3:08 pm - Şənbə Oktyabr 20, 4885

Müsabiqə qalibi: 46 nömrəli məktəbdə

“2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” Azərbycan Respublikası Prezidenti İlham Əliyevin 6 avqust 2013-cü il tarixli Sərəncamında Bakının Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin də adının yer alması pedaqoji kollektivdə çox böyük razılıq və sevinc hissilə qarşılanıb.

46 saylı məktəb

46 saylı məktəb

Məktəb 1969-cu ildən fəaliyyət göstərir, 983 yerlikdir və 4 mərtəbədən ibarətdir. Hazırda məktəbdə 130 müəllim çalışır. Onlardan iki nəfərinin elmi dərəcəsi var. Məktəbin direktoru Budoqova Sevinc Budaq qızı tarix üzrə fəlsəfə doktoru, həm də “Əməkar müəllim”dir. Biologiya-kimya müəllimi Vəzirova İradə Azər qızı kimya elmləri üzrə fəlsəfə doktorudur. Sevinc Budaqova “Azərbaycan-Hindistan iqtisadi, elmi-texniki və mədəni əlaqələri tarixindən – 1950-1980-ci illər” mövzusunda monoqrafiyanın, UNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin töhfəsi olan “Ümid qapısı, mərhəmət ünvanı” kitabının müəllifidir, Ədliyyə Nazirliyinin nəzdində Himayəçilik Şurasının, Azərbaycan Respublikasının Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvüdür. Fransız dili müəllimi Qermes Anna Romanovna da respublikanın Əməkdar müəllimidir. Tarix müəllimi Fatimat Qurban qızı Əliyeva respublikanın “Qabaqcıl Təhsil işçisi”dir. İngilis dili müəllimi Dilarə Nigar qızı Bünyatova 2009-2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub və Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixli Sərəncamı ilə mükafatlandırılıb. Ümumiyyətlə, məktəbdə yüksək ixtisaslı, peşəkarlıq səviyyəsini durmadan artıran, beynəlxalq treninq və seminarlarda, konfranslarda iştirak edən, elmi-metodiki yaradıcılıqla məşğul olan müəllimlər çoxdur. Bu gün Lamiyə Əfəndiyeva, Sevinc Babayeva, Zabitə Quliyeva, İlyas Məmmədov, Hənifə Hüseynov, Sevinc Ağayeva, Elmira Mahmudova və başqalarının adını iftixarla çəkmək olar. Təlim işləri üzrə direktor müavini Azərbaycan dili və ədəbiyyat müəllimi İlyas Məmmədovun “Dərsin təşkili və dərsə verilən müasir tələblər” metodik vəsaiti bu yaxınlarda “Elm” nəşriyyatında çapdan çıxıb.

46 saylı məktəb

46 saylı məktəb

Cari tədris ilində məktəbdə komplektləşdirilmiş 43 sinifdə 900-ə yaxın şagird təhsil alır. Təlim Azərbaycan və rus dillərində aparılır, eyni zamanda ibri dili tədris olunan siniflər də fəaliyyət göstərir. Xarici dillərdən ingilis, fransız və rus dili tədris edilir. İki informatika kabinetində 30 ədəd kompyuter var.

46 saylı məktəb

46 saylı məktəb

Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya kabinetləri əyani vasitələrlə təchiz olunub. Bundan əlavə müəllim və valideynlərin təşəbbüsü ilə ibtidai siniflərin demək olar ki, hamısında informasiya-kommunikasiya texnologiyalarından istifadə və internetə çıxış mövcuddur. Məktəbdə fəaliyyət göstərən “Vergilər metodik kabineti” günün tələbləri səviyyəsində tərtib olunub, müxtəlif fəaliyyət sahələrində mövcud vergi sistemindən bəhs edən elmi-metodiki ədəbiyyatla təmin edilib. Burada şagirdlər vergi qanunvericiliyi sistemində olan yenilikləri həvəslə öyrənirlər.

Məktəbin prioritet istiqaməti müasir təlim texnologiyalarının və tərbiyə konsepsiyalarının praktikaya tətbiqi əsasında uşaqların sağlamlığının qorunması və sağlam həyat tərzinin formalaşdırılmasından, onların potensial imkanlarının inkişaf etdirilməsindən ibarətdir. Təlimin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə təhsil ocağında mütəmadi olaraq açıq dərslər, qarşılıqlı dərslərin dinlənilməsi, dəyirmi masalar, elmi-praktiki seminar və konfranslar, görüşlər və digər tədbirlər keçirilir. Məktəb “Fəal təlim metodlarının tətbiqi” problemi üzərində işləyir. Mili Kurikulumla əlaqədar müəllimlərin 60 faizindən çoxu treninqlərdən, ayrı-ayrı fənlər üzrə kurslardan keçib sertifikatlar alıb. Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagird məsuliyyətinin artırılması istiqamətində işlərin müntəzəm aparılması öz sevindirici nəticəsini verir. Belə ki, son 5 ildə respublikanın ali məktəblərinə 500-700 bal arasında 40-a yaxın məzun qəbul olunub və onlardan ikisi Prezident təqaüdünə layiq görülüb. Qəbul göstəriciləri 2008-ci ildə 42, 2009-cu ildə 49, 2011-ci ildə 52, 2012-ci ildə 50, 2013-cü ildə 62 faiz olub. Bu il məktəbin 61 məzunu olub, 58-i ali məktəblərə qəbul imtahanlarında iştirak edib, onlardan 39-u tələbə adını qazanıb. 2008-ci ildə Həsənova Təranə Hidayət qızı (638 bal) Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasına, 2010-cu ildə Cabbarlı Mərcan Elxan qızı (685 bal) Azərbaycan Tibbi Universitetinin Müalicə işi fakültəsinə qəbul olunub və Prezident təqaüdünə layiq görülüblər. Həsənova Natəvan Hidayət qızı 645 balla Bakı Dövlət Universitetinin Dünya iqtisadiyyatı ixtisasına daxil olub. 2011-ci ildə Xasayev Polad Cəmil oğlu 652 balla Neft Akademiyasına, İslami Nərmin Rahat qızı (597 bal) Azərbaycan Dillər Universitetinin Fransız dili ixtisasına, 2012-ci ildə Yaqubova Teyla İzmailovna (592 bal) Neft Akademiyasına qəbul olunublar.

Məktəbin kollektivi 2003-cü ildən Valideyn-Müəllim Assosiasiyasının yaranmasında fəallıq göstərib. Azərbaycanda Valideyn-Müəllim Assosiasiyasının yaradılması layihəsinə qoşulmaq üçün məktəb rəhbərliyi 2004-cü ildə UNİCEF-in təşkil etdiyi konfransda iştirak edib. Həmin ilin fevral ayında məktəbin 9 nəfərdən ibarət üzvü olan VMA yaradılıb. VMA-nın fəaliyyətini genişləndirmək və gücləndirmək, valideynləri məktəbə təlim-tərbiyəyə cəlb etmək üçün kurslar, konfranslar, seminar və treninqlər keçirilir.

Valideynlər üçün açıq qapı günləri, dərslərdə iştirak üçün dəvətnamələr, şagirdlərin asudə vaxtının düzgün təşkili üçün dərnək, ekskurs VMA müxtəlif proqram və tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, uşaqlar üçün müxtəlif proqram və tədbirlərin təşkilində xeyli sayda iş görür. Eyni zamanda, məktəbdə təhsilin keyfiyyətinin inkişafında, məktəbin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində fəallıq göstərir. Mütəxəssis valideynlər dərslərin keçirilməsinə cəlb edilirlər. Məktəbin direktoru Sevinc Budaqova AVMA İH üzvü kimi təşkilatın keçirdiyi motorinqlərdə və ictimai görüşlərdə (Quba, Tərtər, Qazax, Gəncə və s.) və TN və UNİSEF-in “Məktəb uşağın dostudur” layihəsində fasilitator kimi iştirak edir. Məktəbin VMA-nın üzvləri respublika Milli Valideyn-Müəllim Assosiyasiyasının təşkil etdiyi treninq və konfranslara fəal qatılırlar. 2010-cu ildə VMA xətti ilə Polşada keçirilən treninqdə təmsil olunublar.

Məktəbin pedaqoji kollektivi beynəlxalq əlaqələri ilbəil genişləndirir. 2003-cü ildən İsrail dövləti ilə sıx əlaqə yaradılıb. Əsas məqsəd də ibri dilinin tədrisini gücləndirmək, yəhudi tarixini dərindən öyrənməkdir. 2007-ci ildən Gürcüstan, 2010-cu ildən Polşa, 2011-ci ildən Fransa və Rusiya Federasiyası ilə əlaqələr qurulub və müxtəlif sahələr üzrə uğurla davam etdirilir.

2011-ci ildə İNEPO EUROASİA-nın təşkil etdiyi V olimpiadada məktəbin şagird kollektivinə sertifikat verilib. Həmin ildə Azərbaycan Respublikası Neft Kompaniyasının “Ekologiya ili” çərçivəsində keçirdiyi müsabiqədə məktəb birinci yeri tutaraq mükafatlandırılıb. 2009-cu ildə Müstəqil Dövlətlər Birliyi tərəfindən keçirilən “Rus dili və ədəbiyyat”ı mədəniyyət ongünlüyündə məktəb “Təşəkkürnamə” alıb. 2010-cu ildə “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” I beynəlxalq konfransın proqramında iştirak edən məktəb eyni ildə iki dəfə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəxri fərmanına layiq görülüb: ali məktəblərə qəbulda əldə etdiyi yüksək göstəriciyə və “Təhsil, zaman və biz” mövzusunda keçirilən baxış – sərgidə fəal iştirakına görə. 2011-2012-ci tədris ilində Respublika fənn olimpiadasında onuncu sinif şagirdi Miralayeva Suğra Rüstəm qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə IV yeri tutub.

Son illərdə məktəbli idmançıların müvəffəqiyyətləri fərəh doğurur. Onlar Bakıda, Gürcüstanda, Rusiya Federasiyasında keçirilən atletika, güləş, şahmat, boks, futbol, cüdo, Roma qülləsi və digər yarışlarda I, II, III yerlərə sahib olaraq məktəbə medal, diplom, fəxri fərman və başqa mükafatlarla qayıdıblar.

Orxan Əlizadə, İlham İsakov, Məhəmməd Əliyev, Elşən Quliyev, Nüşabə Məmmədzadə, Olqa Lumina, Əli Qarayev, Tərla Süleymanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olublar.

Məktəb rəhbərliyi müəllim və şagirdləri həvəsləndirmək və istiqamətləndirmək, eyni zamanda, çətin və maraqlı təlim-tərbiyə prosesində dəstəkləmək üçün hər tədris ilində fəaliyyət devizi elan edir. 2012-2013-cü tədris ilində “Bu günün yüksək təhsili sabahın parlaq gələcəyi, inkişafın qarantıdır” devizi altında fəaliyyət göstərmiş 46 nömrəli tam orta məktəb yeni tədris ilinə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi kimi başlayıb. Cari tədris ilində məktəbin rəhbərliyinə, pedaqoji kollektivinə və şagirdlərinə yeni-yeni uğurlar diləyirik.

Əşrəf Hümmətov,
“Təhsil problemləri”

Filed in: TƏDBİRLƏR

Hələ şərh yoxdur

Şərh yazın