3:16 pm - Şənbə Yanvar 19, 9089

QİYMƏTLƏNDİRMƏNİN HANSI FORMASI DAHA ÜSTÜNDÜR: RƏQƏMLİ, YOXSA VERBAL?

Əbülfət Zeynaloğlu, E.Şəmiyev adına 149 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Əbülfət Zeynaloğlu, E.Şəmiyev adına 149 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Azərbaycanda təhsil islahatına Azər-baycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiyası arasında bağlanmş ilk Kredir Sazişi əsasında başlanmış və 15 iyun 1999-cu ildə “Azərbaycan Respub-likasında təhsil sahəsində İslahat Proqramı” təsdiq olunmuşdur. 1999-2013-cü illəri əhatə edən təhsil islahatının əsas istiqamətini Kurikulum islahatı təşkil etmişdir. İslahatın 3-cü mərhələsinin sonunda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi qəbul olunmuşdur və qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün genişmiqyaslı tədbirləri nəzərdə tutan beş strateji istiqamət müəyyənləşdirilmişdir.

İslahatın davamı olaraq 2014-2015-ci tədris ilindən tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihənin tətbiqinə start verilmişdir. 2015-2016-cı tədris ilində təmayülləşmə 50, ötən tədris ilində isə 182 məktəbi əhatə etmiş, cari tədris ilində isə təmayülləşmə şəbəkəsi genişləndirilərək əksər şəhər və rayon məktəblərimizdə tətbiq olunmuşdur.

Təhsil islahatına başlanıldığı andan islahatın və onun mərhələlərinin səmərəli tətbiqi üçün 2006-cı ildə “Milli Kurikulumun konsepsiyası”, 2009-cu ildə “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” adlı sənədlər qəbul olunmuşdur ki, bu da ümumui təhsilimizin inkişafının yüksək səviyyədə diqqətdə saxlanılmasının və mövcud dinamikanın izlənilməsinin göstəricisidir.

İslahat dövrü ərzində təhsil sahəsində mühüm işlər görülmüş, təhsilin demokratikləşməsi, humanistləşdirilməsi yönündə mühüm addımlar atılmış, təhsil infrastrukturunun qurulmasında və şəffaflığın yaradılmasında yüksək nailiyyətlər əldə edilmişdir. Təhsil islahatının önəmi, gələcəyimizə proqnozlaşdırılmış töhfələri milli mətbuatımızda daima işıqlandırılmış, təhsil ekspertləri, təhsil işçiləri tərəfindən araşdırmalar, dəyərləndirilmələr aparılmışdır.

Söylənilən, qeyd olunan müsbət fikirlərlə yanaşı, kütləvi informasiya vasitələrində islahatın müəyyən məqamları, dərsliklərimizin vəziyyəti, infrastrukturun yaradılması, təhsildə şəffaflığın qorunması problemləri ilə bağlı tənqidi yanaşmalara da çox rast gəlmişik ki, bu da təbii olan bir prosesdir.

Təhsilin hər bir xalqın, hər bir millətin gələcəyində son dərəcə mühüm əhəmiyyət kəsb etməsini, cəmiyyətin inkişafının onurğa sütununu təşkil etməsini bu gün heç kim inkar edə bilməz. Min illər boyunca bütün elm, düşüncə sahiblərinin, böyük tarixi şəxsiyyətlərin təhsilə münasibətlərindən, təhsilə verdikləri dəyərlərdən kifayət qədər məlumatlıyıq. Təkcə ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” müdrik kəlamını xatırlamamız yetərlidir ki, təhsilə həssaslıqda, təhsilə ciddi münasibətimizdə cüzi yanlışlığa yol verməmizin gələcəyimiz üçün nə demək olduğunun fərqinə vara bilək. Ona görə də islahatın müəyyən məqamları, təhsilin istənilən pilləsi ilə bağlı deyilən fikirlərə sayıq düşüncəmizlə, ehtiramla yanaşmalı, onu dönə-dönə təhlil etməkdən çəkinməməli, fikir söyləyərkən nədənsə faydalanmağa çalışmamalıyıq.

