3:16 pm - Çərşənbə Yanvar 19, 9003

DEMOKRATİK DƏYƏRLƏR: MƏKTƏB DEMOKRATİYA YOLLARINDA

kivdf1

kivdf1

(əvvəli ötən saylarımızda)

Seçmə imkanı mənəvi məsələdir və şəxsiyyətin özünütəsdiq etməsinin özünəməxsus məqamıdır.

1954-cü ildə, “Motivasiya və şəxsiyyət” kitabı yazılanda A.Q.Maslou bu fikirlərin xalis nəzəri xarakter daşıdığını qeyd edirdi. Bu gün isə artıq ali məktəblərin tədris planlarında seçmə fənlər bloku əmələ gəlib və bu ideya sivil ölkələrdə ümumtəhsil məktəblərinə də nüfuz edib.

ABŞ və bəzi Avropa ölkələri məktəblərində təlimin marağa görə diferensiasiyası təcrübəsindən istifadə olunur. Tədris vaxtının təxminən 50 faizi seçmə fənlərə ayrılır. Şagirdlərə çoxsaylı “seçmə fənlər paketi” təklif olunur: onlar humanitar, təbii-elmi və ya riyaziyyat sahəsində istədikləri müəyyən kursları özləri sərbəst seçirlər və qeyri-adi maraqla da öyrənirlər. Bu təcrübə bir çox ümumtəhsil məktəblərində, xüsusilə müəllif məktəblərində və özəl məktəblərdə rəğbətlə qarşılanıb.

Bundan başqa, psixoloqlar artıq valideynlərin uşaqlar üçün müəllim seçməsi hüququndan da gur səslə danışırlar; biz inanırıq ki, elə yaxın gələcəkdə bu hüquq şagirdlərin (və tələbələrin) özlərinə də veriləcəkdir.

Psixoloji kontekstdə münasibətlərin demokratikləşdirilməsi, hər şeydən öncə, müəllimin şagirdlərlə ünsiyyət üslubunda özünü göstərir.

Üslub nədir? Ünsiyyət sahəsində üslub hansı xüsusiyyətlərlə seçilir?

Hələ XVIII əsrdə fransız naturalisti Q. De Byuffon demişdi: “Üslub insanın özüdür”. Və… bu məşhur formulada üslubun mahiyyəti, göründüyü kimi, şəxsiyyət kontekstində vurğulanır.

Mütəxəssislər üslubu fənlərarası anlam kimi qiymətləndirirlər. Fəlsəfə, psixologiya, ədəbiyyatşünaslıq, sənətşünaslıq, linqvistika və biologiyada üslub problemi özünəməxsus kontekstdə təhlil olunur. A.Libinin qeyd etdiyi kimi, ünsiyyət üslubunun öyrənilməsi sahəsində ilk elmi təhlil üsulları isə psixologiyada tətbiq olunmuşdur.

Psixoloji aspektdə üslub xüsusiyyətləri üç istiqamətdə – şəxsiyyətin münasibətləri, kornitiv proseslərin xarakteristikası, davranış və fəaliyyətin parametrləri yönümündə öyrənilir. Psixoloji araşdırmalar göstərir ki, üslub xüsusiyyətləri insanların bir-birilə və xarici aləmlə qarşılıqlı təsir vasitələri sahəsindəki fərqləri əks etdirir.

Üslubun müxtəlif tiplərini – həyat üslubu, memarlıq üslubu, fərdi üslub, bədii üslub, rəhbərlik (tərbiyə) üslubu, dövrün üslubu və s. fərqləndirirlər. Onlardan hər biri özünəməxsus xüsusiyyətləri ilə seçilir. Lakin bu üslub tiplərinin hamısı üçün bir cəhət səciyyəvidir: onlar bir qayda olaraq dövrün üslubu ilə əlaqədardırlar və onun xüsusiyyətlərini bilavasitə əks etdirirlər. Müəllim-şagird münasibətlərinin demokratikləşdirilməsini də ancaq bu baxımdan hərtərəfli dəyərləndirmək olar.

Müəllimin şagirdlərlə münasibət üslubu xüsusi nəzərdən keçirilməlidir. Məktəb təcrübəsində bir qayda olaraq avtokratik, avtoritar, liberal və demokratik tərbiyə üsullarına müxtəlif səpkilərdə təsadüf olunur. Müasir məktəb üçün onlardan hansı daha səmərəlidir? Demokratik tərbiyə üslubu. Bu gün demokratik tərbiyə üslubunun əhəmiyyətini təkcə psixoloqlar deyil, həm də sosioloqlar, hüquqşünaslar, pedaqoqlar və başqaları xüsusi vurğulayırlar.

Müəllimin şagirdlərlə ünsiyyət üslubunu demokratik meyarlarla pedaqojiləşdirəndə, aşağıdakı imperativ qaydalar alınır:

– qadağan etməmək, istiqamət vermək;
– təkbaşına idarə etməmək, birgə idarə etmək;
– məcbur etməmək, inandırmaq;
– əmr etməmək, göstəriş verməmək, təşkil etmək;
– məhdudlaşdırmamaq, sərbəstlik vermək.

Bu qaydalar özlərinin imperativliyi ilə bu gün bəlkə də kiməsə qeyri-adi görünür və ya görünə bilər. Sabah isə məktəb həyatı elliklə demokratikləşəndə onlar adi normalar kimi səslənəcək, hansı formada olursa-olsun, məhz pozulanda təəccüblü görünəcək.

Nə qədər ki, ictimai fikir şagirdi təlim prosesinin məhz obyekti kimi qəbul edirdi, məktəbdə də avtokratik və avtoritar müəllimlə hesablaşırdılar. Bu gün “Uşaq hüquqları konvensiyası”nın qəbul edilməsi, şagirdlərin təlim prosesinin obyekti deyil, məhz subyekti kimi qiymətəndirilməsi şəraitində isə demokratik tərbiyə (və ya rəhbərlik) üslubu xüsusi status kəsb edib. Müasir məktəbin inkişafı həm də bu tərbiyə üslubunun daha da demokratikləşdirilməsilə əlaqədar olacaqdır.

Məktəblərdə isə müəllim-şagird münasibətərində 70-ci illərdə alman psixoloqları Reynxard və Anna Mariya Tauşun müəyyənləşdirdikləri faktlar hələ də müşahidə olunur: müəllimlərin çoxu, hətta özünü demokrat hesab edən müəllimlər belə avtoritar metodlardan bu və ya digər dərəcədə sui-istifadə edirlər: “Pəncərəyə baxma!” “Əllərini sal aşağı!” “Sakit!” – müəllimin sərt baxışları bu əmrlərin mahiyyətini yaxşı açıqlayır. Avtoritar müəllim uşaqların təşəbbüslərini elə bələkdəcə boğur: əmr, göstəriş, qadağa, töhmət – onun şagirdlərlə münasibətləri əslində bu kökdə qurulur. Şagirdlərdə özünəməxsus motiv – “uğursuzluqdan qaçmaq” motivi əmələ gəlir. Demokrat müəllimin ünsiyyət üslubunda xahiş, məsləhət, informasiya, uşaqları aktiv fəaliyyətə cəlb etmək meyli əsas yer tutur.

Şagirdlərdə “daxili” (intrinsiv) motivasiya, məsələn, maraq əmələ gəlir. Bu cəhət şagirdlərin qiymətləndirilməsində də aydın nəzərə çarpır. Demokrat müəllimlərə nisbətən avtoritar müəllimlər şagirdlərin qiymətlərini aşağı salırlar.

Liberal müəllimlər isə qiymətləri şişirdir və şagirdlərdə təlim motivasiyasının formalaşmasına mənfi təsir göstərirlər.

Müasir məktəbə nə avtokratik, nə avtoritar, nə də liberal müəllim lazım deyildir. Demokrat müəllim uşaqların qəlbinə asanlıqla yol tapır. Onlar öz insani məziyyətləri ilə şagirdlərin gözündə ata və ana kimi necə də əzəmətli görünürlər! Məktəbdə demokratik müəllimin müasir obrazı yaradılmalı və sistemli təbliğ olunmalıdır.

Demokrat müəllim sinifdə şagirdlərin mahiyyətcə “böyük yoldaşıdır”. Onun bütün xüsusiyyətlərini bu iki anlamda – “böyük” və “yoldaş” anlamında asanlıqla açıqlamaq olar. O, yoldaş kimi özünə də, şagirdlərə də “uşaqların gözüylə” baxır. Onlarla məhz yoldaş kimi dialoqa girir, mübahisə etməyi xoşlayır…

Böyük yoldaş kimi şagirdlərin daxili aləminə xüsusi diqqət yetirir, rəyini öyrənir, ideyalarından bəhrələnir, müstəqilliyini və tənqidi ağlını hər vasitə ilə rəğbətləndirir, hörmət hissini tələbkarlıqla üzvi surətdə uzlaşdırır.

Özünün dözümlülüyü ilə seçilir. Bu önəmli keyfiyyət demokratiya və plüralizm şəraitində xüsusi əhəmiyyətə malikdir.

Dözümlülük və ya tolerantlıq, ümumiyyətlə, müasir təfəkkürün özünəməxsus xüsusiyyətlərindən biri hesab olunur.

Demokrat müəllim özünün ünsiyyət mədəniyyəti ilə həmişə diqqəti cəlb edir. Bu sirli-sehrli mədəniyyətin kommunikativ əsasları pedaqoji qabiliyyətlərlə bağlıdır. Şagirdlər elə bu məziyyətlərlə də onun müəllim hüquq və vəzifələrilə hesablaşırlar, ona nəinki hörmət edirlər, həm də sevirlər…

Demokratik tərbiyə üslubunun sosial-psixoloji məziyyətləri ilk dəfə məşhur alman psixoloqu Kurt Levinin “Qrup dinamikası” məktəbində təsvir olunmuşdur.

30-cu illərin axırları idi. Kurt Levinin rəhbərliyi ilə R.Lippit və R.Vayt ABŞ-da, Ayova Universitetində müxtəlif situasiyalarda uşaqlarda aqressiv davranışın səviyyəsini eksperimental yolla öyrənirdilər. On yaşlı uşaqları üç qrupa ayırmışdılar. Birinci qrupda lider uşaqların fəallığını sərt direktivlərlə məhdudlaşdırırdı, ikinci qrupda isə qrup diskussiyaları və qərar qəbulu prosesində onlara yaxından kömək göstərirdi; üçüncü qrupda isə uşaqlara əməlli-başlı sərbəstlik verilmişdi.

Uşaq aqressivliyinin öyrənilməsi məramı ilə aparılan bu eksperimentlərdə, prof. C.İ.Seyidovun qeyd etdiyi kimi, sosial-psixoloji hadisələrin tamamilə yeni bir layı – liderlik üslubu fenomeni kəşf olundu: avtokratik,demokratik və liberal liderlilik üslublarının xüsusiyyətləri açıqlandı. Eksperimentin nəticələri əsaslı surətdə göstərdi ki, fəaliyyətin məhsuldarlığı kontekstində, demokratik liderlik üslubu xüsusilə səmərəlidir. Eksperimentdən sonra aparılmış intervüdə də uşaqlar demokratik liderlik üslubunun məziyyətlərini yüksək dəyərləndirirdilər.

R.Lippit və R.Vaytın eksperimentinin nəticələri sosial psixologiyada qeyri-adi maraqla qarşılandı: liderlik üslubu fenomeni müxtəlif aspektlərdə öyrənilməyə başlanıldı və indi də öyrənilir .

Demokratik rəhbərlik üslubunun xüsusiyyətlərini K.Levin ənənələri ilə bilavasitə məktəb təcrübəsində açıqlayanda psixoloqlar (və pedaqoqlar) ilk eksperimentlərdə bəlkə nəzərə çarpmayan yeni effektlərlə rastlaşdılar. Məsələnin mahiyyəti belə idi: hələ demokratik dəyərləri mənimsəməmiş şagirdlər, görəsən, demokratik müəllimi psixoloji cəhətdən necə qəbul edirlər və məktəb məkanında onu düzgün qiymətləndirə bilirlər?

A.Q.Maslou vaxtilə göstərirdi ki, eksperimental araşdırmalar baxımından seçmə sərbəstliyi nə qədər səmərəli olsa da, insana başqa adamlarla, onların tələbat və arzuları ilə hesablaşmağı öyrətmək üçün təkcə seçmə sərbəstliyi şəraiti hər halda kifayət deyildir.

Görəsən, daha nə lazımdır? Sual çoxşaxəlidir və onu açıqlamaq üçün müxtəlif kəmiyyətləri xatırlamaq olar.

Onların sırasında, ilk növbədə, şagirdlərin demokratik dəyərləri mənimsəməsinin, onların mənlik şüurunun və əxlaqi şüurunun struktuгunda məhz bu dəyərlərin aktuallaşmasının əhəmiyyətini ayrıca qeyd etmək lazımdır.

(ardı var)

Professor Əşrəf Əlizadənin
elmi əsərləri əsasında
məqaləni çapa hazırladı:
Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın