3:11 pm - Bazar ertəsi Noyabr 24, 1552

Bayrağımız xalqımızın şərəfidir

Naxçıvan Özəl Universitetində 9 Noyabr -Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir. Ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, bu tarixi günün əhəmiyyətindən söhbət açmışdır. Qeyd olunmuşdur ki, üçrəngli, aypara vı səkkizguşəli ulduz təsviri olan milli bayrağımız 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin dövründə yaradılaraq ölkəmizin simasında dalğalanmışdır. Yalnız 70 il sonra-1990-cı ilin noyabr ayının 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Azərbaycan Xalq Cumhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Na xçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılaraq onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir.

Ulu öndərin milli mənafeləri əsaslanan siyasətinin bütün sahələrdə uğurla davam etdirildiyini diqqətə çatdıran prorektor bildirmişdir ki, ölkə başçısı İlham Əliyev 2007-ci ilin 17 noyabrında “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən 2010-cu ilin sentyabr ayının 1-dən Bayraq Meydanının açılışı mərasimi keçirilmişdir. Dünyada analoqu olmayan hündürlükdə üçrəngli bayrağımız dalğalanır. 2009-cu ilin 17 noyabrında Azərbaycan Respublikasının Prezidenti hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə imzaladığı Sərəncam ölkə başçısının dövlət atributlarımıza verdiyi dəyərin əyani ifadəsidir.

Tədbirdə Universitetin humanitar elmlər kafedrasının müəllimi Rövşən İsmayılxanlının “Dövlət bayrağının hüquqi statusu” və ali təhsil ocağının mühasibat uçotu və audit ixtisasının III kurs tələbəsi Ramil Mehdiyevin “90-cı illərdə milli bayrağın Heydər Əliyev tərəfindən yenidən qaldırılması” mövzularından çıxışları dinlənimişdir. Vurğulanmışdır ki, bu gün uca zirvədə 162 metr hündürlükdə dalğalanan bayrağımız yenilməzdir. Bizim qürur yerimiz olan dövlət atributlarından biri Azərbaycan bayrağıdır. Ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bizim qürur mənbəyimizdir. Biz fəxr etməliyik ki, belə bir dövlətdə yaşayırıq.

Sonda tələbələrin ifasında rəngarəng musiqi nömrələri səsləndirilmiş, bayrağımıza həsr edilmiş şeirlər bədii qiraət olunmuş, Dövlət bayrağı haqqında nümayiş etdirilın slayd tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.

 

Nuray ƏSGƏROVA

Filed in: TƏDBİRLƏR, XƏBƏRLƏR

Hələ şərh yoxdur

Şərh yazın