10:02 pm - Cümə Yanvar 20, 2017

Milli Musiqi Günü qeyd olundu

Azərbaycan Respublikasının ali məktəblər ailəsinin öndə gedən üzvlərindən olan Naxçıvan Dövlət Universitetində Milli Musiqi Günü qeyd olunub.

Milli Musiqi Günü qeyd olundu

Milli Musiqi Günü qeyd olundu

Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan rektor, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov bu günün tarixindən danışaraq qeyd edib ki, musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılan Üzeyir Hacıbəyovun doğum günü 1995-ci ildə dahi rəhbər, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi təsis olunub. Ölməz əsərlər müəllifi olan Üzeyir Hacıbəyov irsinin qorunmasını vacib sayan rektor, bundan sonra gələcək nəsillərin də dahi bəstəkarın ruhunu həmişə yad edəcəklərini və onun əsərlərini yaşadacaqlarına ümid etdiyini bildirib.

Musiqi günü

Musiqi günü

Teatr və Mədəniyyətşünaslıq kafedrasının baş müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov “Üzeyir Hacıbəyov və Azərbaycan musiqi mədəniyyəti” adlı məruzəsində vurğulayıb ki, dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoyub. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Qeyd olunub ki, Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.

Tədbirin bədii hissəsində dahi Üzeyir Hacıbəyovun “Arazbarı” muğamı, “Xalq çalğı alətləri” kafedrasının müəllimi Zeynəb Yusifovanın və universitetin İncəsənət fakültəsinin tələbəsi Bəhruz Quliyevin ifasında “Arşın mal alan” operettasındanTelli və Vəlinin dueti, həmçinin Orkestr alətləri və drijorluq kafedrasının müəllimi Sərdar Qurbanovun ifasında Sultan bəyin mahnısı, “Musiqi təlimi” kafedrasının müəllimi Əli Davudinin ifasında “Sevgili canan” mahnısı və digər əsərlər səslənib.
Tərbiyə işləri üzrə prorektor, professor Məmməd Rzayev tədbirə yekun vuraraq bütün musiqi ictimaiyyətini bu bayram münasibətilə təbrik etdi.

Mina Qasımova,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

Filed in: TƏDBİRLƏR, XƏBƏRLƏR

Şərhlər qapalıdır.