3:16 pm - Çərşənbə Yanvar 19, 8991

TƏLİM-TƏRBİYƏ PROSESİNİN YENİ FƏNN PROQRAMLARININ (KURİKULUMLARIN) TƏLƏBLƏRİ ƏSASINDA QURULMASI

Məhəmməd peyğəmbər (s.a.) öz hədislərində təhsilin, elmin roluna dəfələrlə toxunmuş, təhsili, elmi həyatın, cəmiyyətin inkişafında ən vacib, ən mühüm amil kimi qeyd etmişdir. Bu məsələdən danışarkən deməliyəm ki, ulu öndərimiz Heydər Əliyev cənabları da təhsilə çox böyük önəm vermiş, təhsili millətin gələcəyi adlandırmışdır. Bəli, bu doğurdan da belədir. Belə ki, xalqımızın yaratmış olduğu atalar sözlərindən birində də “təhsilə xor baxan gələcəyinə kor baxar” deyilməsi heç də təsadüfi deyil.

Bu baxımdan deməliyəm ki, Azərbaycan Respublikası milli müstəqilliyinə qovuşduqdan sonra keçən müddət ərzində ölkəmizdə istər milli dövlətçilik sahəsində, istərsə də sosial-iqtisadi və mədəni quruculuq sahəsində əsaslı islahatlara başlanılmış və islahatların aparılmasının hüquqi-normativ bazası yaradılmışdır. Müstəqil dövlət quruculuğunda aparıcı amillərdən biri olan milli təhsil sahəsində də islahatların zəruriliyi respublikanın sosial-iqtisadi, ictimai-siyasi və dövlət quruculuğunda baş vermiş köklü dəyişikliklərlə bağlıdır. Təhsil Sahəsində İslahatlar Proqramı demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşmə, humanitarlaşma prinsiplərinə əsaslanaraq, təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması zərurətini doğurdu. Təsadüfi deyildir ki, möhtərəm prezidentimiz təhsil haqqında demişdir: “Bu gün dünyada hər şeyi elm, bilik, təhsil həll edir”. Göstərməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 24 oktyabr 2013-cü il tarixli sərəncamı təhsilimizin inkişafında və pedaqoji elmimizin inkişafında yeni bir mərhələ açmışdır. Bu sənəd təhsil sistemimizin metodoloji əsası, pedaqoji elmimizin təməl prinsipi və əsas hüquqi-normativ sənəddir.

Təhsil sisteminin yeniləşməsində onun yeni məzmunu, keyfiyyəti, əhatəliliyi və dərinliyi mühüm əhəmiyyət kəsb edir. Pedaqogika elmində təhsilin keyfiyyətinin yüksəldilməsində əsas üç amilin böyük rol oynadığı göstərilir:

1) Kim öyrədir?
2) Nəyi öyrədir?
3) Necə öyrədir?

Bu üç amil strategiyada öz əksini tapmış və müəllim şəxsiyyətinə böyük önəm verilmiş, müəllim əsas sima kimi göstərilmiş və səriştəli müəllim kadrlarının yetişdirilməsi məsələsi irəli sürülmüşdür. Səriştəli müəllimin fəaliyyətinə verilən əsas tələb onun onun peşə kompetensiyalarına malik olmasıdır. “Səriştəli müəllim” anlayışı pedaqogika aləmində yeni bir anlayışdır. Bəzi pedaqoji ədəbiyyatda bu “pedaqoji mərifət”, “pedaqoji ustalıq” kimi də işlənmişdir. Qarşımızda duran əsas vəzifələrdən biri müasir dövrə uyğun hərtərəfli inkişaf etmiş şəxs yetişdirmək, dərin bilikli, geniş dünyagörüşlü, yüksək əxlaq və mənəviyyata sahib insan yetişdirməkdir. Elə bir insan ki, keçmiş irsi yaşada bilir, bu günün reallığını görə bilir və gələcəyi təsvir edə bilir. Yəni yetişdirdiyimiz insan bu gün dünənkindən, sabah isə bugünkündən daha bilikli və daha hazırlıqlı olmalıdır. Strategiya ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə tədbirlər görülməsini nəzərdə tutur. Bu sənəddə strategiyanın demək olar ki, bütün istiqamətlərində səriştəli müəllim hazırlığı problemi, təhsilin məzmunu, forma və metodlarının yeniləşdirilməsi, müəllimlərin peşə hazırlığı sisteminin təkmilləşdirilməsi, xarici ölkələrin təhsil sahəsində iş təcrübələrindən faydalanmaq kimi məsələlər diqqət mərkəzindədir.

Strategiyanın birinci istiqaməti səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib 17 hədəfi əhatə edir. Göründüyü kimi, bu istiqamət təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla bütün pillələri üzrə təkmilləşdirilmiş, yeniləşdirilmiş kurikulumların hazırlanması məsələlərini qarşıya qoyur. Özündə dünyanın mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən bu dəyərli pedaqoji sənəd ölkədə aparılan təhsil islahatının həyata keçirilməsi istiqamətində görülmüş mühüm işlərdən biridir. O, böyüməkdə olan nəslin hərtərəfli və ahəngdar inkişafında mühüm vasitələrdən biri kimi əsas rol oynayır. Strategiyaya əsasən, Azərbaycanda məktəbə hazırlıq təhsilinin icbariliyinin təmin olunması planlaşdırılır. Bununla yanaşı, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması, təkmilləşdirilməsi nəzərdə tutulur və deyilir: “Məktəbəqədər təhsil üzrə yeni kurikulumun tətbiqinin sürətləndirilməsi zəruridir”. Strategiyada təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi, müəllimin öyrətmə qabiliyyəti önə çəkilir və deyilir: “Səriştə – əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir”. Demək, bilikləri öyrətmək, tətbiq etmək səriştəli müəllimin mühüm keyfiyyəti, onun didaktik qabiliyyətinin əsas göstəricisidir. Necə ki demişlər: “Öyrədən insan bilən insandır”.

Strategiyanın ikinci istiqaməti təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət yeni pedaqoji texnologiyaların tətbiqini, innovativ metodlardan istifadəni də özündə birləşdirir. Bu istiqamət təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən, yeni pedaqoji texnologiyalardan fəal istifadə edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Burada təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı aparılan işlər, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasından istifadə xüsusi diqqətə alınır. Bu bir növ “necə öyrətmək” məsələsini özündə ehtiva edir. Strategiyada göstərilir: “Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur”. Bu gün məktəblərimizdə tədris prosesində interaktiv təlim metodlarından istifadə getdikcə genişlənməkdə, artmaqda və öz səmərəsini verməkdədir. Avropa alimlərinin fikrincə, səmərəli, təkmil pedaqoji fəaliyyətin yarısı pedaqoji texnologiyaların, o biri yarısı isə müəllimin pedaqoji ustalığının payına düşür.

Strategiyanın üçüncü istiqaməti təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır. Müasir təhsili idarəetmə quruluşunda tənzimləmə və əməliyyat funksiyaları ayrılmalı, akkreditasiya, sertifikatlaşdırma və peşə təhsili üzrə yeni idarəetmə strukturlarının yaradılması nəzərdə tutulur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönümlü, şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat – hesabat, informasiya sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Valideynlərin, ictimai təşkilatların nümayəndələrinin, tələbələrin idarəetmə prosesinə cəlb edilməsi aktuallıq kəsb edir. Strategiyada deyildiyi kimi: “Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil 19 prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönümlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir”.

Strategiyanın dördüncü istiqaməti ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasıdır. Bəli, təhsil işçisi, müəllim və tərbiyəçilər daim oxuyub, öyrənməli, öz təhsilini, ixtisas biliyini müntəzəm olaraq dərinləşdirməlidir. Öyrənmədən öyrətmək olmaz. Strategiyada göstərilir: “Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər”. Burada müəllimin səriştəlilik, tədqiqatçılıq bacarıq və qabiliyyətinin inkişaf etdirilməsi, müəllimlərin elmi-tədqiqat işlərinə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamət həmçinin təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir. Həmçinin bu istiqamətdə göstərilir: “Ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanları genişləndirilməlidir…” Bütün bunlar isə son nəticədə iqtisadi inkişafa səbəb olur. “İnsanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür”.

Strategiyanın beşinci istiqaməti təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı, dünya standartlarına uyğun maliyyələşdirmə modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılmasını, təhsil tədqiqatlarının aparılmasında yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərdə tutur. Strategiyada deyilir: “Təhsilin maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilməli və təhsil sistemində rəqabət mühitinin inkişafını dəstəkləməlidir. Bunun üçün təhsilin bütün pillələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, səriştəyə və fəaliyyətin nəticələrinə əsaslanan əməyin ödənişi sisteminin yaradılması, maliyyələşdirmənin tədrisin keyfiyyət nəticələrinə görə müəyyən edilməsi məqsədəuyğundur”. Bu gün təhsilin stimullaşdırıcı bir strukturunu yaratmaq, onu yeni iqtisadi bağlar və infrastruktur elementləri ilə zənginləşdirmək, təkmilləşdirmək zərurəti yaranmışdır. Heç şübhəsiz, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul olunması məhz belə bir zərurətdən irəli gəlmişdir ki, bu gün hamımızın qarşısında onun yerinə yetirilməsi üçün konkret vəzifələr qoyulmuşdur. Dövlətimiz tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda (19 yanvar, 2015-ci il, Prezident Sərəncamı) təhsilin inkişaf etdirilməsi ilə bağlı bütün məsələlər və onların həyata keçirilməsi ilə əlaqədar vəzifələr konkretliyi ilə öz əksini tapmışdır.

Orada qoyulan təhsilşünaslıq məsələlərini araşdırmaq, müzakirələr aparmaq, istər yeni məzmun, texnologiya, idarəetmə və maliyyə mexanizmləri, eləcə də səriştəli kadr məsələləri ilə bağlı innovasiyaları dərindən öyrənmək mühüm vəzifələr hesab edilir. Müasir pedaqoji elmin tələblərini dərindən öyrənmək, məsələlərə yeni pedaqoji təfəkkürlə yanaşmaq, təhsil siyasətinin mahiyyətini, məqsəd və vəzifələrini və məzmununu aydın dərk etmək bu yolda başlıca istiqamətlər ola bilər. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın tələbinə uyğun olaraq humanist və humanitar prinsiplərə istinad etməklə təhsilin yeni məzmunun yaradılması və təkmilləşdirilməsi ilk növbədə, inteqrativliyin, dünya təcrübəsinin nəzərə alınmasını tələb edir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsilin bütün pillələri üzrə, təhsilin məzmunun yeniləşdirilməsi, təkmilləşdirilməsi, müasir infrastruktur dəyişikliklərinin aparılması nəzərdə tutulur. Ümumiyyətlə, Dövlət Təhsil Strategiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş fəaliyyət planı islahatçılıq fəaliyyətimizdə işlərimizin, demək olar ki, bütün paramertlərində yeniləşməsini, təkmilləşdirilməsini bir vəzifə kimi qarşıya qoyur.

Ümumiyyətlə, Dövlət Təhsil Strategiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş fəaliyyət planı islahatçılıq fəaliyyətimizdə işlərimizin, demək olar ki, bütün parametrlərində yeniləşməsini, təkmilləşdirilməsini bir vəzifə kimi qarşıya qoyur. Bu isə biz müəllimlərdən işimizə daha məsuliyyətlə, daha da əzmkarlıqla yanaşmağımızı tələb edir.

Nahidə MEYBULLAYEVA,
Bakı şəhəri, Nərimanov rayonu,
MLK-nın riyaziyyat müəllimi

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın