7:55 am - Çərşənbə Noyabr 22, 2017

Naxçıvan Dövlət Universitetinin kollektivi Əcəmi seyrangahındakı muzey kompleksini ziyarət edib

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma altında Muzey kompleksində olublar. Açıq Səma altında Muzeyin ziyarəti zamanı məlumat verilib ki, xalqımızın zəngin tarixi-mədəni irsi memarlıq abidələri ilə bərabər, həm də daş abidələrdə yaşayır.

Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri ümumilikdə bəşəriyyətin tarixindən xəbər verir.

Burada muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur. Ekspozisiyadakı 450 maddi mədəniyyət nümunəsi ulu Naxçıvanın daş yaddaşıdır.

Möminə xatun türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. Nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə xatun türbəsi yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb:

Biz gedirik, ancaq qalır ruzigar.
Biz ölürük, əsər qalır yadigar.

Xan sarayında məlumat verilib ki, saray Naxçıvan şəhərinin Xan dikində inşa olunub. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu ilə seçilir. Muzeydə Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, məişət əşyaları – misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir. Muzeydə ilk vaxtlar 359 eksponat olduğu halda, hazırda onların sayı 2000-i ötür.

Səadət Əliyeva,
NDU-nun Mətbuat şöbəsinin
müdiri

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın