7:53 am - Çərşənbə Noyabr 22, 2017

Azərbaycan tarixinin şanlı səhifəsi

“Naxçıvan” Universitetinin konfrans zalında 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar konfrans keçirilib. İlk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq tarixi günün əhəmiyyətindən danışıb.

Bildirilib ki, 18 oktyabr çağdaş Azərbaycan tarixinin önəmli hissəsi və Azərbaycan dövlətinin yaranması günüdür. Hər bir dövlətin müstəqillik tarixi onun şərəf və qürur mənbəyidir. Bu bayramın yeni yetişən gənclikdə milli vətənpərvərlik hislərinin oyadılması və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsindəki rolu müqayisəolunmazdır.

Sonra Ümumi tarix kafedrasının professoru, “AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “XX əsrin 90-cı illərində Azərbaycanda və SSRİ-də baş verən siyasi proseslər fonunda müstəqilliyə gedən yol”, Ümumi tarix kafedrasının müəllimi Vaqif Hüseynovun “Sovet dövründən başlanan milli azadlıq mübarizəsi” və həmin kafedranın müdiri Mehman Şabanovun “Müstəqillikdən keçən 26 il xalqımızın tarixində” mövzularında çıxışları dinlənilib. Qeyd olunub ki, 1990-91-ci illərdə Sovetlər Birliyinin süquta uğradığı zaman yaranan tarixi şərait nəticəsində Azərbaycan xalqı ikinci dəfə öz müstəqillik bayrağını qaldırdı. Həmin illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan xalqına azadlıq, müstəqillik uğrunda mübarizədə hər zaman düzgün yol göstərir, bu yolda sonacan mübariz olmağa çağırırdı. Lakin müstəqilliyin qorunması xalqımız üçün onun əldə edilməsindən qat-qat ağır və çətin idi. Belə bir dövrdə xalqımız Heydər Əliyev kimi görkəmli bir siyasətinin siyasi hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və buna nail oldu. Yalnız Ümummilli Liderin fəaliyyəti nəticəsində dövlətçiliyimiz möhkəmlənmiş, respublikamız dünya dövlətləri arasında önəmli yerlərdən birini tutumuşdur. Bu gün də Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt ilə onun layiqli davamçısı ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, güclənir və qüdrətlənir.

Sonda tədbir iştirakçıları dövlət müstəqilliyini əks etdirən slayda baxıblar.

Nuray ƏSGƏROVA,
“Naxçıvan” Universitetinin əməkdaşı

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın