7:54 am - Çərşənbə Noyabr 22, 2017

Ali təhsilin Bakalavriat səviyyəsində müəllim hazırlığı üzrə Ana dilinin tədrisi metodikası fənninin kurikulumu

Zülfiyyə Vəlİyeva, Əməkdar müəllim, ADPU-nun “Pedaqoji təhsilin problemləri” ETL-nin elmi işçisi

Zülfiyyə Vəliyeva,
Əməkdar müəllim,
ADPU-nun “Pedaqoji təhsilin problemləri”
ETL-nin
elmi işçisi

Müasir dövrdə təhsilin əsas vəzifəsi vətəndaş cəmiyyətində yaşayacaq kamil insanın formalaşdırılmasının vasitə və yollarını müəyyənləşdirməyə, onu yüksək mənəvi ideyalar və dəyərlərə yiyələnməyə, insan həyatının mənasını anlamağa və dərk etməyə, öz şəxsi həyatında daima yeni naliyyətlər əldə etməsi üçün səy göstərməyə hazırlamaqdır. Bu tələblərə cavab verən insan, ilk növbədə, milli- mənəvi dəyərlər əsasında tərbiyə almalı, səriştəli mütəxəssis (müəllim,təhsilverən) səviyyəsində bilik və bacarıqlara yiyələnməlidir.

Son illərə qədər respublikanın təhsil müəssisələrində tətbiq olunan və həyata keçirilən tədris-təlim prosesi təhsilalanlara ayrı-ayrı fənlər üzrə kifayət qədər nəzəri biliklər almağa imkan versə də, öyrənənləri (şagirdləri, tələbələri) qazandığı biliklərdən praktik fəaliyyətdə geniş istifadə etməyi tələb olunan səviyyədə öyrətməmiş, yəni onları səriştəlilik ilə bağlı bacarıqlarla təmin edə bilməmişdir. Təhsil tədqiqatçıları bunların əsas səbəbini biliklərin qazanılmasında bir-birilə əlaqəli olan müxtəlif fənlərin praktik həyatla əlaqələndirmədən tədris olunmasında görürlər.

Ona görə də təhsil sistemində islahatlar, modernləşmə elə aparılmalıdır ki, bütün təhsilvermə və təhsilalma mərhələləri vahid bir sistem kimi bir-birilə sıx bağlansın, qarşıya qoyulmuş məqsədin təmin olunmasına yönəldilsin.

Şəkil

Şəkil

XXI əsrdə pedaqoji, psixoloji, fəlsəfi və metodik yanaşmaların əsasını “təhsilalanlara nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək” təşkil etməlidir. İndiki şərait tələb edir ki, insan özünü tez-tez refleksiya etsin, imkanlarını müəyyənləşdirsin, yeniliyi anlamağa çalışsın, kommunikativ əlaqələr qursun. Deməli, XXI əsrin təhsil sistemi kifayət dərəcədə yenilikçi xarakterli, çevik və yaradıcı keyfiyyətlərə malik olmağı tələb edir. Elmin, təhsilin və texnoloji tərəqqinin tez-tez dəyışdiyi indiki dövrdə təhsil müəssisələrində gənc nəslə yalnız bəşəriyyətin indiyədək topladığı bilikləri verməklə kifayətlənməməli, onları cəmiyyətin və ayrı-ayrı subyektlərin rastlaşacağı yeni problemləri həll etməyə hazırlamalı, rəqabətəqabil, kamil insanın, şəxsiyyətin, səriştəli təhsilverənin formalaşmasına xidmət etməlidir.
Müasir dövrdə öyrənənin gələcəkdə elm və informasiya tutumlu cəmiyyətdə müvafiq yer tutması üçün tədris-təlim prosesində onlarda hansı kompetensiyaların formalaşdırılmasının qabaqcadan müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır. Təhsildə səriştəlilik – şərəf, ləyaqət, məsuliyyət, mükəmməl bilik, aldığı biliyi həzm etmək, tətbiqini həyata keçirmək, bunu başqalarına çatdırmaq, belə fəaliyyətə mane olan əməllərə qarşı barışmaz mövqe tutmaq bacarıqlarını formalaşdırır. Deməli, səriştəlilik, geniş bilik, bacarıq və vərdişlərin formalaşdırılmasına, tədris-təlim prosesinin səmərəliliyinin yüksəldilməsinə imkan verən göstərici hesab edilməlidir.

Fənn kurikulumlarında təlim strategiyasının müəyyən edilməsi xüsusi yer tutur. Fənlər üzrə təlim prosesinin qurulması üçün zəruri hesab edilən didaktik və metodik prinsiplərin, təlimin təşkili formaları və üsullarının, planlaşdırılmanın təşkilinə, şagird naliyyətlərinin qiymətləndirilməsinə dair tövsiyələr verilmişdir. Hazırda pedaqojiyönümlü ali təhsil müəssisələrində ibtidai siniflər üçün “İbtidai sinif müəllimliyi” ixtisası üzrə müəllim kadrları hazırlanır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığının təmin olunması əsas məqsəd kimi qarşıya qoyulur. Məzmun standartları hazırlanarkən şagirdlərin idraki, informativ-kommunikativ və qeyri-iradi fəaliyyətlərinin əldə olunması, düşünmə, emosional və psixomotor bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bütün standartlar fəaliyyətlərə aid bacarıqlar şəklində ifadə olunur, şagirdlərin bilik və bacarıqları ilə bağlı nailiyyətlərini müəyyənləşdimək diqqət mərkəzində saxlanılır. “Strategiya”da göstərildiyi kimi, yeni hazırlanacaq müəllimlər Təhsil Proqramlarında formalaşdırılması nəzərdə tutulmuş bilik və bacarıqların həyata keçirilməsini təmin etməli və bu istiqamətdə fəaliyyətlər intensivləşdirilməlidir. Təhsilin rəqabətəqabilliyi cəmiyyətin inkişaf tendensiyasına uyğun olaraq dinamizm tələb edir. Həm keyfiyyət, həm də təhsilin rəqabətqabilliyi bir-birini stimullaşdıran cəhətlər kimi ümumi inkişaf prosesində əsas götürülməlidir. Bu anlayışların hər biri müasir təhsilin mühüm göstəricilərinə çevrilməlidir. Bu problemlərin həll olunması təhsilin bütün pillələrində kurikulumların tətbiqinin daha da təkmilləşdirilməsi zərurətini doğurmuşdur. Dünyanın təhsil arenasında kurikulum modeli xüsusi yer tutmaqla geniş tətbiq edilməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarlarda (“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum), “Ümumi təhsil pilləsində Dövlət Standartları və proqramları (kurikulumları)”) kurikulumun mahiyyəti və həyata keçirilməsi məsələləri konkret və hərtərəfli şərh olunmuşdur. Bu sənədlərə görə kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir. Başqa sözlə, kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkili və həyata keçirilməsini, yəni təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatı və sairəni özündə əks etdirən, müəllim və məktəb qarşısında duran vəzifələrin və onların konkret həlli yollarını göstərən məzmun kimi başa düşülür. Fənn kurikulumları fənnin məzmunu, onun təliminin təşkili və təlim nailiyyətlərinin qiymətləndirilməsini ehtiva edir.

Təlim daim dəyişən dünyanın reallıqlarından kənarda mövcud ola bilməz. Bu səbəbdən də təlim müasir təhsilalanı həyata hazırlamağı bacarmalıdır. Hər hansı təlim və tərbiyə sisteminin qurulmasının başlıca istiqamətverici amili şəxsiyyətin necə yetişdirilməsi və tərbiyə olunmasından asılıdır. Dünya təcrübəsindən məlum olduğu kimi, cəmiyyətin və onun hər bir üzvünün yaşaması və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətdir. Təlim prosesi təhsilalanda özünüinkişaf qabiliyyəti formalaşdırmalıdır. Bu da öz növbəsində bir sıra dərketmə tələbatına və fəaliyyətinə əsaslanır: məntiqi düşünmə, ətraf aləmin cisim və hadisələrinə tənqidi yanaşma, müstəqil qərarçıxarma, bilikləri müstəqil əldə etmə, qarşıya çıxan problemləri həll etmək və s.

Məlum olduğu kimi təlimə müasir yanaşmalar ənənəvi yanaşmalardan kəskin şəkildə fərqlənir. Belə ki ənənəvi yanaşma proqramın tələblərinə, müəllimə, fənnin məqsədinə, biliklərə yönəldiyi halda, müasir yanaşma təhsilalana, onun tələblərinə, təlim nəticələrinə və kompetensiyalara (səriştələrə) yönəlmişdir. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda göstərilir ki, təhsilalanlarda müəyyən kompetensiyalar (səriştələr) formalaşdırılmalıdır. Hər hansı təlim fəaliyyətini həyata keçirmək üçün vacib olan proseslər, yəni “biliklər+bacarıqlar+vərdişlər+dəyərlər+keyfiyyətlər” kompleksi kompetensiya adlanır. Avropa Şurasının tövsiyə etdiyi kompetensiyalar aşağıdakılardır:

• ana dilində ünsiyyət kompetensiyası;
• xarici dillərdə ünsiyyət kompetensiyası;
• riyazi savad, elm və texnologiyalar üzrə kompetensiyalar;
• kompüter savadı kompetensiyası;
• müstəqil öyrənmə kompetensiyaları;
• sosial və vətəndaşlıq kompetensiyaları;
• yenilik və sahibkarlıq kompetensiyası;
• məlumatlılıq və mədəni sahədə özünü ifadə etmək kompetensiyası.

Qeyd etmək lazımdır ki, orta ümumtəhsil məktəblərində Kurikulumun tətbiqi sahəsində əsaslı tədbirlər həyata keçirilmiş, I-X siniflərdə təhsil yeni məzmunda həyata keçirilməkdədir. Kurikulum islahatının uğurla həyata keçirilməsi pedaqoji ali təhsil müəssisələrində müəllim kadrlarının hazırlığının Kurikulumun tələblərinə uyğun həyata keçirilməsindən çox asılıdır. Bütün ümumtəhsil fənləri üzrə kurikulumlar tətbiq olunduğu halda, ali təhsil pilləsində fənn kurikulumlarının hazırlanıb tətbiqi haqqında razılıq hissi ilə danışmaq mümkün deyil. Bu boşluğu aradan qaldırmaq məqsədilə “Ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı üzrə Ana dilinin tədrisi metodikası fənninin kurikulumu” adlı metodik vəsaitin hazırlanması (müəlliflər: ADPU-nun dosentləri Atəş Abdullayev, Şəlalə Nəbiyeva, Gültəkin Abdullayeva; rəyçi filologiya elmləri doktoru, prof. Əzizxan Tanrıverdiyev) və nəşri təqdirəlayiq bir addımdır.

Metodik vəsait Azərbayan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)”, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.01.2008-ci il tarixli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə Çərçivə Kurikulumu”, “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Ana dili kurikulumu (I-IV siniflər)”nun və digər normativ sənədlərin tələbləri əsasında hazırlanmışdır.

Metodik vəsait “Giriş”dən və 8 bölmədən ibarətdir:

I. Ümumi müddəalar.

II. Ana dili tədrisi metodikası fənninin məzmunu.

III. Məzmun standartları.

IV. Ana dilinin tədrisi metodikası fənni üzrə pedaqoji prosesin təşkili prinsipləri və təlim strategiyaları.

V. Tələbələrin təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi.

VI. Ana dilinin tədrisi metodikası fənni üzrə pedaqoji təcrübə.

VII. Resurslar.

VIII. Metodik tövsiyələr.

Metodik vəsaitin “Giriş” hissəsində qeyd olunur ki, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamət müəyyənləşdirilmişdir. Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiy-yətyönümlü təhsilin məzmununun yaradılmasına yönəlmişdir və təhsilin bütün pillələri, o cümlədən ali təhsil pilləsi üzrə kurikulumların inkişafı üçün vaсib hədəfi əhatə edir.

“Strategiya”ya görə, təhsil sisteminin başlıca vəzifələrindən biri “milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq”dır. “Azərbaycan Respublikasında ali təhsil pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə “Çərçivə Kurikulumu”na əsasən ali pedaqoji təhsil müəs-sisələrində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə tədris olunan fənlərin kurikulumlarının hazırlanması tövsiyə olunmuşdur. “İbtidai sinif müəllimliyi” ixtisası üzrə aparıcı fənlərdən biri Azərbaycan dilinin tədrisi metodikası fənnidir.

Metodik vəsaitdə Ana dilinin tədrisi metodikası fənninin kurikulumunun mahiyyəti, xarakterik cəhətləri, fənnin tədrisinin əhəmiyyəti, onun əsaslandırılması, məqsədi, vəzifələri, məzmunu, fənn üzrə təlim nəticələri, məzmun xətləri, məzmun standartları, təlim strategiyaları (fəaliyyət istiqamətləri, prinsipləri, forma və metodları, fəndaxili və fənlərarası əlaqə-inteqrasiya), tələbələrin təlim nailiyyətlərinin qiymətləndirilməsi, fənn üzrə pedaqoji təcrübənin təşkili, resurslar (maddi-texniki təminat, əsas və tövsiyə olunan ədəbiyyat siyahısı, sərbəst işlər və kurs işləri üzrə tövsiyələr) və s. məsələlər müfəssəl şəkildə öz əksini tapmışdır.

Metodik vəsaitdə qeyd olunduğu kimi, ali pedaqoji təhsil müəssisələrinin İbtidai təhsil fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasında Ana dilinin tədrisi metodikası fənni tələbələrin – gələcək müəllimlərin peşə hazırlığına yiyələnmələrində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dili sahəsindəki bacarıq və vərdişlər (nitq, oxu, yazı) şagirdlərin təlim əməyinin zəruri şərtidir. Uşaqlar oxumaq bacarığına yiyələnməklə,ilk növbədə, dərketmənin, təhsilliliyin, əqli inkişafın açarı olan doğma dillərini öyrənirlər. Ana dilini yaxşı bilən şagirdlər yüksək ideyalı olmaqla, sonralar istehsalat, mədəniyyət və incəsənətin inkişafında fəal iştirak edə bilirlər. “Ana dili millətin mənəvi diriliyidir… Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır“ deyən F.Köçərli müstəsna dərəcədə haqlıdır.

Ana dili ibtidai siniflərdə tədris fənlərinin əsasıdır. Ana dilinə yiyələnmək digər fənlərin mənimsənilməsində mühüm rola malikdir. Bu fənn müəyyən mənada inteqrativ fəndir. O, ana dili üzrə aparılan təlim və tədris işləri ilə yanaşı, şagirdlərin mənəvi tərbiyəsi, həmçinin onların ümumi inkişafı vəzifələrinin yerinə yetirilməsinə də xidmət göstərir. Ana dilinin tədrisi prosesində müxtəlif çalışmaların yerinə yetirilməsi şagirdlərdə müşahidəçilik, diqqətlilik, fəallıq, müstəqillik, yaradıcılıq, tədqiqatçılıq kimi keyfiyyətlərin tərbiyə olunmasına güclü təsir göstərir. Bütün bunlarla ana dili özünün öyrədicilik, tərbiyəedicilik və inkişafetdiricilik vəzifələrini yerinə yetirir.

Təhsil sahəsində respublikamızda həyata keçirilən islahatlar məktəbin qarşısında mühüm vəzifə qoymuşdur.

Böyüməkdə olan gənc nəsli yüksək mənəvi ruhda tərbiyə edib, şəxsiyyət kimi yetişdirmək pedaqoji prosesin əsas məsələlərindən biridir. Müasir dövrdə təhsil sahəsində islahatların uğurla həyata keçirilməsi pedaqoji ali və orta ixtisas təhsili müəssisələrində müəllim hazırlığının keyfiyyətini yüksəltməyi, təhsilin və təlimin məzmununu təkmilləşdirməyi və yenidən qurmağı tələb edir. Bu prosesdə ibtidai təhsilin məzmununun yeniləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki təhsilin təməli ibtidai siniflərdə qoyulur. İbtidai təhsildə, ümumiyyətlə, ümumtəhsil məktəblərində Ana dili əsas tədris fənni sayılır. Təsadüfi deyildir ki, tədris planında ibtidai siniflər üzrə tədris olunan 91 saat dərsin 39 saatı (44 faizi) Ana dili fənninə ayrılmışdır.

Ana dilinin tədrisi metodikası fənni ibtidai siniflərdə ana dili təliminin məzmunu, məqsədi, vəzifələri, forma və metodlarından bəhs edən bir elmdir. Bu fənn nəyi (hansı məzmunda, hansı həcmdə), kimə (hansı sinif şagirdlərinə), nə vaxt, nə üçün və necə (hansı prinsip, forma, metod və vasitələrlə) öyrətməyi müəyyənləşdirir.

Bu fənnin tədrisi sayəsində tələbələr – gələcək ibtidai sinif müəllimləri Milli Kurikulumun, həmçinin Ana dili fənninin kurikulumunun mahiyyətini, strukturunu, məqsədini, vəzifələrini, prinsiplərini, fənn üzrə ümumi təlim nəticələrini, məzmun xətləri, məzmun standartları, təlim strategiyaları, təlim nailiyyətlərinin qiymətləndirilməsini, mövcud kurikulumlar və ənənəvi proqramların səciyyəvi cəhətlərini, fəal və interaktiv təlim/tədris metodlarını, müasir Azərbaycan dili dərslərinə verilən tələbləri, müasir dərsin quruluşunu, Azərbaycan dili dərslərinin təşkili, müəllim fəaliyyətinin planlaşdırılması məsələlərini mənim-səməklə, müəllimlik peşəsi üçün zəruri olan bilik və bacarıqlara yiyələnə bilərlər.

Gərgin zəhmət və peşəkarlıqla hazırlanıb ərsəyə gəlmiş Ana dilinin tədrisi metodikası fənninin kurikulumuna aid metodik vəsait müəllim və tələbər üçün dəyərli bir töhfə və təhsilə uğurlu dəstəkdir.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın