7:57 am - Çərşənbə Noyabr 22, 2017

Ana yurdum, hər daşına üz qoyum

Şəkil

Şəkil

14 oktyabr 1933-cü il. Bu tarix Xalq şairi Məmməd Arazın doğum günüdür. Bu tarixi gün 14 oktyabr 2017-ci ildə Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə yada salındı, Xalq şairinin 84 illiyi yüksək səviyyədə qeyd edildi.

Məmməd Araz

Məmməd Araz

Məktəbin direktoru, Əməkdar müəllim Gülnaz Abdullayeva tədbirə gəlmiş 28 saylı Sabunçu üçüncü dairə seçki komissiyasının sədri Hacıbala Babayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, şöbə işçilərindən Ayla və Ülviyyə xanım, başçının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, Nardaran qəsəbəsi üzrə nümayəndəsi Hidayət Məhərrəmov, şairin qohumu Namiq Məmmədli və digər qonaqları tədbir iştirakçılarına təqdim etdi.

“Ana yurdum, hər daşına üz qoyum…” videoçarxı izlənildi. Ulu öndər Heydər Əliyevin xalq şairinin yubiley tədbirindəki çıxışından bir parça dinlənildi. Ümummilli Lider tərəfindən şairin yaradıcılığının layiqincə qiymətləndirilməsi, müəllim və şagirdlərin tədbirdən bir gün öncə Fəxri Xiyabanda Məmməd Arazı yad etməsi videoçarxının izlənilməsi tədbir iştirakçılarını duyğulandırmaqla bərabər onlara xoş təsir bağışladı.

Aparıcı – Uşaq birliyinin rəhbəri Mehriban Ağayeva tədbirin gedişinin müəyyən məqamlarında Məmməd Arazın həyat və yaradıcılığından söhbət açmaq üçün sözü Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən Nahidə Məmmədova, Məliksima Quliyeva, Səhyəddin Quliyev və Kəmalə Allahverdiyevaya verdi.

Nahidə Məmmədova:

Nahidə Məmmədova

Nahidə Məmmədova

-Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) – şair, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Əməkdar incəsənət xadimi (1984), Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991).

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonun Nurs (indi Nursu) kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda “coğrafiya müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifəsində çalışıb.

1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının “İstiqlal” ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına “Məmməd Araz” mükafatı təsis edilib (1993).

Məmməd Araz 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının “Gənclik” metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi indi Məmməd Arazın adını daşıyır.

Mələksima Quliyeva:

Mələksima Quliyeva

Mələksima Quliyeva

-Ədəbiyyat tariximizə poema ustadı Nizami, hökmdar-şair Xətai, qəzəl ustadı Füzuli, realist şair Vaqif həkk olunduğu kimi, vətənpərvər şair dedikdə ən əvvəl Məmməd Araz xatırlanır. O Məmməd Araz ki, taleyin ağır sınaqlarına mərdliklə dözərək, saysız-hesabsız maneələri inadla dəf edərək yarım əsrə yaxın Azərbaycan poeziyasında nur saçan ən parlaq ulduzlardan biri olmuşdur. Ölməz şairin Azərbaycan ədəbiyyatına verdiyi töhvələr Azərbaycan ideologiyasına söykənən və ondan qidalanan bir poeziyadır. Bu qayaya söykənən ulu babaları kimi daşlaşan, heykəlləşən, vətənin daşına, çınqılına çevrilən Məmməd Araz da əsl azərbaycanlı idi. Məmməd Araz dühası təkcə azərbaycançılığı ilə məhdudlaşmır, Azərbaycan poeziyasını, azərbaycançılığı dünyaya calayır.

Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Yanın, işıqlarım” adlı şeirlə başlamışdır. “Vətən torpağı”, “Şeirə gətir”, “Necə unudum səni”, Mən Araz şairiyəm” – Məmməd İbrahim imzası ilə çap etdirdiyi bu şeirlər hələ ənənəvi məhəbbət, vətən lirikasının tanış nümunələri idi. “Mən də insan oldum”, “Əsgər qəbri haqda ballada”, “Atamın kitabı” artıq epik formada, lakin eyni fəlsəfi-psixoloji səpkidə yazılmış poemalardır. Lirik şeirlərin əhatəliliyi, fəlsəfi miqyası Məmməd Araz poeziyasını oxucuya yaxınlaşdıran, doğmalaşdıran xüsusiyyətlərdir. Şairin lirikasında vətən hissi çox qüvvətlidir. “Dağlara qar düşdü”, “Salamat qal”, “Duman ömrü” kimi şeirlərdə Məmməd Araz poeziyasının bu xüsusiyyəti çox dolğun və zəngindir.

Onun poeziyasında kəndin tərənnümünə həsr olunmuş şeirlər çoxdur və bu da təbiidir. Şair o yeri təsvir edir ki, qəlbinə doğma və yaxındır:

Dağlara qar düşdü.. elə qəmginəm.
Dağlara qar düşdü.. bilirəm bu dəm
Anamın qəbri də qar altındadır.
Anamın qəlbi də qar altındadır.
Neçə demədiyi əfsanə, nağıl,
Onun sinəsində – qar altındadır.
Neçə oxunmamış bayatı, ağı,
Donub sinəsində, qar altındadır.

Ümumiyyətlə, Azərbaycan, doğma vətənin tarixi, taleyi Məmməd Araz yaradıcılığının baş mövzusudur. O, bir şair olaraq bu mövzu ilə yetkinləşmişdir. bütün qəlbi və düşüncəsi ilə bu mövzuya bağlıdır. Vətən mövzusu onun mənəvi tərcümeyi-halının ayrılmaz hissəsidir. Azərbaycanın müstəqilliyi, milli varlığımızın təsdiqi bu mövzunun əsas və aparıcı motividir, onun mərkəzi ideyasıdır. Şairin müxtəlif illərdə yazdığı bir çox şeirləri ilə – “Azərbaycan – dünyam mənim”, “Babək qılıncı”, “Qarabağ düzü” və onlarla bu kimi şeirilə bu fikri təsdiq etmək olar. Lakin bu baxımdan onun ən dəyərli əsəri “Ayağa dur, Azərbaycan” şeiridir. Şair bu gözəl və təsirli şeirini 1992-ci ilin mart ayında, yəni Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda xalqımızın apardığı mübarizənin ən qızğın və həlledici məqamında yazmış, həm də təkcə öz şəxsi hisslərini deyil, bütün xalqın keçirdiyi həyəcanları şeirin əsas motivinə çevirə bilmişdir. “Ayağa dur, Azərbaycan” şeiri vətənə müraciət formasında başlanır və müraciət ruhu söz-söz, misra-misra inkişaf edərək yeni hiss və fikirlərlə yüklənir:

Nə yatmısan, qoca vulkan səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!

Əsas cəhət odur ki, Azərbaycana müraciət böyük fikri – vətənin taleyi barədə şairin düşüncə və həyəcanlarını əks etdirir. Bu müraciət vətənin istiqlaliyyəti, imperiya əsarətindən xilası uğrunda mübarizənin həyəcanlarıyla aşılanmış bir müraciət olduğu üçün böyük bir ideyanı ifadə edir, xalqın iradəsini üzündə cəmləşdirir. Məmməd Araz belə bir hissi oxucuya aşılaya bilir ki, bu çətin məqamda vətənin və məmləkətin taleyi bizim hər birimizin taleyidir:

Səndən qeyri biz hər şeyi bölə billik
Səndən qeyri biz hamımız ölə billik.

Şeirin fikri – bədii əhəmiyyəti onun vətəndaşlıq qayəsinin ülviliyində və ciddiliyindədir. Xalqı öz varlığı uğrunda mübarizəyə qaldırmaq əzmindədir. Şair vətənin oğluna, qızına ayağa qalxmağı ərklə əmr edir. Əmr edir ki, hər kəs öz içindən qorxaqlığı qovsun, çünki indi çox məsul tarixi məqamdır, xalqın ölüm-dirim məsələsi həll olunur. Belə məqamda laqeyid, biganə qalmaq olmaz. Bu şeir başdan-başa bu ali fikir və duyğu ilə aşılanmışdır.

Məmməd Araz yaradıcılığında dünya, insan, tale haqqında, insanın bu göy qübbəsi altında vəzifəsi barədə fəlsəfi-lirik duyğu düşüncələri baxımından “Dünya sənin, dünya mənim” şeirinin xüsusi yeri var. Şeirin bədii təsir qüvvəsi dünya haqda fikirlərin poetik aydınlığında və müdrikliyindədir:

Bir taleyin oyununda cütlənmiş zərik
Yüz il qoşa atılsaq da, qoşa düşmərik,
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç kimin.

Gəlimli gedimli dünya, son ucu ölümlü dünya – bu kəlamı və ovqatı Dədə Qorquddan sonra bu qədər tutarlı şəkildə ifadə edən uğurlu bədii misralara çox az nümunə gətirmək olar. Təadüfi deyil ki, bu şeir Ulu Öndərimizin də çox sevdiyi şeirlərdən idi.

Görəsən, Məmməd Araz poeziyasının gücü, qüdrəti, bənzərsizliyi nədədir? Azərbaycan, onun zəngin tarixi keçmişi, bu günü, “Araz dərdi”, Xalq şairi Məmməd Araz poeziyasının mayasındadır. “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” -deyən şair bütün yaradıcılığı boyu, həmin həqiqətə sadiq qalmışdır. Sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq Məmməd Araz poeziyasının başlıca xüsusiyyətlərindən biridir. Məmməd Araz Azərbaycan poeziyasının əsl vətənpərvəri kimi mamırlı qayasına çevrildi:

Mən Arazda şaxələnən çinardım
Ömrüm boyu tufan əydim, su yardım,
Xətainin qılıncını suvardım
Məmməd Araz karandaşı göyərdi.

Məmməd Araz poeziyasının bənzərsizliyi onun xalq həyatına, vətənə, torpağa bağlılığı və gələcəyə inamıdır. Sovetlər dövründə bir məqaləsində “Ermənilər bizə qarşı soyqırım aparıb, onlar millətçidir” yazan şairi vəzifədən uzaqlaşdırdılar, əsməcəyə saldılar, lakin o, əyilmədi, sınmadı:

Dərd eləmə desəm ki,
Yazı masam, ölürəm
Ölə-ölə yazmışam
Yaza-yaza ölürəm.

Dedi və yaza-yaza da öldü. Amma ölümü ilə ölümsüzlüyə qovuşdu. O, bütöv əqidəsi, yurdsevərliyi, fəlsəfi fikirləri, ocağa, yurda bağlılığı ilə haqqı qazanmış, haqqa söykənmişdi.

Bir fakt da odur ki, hələ sağlığında söz ustaları onun şeirlərinə 300-dən artıq nəzirə yazıb. “İstiqlal” ordenli Xalq şairi, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı olan şairə xalq tərəfindən Nursu kəndində bir sal daşa “Məmməd Araz kürsüsü” adı verilərək xatirəsi əbədiləşdiləşdirib. Nursuda şairin Ev muzeyi yaradılıb.

Mən sonda böyük Azərbaycançı Səməd Vurğunun Üzeyir Hacıbəyovun ölümü münasibəti ilə yazdığı və artıq aforizmə çevrilməkdə olan misraları səsləndirmək istərdim:

Ölüm sevinməsin qoy ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada.
Sevərək yaşayanlar, sevilərək ölənlər!

Səhyəddin Quliyev:

Səhyəddin Quliyev

Səhyəddin Quliyev

-Vətənə “ana” deyirik. Bu kəlməyə hər kəs dilinin deyil, qəlbinin, hissiyatının, idrakının, bir sözlə, varlığının bütün şirinliyini qatır. Həyatda kimsə başqa ölkədə yaşaya bilər, kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə görə də müqəddəsdir. “Ana” dediyimiz Vətən də belədir. Elə buna görədir ki, müasir ədəbiyyatımızda yeni tipli şeir yaradıcılarından olan Məmməd Arazın poeziyasının mayası vətənpərvərliklə yoğrulmuşdur.

Şairin fikrincə, Vətənə bütün varlığı ilə bağlı olmayan, ürəyi vətən sevgisi ilə vurmayan insandan ölkə vətəndaşı olmaz. “Azərbaycan – dünyam mənim” şeirində şair vətənə məhəbbətini təsirli bir dillə ifadə edir:

Azərbaycan qayalarda bitən bir çiçək,
Azərbaycan çiçəklərin içində qaya
Mənim könlüm bu torpağı vəsf eyləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.

Azərbaycan mayası nur, qayası nur ki,
Hər daşından alov dilli ox ola bilər,
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

“Vətən mənə oğul desə” şeirindəki misralar isə öz vətəninin layiqli övladı olmaq istəyən hər bir azərbaycanlının ürəyindən gələn sözlərdir:

Vətən mənə oğul desə, nə dərdim?!
Mamır olub qayasında bitərdim.

Şair bu iki misrada geniş bir məna ifadə edir. Yəni hər bir insan vətəninə yalnız vətəndaş olmaqla yox, həqiqi övlad olmaqla seçilməlidir. Onda vətən ona oğul deyər və onun dərdi də olmaz.

Məmməd Araz “Araz yadıma düşüb”, “Oxuyan Təbriz”, “Araz üstündə çinar gördüm” şeirləri ikiyə bölünmüş vətənin dərdlərinə, xalqımızın birlik arzularına həsr olunub. Məmməd Araz erməni işğalçılarına qarşı mübarizədə də öz şeirləri ilə Vətən oğullarına mənəvi dayaq olmuş, onların qarı düşmənlə ölüm-dirim döyüşlərində qəhrəmanlığından inamla söz aşmışdır. Faciələrimizin səbəbini, ilk növbədə milli birliyin olmamasında görən şair “Qonşu çəpəri” şeirini də vətənpərvərliyə həsr etmişdir. Bu şeirdə Məmməd Araz belə yazır:

Mən təbrizli, naxçıvanlı, mən gəncəliyəm
Çox görmüşəm hasar üstə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də.

Bəli, hal-hazırda Vətənimiz – Azərbaycan, hələ də ağır günlərini yaşayır. Çünki, ana vətənimizin qəlbində Qarabağ dərdi, Qarabağ nisgili ən ağrılı yerimizdir. Qarabağ kimi dilbər guşəmiz düşmən tapdağı altında olduğu halda, biz özümüzü heç vaxt bəxtəvər hesab edə bilmərik. Biz əminik ki, tezliklə vətənpərvər oğlanlarımız Qarabağ torpaqlarını azad edəcək və Məmməd Arazın da ruhu şad olacaq.

Kəmalə Allahverdiyeva:

Kəmalə Allahverdiyeva

Kəmalə Allahverdiyeva

-Bütün mövzulara toxunan böyük şairimiz M.Araz öz yaradıcılığında təbiət təsvirinə də geniş yer vermişdir. Aşağı siniflərdə ədəbiyyata, şeir oxuyub, yazmağa xüsusi həvəsi vardı: “Yaxşı şeiri bir dəfə oxuyardım – yaddaşıma həkk olurdu. 9-cu sinifdə dostlarımdan kiminsə qoltuğunda iri bir kitab gördüm. Maraqlandım – S.Vurğunun “İstiqlal təranəsi” idi. Alıb baxdım. Ortadan açdım. Gözümə ilk dəyən “Dəlican dərəsi” şeiri oldu. Bu misra məni elə tutdu ki, elə tutdu ki, “Yenə səni gördüm dilcan dərəsi”… Elə bil bundan sonra milyon illərlə beləcə duran lal-dinməz dağları, dərələri gözüm gördü… Ancaq təsir məni ayrı mövzulara da yönəltdi. İlk dəfə ədəbiyyat müəlliminin rəhbərliyi ilə çıxan məktəb divar qəzetində baharı vəzsf edən şeirim çap olundu”.

Müasir Azərbaycan poeziyasında bir-birinə bənzəyən, bir-birini yamsılayan və təkrar edən şairlər heç də az deyildir. Əsl şair isə belə bənzərliklər arasında özünü itirmir. O, öz üslubunu, dəsti-xəttini müəyyənləşdirir. Şübhəsiz, M.Araz poeziyası müasir Azərbaycan şeirində üslubi bir hadisədir. Bütün mövzularda – Vətən, təbiət, insan mövzularında M.Araz özünəməxsusdur, heç kimə bənzəmir, heç kimi təkrar etmir.

Təbiət M.Araz poeziyasının əsasını təşkil edir. Şairin ilk şeirlərində təbiəti müstəqil şəkildə tərənnüm edən şeirlər üstünlük təşkil edir. Bu tipli şeirlərdə tərənnüm şairin ruhi həyəcanlarını, təbiətə məhəbbətini tam şəkildə ifadə etmək qüdrətinə malik deyildir. Məsələn, peyzaj şeirlərində mənzərə bütöv görünürsə, təsvir olunan təbiət lövhəsi poeziya lövhəsinə çevrilirsə, həmin lövhədə bədii vasitələr fırça işini görürsə, belə şeirlər təsirli və emosionaldır:

Bir səhər gördüm ki, durulub yatır,
Kəpəzin dibində burulub yatır,
Qovulan ceyran tək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göygöl.

Bu sanki bir tablodur. Burada şair Göygölü elə təsvir etmişdir ki, elə bil şeir oxumursan, Göygölün şəkildə təsvirinə baxırsan. Burada şair qələmi deyil, sanki rəssam fırçasını işlətmişdir.

Bundan başqa, şairin “Uçqun”, “Duman”, “Qanadlı qaylar”, “Səhər-səhər”, “Mənim Naxçıvanım” şeirlərində də gözəl təbiət təsvirlərinə rast gəlmək olar.

Çox keçmir ki, M.Arazın şeirlərində təbiət təsvirləri daha da mükəmməlləşir, təkmilləşir. Bu dövrdə şairin “Professor”, “Gülə məktub” və “Şəhərdən keçən təpə” şeirləri meydana çıxır. Bu şeirlərdə təbiətin gözəlliyi və rəngarəngliyi təbiət qayğıları və narahatlığı ilə əvəz olunur. Bu giley və narahatlıq “Bağışla dəniz” şeirində daha qabarıq görünür:

Şəninə nə qədər şeir yazmışam,
Sahil qumlarına şüar yazmışam,
Zəhər içirirkən balıqlarına-
Səltənət demişəm buruqlarına.
…Bəs sabah, sabahla necə danışım?-
Nə deyək bu günün nəvələrinə?
Deyəkmi: qum yeyin kürü yerinə!

Bu şeirdəki giley və narahatlıq şairin bəzi şeirlərində mübarizəyə çevrilir. Təbiətin bənzərsiz gözəli – ceyranın ovuna qarşı mübarizə “Ovçu, insaf elə keçmə bu düzdən” S.Vurğun şeirindən sonra daha da güclənmişdi. Bu mübarizəyə M.Araz “Muğanın şikayəti” şeiri ilə qoşulmuşdur:

Belə gedərsə ancaq,
Gələn nəsillər sabah
Ceyranı çöldə deyil,
Muzeydə axtaracaq.
Ceyran azalıb,
Yaman azalıb.

Şair şeirlərində insanları təbiəti qorumağa çağırır. Şairin həyəcanı Xəzər harayına qovuşur. Bir ağacın quruması, bir çayın axarının dayanması da şairi düşündürür, həyəcana gətirir, Muğanda ceyranın azalması şairi qorxudur. Təbiəti qorumaq üçün onu sevmək lazımdır, bu isə ruhda, qanda olmalıdır. Bu fikri M.Araz elmi-texniki tərəqqi inkişaf etdikcə, təbiətə biganə münasibət bəsləndiyi illərdə daha ucadan deyirdi.

Təbiətin hər bir fəsli M.Araz poeziyasında öz gözəlliyi və rəngarəngliyi ilə seçilir. Ancaq ilk şeirlərindən fərqli olaraq, fəsil şeirlərində təbiət gözəllikləri nəzərə çarpmır. Təbiətə, onun fəsillərinə insana məxsus həzinlik, kövrəklik duyğuları aşılanır. Məsələn, “Payız nidası” şeirinə fikir verək:

Sənə də qar yağdı, güvəndiyim dağ!
Sən də öyrəndin, a yaşıl yamac!
Sən niyə dinməzsən, qaragöz bulaq,
Sən niyə kövrəksən, ürəyini aç!

Burada şair elə bil ki, ən əziz dostları, doğmaları ilə danışır, onlarla dərdləşir. Təbiəti və onun başqa predmetlərini insaniləşdirdiyi üçün şair bu obrazlara insanlara məxsus hiss, düşüncə də bəxş edir, təbiət aləmini cəmiyyətdə baş verən hadisələrlə eyniləşdirir. Şairin insana baxışı, münasibəti düşündürücü, hətta heyrətləndiricidir. M.Araz şeirlərində təbiət-insan vəhdəti yaratmışdır. İnsan təbiətin ayrılmaz hissəsidir. Nəhayət, bu fikrin konkret ifadəsi kimi İnsan-Qaya, İnsan-Daş obrazı yaranır. Beləliklə, M.Araz poeziyasında təbiətin insaniləşdirilməsi, insanın təbiətin bir parçası olması aydınlaşır:

Fərmanına, təltifinə alqış, ey çoban.
Məmməd-Qaya, Qaya-Məmməd
Xoş gördük sizi.

Ümumiyyətlə, M.Araz o şairlərdəndir ki, məxsusi olaraq fəlsəfə axtarmır, müdriklik xatirinə söz demir, necə deyərlər, həyat fəlsəfəsi özü onu axtarıb tapır. Fəlsəfə, təbiət, həyat həqiqətləri onun özündə, özü isə bu təbiətdə, həqiqət və məhəbbətdir. S.Vurğun demişkən: “Məhəbbət dediyin təbiətdədir, təbiət özü də məhəbbətdədir”.

Bir sözlə, M.Araz təbiətlə dil tapıb danışan, onun daşını, torpağını, çayını, dənizini, dağını, qayasını, gül-çiçəyini canlılaşdıran, dilə gətirib, həsb-hal tutan bir sənətkardır. Sübut üçün bu kiçik parçanı misal gətirmək yerinə düşər:

Dostlar, nə gözəldir suları qucmaq,
Necə də gözəldir dənizdə uçmaq.
Düzünü etiraf edim ki, dostlar
Verərəm dənizə, mənim nəyim var.
İllərdən-illərə gətirdiyimi,
Bir də ki, əbədi itirdiyimi.
Kaş mənim olardı, o gözəl sular.
Təpələr, meşələr, çöllər, çəmənlər,
Hər şey, təbiətdə gözəl hər nə var…

Az sözlə çox fikir, dərin bir mətləbi ifadə etmək ümumiyyətlə, M.Arazın poeziyasına daha çox xasdır. Mən belə fikirləşirəm ki, şeir sevənlər gah coşqun, gah da həzin axan sənət bulağının göz yaşı kimi dumduru, büllur kimi saf və təravətli suyundan həmişə nuş edəcəklər.

Şagirdlərdən Zemfira Cəlilova, Səfura Əliyeva, Şəhla Cəlilova, Günay Quliyeva, Əli Bayramzadə, Səma Abdulqədirova, Nəzrin Məmişzadə, Sevin Əlbəndəyev, Cəfər Qocayev, Ayşənur Uster, Kəklik Şəmmədli, Kənan Hüseynli, Burhan Uster və İranə Ələsgərzadə həm Məmməd Arazın, həm də digər şairlərin müxtəlif mövzularda qələmə aldıqları şeirləri söylədilər. Nurlan Ağazadə, Şirzad Quliyev və Dilarə Abdullazadə (27 nömrəli uşaq musiqi məktəbinin məzunu) mahnılar ifa etdilər. Tədbirə dəvət olunmuş sənət adamlarının ifaları da hamıya xoş təsir bağışladı.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova müəllim və şagirdlərin fəaliyyətini, belə tədbirlərin məktəblərin təlim-tərbiyəsində mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd etdi. Xalq şairi Məmməd Arazın qohumu Namiq Məmmədli Gülnaz xanıma, müəllim və şagirdlərə minnətdarlığını ifadə etməklə onlara uğurlar arzuladı. Sonda məktəbin direktoru Gülnaz Abdullayeva tədbirin yüksək səviyyədə hazırlanıb reallaşdırılmasında zəhməti olan hər bir kəsdən razı qaldığını söylədi. Onlara təşəkkür etdi, qonaqlara isə zəhmət çəkib tədbirdə iştirak etdiklərinə görə kollektiv adından minnətdarlığını bildirdi.

Əşrəf Hümmətov,
“Təhsil problemləri”
Fotolar Rasim Əlizadənindir

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın