3:16 pm - Cümə axşamı Yanvar 19, 9043

ELM, TƏHSİL VƏ DİN

“Təhsil millətin gələcəyidir”

Heydər Əliyev

Hələ qədim zamanlardan elmin vacibliyini dərk edənlər elm sahəsində nailiyyətlər əldə etmək üçün səy göstəriblər. Elmin tarixinin və inkişaf qanunauyğunluqlarının öyrənilməsi ilə xüsusi elmi fənn olan elmşünaslıq məşğul olur. Ayrı-ayrı elmlərin rüşeymlərinin bizim dövrə qədər müşahidə olunsa da XVI-XVII əsrlərdən özünün müasir formasında bizə məlumdur.Təsadüfi deyildir ki, 1543-1687-ci illər kopernikin “Səma cismlərinin dövr etməsi haqqında” İ.Nyutonun “Natur fəlsəfəsinin riyazi başlanğıcı” əsərinin meydana gəldiyi zaman “elmi inqilab” dövrü adlanır.

Elm, biliyin ali forması olub canlı və cansız təbiətin bütün hadisələrini, insanların maddi və mənəvi fəaliyyətini əhatə edir. Elmin köməyi ilə nəinki tarixin nəticələri qiymətləndirilir, cari hadisələr təhlil edilir və eyni zamanda gələcək proqnozlaşdırılır.

Elm ictimai inkişafın nəticəsidir.Yarandığı gündən insanın fəaliyyəti ilə qırılmaz surətdə əlaqədar olmuşdur. Elm daima insan fəaliyyətinin təsiri altında olmuş, həm də insan fəaliyyətinə fəal təsir göstərmişdir. Elm insanın dünyagörüşünün inkişaf etməsinə hərtərəfli şərait yaratmışdır. Elmin əsas vəzifəsi ictimai təlabatın ödənilməsidir.Bir sözlə elm ən prespektivli istiqamət olub bəşəriyyətə xidmət edən çox vacib sahələrdən biridir. Məlum olduğu kimi həm elm, həm də din hər ikisi ictimai şüurun müstəqil formasıdır. Uzun müddət elmlə dini qarşı-qarşıya qoyaraq “düşmən” obrazı yaratmağa cəhd etmişlər. Ümumiyyətlə, bəşəriyyətin bütün mənəvi tarixi boyu elm və din mühüm yer tutmuş, bir-biri ilə mübarizə aparmaqla yanaşı, həmçinin əməkdaşlıq da etmişlər. Elm və din arasında olan ziddiyətlərin inkişafı onların daha çox müstəqil olmasına imkan vermişdir. Nəticədə elm və din öz mahiyyəti etibarı ilə bir-birinə əks hadisələrə çevrilmişdir. Din gerçəkliyin çox vaxt yalnış, təhrif olunmuş inkişafını verdiyi halda, bütövlükdə götürülən elm təbiət və cəmiyyətin həqiqi inkişafını verir. Elm insan zəkasının ən yüksək məhsulu olub, onun qüvvə və qüdrətinin təcəssümüdür. Elmə nisbətən din daha əvvəl praktikanın ən aşağı inkişaf səviyyəsində təbiət və ictimai qüvvələrin insan üzərində hökmran olduğu bir vaxtda meydana gəlmişdi. O zaman bu qüvvələri dərk edib özlərinə tabe etmək iqtidarında deyildirlər. Elmin meydana gəlməsi isə, əksinə, insan praktikasını malik olduğu qüdrətin bilavasitə artması nəticəsidir.Elmin inkişafı ilə təbiət və cəmiyyətin kor-koranə qüvvələri üzərində insanların hökmranlığının artması bir-biri ilə qarşılıqlı surətdə əlaqədardı. Buna görə də elmlə dinin bir-birinə əks olduğunu nəzərə alaraq elmə belə bir tərif vermək olar: Elm praktikanı ümumiləşdirən, ondan alınan və onunla yoxlanılan obyektiv surətdə həqiqi bilik sistemidir. Onu da qeyd etmək lazımdır ki dinin bəşər fikri və mənəviyyatı tarixində oynadığı mühüm rolu danmaq olmaz. Din insan mənəviyyatının zənginləşməsinə, əxlaq, xeyir və şər, real dünya və axirət dünyasının özünəməxsus həll edilməsinə insanın insanlar və Allah qarşısında məsuliyyətli olmasına çalışmışdır.

Məhəmməd peyğəmbər buyururdu: “Mənim ümbətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”. Peyğəmbərimiz onu da buyururdu: “Beşikdən məzaradək elm istəyin.Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır. Alimin mürəkkəbi və şəhidin qanı göylər üçün eyni rəngdədir. Sizə bilik öyrədən adamı da böyük sayın, uca tutun, bilik alanı da. Yazıqdır o adam ki,bir şeyi bilmir, yazıqdır o adamdır ki, bildiyinə əməl etmir. Bilikli adamın üzünə baxmaq, onunla oturub durmaq ibadətdir. Hər qab içinə bir şey qoyulduqda daralır, ancaq elm qabı istisnadır. O, elm qoyulduqca genişlənir”.

Atatürk demişdir: “Oxuyun, ən böyük miras oxumaqdır”.

“Təhsil millətin gələcəyidir” -deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O, bildirmişdir: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi intelektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”. Bu dövlətimizin təhsillə bağlı siyasətini açıq şəkildə ortaya qoyur. Təhsil Azərbaycan dövləti üçün prioritetdir. Çünki, Ulu Öndərin dövründə müəyyən olunan siyasi xətt və dövlət strategiyası dəyişməyib, əksinə bu gün də uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidentinin 2013-cü 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş strategiyanın konseptual əsasları təhsilin inkişafına, ölkədə təhsilin müasir dünya təhsilinin səviyyəsinə çatdırılmasına və bununla da yeni elm və texnologiya əsrində Azərbaycan brendlərinin formalaşmasına xidmət edir. Dövlətin 2020-ci il hədəflərində təhsilin xüsusi çəkisi digər sahələrlə müqayisədə xeyli artıqdır. Bunu “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyası”nda aydın şəkildə görmək mümkündür.

Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına arxalanmaq lazımdır. Elm və texnologiya əsri kimi xarakterizə olunan XXI əsr elmin inkişafını daha da zəruriləşdirir.Dövlətçiliyin müasir dövrlə vəhdətdə inkişafı, təhlükəsiz və sabit yaşayışın təmini təhsil siyasətinin bir hissəsidir. Müasir dövrdə dinamik inkişaf edən, beynəlxalq aləmin etibarlı bir üzvünə çevrilən Azərbaycan üçün də təhsil problemi olduqca aktualdır. Azərbaycanda təhsil strategiyasının uğurlu tətbiqi vətəndaş məsuliyyətini artırır. Bu gün hər bir təhsil alan vətəndaş təhsilin uğurları, dövlət üçün əhəmiyyəti haqqında düşünməlidir. Unutmaq olmaz ki, düzgün təhsil siyasətinin bərqərar olması yalnız dövlətin istəyi və iradəsi ilə həyata keçirilə bilməz. Bu, dövlət-vətəndaş birliyini, həmrəyliyini və əməkdaşlığını zəruri edən bir prosesdir.

Bütün dövrlərdə elm, təhsil,bilik iqtisadi inkişafın, hərbi qüdrətin insanların normal yaşayış tərzinin təməli olmuşdur.

Bu yazını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllıda söylədiyi sözləri ilə tamamlamaq istəyirəm: “Yetişən gənc nəsil ən yeni biliklərə yiyələnməklə yanaşı dünyada baş verənlərdən də xəbərdar olmalıdır. Belə bir nəsil yetişdirmək üçün hər cür müasir avadanlıqlarla təhciz olunmuş məktəblər tikilib istifadəyə verilməlidir.İsmayıllıda istifadəyə verilmiş məktəblər məhz bu ali məqsədə xidmət edir”.

Xatirə Nurİyeva,
İsmayıllı şəhər A.Aslanov
adına 2 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat
müəllimi

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın