10:46 pm - Cümə Oktyabr 24, 2014

Şəxsiyyətyönümlü və inkişafetdirici təlimin rolu

Güləndam  Quliyeva, Bakı şəhəri, Nərimanov rayonu, R.Nəsrəddinov adına 39-¹ li tam orta məktəbin ibtidai sinif müəllimi, Qabaqcıl təhsil işçisi

Güləndam
Quliyeva,
Bakı şəhəri, Nərimanov rayonu, R.Nəsrəddinov adına 39-¹ li tam orta məktəbin ibtidai sinif müəllimi,
Qabaqcıl təhsil işçisi

Bu gün müstəqillik yolunda inamla addımlayan Azərbaycanın təhsil quruculuğu sahəsində qazandığı nailiyyətlər aparılan ardıcil və davamlı təhsil siyasətinin nəticəsi kimi meydana çıxmışdır. Ulu öndərimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir ” kəlamları ilə özülü qoyulmuş milli təhsil siyasəti respublikamızda uğurla davam etdirilir. Yeni qurulan təhsildə idrakı inkişafın parametrlərini nəzərə almaq əsas amil hesab edilir. Təhsili bilavasitə inkişafyönümlü bir proses kimi stimullaşdırmaq əsas vəzifəyə çevrilir. Təhsil humanist prinsiplərə aid olunmaqla inzibati xarakterindən uzaqlaşaraq daha çox qarşılıqlı əməkdaşlıq əlaqələrinə arxalanır. Şagird bir subyekt kimi müəllimlə birgə pedaqoji prosesdəki hər hansı problemin həlli yollarını axtarıb tapır. Şəxsiyyətyönümlü təhsildə keyfiyyət məhz təhsilin əsas göstəricisi kimi dərk olunur, təlim nailiyyətlərinin sırasında şəxsiyyətin göstəricisinə çevrilir.

Ulu öndərimiz Heydər Əliyevin sozləri ilə desək, gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üzərində qurulur. Məhz gələcəyimiz olan bu uşaqların savadlı olması üçün elmin əsaslarını mənimsətməkdən mənəvi zövq alıram. Çünki uşaqlar bizim hər birimizin gələcəyidir. Ona görə də görəcəyim tədbirləri sistemli şəkildə planlaşdırır və ilboyu həyata keçirirəm. Tədbirlərdə valideynlərə kurikulum islahatının aparılmasını zəruri edən səbəblər haqqında məlumat verir, təhsilin islahataqədərki məzmununda mövcud olan boşluqlardan söz açıram. Kurikulum baxımından ümumi təhsilin ibtidai, umumi orta və tam orta səviyyələri demokratik cəmiyyətdə, bazar iqtisadiyyatı şəraitində uşaqların həyat və fəaliyyətinin uğurla qurulmasında əldə edəcəkləri bilik, bacarıq və dəyərlərin əhəmiyyəti, eləcə də sinifdə tətbiq edilən təlim strategiyaları, qiymətləndirmə üsulları və qaydaları haqqında da valideyinləri məlumatlandırıram.

Müasir dövrdə şəxsiyyətə yönəlmiş təlim prinsipinin böyük əhəmiyyəti var. Müəllim uşaqlarla ünsiyyət zamanı birlikdə fəaliyyət prinsipini rəhbər götürür. Onun məqsədi uşağın şəxsiyyət kimi formalaşmasına yardım etməkdir. Hər bir müəllim çalışmalıdır ki, uşaqlarda ətraf aləmə, həyata inam və yaşamaq həvəsi hislərini inkişaf etdirsin. Ünsiyyət prosesində şagirdə verdiyi imkanlarını proqramlaşdırılmış şəkildə artmasına deyil, əksinə şəxsiyyətin inkişafına təsir göstərən və maksimum yüksəlməsini təmin edən tələbi yerinə yetirsin. Ünsiyyət zamanı uşağın tərəfində durmaq, onun fikrini nəzərə almaq, hiss və həyəcanlarına etinasızlıq göstərmək lazım deyil. Öz pedaqoji təcrübəmə əsasən deyə bilərəm ki, ünsiyyət zamanı qarşılıqlı əməkdaşlıq olmalıdır. Çünki muəllim uşağın marağı və cəmiyyətin tam hüquqlu üzvü kimi onun gələcək inkişafının perspektivləri mövqeyindən çıxış edir.

Artıq kiçikyaşlı məktəblilər öyrənilən prosesləri qarşılıqlı əlaqə və inkişafda mənimsəyirlər. Uşaqlar onları əhatə edən aləmi, əşya və hadisələri müşahidə edir, onların oxşar və fərqli cəhətlərini tapır, baş verən proseslərin səciyyəvi əlamətlərini müəyyənləşdirir, müstəqil ümumiləşdirmələrə hazırlanırlar. Nə üçün uşaqlar erkən yaş dövründə daha fəal olurlar? Elmi araşdırmalar göstərir ki, insan bütün ömru boyu qazanilan məlumatın təxminən 80 % -ni 6 yaşa qədər əldə edir. Müşahidələr göstərir ki, məktəbə daxil olduqdan sonra uşağın idrak fəallığı mühum dərəcədə ləngiməyə başlayır. Bu nə üçün baş verir? Çünki uşaqlar məktəbəqədər dövrdə dünyanı bir tədqiqatçı kimi dərk edir: o suallar verir, bu suallara cavab tapmaq üçün onun imkanı dairəsində olan müxtəlif mənbələrdən istifadə edir və ilk növbədə öz təcrübəsinə əsaslanır. Onu əhatə edən dünyanı müstəqil dərk edərək uşaq öz maraqlarına görə fəaliyyət göstərir. Birinci sinfə daxil olarkən uşaq elə bir təlim mühitinə düşür ki, burada onun vərdiş etdiyi, ona yaxın və təbii olmayan təlim üsulunu dərk etmək tələb olunur. Müəllim tələb edir ki, uşaq ona diqqətlə qulaq asıb dediklərini yadda saxlasın, təlimatlarını dəqiq həyata keçirsin və bu təlimata aid olmayan sualları az versin. Bununla da şagirdin demək olar ki, passiv mövqe tutması, tədqiqatçı rolundan imtina etməsi və müəllim tərəfindən verilən məlumatla kifayətlənməsi təklif olunur. Bu cür təlim prosesinin mərkəzində şagird yox, müəllim olur. Məhz müəllim həmin təlim prosesinin fəal iştirakçısı olur, şagirdə nəyi və necə dərk edilməsini diktə edir. Bunun nəticəsi olaraq şagirdin dərketmə imkanları məhdudlaşır, onun ehtiyacları, maraq və qabiliyyətləri nəzərə alınmır. Deməli, şagirdi fəallaşdırmaq üçün ilk növbədə vacibdir ki, o bir şəxsiyyət kimi təlim prosesinin mərkəz obyekti kimi çıxış etsin. Təlim ilk növbədə uşağın maraq və tələbatlarına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir. Müəllim tərəfindən şagirdə şəxsiyyət kimi yanaşılmalı, onun fərdi cəhətləri nəzərə alınmalı və ona hörmət əsasında münasibət göstərilməlidir. Böyüməkdə olan kiçikyaşlı uşağın formalaşmasında ailənin rolu, onun təbiəti ilə müəyyən olunur. Ailə -cəmiyyətin ilkin özəyidir. O, uşağa həyat verir, burada uşaq aləm haqqında ilk təsəvvürləri alır, burada anlayışların, baxışların, hislərin, adətlərin elə bir əsas təməli qoyulur ki, bu məktəbli şəxsiyyətinin əxlaqi təşəkkülünün və şəxsiyyət strukturunun əsasında durur.

Tədris prosesi elə təşkil olunmalıdır ki, şagirdin idrakı bacarıqları da inkişaf etsin. Məlumdur ki, idrakın başlıca aləti təfəkkürdür. Şagirdlərdə idrak marağının inkişafının obyektiv əsası tədrisin yüksək səviyyəsindən, onun əsil elmi məzmunundan, fəal və müstəqil idrakın pedaqoji cəhətdən məqsədəuyğun təşkilindən ibarətdir. Buna nail olmaq üçün birinci növbədə təlim prosesində idrak fəallığını stimullaşdıran problemli situasiyalar yaradıram.

Uşaqlarda bu problemin həlli tələbatın yaranması nəticəsində bütün idrak prosesləri də fəallaşır, o, yeni bilikləri kəşf etməyə yönəlir. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, şagirdlərin idrak marağı müxtəlif inkişaf səviyyəsində ola bilər. Şagirdlərin idrak marağının formalaşmasına tədrisin stimullaşdırıcı təsiri çox boyükdür. Görkəmli alim B.S.İlyinin sözləri ilə desək, idrak tələbatı şagirdlərin biliyə olan həvəsini ifadə edir.

İdrak fəallığı və müstəqillik tərbiyəsinin əsas yolu təlimdir, bu qiymətli keyfiyyətlərin yetişdiyi konkret forma müstəqil işdir. Şagirdlərin müstəqil işləri xüsusi didaktik məsələlərin həllinə: bir qismi biliklərin axtarılıb tapılmasına, başqa bir qismi biliklərin anlaşılmasına, bacarıq və vərdişlərin möhkəmlənməsinə yönəldilə bilər.

Müstəqil məsələ həlli gedişində kifayət dərəcədə yüksək bilik və bacarığa malik şagirdin inkişafına dair mühüm göstəricilər meydana çıxır: bu şagirdin məsələni anlamasından və özünün qarşıya məsələ qoya bilməsindən, onun həllinin plan və üsulunu müəyyən etməsindən, məsələnin həllinə yönəldilən əməlləri müstəqil surətdə yerinə yetirilməsindən ibarətdir.

Müasir təlimin inkişafetdirici vəzifəsi şagirdin dövrümüzün tələblərinə cavab verən yaradıcı, qurucu, ziyalı şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Bunun üçün vahid məqsədə yönəldilən işgüzar əməkdaşlıq, ünsiyyət və fəaliyyətlər əsas yer tutur. Təlim prosesində şagirdlərin yaradıcılıqlarını inkişaf etdirmək müəllimin fəaliyyətində ikinci ən mühüm funksiyadır.

Görkəmli rus psixoloqu, müasir pedaqogikanın banilərindən biri olan L.S.Viqotskinin nəzəriyyəsinə görə təlim inkişafı qabaqlamaqla, uşağın qarşıdakı inkişaf mərhələsinə yönəlməlidir. Bu inkişaf mərhələsində uşağın potensial imkanları mərkəzləşib aktuallaşması üçün xüsusi təlim şəraiti yaradılmalıdır. Buna nail olmaq üçün şagirdlərə onların imkanlarına uyğun, lakin bir qədər murəkkəb tapşırıqları müstəqil həll etmək tapşırılmalıdır. Yəni təlim uşağın özünün müstəqil fəaliyyətinə əsaslanmalıdır.

Müasir dövrdə baş verən sürətli dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini müəyyən edir. Bunun üçün ilk növbədə cəmiyyətin inkişafını əks etdirməli və yeni nəsilləri yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlanmalıdır.Təlim -tərbiyə sisteminin çevikliyi bir nəticə olaraq şagirdlərdə biliklərin daha çox yaradıcı praktiki tətbiqə yönəlməsində öz əksini tapır.

Böyük alman pedaqoqu A. Disterveq deyirdi ki, uşağın beyni bilik sandığı deyildir ki, onu müxtəlif biliklərlə doldurasan. Sobanı da ağzına qədər odunla doldursan, o, yanmaz, tüstülənər. Sobaya odunu az, özü də müəyyən qayda ilə qoysan, məşəl kimi yanar. Bu baxımdan uşaqları özlərinin bilik məşəlini yandırmağa yönəltməliyik. Məhz buna görə də müəllimin fəaliyyətinə adətən öyrətmək, şagirdin fəaliyyətinə isə öyrənmək deyilir.

Filed in: ARAŞDIRMA

Şərhlər qapalıdır.