif), Səadət Kərimova (coğrafiya), Məhəbbət Həsənova (kimya), Mirac Kazımova (fizika), Gülarə Əliyeva (ingilis dili), Gülnarə Cəfərova (ingilis dili), Yaqut Salehova (Azərbaycan dili və ədəbiyyat), Dilbər Ağasıyeva (psixoloq) və digər müəllimlərin adlarını böyük iftixarla çəkə bilərəm. Pedaqoji kollektivin əldə etdiyi uğurların başlıca səbəbi bunlardır.

-Gənc müəllimlər kollektivdə özlərini necə hiss edirlər?

-Liseydə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərdən həmişə isti münasibət, həmkar dəstəyi əskik olmayıb. Təcrübəli müəllimlərimizin qarşılıqlı dərs dinləmələri, məsləhəti, tövsiyələri gənc müəllimlərin işində özünəinam yaradıb.

-Pedaqoji kollektivin təlim-tərbiyə sahəsində əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz?

-Mən yuxarıda qeyd etdim ki, kollektivimiz həm valideynlərlə, həm də şagirdlərlə əməkdaşlıq etməyi bacarır. Təbii ki, belə olduqda şagirdlərimiz də böyük uğurlara imza atırlar. Təkcə ötən dərs ilində 9-cu sinif şagirdi Bayramlı Turan İndoneziyada keçirilən 48 ölkənin qatıldığı 13-cü Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil etmiş və 3-cü yer tutaraq bürünc medala layiq görülmüşdür. 10-cu sinif şagirdi Nağızadə Elşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi “İdeya var” adlı İnformatika Olimpiadasında 1-ci yer tutmuşdur. Həmçinin VI Beynəlxalq “Sabahın alimləri” müsabiqəsində qızıl medal qazanmışdır. Bunun davamı olaraq ABŞ-da keçirilən Beynəlxalq İNTEL müsabiqəsində iştirak etmişdir. 2016-2017-ci tədris ilində liseyi bitirən məzunlarımızın 100%-i ali məktəblərə daxil olmuşdur. Onlardan 1 nəfəri xaricdə təhsilini davam etdirir. Məzunlardan 3 nəfər 650-dən, 8 nəfər 600-dən, 22 nəfər isə 500-dən yuxarı bal toplamışlar. Əlbəttə, uğurlarımızın hamısını qeyd etsək, böyük bir siyahı yaranmış olar.

-“Təhsildə keyfiyyət ili” çərçivəsində hansı işlərin görülməsi planlaşdırılıb?

-“Təhsildə keyfiyyət ili”ndə planlaşdırılan iş çoxdur. Ən əsası III-IX siniflərdə ayda bir dəfə monitorinq aparılmaqdır. X-XI siniflərdə isə şagirdlərin hazırladıqları qruplar üzrə ayda 1 dəfə sınaq imtahanları keçirilməkdir. Bu böyük zəhmət tələb etsə də, müsbət nəticə əldə edəcəyimizə əminik. Bu şagird nailiyyətlərinin izlənməsinə kömək edir. Mən deyərdim ki, eyni zamanda müəllimin işində özü-özünə hesabat verməsidir. Ümid edirik ki, təhsildə keyfiyyət ilində də lisey böyük uğurlara imza atacaqdır.

-Zeynəb müəllim, sinifdənxaric və məktəbdənkənar tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında rolunu necə qiymətləndirirsiniz?

-Sinifdənxaric və məktəbdənkənar tədbirlər təşkilat işləri üzrə direktor müavininin çoxşaxəli işinin ayrılmaz hissəsidir. Bu tədbirlər şagirdlərin dünyagörüşünün zənginləşməsində, gələcəkdə vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynayır. Məktəbdə şagirdlərin kiçik səhnəciklərdə ifa etdikləri rollar təkcə sadə bir oyun deyil, bir həyat laboratoriyasıdır. Mən bir şeyi xüsusi vurğulamaq istəyirəm. Bəzən biz qarşımızda əyləşən uşaqları tam dərk edə bilmirik, onların daxili aləminə yol tapmırıq. Amma onlar böyüyüb boya-başa çatanda, sərbəst həyatda olanda belə qəlblərinə yaxın saydıqları müəllimlərinin məsləhətlərinə ehtiyac duyurlar. Mən də istəyərdim ki, bu gün təhsil ocaqlarında çalışanlar yetişməkdə olan gənc nəslin tərbiyəsində, həyatda düzgün yol tutmasında elə böyük rol oynasınlar, onların təmiz qəlblərində elə yer tutsunlar ki, böyüyəndə də öz müəllimlərinin tövsiyələrinə mənəvi ehtiyac duysunlar. Burada bir kəlam yada düşür: “Əsl insan sevincini onda yaşamaq olur ki, kiməsə sevinc bəxş etdiyini hiss edirsən”.

Ramiz Kərəmov,
“Təhsil problemləri”

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın