3:16 pm - Bazar ertəsi Yanvar 19, 9018

TÜRKLƏR AVROPADA

Gün, Ay, Ulduz! Tan (Şərq) yönə sizlər varın!
Göy, Dağ, Dəniz! Tün (Qərb) yönə sizlər varın!

– deyən Oğuz xaqan gələcək nəvə və nəticələrinə yol göstərmiş, ulu türk millətinə öncüllük etmişdir.

147-156-cı illər Şimali Hun dövlətinin müstəqilliyini itirməsi ilə tarixə keçdi. Belə çətin bir şəraitdə Şimal hunları qərbə çəkildi və Qazaxıstanda Tanhu Çiçinin qüvvələrinə qoşuldu. 347-ci ildə Mətənin 15-ci, Tanhu Çiçinin 9-cu nəsildən nəvəsi olan Balamir hunların başçısı oldu.

Ulu babası Oğuz xanın vəsiyyətinə əməl edən Balamir güclü bir ordu ilə Tün yönə, yəni qərbə yürüş etdi və şərqi qotların (Qotlar German mənşəli tayfadırlar) ordusunu darmadağın etdi. Qot kralı Ermanarix intihar etdi.

Şəkil

Şəkil

375-ci ildə Balamir özünün yel qanadlı suvariləri ilə Qərb Qotlarını da diz çökürdü. Bu qələbədən sonra məğlub olmuş Qərbi Qot kralı Atanarih Avropanın içərilərinə qaçdı.

Hunlar iki istiqamətdən Balkanlardan Trakyaya qədər, eyni zamanda Qafqaz dağlarından keçməklə Anadolunun içərilərinə qədər gedib çıxdılar. Roma torpaqlarına iki istiqamətdən olmuş bu axınlara Basik və Kursik (Belə bir mülahizə yürütmək olar: Bəlkə də müasir Rusiya Federasiyasının ərazisindəki Kursk vilayəti öz adını bu Hun sərkərdəsinin adından almışdır.) adlı Hun sərkərdələri rəhbərlik etmişdilər.

400-cü ildə vəfat etmiş Balamirin yerinə oğlu Ulduz xan keçdi. O, 404-cü, 405-ci və 409-cu illərdə Dunay çayını keçərək Bizansa qoşun yeritdi.

Baskınlara tab gətirməkdə çətinlik çəkən Bizans imperatorluğunun Trakya baş valisi hunlara barışıq təklif etdi.

Valinin barışıq təklifi ilə gələn elçiyə Ulduz xan deyir: “Günəşin batdığı yerə qədər hər ölkəni zəbt edə bilərəm”.

Ulduz xanın 410-cu ildə ölməsi ilə hunların başına Qaradon (qara geyimli) keçdi. Qaradon hakimiyyəti illərində ölkənin Balxaş gölünədək uzanan şərq hüdudları ilə daha çox məşğul olmuşdu.

Müasir Azərbaycan Respublikasının ərazisində Qaradonlu mahalı və orada yaşayan qaradonlu tayfaları var. 415-ci ildə vəfat edən Qaradonu oğlu Muncuq (Atillanın atası), onu isə qardaşı Rua əvəz etdi. Dövlət işlərində Ruaya qardaşları Aybars və Oxtar (Atillanın digər əmiləri) kömək edirdilər. Ulduz xan kimi Ruada əsas diqqətini Roma və Bizansa yönəltmişdi. Ruanın siyasətindən qorxuya düşən Bizans hun torpaqlarında casuslarının sayını artırır, hunlara tabe olmuş xalqları isə üsyan etməyə sövq edirdi. Bu məsələni yoluna qoymaq üçün Rua 422-ci ildə Bizans üzərinə yürüşə başlayır. Müqavimətin yersiz olduğunu görən Bizans dövləti ildə 350 librə qızıl (Librə-500 q) vermək şərtilə hunlarla saziş bağlayır.

Tərəflər arasındakı razılığa baxmayaraq Bizans dövləti yenə də Hun dövlətinin ərazisində pozuculuq fəaliyyətini davam etdirirdi. Bizansı birdəfəlik susdurmaq məqsədi ilə Rua güclü qoşun toplayaraq səfər hazırlığına başladı.

Hunların səfər hazırlığını eşidərək qorxuya düşən imperator Teodosios 434-cü ildə Hun paytaxtına yeni elçi heyəti göndərdi. Ancaq bu elçi heyəti hunların ərazisinə daxil olduqlarında Ruanın öldüyünü eşitdi. Ruanın öldüyü üçün bərk sevinən və təhlükənin yox olduğunu zənn edən Teodosios anlamırdı ki, onları irəlidə necə dəhşətli bir tufan gözləyir!

ATİLLA!

O, özündən əvvəlkilərə heç bənzəmirdi. Zəhimli baxışları, az, amma tutarlı danışığı onun qarşısında duranları titrədirdi. Əmisi Rua öləndə (434-cü ildə) Atilla 39-40 yaşlarında idi. Atilla 434-cü ildə Bizans elçilərini Konistantina divarlarının önündə at üstündə qarşıladı. Bizans dövləti onun 6 maddəlik sülh şərtlərini qeyd-şərtsiz qəbul etdi.

İmperiyanın təhlükəsizliyinə xələl gətirən Ağ oğurların qiyamı yatırıldı.

Atillanın qurduğu nəhəng imperiyanın sərhədləri daxilində germanlar, islav tayfaları, İran tayfaları, Fin-Oğur (Uqor ) tayfaları, bir sözlə 45-ə qədər irili- xırdalı xalq yaşayırdı. İmperiya daxilində tam ədalət və sakitlik mövcud idi. Bir ara acaritlər fəallaşmaq istədilər. Bu ayaqlanmanın qarşısını Atillanın böyük oğlu İlək və Hun ordularının baş komandanı Oniki (qərblilər ona Oneqesios deyirdilər) aldılar.

Qərbi Hun imperatorluğunun hakimiyyət sərhədləri qərbdə Şimal dənizinə və Manş (La-manş) sahillərinə qədər uzanmış olurdu. Aşağı Ren bölgəsindəki franklar, turinqlər və lonqobardlar türk idarəsinə tabe edilmişdilər. Bütün bu faktları günümüzə Bizans tarixçisi Priskos öz yazıları ilə çatdırmışdır.

Bizans Konistansa sülhünün şərtlərini yerinə yetirmək fikrindən uzaqlaşaraq Hun dövlətini daxildən çökürtmək fikrinə düşdü. Onlar imperiyanın daxilindəki xalqları üsyana təşviq etməyə başladılar. Hətta Marqos yepiskopu Konstansa şəhərinin yaxınlığındakı Hun məzarlarını dağıdır və təhqir edir.

Burada bir məsələni diqqətə çatdıraq ki, türk inancına görə qəbiri açmaq, onu dağıtmaq böyük suç sayılırdı. Və belə iş görmüş adamın cəzası ölüm idi. Bu səbəblərə görə Atilla 440-cı ildə Bizans üzərinə yürüş əmri verdi. 441-ci ildə ildırım sürətilə hərəkət edən Hun süvariləri Belqırad və Niş üzərindən Trakyaya girdilər. Yürüşdən qorxuya düşən Qərbi Romanı bu vəziyyətdən sərkərdəsi Aetyus çıxartdı. Aetyus hunları əmin etdi ki, Bizans barışıq şərtlərinə uyacaq.

O, hətta öz oğlunu hunlara girov olaraq vermişdi.

447-ci ildə Atilla ikinci Balkan səfərinə çıxdı. Yolunun üzərindəki bütün şəhərləri zəbt etdi. Bizans imperatoru Teodosios ən yüksək rütbəli elçisi Anatoliosu Atillanın yanına göndərdi və barışıq şərtlərinə razı olduğunu bildirdi.

Barışıq şərtlərinin ağırlığı altında “əzilən” Bizans dövləti Atillanı sui-qəsd yolu ilə öldürmək qərarına gəldi. 448-ci ildə Bizansdan dönən Hun elçi heyətinə bizanslı elçilər də qoşuldu. Bu heyətdə Maksiminos, Priskos və Biqila da vardı. Sui-qəsdi Biqila həyata keçirməli idi. O, bu işin müqabilində əvvəlcədən bir sandıq dolusu qızıl almışdı. Biqilanın bu qara əməlindən digər səfər yoldaşlarının xəbərləri yox idi.

Səfər əsnasında Hun elçi heyətinin rəhbəri Edikon Biqilanın niyyətini öyrənir və paytaxta çatanda məsələni Atillaya deyir. Biqilanı şəxsən özü dindirən Atilla xaini cəzasına çatdırır.

Bütün bu əhvalatları biz Bizans nümayəndə heyətinin üzvü Priskosun qeydlərindən öyrənirik. Belə qarışıq bir zamanda hadisələr sanki kulminasiya nöqtəsinə doğru gedirdi. Ən nəhayət, 20 iyun 451-ci ildə tarixin ən böyük meydan savaşlarından biri baş verdi. Tarixə Katalaun vuruşması adı ilə düşən döyüşdə Atilla özünün 200 minlik ordusu ilə Aetyusun komandanlıq etdiyi Roma ordusunu əzdi (Çox təssüf ki, əksər Avropa tarixçiləri Atillanın bu qələbəsini danırlar). 24 saat davam etmiş qanlı çarpışmanın sonunda Roma ordusu pərən-pərən olmuş, sərkərdə Aetyus isə qaçmışdır.

Roma şəhərinə yolun açıldığı bir zamanda, 452-ci ildə vəziyyətin çıxılmaz olduğunu anlayan Roma Papası I Leon böyük bir elçi heyəti ilə birlikdə Atillanın hüzuruna gəldi və barışıq istədi. Papanın yalvarışlarını dinləyən ulu xaqan Atilla Roma şəhərinə toxunmadı.

Burada bir sual yaranır: Makedoniyalı İskəndər Əhəməni payitaxtını və Əhəməni sarayını məhv etdi. Yuli Sezar İskəndəriyyə adlı mədəniyyət mərkəzini yerlə yeksan etdi. VII əsrdə ərəb orduları Misiri işğal edərkən xəlifənin əmrilə zəngin kitabxanalar və qiymətli abidələr dağıdıldı. Atilla isə nə Romaya, nə də Konistantinopola (İstanbula) toxunmadı. Kimdir barbar?

İtaliya səfərindən dönən Atilla 453-cü ildə daxilə qanaxma nəticəsində öldü. Cəsədi yoxlayan Qam (Şaman): “Sui-qəsd olmayıb, böyük qardaşı Buda da eyni xəstəlikdən ölmüşdü” – dedi.

Göy üzündə yaş yağdıran bir bulud
Günəşsə yaslara bürünmüş batır …
Qızıl, Gümüş və Poladdan bir tabut,
Bu tabutda Hun günəşi yatır.

Atillanı iç-içə üç tabuta qoyaraq dəfn etdilər. Onun məzarının dəqiq yeri hələ də bilinmir. Ancaq onun müqəddəs ruhu türklərin yaşadığı bütün yerləri gəzir. Əgər Asya bozqırlarında, Avropa çöllərində qarşınıza iti baxışlı, orta boylu, enli kürək, sarışın ,sifətini seyrək tüklər örtmüş biri çıxsa təlaş etməyin. Əksinə, ona diqqətlə baxın. O, Ulu Xaqan Atillanın xarici görünüşünü özündə cəmləmiş bir soydaşımızdır.

Atillanın Arixan adlı xatunundan üç oğlu olmuşdur. Bunlar yaş sırasına görə İlək, Dəngizlək və İrnək idilər. Başqa xatunundan Çsada adlı bir oğlu olduğu da söylənilir. Övladları ataları qədər qətiyyətli ola bilmədilər. Atillanın yaratdığı böyük dövləti qorumaqda zəiflik etdilər.

Böyük imperiya parçalandı. Ancaq bu nəhəng dövlətin qəlpələrindən günümüzün Avropasında hələ də var. Ən böyük parça isə Macarıstan – Hunqariyadır.

Halay NADİROV,
Laçın rayonu,
7 saylı tam orta məktəbin
tarix müəllimi

Filed in: DƏRS NÜMUNELERİ TARİX, YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın