2:48 pm - Çərşənbə axşamı May 23, 2017

Gələcək uğurlardan xəbər verir

Nurəddin Həsənov, Nəsimi Qoşun oğlu  Aslanov adına  Abşeron Binə-Peşə  Liseyinin direktoru

Nurəddin Həsənov,
Nəsimi Qoşun oğlu
Aslanov adına
Abşeron Binə-Peşə
Liseyinin direktoru

Respublikamızda ilk peşə-ixtisas müəssisələrinin idarəetmə üsullarının müasirləşdirilməsi artıq gündəmə gəlib və bunu zaman, dövr tələb edir. Təhsil Nazirliyinin mətbuatda açıqlamasına görə, nazirlikdə ilk peşə-ixtisas təhsilinin inkişafı ilə əlaqədar 2014-2020-ci illəri əhatə edəcək inkişaf strategiyasını hazırlamaq istiqamətində müəyyən işlər aparılır. Strategiyaya ilk peşə-ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, yeni müasir tipli peşə tədris mərkəzlərinin yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, təhsil növlərinin inkişaf etdirilməsi və digər sahələr daxil ediləcək. Ümumiyyətlə, strategiyada ilk peşə-ixtisas təhsilinin inkişafını zəruri edən bütün aspektlər yer alacaq. Təbii ki, strategiyanın hazırlanıb təsdiq edilməsi ilk peşə-ixtisas təhsili müəssisələrinin inkişafına, idarəetmə üsullarının müasirləşdirilməsinə, ixtisaslı fəhlə kadrlarının hazırlanmasına geniş imkanlar açacaqdır.

Bu gün Azərbaycan məktəbinə, təhsilinə dövlət tərəfindən göstərilən diqqət və qayğı göz qabağındadır. Təhsilimizdə bütün pillələrin inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni layihələr, proqramlar qəbul olunur və həyata keçirilir. Prezident İlham Əliyev demişdir: “Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət, qayğı göstərilir. Çünki bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya var, yeni fikirlər var, yeni dərsliklər nəşr olunur”. Təhsil naziri Mikayıl Cabbarov da çıxışlarında dəfələrlə qeyd edib ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı qarşıda duran əsas vəzifələrdəndir. Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində tərəqqisinə nail olmaqdan ötrü kompleks tədbirlər reallaşdırır. İlk peşə-ixtisas təhsili sahəsində qabaqcıl təcrübəyə malik ölkələrlə əməkdaşlıq öz bəhrəsini verir. Artıq bir neçə peşə təhsili müəssisəsində mühüm yeniliklərin başlanması gələcək uğurlardan xəbər verir.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 12 nömrəli Bakı Peşə Liseyində sentyabrın 12-də respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələri işçilərinin konfransındakı çıxışında vurğulamışdır ki, reallaşdırılan layihələrin əsas məqsədi ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil şəraitinin yaxşılaşdırılması, sosial partnyorların bu sahəyə diqqətinin artırılması, son nəticədə əmək bazarının tələblərinə müvafiq kadr hazırlığının təmin edilməsidir.

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İqtisadiyyatın tələblərinə müvafiq olaraq əmək bazarında mütərəqqi texnologiyaların tətbiq edildiyi sahələr üzrə fəhlə kadrlarına ehtiyac da artmaqdadır. “Müasir Azərbaycan Peşəkarları” adı altında həyata keçirilən layihələr peşə təhsili sahəsində atılan uğurlu addımlardan biridir. Peşəkar kadrların hazırlanması istiqamətində həm ölkə, həm də xarici şirkətlərlə səmərəli əlaqələr yaradılıb və bu istiqamətdə işlər uğurla davam etdirilir. Türkiyə Milli Təhsil Nazirliyi (MEB), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JİCA) ilə əlaqələr möhkəmləndirilir.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. Təhsil naziri Mikayıl Cabbarov bu sənədin imzalanmasını təhsil tariximiz üçün çox əlamətdar hadisə olduğunu söyləyib: “Bu sənəd bizim qarşımızda duran yeni hədəfləri, təhsil sahəsində indiyə kimi mövcud olan vəziyyətin qiymətləndirilməsini, eyni zamanda Azərbaycan təhsil sisteminin aparıcı dünya standartlarına uyğun qurulması üçün yollar müəyyənləşdirilir”.

Dövlət strategiyasında deyilir: “Son illərdə ilk-peşə ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülmüş, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbləri ilə üst-üstə düşmür”, hazırda ilk peşə-ixtisas müəssisələrində 25-27 min şagird təhsil alır ki, bunu da qənaətbəxş hesab etmək olmaz. İlk peşə-ixtisas təhsili kurikulumları da müasir tələblərə cavab vermir.

Dövlət strategiyasında beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutulur. Dördüncü strateji istiqamət “… peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir”.


Filed in: MƏKTUBLAR

Hələ şərh yoxdur

Şərh yazın