3:16 pm - Şənbə Yanvar 19, 9061

MUSİQİ VƏ TARİX FƏNLƏRİ ARASINDA FƏNLƏRARASI ƏLAQƏ TƏCRÜBƏSİNDƏN

İLHAMƏ XƏLİLOVA,  Bakı şəhəri, Nərimanov rayonu, MLK-nın musiqi müəllimi

İLHAMƏ XƏLİLOVA,
Bakı şəhəri, Nərimanov rayonu, MLK-nın musiqi müəllimi

Mərhum liderimiz Heydər Əliyev cənabları öz çıxışlarında dəfələrlə demişdir: “Təhsil millətin gələcəyidir.” Bəli, doğurdan da ölkəmizin sabahı bu gün parta arxasında oturan şagirdlərin savadından, onların bilik səviyyəsindən, dünya görüşlərindən birbaşa asılıdır. Bu baxımdan çoxillik təcrübəmə əsasən deməliyəm ki, şagirdlərin dünyagörüşünün formalaşmasında, onların biliklərinin artmasında fənlərarası əlaqənin, xüsusilə Musiqi və Tarix fənləri arasında inteqrasiyanın çox mühüm rolu vardır. Bu barədə danışarkən deməliyəm ki, VI siniflərdə şagirdlərə “Musiqidə emosionallıq” mövzusunun tədrisi zamanı tövsiyə edilən xorla ifa ediləcək mahnılardan R.Şəfəq və V.Mirzənin “İstiqlal bayramı” oxutdurulur. Məlumdur ki, “İstiqlal bayramı” mahnısında keçmiş Rus imperiyasının parçalanması və onun ərazisindəki digər xalqlarla bərabər xalqımızın da azadlıq qazanması, çox çətin və mürəkkəb müstəqillik yollarında inamlı addımlarla irəliləməsi vəsf olunur. Təbii ki, VI sinif şagirdlərinə adı yuxarıda göstərilən mahnının oxutdurulması zamanı onlara xalqımızın müstəqillik əldə etməsi haqqında da məlumat verilməsi, bu barədə onlarda ətraflı təsəvvür yaradılması çox səmərəli rol oynayır. Həm də praktika göstərir ki, bu yolla qazanılmış bilik uzun zaman unudulmur.

Yenə VI siniflərdə “Musiqidə millilik və ümumbəşərilik” mövzusu tədris olunarkən tövsiyə edilən xorla ifa ediləcək mahnıların siyahısında verilən “Azərbaycan əsgəri” marşı bu baxımdan xarakterikdir. Belə ki, bu marşı şagirdlər oxuyarkən onlarda çox güclü vətənpərvərlik, döyüşkənlik ruhu formalaşır ki, bu da ölkəmizin Ermənistanla müharibə vəziyyətində olduğu hazırkı zamanda çox vacib məsələdir. Bundan başqa, həmin mövzunun tədrisi zamanı tövsiyə edilən dinləniləcək musiqi nümunələrinin sırasında D.Şostakoviçin “7-ci simfoniya”sının olması da çox vacib rol oynayır. Belə ki, bu simfoniyada məlum olduğu kimi, Böyük vətən müharibəsi dövründə Leninqradın müdafiəsindən bəhs edilir. Təbii ki, belə ideyalar da şagirdlərdə vətənpərvərlik hisləri doğurur.

“Musiqidə müharibə” mövzusunun tədrisində E.Mirzəbəylinin “Heyratı” zərbi muğamının və “Azadlıq marşı”nın xorla ifa ediləcək mahnılar sırasında verilməsinin də böyük rolu vardır. Belə ki, hər iki musiqi əsəri dinləyicidə, əlbəttə, həm də şagirdlərdə mübarizlik, əzmkarlıq, vətən üçün ölüm-dirim savaşına qalxmağa hazır olmaq kimi hislər doğurur.

VI siniflərdə “Musiqidə polifoniya” mövzusunun tədrisində tövsiyə edilən xorla ifa ediləcək mahnılardan O.Rəcəbovla S.Nuruqızının “İçərişəhər” mahnısının verilməsi də simvolik səciyyə daşıyır. Belə ki, məlum olduğu kimi İçərişəhər xalqımızın tarixində ən mühüm rol oynayan tikililərdən biridir. XVI əsrdə Şirvanşahlar dövlətində I Xəlilullah tərəfindən tikdirilən bu tikilini tarixçilər haqlı olaraq xalqımızın arxitektura tarixinin incilərindən sayırlar. Qeyd etmək yerinə düşərdi ki, Şirvanşahlar dövlətinin xəzinəsinin böyük bir hissəsi bu tikilidə yerləşdirilmişdi. Ona görə də bu mahnının şagirdlər tərəfindən ifası zamanı müəllimin yeri gəldikcə haşiyəyə çıxaraq şagirdlərə İçərişəhərin tarixi, onun tikilməsinin səbəbləri, bu tikilinin əhəmiyyəti haqqında verəcəyi suallar çox əhəmiyyətli rol oynayardı. Belə ki, bu tipli suallar şagirdlərin həm musiqi, həm də tarix sahəsindəki biliklərini daha da zənginləşdirmiş olar.

Yenə VI siniflərdə “Musiqidə müharibə” mövzusunun tədrisi zamanı E.Dadaşova və R.Yusifoğlunun “Sülh məşəli” mahnısının xorla ifa ediləcək mahnılar sırasında verilməsi tamamilə məqsədəuyğun hal kimi qəbul edilməlidir. Belə ki, bu mahnıda adından da göründüyü kimi, sülh ideyaları tərənnüm olunur. Hesab edirəm ki, müəllimin bu mövzunun tədrisində ölkəmizin sülhpərvər, sülhsevər ölkə olduğunu şagirdlərə bildirməsi üçün əvvəlcə şagirdlərə frontal sorğu ilə xalqımızın dövlət simvolu – gerbimiz, burada təsvir edilən qalxan, sünbül, dəfnə budağı haqqında suallarla müraciət etməsi məqsədəuyğun olardı. Belə ki, bu suallar həm də yeni mövzunun tədrisində mühüm rol oynayan motivasiya rolunu oynayardı.

Göstərilməlidir ki, “Musiqidə milli qəhrəmanlıq obrazı” mövzusunun tədrisi zamanı xorla ifa ediləcək musiqisi Ü.Hacıbəyliyə, sözləri isə S.Rüstəmə məxsus olan “Ağlama, xalqım, ağlama” mahnısı da bu baxımdan diqqəti cəlb edir. Belə ki, bu mahnıda nəticə etibarı ilə xalqımızın ən ağır, çətin vaxtlarda belə nikbinliyini itirməməsi, gələcəyə həmişə inamla baxması vəsf olunur. Bu mahnı Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olduğu hazırkı durumda xüsusilə aktual rol oynayır.

Məlumdur ki, hər bir ictimai-siyasi mövzuda yazılan mahnı hansısa dərəcədə xalqın mədəni, ictimai-siyasi vəziyyəti ilə sıx surətdə bağlı olur. Bu baxımdan isə “Musiqidə zarafat” mövzusunun tədrisi zamanı xorla ifa ediləcək mahnı kimi tövsiyə edilən musiqisi Z.Bağırova, sözləri isə M.Ə.Sabirə məxsus olan, sevimli müğənnimiz mərhum Mirzə Babayevin ustalıqla ifa etdiyi “Oxutmuram, əl çəkin” mahnısı yerinə düşür. Belə ki, məlumdur ki, XIX əsrin əvvəllərində vətənimizdə təəssüflər olsun ki, nadan ruhanilərin, mollaların apardıqları xurafat təbliğatı nəticəsində xalqımızda dünyəvi təhsilə, məktəbə, elmə mənfi münasibət formalaşmışdı. Buna görə də orta statistik azərbaycanlı ailə başçısına, evin kişisinə elə gəlirdi ki, övladını, əlbəttə, oğlan uşağını (qız uşağının məktəbə getməsindən söhbət belə gedə bilməzdi) məktəbə göndərmək, onun dünyəvi təhsillə məşğul olması qətiyyən məqsədəuyğun deyil. Hətta belə düşünürdü ki, bu hal şəriətə ziddir. Ona görə də azərbaycanlı ailə başçısına məktəb yaşına çatmış oğlan övladının məktəbə göndərilməsi təklif ediləndə onlar qətiyyətlə bundan imtina edirdilər. Təsadüfi deyildi ki, o zamanlar Bakı şəhərində say etibarı ilə götürdükdə azərbaycanlı uşaqlar erməni və rus millətindən olan yaşıdlarının cəmindən nəzərə çarpacaq dərəcədə çox olsalar da, təhsillə əhatə olunma dərəcəsinə görə onlar ən az saylı idilər. Əlbəttə, bu ürəkağrıdan hal XIX əsrin əvvəllərində yaşamış M.Ə.Sabirin də diqqətindən yayınmamış və o, belə vəziyyəti satira atəşinə tutan “Oxutmuram, əl çəkin” şeirini yazmışdı. Ona görə də bu mövzunun tədrisi zamanı əvvəlcə motivasiyada musiqi müəlliminin şagirdlərə XIX əsrin əvvəllində Azərbaycandakı ictimai-siyasi vəziyyət, maarif sahəsindəki durum haqqında frontal suallarla müraciət etməsi yerinə düşərdi. Yaxud, xalqımızın qan yaddaşında iri bir qara ləkə kimi qalan 20 Yanvar hadisələri ilə əlaqədar tədris olunan “20 Yanvar və musiqi” mövzusunun tədrisi zamanı tövsiyə edilən “Dinləniləcək musiqi nümunələrinin və müəlliflərinin adları”nda kamançanın müşayiəti ilə “Humayun” muğamı, B.Vahabzadənin “Şəhidlər” əsəri bəhs edilən mövzu ilə xüsusilə səsləşir. Belə ki, tarixdən məlumdur ki, “Humayun” muğamı Böyük Moğol İmperiyasının başçısı Humayunun vaxtı ilə daxili çəkişmələr nəticəsində öz ölkəsindən qaçaraq Səfəvilər imperiyasına pənah gətirməsi və məhz buradan aldığı kömək nəticəsində yenidən hakimiyyətə qayıtması nəticəsində yaranmışdı. Başqa sözlərlə deyilərsə, bu muğamda bütün yuxarıda göstərilən hadisələr musiqinin dili ilə öz təcəssümünü tapır. Ona görə də bu mövzunun tədrisi zamanı şagirdlərə 20 Yanvar, Böyük Moğol imperiyası, onun tarixinə aid suallarla müraciət etmək münasib olardı. Əlbəttə, tarixə aid olacaq bu suallar şagirdlərdə danışılan məsələlər haqqında ətraflı təsəvvür yaradır, onların mövzu haqqında anlayışlarını daha da zənginləşdirmiş olur.

VI siniflərdə “Müxtəlif dövrlərdə mahnılarımızda qadın obrazları” mövzusunun tədrisi zamanı xorla ifa ediləcək mahnılar sırasında verilən “Qaçaq Nəbi” mahnısı da Tarix və Musiqi fənləri arasında əlaqə yaratmaq üçün münasibliyi ilə diqqəti çəkir. Belə ki, bu mahnıda bir tərəfdən Qaçaq Nəbinin qəhrəmanlığından, qoçaqlığından danışılsa da, onun həyat yoldaşı Həcərin də adı hörmətlə çəkilir. Hətta sözügedən mahnıda Həcər Nəbidən də qoçaq kimi təqdim olunur. Aydındır ki, bu mahnının da tədrisində əvvəlcə Qaçaq Nəbinin fəaliyyət göstərdiyi dövr, bu dövrün, yəni XX əsrin əvvəllərində Azərbaycanda kəndlilərin vəziyyətinin kəskin şəkildə pisləşməsi, çarizmin 1870-ci ildə keçirmiş olduğu kəndli islahatı ilə əlaqədar kənddə kənd təsərrüfatı kapitalistlərinin – qolçomaqların meydana gəlməsi, nəticədə kəndlilərin həm çarizm, həm mülkədarlar, həm də qolçomaqlar tərəfindən istismar olunması haqqında suallarla sinfə müraciət etməsi şagirdlərdə danışılan dövr haqqında təsəvvür yaradılmasına kömək edir.

Aydındır ki, bütün bu suallar keçiləcək yeni mövzu üçün həm də motivasiya rolunu oynayar. Bu baxımdan gördüyümüz kimi, Musiqi ilə Tarix fənni arasında müxtəlif inteqrasiyaların aparılması şagirdlərin müxtəlif mövzuların mənimsənilməsi işində çox faydalı olur.

“Respublika Günü bayramı və musiqi” mövzusunun tədrisi zamanı tövsiyə edilən xorla ifa ediləcək S.Ələsgərov və Q.Musayevin “Biz qələbə çalmalıyıq” mahnısı bu baxımdan diqqəti cəlb edir. Belə ki, bu mahnıda da əsasən Azərbaycan ordusunun gücündən, onun qüdrətindən danışılır. Təbiidir ki, bu mahnının Respublika Günü bayramında tövsiyə edilməsi heç də təsadüfi deyildir. Belə ki, bu mahnı şagirdlərdə mübarizlik, düşmən üzərində qələbə çalmaq, düşmənə nifrət kimi hislər aşılayır. Buna görə də bu mahnının tədrisi, şagirdlərə öyrədilməsi zamanı ölkəmizdə müstəqilliyin elan olunması, müstəqil respublika kimi tanınması haqqında şagirdlərə suallar verilməsi çox müsbət rol oynayardı. Yaxud, VII siniflərdə “Bülbül və xalq musiqisi” mövzusunun tədrisi zamanı tövsiyyə edilən dinləniləcək musiqi nümunələrində verilən Ü.Hacıbəylinin “Koroğlu” operasının III pərdəsindən “Koroğlu ariyası” ilə əlaqədar yaxşı olardı ki, müəllim ilk növbədə şagirdlərə Koroğlunun tarixi şəxsiyyət kimi böyük rol oynadığı Cəlalilər hərəkatı haqqında suallarla sinfə müraciət etsin. Təbiidir ki, şagirdlər XVII əsrin əvvəllərində baş vermiş Cəlalilər hərəkatı haqqında ətraflı biliyə malik olduqda “Koroğlu” operasının “Koroğlu ariyası”nı da həvəslə öyrənəcəklər.

VII siniflərdə “Müslüm Maqomayev (nəvə) və muğam operası” mövzusunu tədris edərkən tövsiyə edilən dinlənəcək musiqi nümunələri sırasında M.Maqomayevin ifasında “Şah İsmayıl” operasından “Aslan şahın ariyası” xarakterik bir misaldır. Belə ki, məşhur musiqiçi M.Maqomayev “Şah İsmayıl” operasında məlum olduğu kimi Azərbaycan tarixində silinməz izlər qoyan Şah İsmayılı vəsf edirdi. Təbiidir ki, müəllim bu mövzunu tədris edərkən əvvəlcə sinfə Şah İsmayıl, onun Azərbaycan tarixində oynadığı rol, yaratdığı Səfəvilər dövləti haqqında suallarla müraciət edərsə, bu həm Tarix və Musiqi fənləri arasında fənlərarası əlaqə, həm də motivasiya rolunu oynayar.

IX siniflərdə “Azərbaycan xalq çalğı aləti – qanun (kanon)” mövzusunun tədrisi zamanı tövsiyə olunan xorla ifa olunan mahnılar sırasında A.Dadaşov və N.Kəsəmənlinin “Qarabağ bayatıları” Tarix və Musiqi fənləri arasında fənlərarası əlaqə yaratmaq üçün münasib bir musiqi nömrəsi kimi xüsusilə diqqəti cəlb edir. Belə ki, bu mahnıda Qarabağ və onun əsrarəngsiz təbiəti, gözəlliyi, ab-havası tərənnüm olunur. Təbiidir ki, bu mahnının tədrisi zamanı əlbəttə, müəllimin əvvəlcə şagirdlərə Qarabağ, onun tarixi haqqında suallarla müraciət etməsi, onlarda süni şəkildə yaradılmış Qarabağ problemi barədə geniş təsəvvür yaratması ilə fənlərarası əlaqə yaratmış olur. Əlbəttə, bu əlaqə də motivasiya rolunu oynamış olacaqdı.

Nəhayət, IX siniflərdə tədris edilən “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı” mövzusunun tədrisi zamanı tövsiyyə edilən “Xorla ifa olunan mahnılar” sırasında Ə.Bədəlbəylinin “Qız qalası” baletində “Müqəddimə”dən bir parça Musiqi və Tarix fənləri arasında fənlərarası əlaqə yaratmaq üçün çox münasibdir. Belə ki, bu dərsin tədrisi zamanı əvvəlcə şagirdlərə paytaxtımıza xüsusi yaraşıq verən, sevimli Bakımızın simvoluna çevrilən Qız qalası haqqında, onun tikildiyi dövr, o dövrdə mövcud olmuş dövlətlər barəsində suallarla müraciət etmək xüsusilə səmərəli olardı. Təbiidir ki, şagirdlərin “Qız qalası” baletini öyrənməzdən qabaq onun tarixi haqqında kifayət qədər məlumata malik olmalarını məqsədəuyğun hal kimi qəbul etməliyik.

Yuxarıda göstərilən nümunələrdən göründüyü kimi, Musiqi və Tarix fənləri arasında fənlərarası əlaqə yaratmaq üçün kifayət qədər misallar vardır. Əsas məsələ müəllimin dərsə nə dərəcədə yaradıcılıqla yanaşmasından, onun özünün Tarix fənninin incəliklərinə necə bələd olmasından asılıdır.

Filed in: DƏRS NÜMUNELERİ TARİX, DƏRS NÜMUNƏLƏRİ MUSİQİ

Hələ şərh yoxdur

Şərh yazın