Həyata keçirdiyimiz təhsil islahatının müəyyən məqamları: təlim prosesinin inkişaf etdirilməsi, dərsliklərin standartlara tam cavab verməsi, şagirdlərin yazılı nitqinin inkişafı, şagirdlərin qiymətləndirilməsi problemləri ilə bağlı fikirlərimizi həmkarlarımızla bölüşməyə, onların müzakirə olunmasına ehtiyac olduğunu düşünürük. Onların hər biri ayrı-ayrılıqda geniş bir mövzudur və hamısı haqqında bir yazıda müzakirə üçün fikir söyləməyi düzgün hesab etmirik. Onu əlavə etmək istəyirik ki, bütün fikirlər müəllim kimi canlı müşahidələrimizin, canlı təlim prosesinin, onlarla qabaqcıl, peşəkar müəllimin münasibətlərinin nəticəsi olaraq müzakirəyə çıxarılır.

İlk yazımız, söhbət açacağımız problem “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinin 14-cü bölməsi olan, “Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”nda açıqlanan təlim nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlıdır. Qiymətləndirmə təlim prosesinin son mərhələsi olmasına rəğmən onun ilkin olaraq müzakirə olunmasınıın, tez bir zamanda həm diaqnostik, həm də formativ qiymətləndirmənin rəqəmli ifadəsinin tətbiq olunmasının və hər iki qiymətləndirmənin sinif jurnalında qeyd olunmasının vacib və daha effektiv olduğunu düşünürük.

Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyasında şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər, konsepsiyanın yaradılması üçün zəruri səbəblər, şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması hər biri ayrı-ayrılıqda tam və dolğun şəkildə öz əksini tapmışdır. Kurikulumların tətbiqi ilə bağlı vəsaitlərdə və kütləvi informasiya vasitələrində də yuxarıda qeyd olunan müddəalar, bölmələr təhsil ekspertləri, təhsil işçiləri tərəfindən bəyənilmiş, dəfələrlə müzakirə olunaraq dəyərləndirilmişdir.Çox qəribədir ki, qiymətləndirmənin rəqəmli ifadəsi və sinif jurnalına qeyd olunması bütün məqamlarda ya müəllimin subyektiv rəyi kimi, ya şagirdin qiymət almaq xatirinə oxuması, ya da həmin qiymətləndirmənin formalizmə gətirib çıxardığı vurğulanır, formal, qeyri-dəqiq, sistemsiz qiymətləndirmə kimi dəyərləndirilir. Zülfiyyə Veysovanın müdavimlər üçün “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi” vəsaitində (səh.98) ənənəvi və müasir qiymətləndirmənin bütün komponentlər üzrə verilən müqayisə cədvəllərində də bu düzgün olmayan mövqe özünü göstərir. Bu gün cəmiyyətimizin inkişafını təmin edən mütəxəssislərin, təhsili idarə edənlərin, təhsilverənlərin əksəriyyəti orta təhsilini ənənəvi qiymətləndirmə ilə başa vurmuşlar. Necə ola bilər ki, haqq-nahaq həmin qiymətləndirmənin formal olduğunu qəbul edək və yaxud obyektivliyi bugünkü müəllimlərin obyektivliyindən daha yüksək olan, düzgünlüyü həyatının amalı, məsləki olan müəllimlərimizin haqqına kor qalaq, şübhə ilə yanaşaq. Subyektiv rəyi əsasında şagirdini qiymətləndirən müəllim o təhsil sistemində də vardı, bu gün də var, gələcəkdə də olacaqdır. Düşünürük ki, bu deyilən fikrin üzərində çox dayanmağa , onu müzakirə obyektinə çevirməyə ehtiyac yoxdur. Hər bir təhsil işçisi öz müəllimlərini yaxşı xatırlayır, bugünkü ətrafında çalışan yüzlərlə müəllimi tanıyır və hər kəs özü üçün müqayisə apara bilər.

Bizi düşündürən və müzakirəyə ehtiyacı olan sual qiymətləndirmə üsulu ilə bağlıdır: Diaqnostik, formativ qiymətləndirmələrin verbal (sözlə) olaraq aparılması rəqəmli qiymətləndirmə ilə müqayisədə bızə nə qazandırır və vaxtı dəyərləndirmə baxımından hansı daha üstündür?

İlk öncə konsepsiyadan bir məqamı diqqətlə nəzərdən keçirək: “Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır…. Qiymətləndirmə sxemləri qiymətləndirmənin daha ədalətli, obyektiv, etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir, tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki, hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin. Qiymətləndirmə sxemləri şagirdin işini qiymətləndirmək üçün müəllimin sərf etdiyi vaxtı azaldır, keyfiyyət səviyyələri vasitəsilə müxtəlif qabiliyyətə malik şagirdlərin təhsil aldığı sinifləri nəzərə almağa şərait yaradır”.

Göründüyü kimi, konsepsiya hazırlanarkən belə müəllimin qiymətləndirmə üçün sərf edəcəyi vaxt diqqətdən kənarda qalmamışdır.

Qiymətləndirmə ilə bağlı sonrakı müzakirələrdə, bir çox təhsil ekspertlərinin rəylərində rəqəmli qiymətləndirmənin yuxarıda qeyd olunduğu kimi “effektiv” olmadığı vurğulandığı halda verbal qiymətləndirmənin müəllimləri necə vaxt itkisinə məruz qoymasına diqqət yetirilməmişdir. Hansı qiymətləndirmənin daha səmərəli olduğinu müəyyən etmək üçün ən adi məqamlara diqqət yetirmək belə kifayətdir. Şagird gündəliyinə qiymətləndirmə zamanı səviyyələr üzrə ən qısa şəkildə mənimsəmir, qismən mənimsəyir, mənimsəyir, tam mənimsəyir yazmaq rəqəmli qiymətləndirmədən fərqli olaraq 12 dəfə artıq vaxt aparır. Şagirdin nəyi və necə mənimsədiyinin gündəliyinə sözlə qeyd olunması, yəni səviyyələr üzrə qimətləndirmə meyarlarının yazılması 12-nin kvadratından qat-qat artıq vaxt itkisinə gətirib çıxarır.

Bir dərs ərzində müəllimin həm jurnalı yazması, həm öz qeyd dəftərində yazılı qeydlər aparması, həm də şagirdin məktəbli kitabçasında, dəftərində formativ qimətləndirmənin sözlə qeyd olunması təhsil verməkdən, şagirdlərin bilik və bacarıqlarının dəyərləndirilməsindən daha çox boş-boşuna vaxt itkisinə səbəb olur. Bu gərgin vəziyyət şagird sıxlığı olan məktəblərimizdə isə daha çox hiss olunur. 35-40 və daha çox şagirdi olan siniflərdə təlim prosesi zamanı müəllim üçün dəqiqənin yox, saniyənin nə demək olduğunun fərqinə varmağı bacarmalıyıq, vaxta necə qənaət etməyin, ondan necə səmərəli istifadə etməyin vacibliyini düşünməliyik.

Tədris olunan bütün fənlərin öz məzmun xətləri, öz standartları var və hər bir fənn üzrə keçiriləcək dərs üzrə fərqli standartların, müxtəlif məzmun xətlərindən müxtəlif standartların yerinə yetirilməsi tələb olunr. Dinləyib-anlama və danışma məzmun xətti üzrə IV səviyyə, oxu məzmun xətti üzrə II səviyyə, yazı məzmun xətti üzrə isə III səviyyə meyarlarına uyğun cavab verən şagirdin gündəliyinə tələb olunan standartlara uyğun düzgün quymətin yazılması üçün 3-4 cümlədən ibarət meyar yazmaq lazım gəlir və bunun nə qədər vaxt itkisinə səbəb olduğunu demək çətindir. Belə məqamlarda rəqəmli qiymətləndirmənin nə qədər əlverişli, üstün olması özünü göstərir. Müəllim şagirdinin müxtəlif məzmun xətləri üzrə müxtəlif standartların səviyyələri üzrə meyarlarına uyğun cavablarını ümumiləşdirərək asanlıqla rəqəmlə ifadə olunmuş qiymətini çıxara bilər və rəqəmli qiymətləndirmə həmin vaxt itkisinin qarşısını almış olar.

Digər bir konkret nümunəyə diqqət yetirək. Müəllimlər üçün metodik vəsaitlərdə mövzular üzrə təlim materialları ilə iş texnologiyasının şərhində hər bir mövzunun sonunda formativ qiymətləndirmənin müəyyənləşdirilmiş meyarlar əsasında aparılması göstərilir. Səviyyələr üzrə tətbiq olunan müəyyənləşdirilmiş meyarlardan yalnız birinin (“Boy”un mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə suallar və müəllimin köməyi ilə təhlil edir və nəticə çıxarır. Ədəbiyyat fənni üzrə metodik vəsait. X sinif, səhifə 53.) şagird gündəliyinə və müəllimin qeyd dəftərinə yazılmasının nə qədər vaxt aparmasına diqqət yetirsək, hər şey aydın olacaq.

Ən azı bir dərsdə 4-5 şagirdin qiymətləndirilməsi üçün müəllim 10-15 dəqiqəsini meyar yazmağa sərf etməlidirmi? sualına diaqnostik, formativ qiymətləndirmələrin verbal (sözlə) olaraq aparılmasını şərt olaraq qəbul edənlərdən və qəbul etdirmək istəyənlərdən hər kimsə “Bəli” deyərsə, demək, o adam Azərbaycanda təhsilin inkişafına yox, təhsilin çökməsinə xidmət göstərmiş olar. Şagirdlərin cavablarının rəqəmli qiymətləndirilməsinə (hər bir şagirdə cavabının hansı cəviyyədə olmasını və hansı qiymətə uyğun olduğunu şifahi olaraq başa salmaq şərti ilə) 2-3 dəqiqə vaxt sərf etmək əvəzində o qədər vaxt itirməyə dəyərmi? Müəyyənləşdirilmiş meyarların şagird gündəliyində öz əksini tapması texniki cəhətdən belə mümkün deyildir və bu deyilənlər də rəqəmli qiymətləndirmənin əlverişli, üstün olduğunu açıq şəkildə ortaya qoymuş olur.

Bütün deyilənləri ümumiləşdirərək bu nəticəyə gəlmək olar ki, şagirdlərin diaqnostik və formativ qiymətləndirilməsində rəqəmli qiymətləndirmədən istifadə etmək təlim prosesi zamanı müəllimin vaxta qənaəti, vaxtdan səmərəli istifadəsi üçün verbal qiymətləndirmədən daha üstün, daha əlverişli, daha çox məqsədəuyğundur.

Eyni zamanda diaqnostik və formativ qiymətləndirmələrin sinif jurnallarında qeyd olunub-olunmaması məsələsinə də bir daha diqqət yetirmək lazımdır. Əgər şagirdin bilik və bacarığı qiymətləndirilirsə və sinif jurnalında rəqəmli qiymətləndirmə üçün xüsusi yer ayrılmışdırsa, nədən şagirdin aldığı qiymətlər jurnalda öz əksini tapmamalıdır. Qiymətləndirmə konsepsiyasının (1.3 bəndi) “Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər” başlığı altında ənənəvi qiymətləndirmədə mövcud olan problemlər və o problemlərin uzun müddət həll edilməməsindən Azərbaycanın təhsil sistemindəki qiymətləndirmə mexanizmində olan xarakterik çatışmazlıqlar öz əksini tapmışdır. Qiymətləndirmə standartları, üsul və vasitələrindən, mexanizmlərindən yüksək səviyyədə faydalanaraq şagirdlərin qiymətlərinin sinif jurnalında öz əksini tapması konsepsiyada vurğulanan bir çox problemlərin, çatışmazlıqların öz-özlüyündə aradan qalxmasına gətirib çıxara bilər. Sinif jurnalında diaqnostik və formativ qiymətləndirmələrin qeyd olunması şagirdlərin məsuliyyətini artırmaqla yanaşı nailiyyətlərin qiymətləndirilməsi prosesində şagird fəaliyyətinin nəticələrinin obyektiv təhlilinə, düzgün dəyərləndirilməsinə zəmin yaratmış olar. Əgər nəzərə alsaq ki, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir və yekun qiymət çıxarılarkən üstünlüyə malikdir, o halda hansısa müəllimin subyektivliyi də (əgər olarsa) heç bir əhəmiyyət kəsb etmir, bunun üçün narahatlığa dəyməz.

Diaqnostik və formativ qiymətləndirmələrin rəqəmli ifadəsi və onların sinif jurnallarında qeyd olunması ilə bağlı təhsil işçilərimizin, təhsil ekspertlərinin, peşəkar müəllimlərimizin rəylərinin öyrənilməsi, məsələnin hərtərəfli müzakirəsi ümumi təhsil pilləsinin əhəmiyyətli problemlərindən biridir. Sonda onu da qeyd etmək istərdik ki, bu müzakirənin əsas iştirakçıları, əsas sözdeyənləri daha çox peşəkar müəllimlərimiz olsunlar. Min illərin sınağından keçib gəlmiş “Uzaqdan döyüş asan gələr” kəlamını xatırladaraq ümid edirik ki, ən azı son 3-5 ildə tədris ili boyunca təlim prosesinin canlı iştirakçısı olmayan, şagirdləri qiymətləndirmə zamanı istər vaxt itkisinin, istərsə də maksimum dərəcədə obyektiv olma istəyinin psixoloji gərginlik anlarını yaşamayanlarımız nəzəri materiallarla, elmi biliklərlə müzakirə obyekti olan problem üzrə hər şeyin ideal səviyyədə olduğunu sübuta yetirməyə cəhd göstərməyəcəklər.

Filed in: YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın