7:57 am - Çərşənbə Noyabr 22, 2017

Norveçin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Naxçıvan Dövlət Universitetİndə olub

NDU

NDU

Norveçin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Keçirilən ikitərəfli görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti TEMPUS və Erasmus+ beynəlxalq təhsil proqramları üzrə müxtəlif layihələrin fəal iştirakçılarından biridir və həmin layihələr çərçivəsində İspaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya və digər dünya universitetləri ilə müəllim-tələbə mübadiləsini uğurla həyata keçirməkdədir. Həmçinin universitetin müəllim və tələbələri mütəmadi olaraq dünya universitetlərində müxtəlif treninq və təcrübələrdə olurlar. Hazırda universitetdə təhsil alan xarici tələbələrin sayı 250-ə yaxındır. Rektor dünya universitetlərilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu və yaxın gələcəkdə Norveç universitetləri ilə də təhsil sahəsində əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.

NDU

NDU

Səfir muxtar respublikaya ilk gəlişindən məmnunluq hissini ifadə edib. Muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşən diplomat gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyətindən danışıb.

İkitərəfli görüşdən sonra səfir əvvəlcə İnformasiya-Kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından tanış olub. Səfirə məlumat verilib ki, kamera nəzarət sistemi otağında 2 kompüter, kameralara nəzarət etmək üçün 2 monitor quraşdırılıb.

Media mərkəzində olan səfir Universitet televiziyasında verilişlərin hazırlanması, onlayn dərslərin yazılması prosesini izləyib, çəkilişlərin aparıldığı studiyada olub.

Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində davam edən görüşdə səfir tələbələr üçün mühazirə oxuyub. Qeyd olunub ki, iki ölkə arasında beynəlxalq əməkdaşlığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Diplomat Azərbaycan haqqında norveçli alim Tur Heyerdalın Qobustan qayaüstü təsvirlərlə bağlı araşdırmalarını, Azərbaycanın bəşər sivilizasiyasının paytaxtı olmasıyla bağlı fikirlərini tələbələrin diqqətinə çatdırıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb, universitetlərarası gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir Norveç ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

Səadət Əliyeva,
NDU-nun Mətbuat
şöbəsinin müdiri

Filed in: XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın