3:16 pm - Bazar Yanvar 19, 9079

YAXŞI YOLDAŞ, GÖZƏL DOST

Xudayar SULTANLI,  Azərbaycan Dövlət  Pedaqoji Universitetinin  Cəlilabad filialının direktoru

Xudayar SULTANLI,
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
Cəlilabad filialının direktoru

Cəlilabad Rayon Təhsil Şöbəsində Metodkabinetin müdiri işləyən Nadir Kavı oğlu Babayevi uzun müddətdir tanıyıram. O, 1974-cü ildən rayonun Əliabad kənd məktəbində ixtisası üzrə işləyərkən bir yerdə duz-çörək kəsmişik. Səmimi münasibətimizin ilkin telləri o vaxtdan yaranıb. Sonradan Nadir müəllim rayonun müxtəlif pedaqoji kollektivlərində rəhbər vəzifədə işləyib. Heç vaxt öz mövqeyindən dönməyib. Daha doğrusu, o, bir üzü, bir sifəti olan insanların cərgəsinə qatılıb.

Nadir müəllim haqqında fikir söyləmək elə əbəs iş deyil. Ən azı onun səviyyəsində olduqdan sonra onun barəsində söz demək olar. Nadir Babayev yaradıcı və müstəqil düşüncə qabiliyyətinə malik olan bir pedaqoqdur. Nadir müəllim dəyərli dost olmaqla yanaşı, həm də çətin gündə insanlara arxa olmağı bacaran ziyalılardan. Nə yaxşı ki, dünyada Nadir müəllim kimi insanlar da var. Əlbəttə, onu rayonumuzda tanımayan pedaqoq yoxdur. Bu dünyanın gözəlləşməsində insanlara dəyər verilməsində onun zəhməti əvəzsizdir. Dünya yarandığı vaxtlardan bəşər övladı haqqında fikir formalaşdırmaq adi iş olmayıb. Barəsində fikir formalaşan insan uzun illərin zəhmət körpüsündən keçir, zəhmətdə püxtələşir. Bu, sözsüz belədir.

Nadir Babayev ali təhsilli rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə Cəlilabadın Əliabad kəndində başlayıb. Az müddət ərzində bacarıqlı, qabaqcıl pedaqoqlardan birinə çevrilib. Şəxsi keyfiyyələrinə görə işlədiyi müəssisələrdə özünə çoxlu dostlar da qazanıb. Onun dərs dediyi müddətdə onlarla, bəlkə də, yüzlərlə şagirdi rus dili və ədəbiyyatı müəllimi olub.

Oktyabr ayında Azərbaycan Respublikası təhsilinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülənlər arasında Nadir müəllimin də adı var idi. Bir dost kimi buna qəlbən sevindim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı rəhbərlik etdiyim pedaqoji kollektivdə də böyük sevinclə qarşılandı.

Nadir Babayevin “Tərəqqi” medalına layiq görülməsi münasibəti ilə onu səmimi qəlbdən təbrik edir, ona şəxsi həyatında və gələcək işlərində böyük uğurlar diləyirəm.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın