3:16 pm - Cümə axşamı Yanvar 19, 9099

Əməkdaşlıq pedaqogİkası: demokratİzm, bərabərlİk və partnyorluq

kivdf1

kivdf1

(əvvəli ötən saylarımızda)

Eksperiment gedirdi…

Birinci variant. Şagirdlərə tanımadıqları həmyaşıd uşaqlardan birinin fotoşəklini verirlər, onun əqli, iradi və b. keyfiyyətlərini qymətləndirməyi təklif edirlər. Şagirdlər fotoşəklə baxsalar da, tanımadıqları şagirdin keyfiyyətlərini qeyri-müəyyən sözlərlə qiymətləndirirlər. Onu ağıllı hesab etmirlər, lakin dəli, gic olduğunu da təsdiq etmirlər.

İkinci variant. Şagirdlərə eyni qaydada tanımadıqları başqa bir şagirdin fotoşəklini verib, onun keyfiyyətlərini qiymətləndirməyi təklif edirlər. Bu zaman ayrı-ayrılıqda müxtəlif müəllimlərin səsi yazılmış fonoqramı asta ahənglə səsləndirirlər. Şagirdlər müəllimin səsini eşitsələr də, nə danışdığını kəsdirə bilmirlər. Təkcə ona görə yox ki, fonoqram asta ahənglə səslənirdi, həm də ona görə ki, müəllimin dediyi sözlərin eksperimental tapşırıqla heç bir əlaqəsi yoxdu. Lakin bununla belə, şagirdlər sevdikləri müəllimin səsini eşidən kimi dərhal tanımadıqları həmyaşıdlarına müəyyən qiymətlər verirlər – onun gic, kinli, bic və ya əksinə, haqlı, xeyirxah, sadəlövh və s. olduğunu qeyd edirlər. Halbuki üçüncü variantda – şagirdlər eksperimental tapşırığı yerinə yetirərkən onların sevmədikləri müəllimin səsini səsləndirirlər. İlk baxışda nə qədər təəccüblü olsa da, şagirdlər tapşırığı ikinci variantdakı kimi deyil, birinci variantdakı kimi yerinə yetirirlər.

Başqa bir tədqiqatda şagirdləri bir-bir eksperiment otağına dəvət edirlər. Otaqda bir-birindən aralı iki stol qoyulmuşdur. Birinci stolun üstünə uşaqlar üçün əyləncəli olan şeylər (saqqız, qəşəng diyircəkli qələm, nişanlar və s.) düzülmüşdü. İkinci stolda isə “Lotereya” biletlərini xatırladan biletlər qoyulmuşdu. Təlimata görə, şagird bir bilet götürüb açmalı, əgər bir şey udubsa, heç kəsə göstərmədən keçib birinci stoldan udduğu şeyi götürməli idi.

Eksperimentin gedişi zamanı otaqda şagirddən başqa heç kəs olmurdu. Eksperimentçi onları gizli videokamera vasitəsilə müşahidə edirdi.

Eksperimentin fərziyyəsinə görə, biletlər uduşsuz idi. Eksperimentçiləri bir məsələ maraqlandırırdı: otaqda öz ümidinə qalmış şagird udmaq bəhanəsilə birinci stoldan xoşladığı hər hansı bir şeyi götürəcək, yoxsa götürməyəcək? Eksperiment göstərdi ki, bəzi şagirdlər bu şəraitdə özlərini saxlaya bilmirlər, “biletləri” uduşsuz olsa da, heç nəyə baxmır, birinci stoldan xoşladığı şeyi götürürlər.

Təcrübənin ikinci seriyası sabahkı gün keçirilir. Eksperimental situasiya eynən birinci seriyada olduğu kimidir. Təkcə bir fərq var: birinci stola eksperimental sinifdə uzun müddət dərs deyən, həm də həmin sinfin rəhbəri olan sevimli müəllimin portreti qoyulmuşdur. Portret fasdan çəkilmişdi. Onun ifadəli gözləri diqqəti cəlb edirdi. Şagirdlər birinci stola yaxınlaşanda müəllimin ifadəli gözləri (oxu: baxışları) ilə rastlaşırdılar və özlərini yığışdırırlar. Birinci seriyada özbaşınalıq edib xoşladığı şeyi götürən şagirdlərin çoxu “müəllimdən” çəkinir və “biletin” uduşsuz olduğunu səmimi etiraf edirlər.

Bu eksperimental faktlar öz-özlüyündə nə qədər önəmli olsa da, bir cəhət şəksizdir: sinifdən-sinfə keçdikcə şagirdlərin müəllimə münasibəti dəyişir. Uşaqlar müəllimin birini çox istəyir, başqasını az. Üçüncüsünü isə nəinki istəmir, hətta bəzən ona nifrət edir. Müəllimin birinə formal münasibət bəsləyirlər, başqası isə onlar üçün referent şəxsdir, min bir görünməz tellə onunla bağlıdırlar: onunla məsləhətləşirlər, dərd-sərlərini açıb deyirlər, özlərinin “kiçik” və “böyük” sirlərini ondan gizlətmirlər. Görəsən, bu nə ilə bağlıdır? Suala cavab vermək üçün gəlin müəllimlərə şagirdlərin gözüylə baxaq.

Məşhur Amerika psixoloqu Q.V.Ollportun da sanballı araşdırmalarından biri elə bu model kökündə qurulub. Onu bir məsələ – müəllimlərin şagirdlərə göstərdiyi təsirin səviyyəsinin açıqlanması maraqlandırırdı. Tədqiqatda 100 nəfər əsasən I və II kurs tələbələri iştirak edirdi, lakin onlara vaxtilə məktəbdə dərs demiş müəllimlərlə özlərinin qarşılıqlı münasibətlərini retrospektiv səpgidə təhlil etmək təklif olunmuşdu.

Görəsən, məktəbdə və ya kollecdə həmin tələbələrə təxminən neçə nəfər müəllim dərs demişdi və yaxud onlarla tərbiyə işi aparmışdı? Respondentlər ümumi şəkildə 4632 nəfər müəllimi xatırlamışdılar. Müəllimlərin təsirinin səviyyəsini müəyyənləşdirmək üçün onlara aşağıdakı suallar verilir (mötərizədə həmin tələbələrin həyatında mühüm rol oynamış müəllimlərin miqdarı faizlə göstərilir):

– Sizin intellektual və şəxsi (şəxsiyyət) inkişafınıza neçə nəfər müəllim çox güclü təsir göstərib? (8,5 %)

– Daha neçə nəfər müəllim yadınızda qala biləcək dərəcədə sizə güclü təsir göstərib? (14,8%).

– Onlardan neçə nəfərini siz ancaq elə-belə xatırlayırsınız və ya sizin fikrinizcə, sizin inkişafınıza prinsipial təsir göstərməyib? (76,6%)

Göründüyü kimi, müəllimlərin dörddə üç hissəsindən çoxu ancaq elə-belə yadda qalıb və şagirdlərin nə intellektual, nə də şəxsi inkişafına nəzərəçarpacaq təsir göstərməyib. Q.V.Ollport bu faktı heyrətamiz fakt kimi qiymətləndirir.

Şagirdlərə güclü təsir göstərən müəllimlər, təəssüf ki, çox azdır, cəmi-cümlətanı 8,5 faizdir. Təxminən 15 faiz müəllimin şagirdlərə təsiri unudulmayıb, yadda qalıb. Q.V.Ollport tədqiqatın nəticələrini ümumiləşdirərək göstərir ki, … müəllim sinifdə təxminən şagirdlərin dörddə biri ilə yaxşı qarşılıqlı münasibətdə olur və on şagirddən təxminən birinə güclü təsir göstərir. Tədqiqatın bəzi nəticələri də maraqlıdır: respondentlərin yalnız 12 faizi ibtidai sinif müəllimlərinin onlara bu və ya digər dərəcədə güclü təsir göstərdiyini qeyd etmişlər. Yeniyetməlik yaşında isə şagird şəxsiyyətinin inkişafında müəllimlər daha mühüm rol oynayırlar.

Q.V.Ollportun fikrincə, uşaqlıqdan yaşlılığa keçid mərhələsində inkişafı adamların dağ başına rəvan qalxması ilə müqayisə etmək olmaz, o daha çox ulduzların axması kimi epizodikdir. Məhz bu epizodiklik, inkişafın böhranlı xarakteri onun həlli yollarının müəyyənləşdirilməsini tələb edir. Bu yollardan biri sirli-sehrli bir sahədə – məhz “müəllim-şagird“ münasibətləri sahəsində köklənir.

Müəllim şagirdlər üçün nə dərəcədə maraqlı şəxsiyyətdir? Sinifdə hər bir uşaq üçün psixoloji komfort yarada bilirmi? Onlarla hansı müsbət hisləri əmələ gətirir? İdrak maraqlarını necə yaradır? Oxumaq yanğısı yarada bilirmi? Şagirdlər görəsən, onu ədalətli, xeyirxah adam sayırlarmı? Səmimiyyətinə inanırlarmı? Onlar müəllimlərin hansını daha çox sevirlər? Bu məhəbbətin, seçimli münasibətin kökləri nədədir? Bəs, müəllimlərin özləri bu qeyri-adi şagird məhəbbətinin psixoloji və pedaqoji hikmətləri barəsində düşünürlərmi?! Bu suallar bəlkə də ritorik görünür. Ancaq bir həqiqət danılmazdır: şagirdlərin ayrı-ayrı fənlərə münasibəti bilavasitə onların müəllimlərə münasibətilə şərtlənir.

Xüsusilə aşağı siniflərdə şagirdlərin dərsə, ayrı-ayrı fənlərə münasibətlərində bu cəhət aydın nəzərə çarpır. Müəllimlə şagird arasında fikri, emosional və taktiki maneə yarananda, təlim öz-özünə əhəmiyyətini itirir.

Məktəbəqədər yaş dövründə uşaq sosial münasibətlərin iki sisteminə daxil olur:

1. Yaşlılarla (uşaq baxçasında tərbiyəçilərlə, evdə validenylərlə və digər yaxın adamlarla) münasibətlər.

2. Uşaqlarla münasibətlər.

Psixoloji tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşağın əmin-amanlığı ailədəki münasibətlərlə müəyyən olunur. Onun uşaqlarla oyun münasibətləri validenylərlə münasibətlərinə təsir göstərmir.

Sosial münasibətlərin hər iki sistemi məktəb məkanında tədricən genişlənir və köklü surətdə yenidən qurulmağa başlayır. Hər şeydən öncə, yaşlılarla münasibətlər sistemində müəllimlə münasibətlər ilk plana çıxır. Bu münasibətlər sistemi uşağın həm valideynlərə, həm də uşaqlara münasibətlərinin müəyyənləşməsində önəmli rol oynayır. N.F.Talızinanın fikrincə, “müəllimlə münasibətlər sahəsi” uşaq həyatının mərkəzinə çevrilir və onların psixoloji əmin-amanlıq dərəcəsi bilavasitə bu kökdə müəyyən olunmağa başlayır. Müəllifin sözləri ilə desək, şagirdin müəllimlə münasibətləri – onun cəmiyyətlə münasibətlərinin təzahürüdür.

Müəllim şagird üçün bənzərsiz örnəkdir. Lakin şagird və şübhəsiz ki, valideyn mühitində onun imicini və reytinqinin dinamikasında özünəməxsus meyillər nəzərə çarpır. I sinif şagirdləri müəllimi necə deyərlər, qövsi-qüzeyin allı-güllü boyaları ilə qavrayırlar. Lakin yaş artdıqca bu əlvan boyalar kasadlaşır, hətta bəzən tündləşir və tündləşdikcə tərbiyə işi də öz-özünə zəifləyir. Görəsən, bu nə ilə əlaqədardır? Psixoloq və pedaqoqlar bu aktual suala ümumi cavab veriblər, onun köklərini isə hələ açıqlamayıblar.

Müəllimlərin şagirdlərə münasibətlərində psixoloji kontekstdə köklü səhvlər özünü göstərir. Təlimdə geri qalan şagirdlərlə və nə qədər təəccüblü olsa da, elə əlaçı şagirdlərlə münasibətlərdə bu səhvlər daha aydın nəzərə çarpır.

Əlaçı şagirdləri təntənəli sözlərlə tərifləyirlər. Onların ən fəsadlı əməllərini asanlıqla bağışlayırlar. Hətta çox vaxt sadəcə olaraq görmürlər. Əlaçı şagirdlərdə özləri haqqında yaranan iddialı təsəvvürlərin qaynaqları elə bu sahədədir.

Onların bir çoxunun iddiası, necə deyərlər, yerə-göyə sığmır: müəllimlərə də iddia ilə yanaşırlar, sinif yoldaşlarına da.

Diqqətlə müşahidə etsəniz, asanlıqla görərsiniz ki, yuxarı siniflərdə əlaçı şagirdlərin bir çoxu artıq özünü sinif yoldaşlarının arasında rahat hiss etmir.

(ardı var)

Professor Əşrəf Əlizadənin
elmi əsərləri əsasında
məqaləni çapa hazırladı:
Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın