3:16 pm - Çərşənbə axşamı Yanvar 19, 9075

Reket jurnalistikasının acı fəsadları

Malik Rəcəb, “Təhsil problemləri” qəzetinin baş redaktoru

Malik Rəcəb,
“Təhsil problemləri” qəzetinin
baş redaktoru

Hər insanın xarakteri kifayət qədər müsbət çalarlıdır, təəssüf ki o, mənfi cəhətlərdən də xali deyil. İnsan həyatındakı xoşagəlməz hadisələr bu mənfi cəhətlərin nəticəsi olaraq baş verir.

Mənim də bir insan kimi xarakterimdə mənfi cəhətlər kifayət qədər çoxdur. Onların çoxunu təmasda olduğum insanlar duya bilmirlər, lakin çatışmayan cəhətlərimi kifayət qədər yaxşı bilirəm.

Bu yazımda iki çatışmayan cəhətimin fəaliyyət göstərdiyim jurnalistika sahəsində mənim üçün necə böyük problemlər yaratdığından danışmaq istəyirəm.

Düz 15 il əvvəl “Təhsil problemləri” qəzetinin ilk nömrəsi çapa hazırlananda birinci səhifəyə qoyulacaq materialları təcrübəli dostlarımla “saf-çürük” edirdim. Səhifədə boş yer çox qalırdı. Dostlarımdan biri yarı ciddi, yarı zarafat təklif etdi ki, “gəl elə şəklini böyüdüb verək birinci səhifədəki bu boş yerə, qoy camaat bilsin ki, sən “Baş redaktor”san. Sənə də “reklam” lazımdır, ya yox?!”

Söz yox ki, bunu zarafat kimi qəbul etdim çünki, mən belə hərəkət edə bilməzdim. Amma bu gün nəşr etdirdiyi səkkiz səhifəlik qəzetdə on altı yerdə imzası gedən “baş redaktor”ları görəndə heyrət içində qalıram. Səkkiz səhifənin altısı onun yaradıcılığıdır. İmzanın birində o yazıçılar, digərində isə jurnalistlər ittifaqının üzvü kimi təqdim olunur. Birində “Qızıl qələm” mükafatının, digərində “Ədəbi Araz”, başqasında isə “Dəli Kür”ün laureatıdır. Bir yazısında “şair-dramaturq”, digərində isə “yazıçı-publisist”dir.

Atalar necə də gözəl deyib: “Utanmasan oynamağa nə var ki?!”

İnsanın üzündə “abır-həya” adlı nəsə bir şey olmalıdır ki, o utana bilsin. Məni bu yazını yazmağa məcbur edən də bir azdan adlarını çəkəcəyim insanlarda “abır-həya” adlı məhfumun tamamilə qeybə çəkilməsidir. Onlar yalan danışdıqları üçün utanmırlar, kiməsə kələk gələrək pul qopartdıqları üçün xəcalət çəkmirlər. Onların üz (sifət) dərilərində (dəri əvəzinə “gön” sözünü yazsaydım fikrimi daha yaxşı ifadə etmiş olardım) etdiyi hərəkətin müqabilində qızartı yaranmır.

Qeyd edim ki, qəzetin ilk nömrəsində baş redaktor kimi şəklimi vermədim. 15 ildir ki, baş redaktoru olduğum “Təhsil problemləri” qəzeti müntəzəm olaraq nəşr olunur, şəklim isə bu illər ərzində qəzetdə cəmi 3-4 dəfə çıxıb. Məni baş redaktor kimi çox az adam tanıyır.

Mən reklamın əhəmiyyətini düzgün anlamamışam, odur ki, cəzasını indi çəkirəm. Artıq beşinci ildir ki, bir neçə adam qapı-qapı gəzərək özünü “Təhsil problemləri” qəzetinin baş redaktoru Malik Rəcəb kimi təqdim edir və “nəzakətlə” şöbə müdirlərindən, məktəb direktorlarından, hətta sıravi müəllimlərdən belə pul istəyirlər. Onlardan biri vəsiqəsinin şəklini aşağıdakı verdiyim Rəhimov Rəhim Əli oğludur. Onun haqqında qəzetdə bir dəfə məlumat vermişəm.

Reketçi

Reketçi

Lakin nə mənası?! İnsan nə qədər ləyaqətsiz olmalıdır ki, qapı-qapı gəzib dilənməyi azmış kimi özünü də qarşı tərəfə başqa ad altında təqdim etsin.

Bu “reket baş redaktor”lar heç də düşündüyünüz qədər sadəlövh adamlar deyillər. Onların “Məntiq nəzəriyyəsi” əsasında düşünüb etdiyi dahiyanə gedişlərdən bir neçəsinin şərhini verməyə çalışacağam ki, hər biriniz işin mahiyyətinə vara biləsiz.

Bu gün “Təhsil problemləri”, “Təhsil və problemləri”, “Təhsilin problemləri” və “Təhsil” adlı qəzetlər mövcuddur. Adlardakı fərqlər o qədər cüzidir ki, ilk baxışdan onları sezmək olmur. Məsələn “Təhsil problemləri” ilə “Təhsilin problemləri”ndəki fərq “in” şəkilçisidir. Yaxud “Təhsil və problemləri” yalnız “və” bağlayıçısı ilə fərqlənir.

Vəsiqəyə fikir verin, “və” bağlayıcısı elə kiçik şriftlə və görünməyən yerdə verilib ki, bilərəkdən diqqət yetirənlərdən savayı onu heç kəs ayıra bilmir. Bu adam “Təhsil və problemləri” adlı qəzetin möhürü ilə təsdiqlənmiş “Baş redaktor” vəsiqəsi ilə məktəbə gedir. Adını düz yaza bilməsə də “Ehtimal nəzəriyyəsi”ni yaxşı bilir, hesablama aparır, proqnoz verir – “Təhsil problemləri” qəzeti bu məktəbdə böyük nüfuza malikdir, amma onun baş redaktoru Malik Rəcəbin simasını bu məktəbdə heç kəs, o cümlədən direktor tanımır (Həqiqətən məni direktorların 99%-i tanımır, çünki mən bu 15 il ərzində qəzetin baş redaktoru, yaxud jurnalist kimi bircə məktəbə olsa belə ayaq basmamışam.).

Deməli, özümü Malik Rəcəb kimi təqdim etsəm direktor məndən “Şəxsiyyət vəsiqəsi”ni istəməyəcək. Lap istəsə belə deyəcəm ki, “şəxsiyyət” evdə qalıb, mənə inanmırsız, buyurun, bu da mənim “baş redaktor” vəsiqəm. Amma vəsiqəmi ilk tanışlıqda elə təqdim etməliyəm ki, “Təhsil problemləri” və böyük şriftlərlə yazılmış “Baş redaktor” sözləri (rica edirəm, vəsiqəyə diqqətlə baxın) dərhal oxunsun. Vəsiqəni əlimdə elə tutmalıyam ki, Rəhim Rəhimov sözləri baş barmağımın altında qalsın.

Abrına qısılan direktor, yəqin ki, ondan vəsiqəni alıb oxumayacaq. Fikir verin, vəsiqədəki Rəhim Rəhimov yazılmış yer bu zaman onun baş barmağı altında qalır, “və” bağlayıcısı isə elə yerdə verilib ki, o görünmür.

Bir anın içindəcə “Təhsil və problemləri” qəzetinin baş redaktoru Rəhim Rəhimov çevrilib olur Malik Rəcəb. “Nəzakətlə” (bu sözü təsadüfən yazmıram, onun bütün hərəkət və maneraları haqqında müfəssəl məlumatım var): – Yol üstəyəm, gəldim ki, bir ayaqüstü sizinlə görüşüm. Sözün açığı, deməyə də utanıram, köməyinizə ehtiyacım var.”

Qeydiyyatdan keçdiyi 4-5 il ərzində 4-5 nömrəsi işıq üzü görməyən bir qəzetin vicdansız “baş redaktor”u illər boyu göz bəbəyi kimi qoruduğum ləyaqətimi fikirləşmədən aldığı 20-30 manata asanlıqla dəyişir. Fikirləşəndə ki, 20 manat pul verən həmin direktor mənim barəmdə nələr düşünür, xəcalətimdən alnımda tər damcıları muncuqlanır.

Bu hələ harasıdır. Naxçıvan MR, Naxçıvan şəhəri, 4 nömrəli tam orta məktəbin ali kateqoriyalı sinif müəllimi Aytən İmanova maraqlı yazıları ilə “Təhsil problemləri” qəzetində tez-tez çıxış edirdi.

Q əzetin hər nömrəsini izləyən Rəhim Rəhimov Aytən İmanova və digər fəal müəllimlərin iş yerlərinin dəqiq siyahısını tərtib edir və günlərin birində Naxçıvan şəhərinə gedir…

…Və günlərin birində Aytən İmanova mənə telefon açıb deyir ki, bu söhbəti açmaq fikrində deyildim, amma vicdanım məni yorur, odur ki, zəng vurub sizə deyirəm.

İki ay əvvəl mənə xəbər verdilər ki, “Təhsil problemləri” qəzetinin baş redaktoru məktəbimizə gəlib, səni axtarır.
Görüşdük. O özünü Malik Rəcəb kimi təqdim edib vəsiqəsini çıxaranda etiraz etdim:

– Ayıb deyil, xoş gəlmisiniz, buyurun.

Malik Rəcəb hesab etdiyim həmin şəxs boynuma böyük minnət qoyaraq dedi ki, son 2 ildə 7 məqaləni dərc etmişəm. Yolüstü bura gəlmişəm. Səndən növbəti məqaləni götürmək istəyirəm, həm də gör, qəzetə məqalə vermək istəyənlər varmı. Amma daha pulsuz məqalə dərc etməyəcəm ha… O biri müəllimlərə de. Çox istəmirəm, hər məqaləyə 30 manat.

Söz verdi ki, növbəti nömrədə yazın çıxacaq.

İki ay keçdi, qəzetin hər nömrəsini izləyirdim ki, görən yazı nə vaxt dərc olunacaq. Bu gün “Təhsil problemləri”nin növbəti nömrəsini aldım. 16-cı səhifədəki “Siz kimsiniz Rəhim Rəhimov?!” məqaləsini oxuyanda başa düşdüm ki, aldadaraq məndən pul alan sən demə Malik Rəcəb yox, məhz Rəhim Rəhimov imiş…

Etiraf edim ki, uzun illər ərzində heç bir təmənna güdmədən yazılarımı dərc edən, şəxsiyyətinə böyük hörmət bəslədiyim bir insanın qapı-qapı gəzib pul yığması, hətta Naxçıvana belə gəlib çıxması, sonda da təkcə məni yox, çox adamı aldatması nalayiq hərəkətdir.

Sevindim ki, bu adam siz deyilsiz! Zəng vurdum ki, haqqınızda düşündüklərim mənə daha xəcalət verməsin. Həm də xəbəriniz olsun ki, o adam Naxçıvana da gəlib. Biz sadəcə olaraq “Təhsil problemləri” qəzetinə olan hörmətimizə görə susmuşuq.

Buna oxşar hal Salyan Rayon Təhsil Şöbəsində də baş verib. Qəzetin zona müxbiri İlham İbadlını qəbul edən Təhsil şöbəsinin müdiri deyir: – Malik müəllim ki, indicə burda idi, niyə məktubu özü vermədi?

İlham İbadlının “çaş-baş” qaldığını görən müdir təəccüblə yenidən soruşur: – O qapını açıb otağımdan çölə çıxdı, sən isə içəri girdin. Hətta sən ona yol da verdin. Deyəcəksən ki, onu görmədim?!

İlham İbadlı heyrətlə müdirə deyir ki, o Malik Rəcəb deyil.

Dərhal telefon açıb mənə bu barədə məlumat verdi. Mən Təhsil şöbəsinin müdirindən bu barədə polisə müraciət etməsini xahiş etdim, lakin onun fikri qəti oldu:

-Qoy rədd olsun! Başımı cəncələ salmaq istəmirəm.

Bu misalların sayını artırmaq olar, təəssüf ki, son hədəfə yetmək mümkün deyil.

Bu barədə 15.12.2014-cü il tarixli 11№-li məktubla Mətbuat Şurasının sədri Əflatun Amaşov cənabına da müraciət etmişəm.

Məktub

Məktub

Ötən illər ərzində “Təhsil problemləri” qəzetinin bir neçə nömrəsində reket jurnalistikasının mənim üçün törətdiyi fəsadlarla bağlı yazılar dərc etmişəm.

Təəssüf ki, bu tendensiya azalmır, əksinə, getdikcə daha geniş vüsət alır. Belə ki, əvvəllər təkcə “Təhsil və problemləri” adlı qəzetin baş redaktoru və əməkdaşları mənim adımdan istifadə edərək məktəblərə gedirdilərsə, indi bu say üç dəfə artıb. İndi təkcə “Təhsil və problemləri” deyil, “Təhsilin problemləri” və “Təhsil” adlı qəzetlər də peyda olublar. Bu o deməkdir ki, ən azı üç nəfər baş redaktor özünü Malik Rəcəb kimi təqdim edir. Əgər bu siyahıya özünü mənim yerimə baş redaktor kimi təqdim edən sıravi jurnalistləri də əlavə etsəm mənzərənin mənim üçün nə dərəcədə acınacaqlı olduğunu təsəvvür edə bilərsiniz.

Bütün bunlar azmış kimi 2017-ci ilin sentyabr ayından etibarən Bakı şəhəri məktəblərində çalışan müəllim və rəhbər pedaqoji işçilərdən redaksiyaya çoxsaylı telefon zəngləri daxil olur ki, onlar “Təhsil problemləri” və digər qəzetlərdə çıxış etdiklərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun qəzəbinə tuş gəlmələrindən şikayətlənirlər. Bəşarət Məmmədov “Təhsil problemləri” qəzetinin hər bir nömrəsini izləyir, orada nəinki məqaləsi dərc edilən, hətta adı çəkilən hər bir pedaqoji işçidən izahat tələb edir.

Bu azmış kimi o vəzifə səlahiyyətlərini aşaraq qəzetdə adı çəkilən və onun razılığı olmadan qəzetə məqalə göndərən hər bir kəsə işdən azad edəcəyi barədə hədə-qorxu gəlir. Rəhbər işçilərə İctimaiyyətlə əlaqələr sektoru əməkdaşlarının telefon zəngləri, elektron ünvanlarına işdən azad ediləcəkləri barədə hədə-qorxu məktubları, onların tabeçiliyində olan müəllimlərdən izahat almaları barədə verdiyi göstərişlər və s. azmış kimi Bəşarət Məmmədov hətta ictimai tədbirlərdə belə mətbuatda, o cümlədən “Təhsil problemləri” qəzetində çıxışlara qadağa qoyduğunu deməkdən çəkinmir.

Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanmış “Azərbaycan Respublikasında KİV-nin inkişafına dövlət dəstəyi Konsepsiyası” əsasında KİVDF “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”, “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” və s. istiqamətlər üzrə hər il dövlət büdcəsindən qəzetlərə maliyyə yardımı ayrılır, bu iş vacib və önəmli hesab edilir. BŞTİ-də oturub özünü “xırda padşah” hesab edən Bəşarət Məmmədov isə müəllimlərin mətbuatda çıxışlarına qadağa qoyur, yazı yazmaq üçün ondan “icazə” almalarını tələb edir, əks halda isə işdən qovacağı ilə hədələyir.

Ulu Öndər Heydər Əliyevdən sitat gətirən, “Bayraq günü” münasibəti ilə tədbir keçirən, “Açıq dərs” nümunəsi ilə təcrübəsini həmkarları ilə bölüşən, hətta ad günü ilə əlaqədar təbrik edilən müəllimlər də Bəşarət Məmmədova “izahat” verməlidirlər.

İş o yerə çatıb ki, Bəşarət Məmmədov idman uğuru qazanmış bir şagirdi ilə şəkil çəkdirdiyinə görə də direktordan izahat tələb edir. Direktor şagirdin idman uğurlarından danışanda və onun məktəbin fəxri olduğunu söyləyəndə isə növbəti iradını tutur ki, “idmançı şagird şəklini, qoy, tək çəkdirsin, sən onun yanında niyə dayanmısan?!” Bu qədər dayaz düşüncəli bir adamın “İctimaiyyətlə əlaqələr” kimi həssas bir sektora necə rəhbərlik etdiyini təsəvvür etmək çox çətindir.

Əgər Bəşarət Məmmədov hədə-qorxu niyyətində olmasaydı anlayardı ki, idman nailiyyəti qazanmış hər bir şagird məktəbin fəxridir. Direktor da məhz onunla şəkil çəkdirib ki, digər şagirdlərinə nümunə olsun, onlar da məktəbin nüfuzunu bu idmançı kimi qaldırsın və gələcəyə doğru yolla irəliləsinlər.

Dövlət başçısı Prezident İlham Əliyevin üçrəngli bayrağımızı göylərə qaldıran hər bir idmançı ilə şəkil çəkdirdiyini Bəşarət Məmmədov yəqin ki, görüb, amma Prezidentin nə üçün idmançılarla şəkil çəkdirdiyini isə yəqin ki, düşünməyib. Düşünsəydi anlayardı ki, cənab Prezident idmançıya görə qürur hissi keçirir, çünki dünya arenasında yüzlərlə bayrağın içindən məhz Azərbaycan bayrağını qaldıran və şərəfinə dövlət himni səsləndirilən bu idmançıdır. O buna layiqdir! İdmançı da öz növbəsində fərəh və qürur duyur, çünki Prezidentinə güvənir, onun hər kəsə, o cümlədən bir idmançı kimi ona arxa və dayaq durduğunu bilir. Bəşarət Məmmədov anlamır ki, Prezidentlə çəkilmiş bu şəkil minlərlə gənc idmançını qələbəyə ruhlandırır, sonda bu uğurlar birləşərək birlikdə Azərbaycan dövlətinin dünya arenasındakı uğuruna çevrilir.

Bəşarət Məmmədovun hərəkətləri Konstitusiyamıza ziddir. O, vəzifə səlahiyyətlərini aşaraq ona-buna telefon açmaqla sıravi müəllim və rəhbər pedaqoji işçilərə hədə-qoxu gəlmək əvəzinə Azərbaycan Respublikasının Konstitusiyasını oxusaydı görərdi ki, “Maddə 50. Məlumat azadlığı”nda yazılır:

II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Bəşarət Məmmədovun qanunazidd hərəkətləri barədə BŞTİ-nin müdiri Məhəbbət xanım Vəliyevaya və Daxili nəzarət şöbəsinə ünvanladığım 18.11.2017-ci il tarixli 85 və 86 nömrəli sorğulara bu günədək cavab almamışam.

Son günlər Bakı şəhəri məktəblərinə aşağıdakı məzmunda “xəbərdarlıq” daxil olub:

Xəbərdarlıq

Xəbərdarlıq

Olduqca savadsız adamın tərtib etdiyi bu “xəbərdarlıq”da fikir aydınlığı yoxdur, müəllif cürəti çatmadığı üçün imzasını da qoymayıb. Cəmi doqquz sətirlik üç cümlədən ibarət “xəbərdarlığın” iki cümləsi quruluş etibarı ilə səhvdir. Birinci cümlədə “təhsil müəssisələri rəhbərlərindən… məlumatlar daxil olmaqdadır” demək istəyən naməlum tərtibçi cümlənin axırında əvvəlcə yazdığı “təhsil müəssisələrinin rəhbərlərindən” sözünü unudub “məktəblərdən məlumatlar almaqdadır” yazır. Necə başa düşməli, məlumatlar kimdən daxil olur? “…təhsil müəssisələri rəhbərlərindən”, yoxsa “…məktəblərdən”. “Məktəb” deyildikdə bina başa düşülür, o cansızdır, əli qələm tutmadığından məlumat yaza bilməz. İki sətirlik üçüncü cümlədə ifadə olunmuş mücərrəd fikir isə ondan ibarətdir ki, məktəb üzləşdiyi problemləri elektron poçt vasitəsi ilə naməlum bir obyektə bildirməlidir. Azərbaycan dilinin qrammatikasından xəbərsiz tərtibçi bilmir ki, “vasitəsi” sözü “i” saiti ilə sona çatdığı üçün “ilə” bağlayıcısı ona bitişik yazıla bilməz, yəni “vasitəsi ilə” yazılmalıdır. Tərtibçi cümlənin sonunda da “.. bildirməyinizi xahiş edirik” yazmalı idi, “bildirməsini” yox!

Yazdığı üç cümlədən ikisi səhv olan, naməlum müəllif! Hansı mənəvi haqla müəllimlərə (xüsusi ilə məktəb rəhbərlərinə) yol göstərir, məsləhət verirsən?!

Hər bir insan səhv edə bilər. Əsas məsələ səhvi başa düşmək və onu mümkün qədər qısa zamanda aradan qaldırmaqdır. Səhvlər çoxalıb böyüdükcə onları düzəltmək mümkünsüz olur.

Hörmətli təhsil müəssisəsi rəhbərləri və əziz müəllimlər!

Yaranmış acınacaqlı vəziyyətdən çıxmaq üçün köməyinizə ehtiyacım var. Əgər “Təhsil problemləri” qəzetini təmsil edən hər hansı nümayəndəni şəxsən tanımırsızsa, 496-75-51, 496-75-11 və 050-355-73-18 №-li telefonlara zəng vurmağınızı, rastlaşdığınız xoşa gəlməz hallar barədə redaksiyaya məlumat verməyinizi xahiş edirəm. İradlarınızı da mənə bildirin – səhvimi üzümə deyənlər böyük hörmət bəslədiyim şəxslərdir.

P.S. 15 il əvvəl yol verdiyim səhvi indi düzəldir, məqalənin əvvəlinə çox da böyük olmayan şəklimi verirəm!!

Filed in: ARAŞDIRMA, YAZILAR

2s şərh var: to “Reket jurnalistikasının acı fəsadları”

  1. H'bibullah
    12 Dekabr 2017 at 22:53 #

    Həqiqətən çox ayıb. Müəllimin qeyd etdiyi kimi “utanmasan oynamağa nə var”!

  2. Əbülfət Zeynaloğlu
    27 Dekabr 2017 at 19:45 #

    Sizn “Təhsil problemləri ” qəzeti daima izlədiyim qəzetlərdəndir. Qəzetdə dəfələrlə yazılarım dərc olunub. Nə redaksiyanızı tanıyıram, nə də ki şəxsən hər hansı birinizi . Haqqınızda başqa nəsə düşünənlər, söz yox ki, yanılırlar. Onların yanılmasına isə adınızdan istifadə edən dəyərsizlər səbəb olmuşlar.İnsan öz vicdanı qarşısında üzüağdırsa, əsassız olan yanlış münasibətlər tez-gec qaydasına düşəcəkdir.

Şərh yazın