3:16 pm - Cümə axşamı Yanvar 19, 9071

Əsrin texnoloji nailiyyətləri və məktəb

kivdf1

kivdf1

(əvvəli ötən saylarımızda)

İbtidai siniflərdə təlim uğurları şagirdlər üçün xüsusi əhəmiyyətə malikdir. Onlar sinif yoldaşlarının bütün məziyyətlərini çox vaxt təlim uğurlarına görə qiymətləndirirlər. Aşağı siniflərdə əlaçı şagirdlərin “şagird-şagird(lər)” münasibətlərinin nüvəsi kimi özünü göstərməsini bu baxımdan asanlıqla izah etmək olar. Lakin şagirdlərin ünsiyyət təcrübəsi artdıqca, bir-birlərini sadəcə olaraq şagird kimi deyil, daha çox insan (oxu: yoldaş və dost) kimi qavramağa və anlamağa başlayırlar. Yeniyetməlik yaşı dövründə özünəməxsus “yoldaşlıq kodeksinin” əmələ gəlməsi ilə şəxsiyyətlərarası münasibətlərin xarakteri dəyişir.

İlk gənclik yaşı dövründə şagirdlərin qarşılıqlı münasibətlərinin inkişafında etik-mənəvi amillərin rolu xüsusilə artır. Oğlanlarla qızların qarşılıqlı münasibətləri yeni məzmun və forma kəsb edir.

Şagird-şagird münasibətləri “uşaq səmimiliyi” ilə nə qədər fərqlənsə də, çox vaxt situativ amillərin təsirilə təzadlı və ziddiyyətli məqamlarla da seçilir. Şagirdlər konflikt şəraitini qiymətləndirə bilmirlər, bəzən ən adi məsələləri belə birtərəfli “uşaq üsulları” ilə həll edirlər: bir-birindən küsürlər, kitab-dəftərlərini cırırlar, vuruşurlar… Müəllim-şagird münasibətləri kimi şagird-şagird münasibətlərini də humanistləşdirmək, onlara bir-birinin davranış motivlərini açıqlamağı öyrətmək, ünsiyyət (və konflikt) mədəniyyəti aşılamaq tərbiyə işi sahəsində önəmli vəzifə kimi dəyərləndirilməlidir.

Yeni pedaqoji texnologiya: bəzi psixoloji və pedaqoji məsələlər

Təlimin forma və üsulları onun məzmunu ilə bilavasitə bağlıdır. Bir cəhəti dəqiqləşdirək: bu məsələ uzun müddət, əsasən, fənlərin tədris metidikası kontekstində nəzərdən keçirilib. Bu gün isə… yeni anlam – yeni pedaqoji texnologiya anlamı formalaşıb.

Vaxtilə akademik C.P.Kapitsa uzaqgörənliklə demişdi: təhsil gələcəyə yönəlmiş sənaye sahəsidir. Bu sözlər 50-60, hətta 70-80-cı illərdə bəlkə də təəccüblü görünürdü: sənaye ilə məktəb assosiativ kələfəni, hətta aşıb-daşan təxəyyül aləmində uzlaşdırmaq çox adamın ağlına belə gəlmirdi. Zaman isə öz işini görürdü: akademikin şairanə səslənməyən sözləri, necə deyərlər, şirin yuxu kimi çin olurdu…

60-cı illərin əvvəlləri idi. “Texnologiya” pedaqoji elmlər üçün hələ qeyri-adi, daha dəqiq desək, yad və yabançı anlam idi. Amerika və Avropa məktəblərində isə islahatlar keçirilirdi. Məktəbdə təlimin texniki vasitələri geniş tətbiq olunmağa başlamışdı. Tədris prosesində texnikanın tətbiqi zəminində əvvəlcə təlimin texnologiyası anlamı səsləndi, bu anlam tədricən inkişaf edərək tərbiyə sahəsinə də nüfuz etdi və dövrün lüğətinə pedaqoji texnologiya kimi vüsətlə daxil oldu. Yeni pedaqogika dərsliklərində pedaqoji texnologiya məsələlərinin təhlili artıq xüsusi yer tutur. Pedaqoji proses isə texnoloji meyarlarla təhlil olunur və layihələşdirilir. Müxtəlif araşdırmalar (B.P.Bespalko, İ.P. Volkov, V.M.Monaxov və b.) aparılmış, pedaqoji texnologiyanın nəzəri-praktik məsələləri təhlil olunmuşdur.

Görəsən, fənnin tədris metodikası anlamı bərqərar olduğu halda, ikinci bir anlamın – pedaqoji texnologiya anlamının yaranmasına nə kimi ehtiyac vardı?

Bəzi müəlliflər (məsələn, N.V.Basova) məsələnin kökünü dövrün özünün məntiqi ilə açıqlayırlar. Onların qeyd etdikləri kimi, XX yüzilliyin əvvəllərində texniki inqilab, axırlarında isə texnoloji inqilab baş vermişdir. Əsrin xüsusiyyətləri pedaqoji fikirdə də bütün aydınlığı ilə əks olunmalı idi və əks olunmuşdur. Texnoloji inqilab məktəbə də öz təsirini göstərmişdir.

Texnologiya nədir? Texnologiya (yunanca teche – sənət, peşə, elm + logos – anlayış, təlim) – istehsalat proseslərinin, məsələn, metalların texnologiyasının, kimyəvi texnologiyanın, tikinti işləri texnologiyasının və s. üsul və vasitələri haqqında biliklərin məcmuyudur. Bu anlam texnikanın inkişafı zəminində əmələ gəlib. Hətta özünəməxsus elm sahəsi kimi formalaşıb və texniki uğurların həyata keçirilməsinə xidmət edib.

Pedaqoji texnologiyanın artıq onlarla tərifi məlumdur. Bu təriflərdə pedaqoji texnologiya müxtəlif terminlərlə (prosesin təsviri, məzmunlu texnikası, birgə fəaliyyət modeli və s.) açıqlansa da, mahiyyət etibarilə təlim-tərbiyə prosesinin layihələşdirilməsinin sistemli metodu kimi səciyyələndirilir.

Pedaqoji texnologiya prosessual kateqoriya kimi bilavasitə tədris (və tərbiyə) prosesi ilə – müəllimin və şagirdin fəaliyyəti, onun strukturu, vasitələri, metodları və s. ilə bağlıdır.

Pedaqoji texnologiyada təlim (və tərbiyə) prosesinin ayrı-ayrı vəsilələri ayırd edilir, onların məqsədyönlülüyü və optimallığı müəyyən edilir, bütün metodik vasitələr kompleks şəkildə dəyərləndirilir, onların təhsilin məzmununa və şagird kontingentinin səviyyəsinə nə dərəcədə adekvat olması açıqlanır. Pedaqoji texnologiyanı necə qiymətləndirmək olar? Müxtəlif meyarlarla onun nəticələrinin nə dərəcədə səmərəli olması isə başlıca meyar hesab olunur. Pedaqoji texnologiyanı bu kontekstdə təhlil edən mütəxəssislər (məsələn, Q.K.Selevko) onun strukturunda aşağıdakı cəhətləri ayırd edirlər:

a) Pedaqoji texnologiyanın konseptual əsası;

b) Təlimin məzmunu;

– təlim məqsədləri – ümumi və konkret;

– təlim materialının məzmunu;

v) prosessual hissə – texnoloji proses:

– təlim prosesinin təşkili;

– şagirdlərin tədris fəaliyyətinin formaları və metodları;

– müəllimin işinin formaları və metodları;

– materialın mənimsənilməsi prosesinin idarə olunması sahəsində müəllimin fəaliyyəti;

– tədris prosesinin diaqnostikası.

Prosesin texnologiyasının şərti təsviri texnoloji sxem adlanır. Texnoloji sxemdə prosesin ayrı-ayrı elementləri ayırd edilir, onların arasındakı məntiqi əlaqə işarə olunur. Texnoloji xəritə də tərtib olunur: “sxemdən” fərqli olaraq “xəritədə” proses əməliyyatların mərhələlər üzrə ardıcıllığı ilə çox vaxt qrafik formada təsvir olunur və bu zaman vasitələrdən necə istifadə olunacağı göstərilir.

Bəzi cəhətləri vurğulayaq:

a) hər bir pedaqoji texnologiya müəyyən elmi (fəlsəfi, psixoloji, didaktik və sosial-pedaqoji) konsepsiyaya əsaslanmalıdır.

b) Müvafiq pedaqoji proses konkret bir məqsəd əsasında elmi-metodik səviyyədə layihələşdirilməlidir.

v) Müəllim və şagirdin konkret fəaliyyəti dəqiq proqnozlaşdırılmalıdır (şagirdlərin, məsələn, müvafiq informasiyada nəyi və hansı həcmdə mənimsəyəcəyi müəyyənləşdirilməlidir və s.)

q) Texnologiyanın məzmun tərəfi ilə prosessual tərəfləri bir-birinə adekvat olmalıdır (onları əlaqələndirən mühüm didaktik vasitə isə məktəb dərslikləridir).

d) Diaqnostik prosedurlara xüsusi diqqət yetirilməlidir. Fəaliyyətin nəticəsini ölçmək üçün meyarlar, göstəricilər və üsullar dəqiq müəyyənləşdirilməlidir. Bu zaman dövlət təhsil standartları əsas götürülməlidir.

İstehsalat prosesləri kimi pedaqoji proseslərin də həmişə özünəməxsus texnologiyası olub. Artıq bəzi müəlliflər (məsələn, N.V.Basova, Q.K.Selevko və b.) problemli təlimi, işgüzar oyunları, modul təlimi, suqqestiv təlimi, Vallorf pedaqogikasını, V.F.Şatalovun pedaqoji sistemini, kompüter təlimini və s. təlim texnologiyası kimi təhlil etmişlər. Ənənəvi pedaqoji sistemin də özünəməxsus texnologiyası olub. Lakin onlar dövrün ənənələri axarında texnloji kontekstdə açıqlanmayıb. Müasir təhsil konsepsiyasında bu mənada da sadəcə olaraq pedaqoji texnologiyadan deyil, əvvəlkilərdən fərqlənən yeni pedaqoji texnologiyadan danışılır.

Pedaqoji texnologiyanın bir-birilə qarşılıqlı əlaqədə olan üç aspektini və ya səviyyəsini fərqləndirirlər (Q.K.Selevko və b.). Onlarla tanış olaq:

I. Ümumi pedaqoji səviyyə – ümumpedaqoji (ümumdidaktik və ümumtərbiyə) texnologiya müəyyən bir regionda, tədris müəssisəsində, təlimin müəyyən mərhələsində təhsil prosesinin layihələşdirilməsinin elmi əsaslarını açıqlayır. Bu səviyyədə pedaqoji texnologiya pedaqoji elmlərin özünəməxsus sahəsi kimi dəyərləndirilir.

II. Xüsusi metodiki (fənn) səviyyə – xüsusi fənn pedaqoji texnologiyası bir fənn, sinif, müəllim dairəsində təhsil prosesinin layihələşdirilməsini nəzərdə tutur.

III. Lokal (modul) səviyyə – lokal pedaqoji texnologiya təlim-tərbiyə prosesinin müəyyən bir tərkib hissəsinin (məsələn, bir dərsin, anlayışların formalaşmasının, yeni biliklərin mənimsənilməsinin, materialın təkrarının, müstəqil işin və s.) texnologiyası kimi özünü göstərir.

İkinci və üçüncü səviyyədə pedaqoji-texnoloji problemlər fənlərin tədris metodikası problemləri ilə bilavasitə səsləşir. Bir cəhət şəksizdir: ikinci və üçüncü səviyyədə pedaqoji texnologiya fənlərin tədris metodikası sahəsində əldə edilmiş zəngin təcrübədən bəhrələnir və bəhrələnməlidir.

Ənənəvi didaktik sistemdə dərs bir qayda olaraq təhsil məqsədi kökündə qurulurdu, onu qeydsiz-şərtsiz mütləqləşdirirdi. Bu, dövrün “məktəb” haqqında təsəvvürləri ilə bilavasitə səsləşirdi və təbii görünürdü.

(ardı var)

Professor Əşrəf Əlizadənin
elmi əsərləri əsasında
məqaləni çapa hazırladı:

Kəmalə QAYIBLI,
“Təhsil problemləri”

Filed in: KİV DF

Hələ şərh yoxdur

Şərh yazın