7:54 am - Çərşənbə Noyabr 22, 2017

MƏMMƏD ARAZ YARADICILIĞINDA MÖVZU MÜXTƏLİFLİYİ

Məmməd Arazın doğum günü yaxınlaşır. Biz də öz növbəmizdə qələmimizi əlimizə alıb onu yada salmağı özümüzə borc bildik. Müsahibimiz Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov maraqlı müsahibəsiylə bizə yol yoldaşı oldu.

Müxtəlif janrlı əsərlərin, şeirlərin, poemaların müəllifi olan Məmməd Arazın zəngin yaradıcılığı öz rəngarəngliyi ilə seçilir. Məmməd Araz yaradıcılığında mövzu müxtəlifliyi var: sevgi, insanlıq, dostluq, lirika, insani hislər, ictimai-siyasi məzmun.

Şairin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Maraqlıdır ki, Məmməd Arazın ilk şeirlər kitabı da 1959-cu ildə “Sevgi nəğməsi” adı altında çap olunmuşdur. M.Araz xalqın şairidir. Məhz buna görədir ki, onun məhəbbət lirikasında da şifahi xalq yaradıcılığı ab-havası var. Şairin iki gəncin məhəbbətindən bəhs edən şeirləri məhəbbət dastanlarını xatırladır, məhəbbət şeirlərinin lirik qəhrəmanı sevgilisini məhəbbətdə dastan qəhrəmanı kimi güclü, inamlı, sədaqətli olmağa səsləyir.

-İman müəllim, səbəbi sevginin elə dastanlarda mövcudluğumu, yoxsa şairin yaradıcılığında əsas istiqamətin xalqın şairi olmaq missiyasından irəli gəldiyindənmi?

-Mən bir məsələni qeyd edim ki, siz çox haqlı olaraq şairin yaradıcılığında dastanlardan söhbət açdınız. Prinsip etibarilə Məmməd Arazın hansısa dastan yazması bəlli deyil. Amma fikrimcə, bir zaman keçəcək Azərbaycan xalqı yeni bir dastanını yaradacaq və bu dastan Məmməd Arazın adı ilə bağlı olacaq. Bu dastanda məhəbbət lirikası öz yerini tutsa da belə, mənim obrazlı ifadəmə görə adı dastanın adı “Məmməd Araz və Vətən” olacaq. Məmməd Araz poeziyasında məhəbbət aparıcı yer tutur. Amma Məmməd Araz bizim orta əsrlər şairləri kimi məhəbbəti bir baxış bucağından işıqlandırmırdı. Məmməd Araz poeziyasındakı məhəbbəti Füzuli, Nəsimi kimi göylərdə axtarmırdı. Bu məhəbbətin özəyi od məhəbbəti, məmləkət, yurd məhəbbəti, bizim gündəlik həyatımızda mövcud olan, real məhəbbətdir. Şairin yaradıcılığında daha çox orta əsrlər yox, XX əsr realist şair və yazıçılarından bəhrələnməyi görürük. Orada bir çiçəyə, vətəndaşa, torpağımızın hansısa bir dağına, daşına, ağacına, suyuna, sözün həqiqi mənasında bir insana olan məhəbbətdən söhbət gedir. Bu cəhətdən Məmməd Arazın məhəbbət lirikası özünəməxsusdur, tamamilə yenidir, bizim üçün yeni cığırlar açır.

-Məmməd Arazı orta əsrlər şairlərindən bəhrələnməyən şair kimi qeyd etdiniz. Ancaq şairin yaradıcılığına nəzər salanda onun poetik ənənə, yaradıcı şəkildə faydalanma baxımından Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabirdən bəhrələndiyini aydın görə bilərik.

-Məhəmməd Füzuli yazır ki, mən nədən yazıramsa onun aşiqiyəm. Güldən, çiçəkdən, torpaqdan, hətta müharibələrdən yazıramsa da orda həlak olanların aşiqiyəm. Bizim bu məhəbbəti təkcə Leyli Məcnun məhəbbəti kimi mənalandırmağımız düzgün olmazdı. M.Füzuli deyib ki, mən aşiqəm, sözüm hər zaman aşiqanədir. Məmməd Araz da Füzulinin bu aşiqliyini qəbul edir. Siz doğru olaraq Sabirin adını da qeyd etdiniz. Sabirdə məhəbbət lirikası Füzuli qədər deyil, ancaq o da tənqid etdiyi tipləri sevə-sevə, çirkinliklərində gözəllik axtararaq sevirdi. Onların çirkinliklərindən yazsa da, o da gözəllik istəyirdi. Bu mənada Məmməd Araz da nədən yazıbsa, o Füzuli məhəbbətidir, o ağaca, çiçəyə, daşa, Azərbaycan adlı məmləkətə məhəbbəti ifadə edir.

Məmməd Araz kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”:

Məni şeirimdə gəz insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.

-Şair, yazıçı həqiqətənmi yaşadıqlarını, yoxsa yaşamaq istədiklərini, arzularını qələmə alır?

-Bu çox maraqlı sualdır. Məmməd Arazın şeirləri sanki onun tərcümeyi-halıdır. Onun şeirlərində bir məmləkət və vətəndaş ayrılmazdır. O məmləkət öz təbiəti ilə, ictimai həyatı ilə, dağıyla, daşıyla, fauna və florasıyla belə bütöv haldadır, vəhdətdədir. Bu səbəbdən biz bəzən Məmməd Araz şeirlərində təbiət və insan sərhəddini ayırmaqda çətinlik çəkirik. Biz bu gün Azərbaycan şeirində Azərbaycan təbiəti və Azərbaycan vətəndaşını ayıra bilmiriksə, bu, Məmməd Arazın birinci baza ixtisasından, coğrafiya təhsilindən irəli gəlir.

Mən qeyd edərdim ki, Məmməd Araz öz şeirlərində hətta özündən sonrakı tərcümeyi-halını yazır:

Baş daşımı kim öpəcək son dəfə,
Bir sən, bir də vətən küləkləri.
Məzarıma gül səpəcək son dəfə,
Bir sən, bir də vətən küləkləri…

Bu şeirdə təbiət və insanın sərhədini ayırmaq mümkün deyil. Əslində burada bir sən ifadəsi bütöv Azərbaycan, bütövlükdə Məmməd Araz sevərlərdir. “Başdaşımı kim öpəcək” – deyəndə Məmməd Araz bundan sonrakı həyatını qələmə alır. Burada böyük təbiət təsviri – peyzaj yaradır.

-“Çırpısı tətikdə, odunu dəmdə”- deyəndə şair nəyi nəzərdə tuturdu?

-Məmməd Araz üçün vətən anlayışı böyükdür. “Vətən anlayışı hardan başlanır” sualına Məmməd Araz bu cür cavab verir: “Ata ocağı və ata ocaqlarının daima yandığı, alovlandığı yerdən”. O, özü müəyyən yaş dövründən sonra doğulub boya-başa çatdığı Nursu kəndində yaşamasa da belə daima onun şeirlərində bir Nursu obrazı var. Bu obraz ata yurdundan başlanır. Bu da təsadüfi deyil ki, Məmməd Arazın poemaları içərisində son dərəcə doğma olan poemalarından biri də “Atamın kitabı”dır. Bu Məmməd Arazın o ocağa mənən bağlılığını ifadə edir. Bu, bizim hər birimizə ata ocağına bağlı olduğumuzu bir daha yada salır.

-Şair şeirlərindən birində özünü milli şeirimizin “daş əsgəri” adlandırır. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” -deyir. İman müəllim, vətəndaşlıq missiyası daşımaq vətənin daşı olmaqdanmı keçir?

-“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” Məmməd Arazın yaradıcılıq düsturudur. Bu yazılıb və dəyişilməyən düsturdur:

Azərbaycan qayalarda bitən bir çiçək,
Azərbaycan çiçəklərin içində qaya

Yenə dağlar, yenə məmləkət, yenə daşlar, amma bunların hamısı çiçək içərisindədir. Məmməd Araz yaradıcılığının proloqu, ön sözü bu iki misradır. Şairin dünyasının başlanğıcı, baxış bucağı, əsas mərkəzi nöqtəsi, nüvəsi, Azərbaycan adlı məmləkətdir. Şair fəlsəfi mənada deyirdi ki, dünya daşdan yaranıb, elə daş olaraq da qalacaq. Bu mənada dünyanın əbədi, ölməz ifadəsinə də gəlirik. Məmməd Arazın sözü, sənəti böyük mənada insanlığa xidmət edən sənət sahəsi kimi diqqətimizi cəlb edir.

-“Ürəyimsiz kəlmə kəsən deyiləm” deyən şair yaradıcılığı boyu bu ideyaya sadiq qalmağı bacara bilibmi?

-Məmməd Araz bütün yaradıcılığı boyu bu ideya ilə yaşayıb. Bəzən biz Məmməd Araz şeirini görməkdən və dərk etməkdən ötrü Məmməd Araz səviyyəsinə qalxmalıyıq. Şair şeirləri ilə azərbaycanlı deyilən bir vətəndaşı Azərbaycan adlı bir ideya ətrafında birləşməyə çağırır. Məmməd Araz şeiri nədən yazmağından asılı olmayaraq bizə Azərbaycan sevgisi, vətən sevgisi təlqin edir. Məmməd Araz, doğrudan da, bu ideyaya sadiq qalaraq 1988-1990-cı illərdə öz şeirlərində meydan hərəkatında əgər milyonlarla insanı Azərbaycan uğrunda mübarizəyə səsləyə bilirdisə, bu Məmməd Araz şeiri sözün həqiqi mənasında bir ordudan artıq Azərbaycan İstiqlal hərəkatına xidmət edən sənət növü kimi bizim diqqətimizi çəkir. Məmməd Araz sənətə gətirdiyi sözə qeyrətlilik, millilik, azərbaycançılıq bəxş edir. O şeiri də azərbaycançılıq odu ilə yanan ocağa dönür, qəlblərimizi isidən sənət məbədinə çevrilir. Bu mənada Məmməd Araz şeiri sözün həqiqi mənasında öyrənilməyə, əzbərlənməyə və dönə-dönə üz tutulmağa layiq sənət növü kimi diqqətimizi çəkir.

-“Mərd ölsə də, mərdlik ölmür” -deyir şairimiz. Siz necə dəyərləndirərdiniz bu fikri?

-Təbii ki bu bizim mənəvi dəyərlərimizdir. Bizim milli-mənəvi dəyərlərimiz daim yaşayacaq. Məmməd Araz deyir: “Mərd ölə bilir, cismən ölür, amma mərdlik ölmür”. Bizim mərd oğullarımız Azərbaycan adlı məmləkətin uğrunda canlarından keçməyə hazırdırlar. Bu məqamda mərdlik ölmür və ölməyəcək də:

Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala.
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala.

Bu, əslində sırf azərbaycanlı obrazıdır. Məmməd Arazın yaratdığı bu azərbaycanlı obrazı – qoca büdrəyəndə büdrəmək, körpə ağlayanda ağlamaq bütün mənəvi dəyərləri də bu obrazın içərisindədir.

-Sonda dünyanın heç kimin olduğunu bildiyi halda, şair nə üçün “dünya mənim, dünya sənin” deyirdi?

-Biz şeirlərimizdə, bəzən poeziyamızda dünyanın vəfasızlığından söhbət açırıq. Amma bu şeirdə başqa fəlsəfi yöndən baxış bucağı var. Əslində vəfasız olan dünya yox, insanlardır. Dünya ele qalır, bizdən əvvəl də var idi, bizimlə də var, bizdən sonra da olacaq. Məmməd Araz bu şeiri ilə insanı dünya haqqında yenidən düşünməyə, dünyaya niyə gəldiyi haqda sual verməyə səsləyir. İnsan dünyaya xidmət etməkdən ötrü gəlib, dünyanı dağıtmağa yox. Məmməd Araz sadəcə müasir gəncliyə üzünü tutaraq deyirdi ki, dünyaya, insanlığa xidmət etmək lazımdır. Yoxsa sən dünyaya yox, dünya sənə gülər. Dünya əbədidir, insansa bir ömür yaşayır, onun əsas missiyası insanlığa xidmətdən ibarətdir. İnsanlığa xidmət baxımından biz Məmməd Araz yaradıcılığına mənən, ruhən, qəlbən borcluyuq.

-İman müəllim, biz Məmməd Arazın təkcə şairliyindən danışmaqla onun yaradıcılığını kölgədə qoymuruq ki?

-Məmməd Araz yalnız Azərbaycan ədəbiyyatında yox, Azərbaycan publisistikasında, tərcümə sənətində, Azərbaycan jurnalistika tarixində əsas yer tutur. Amma Məmməd Araz və Azərbaycan jurnalistikası o qədər də geniş öyrənilmir. Halbuki, onun jurnalistika fəaliyyəti şairliyindən heç də geri qalmır və öyrənilməyə, tətbiq edilməyə ehtiyacı vardır. O, “Ulduz” jurnalının məsul katibi, Ədəbiyyat və incəsənət qəzetinin baş redaktor müavini, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktor müavini və 1974-cü ildən ömrünün sonuna (2004-cü ilə qədər) “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Bunlar sadəcə bu vəzifədə işləyib demək deyil. Məmməd Arazın publisistikası şair qələmindən çıxmış bədii publisistikadır. Bədii tərcümə sahəsində də Məmməd Araz uğurla fəaliyyət göstərmişdir. Buna görədir ki, onun tərcümələrinin böyük əksəriyyəti Məmməd Arazın şair ürəyindən qopan öz şeirləri kimi səmimi və poetikdir. Məmməd Araz qəlbimizdə yaşayır, bizim müasirimizdir, bizdən sonra gələn nəsillərlə də yaşayacaq, onların da müasiri olacaq.

Xalqımızın və ədəbiyyatımızın böyük qayğıkeşi, görkəmli dövlət xadimi Heydər Əliyev Xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə böyük ehtiram bəsləmişdir. Məmməd Arazın anadan olmasının 60 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunması, şairin “İstiqlal” ordeni ilə təltif edilməsi, Almaniyaya müalicəyə göndərilməsi tədbirləri Məmməd Arazın bədii yaradıcılığının inkişafına şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 27 sentyabr 2013-cü tarixli sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqəti və qayğını aydın şəkildə ifadə edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Xalq şairi Məmməd Arazın 80 illiyinin qeyd olunması və böyük söz ustadının dünyaya gəldiyi Şahbuz rayonunun Nursu kəndində Ev muzeyinin yaradılması haqqındakı sərəncamları, keçirilən yubiley tədbirləri qədim diyarda görkəmli sənətkarın yaradıcılığına verilən qiymətin ən bariz nümunəsidir. Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır, nəsillər ötdükcə də yaşayacaq.

Səadət Əliyeva,
NDU-nun Mətbuat şöbəsinin müdiri

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın