9:17 pm - Çərşənbə axşamı İyun 27, 2017

Ölkəmizin, təhsilimizin inkişafına doğru

Məzburə Səfiyeva, Nərimanov rayonu, 178 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, "Qabaqcıl təhsil işçisi"

Məzburə Səfiyeva,
Nərimanov rayonu, 178 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini, “Qabaqcıl təhsil işçisi”

Hazırda Azərbaycan təhsil sistemi bütün istiqamətlər üzrə çox ciddi islahatlar dövrünü keçirir. İndiyə kimi 15-ə yaxın inkişafyönümlü proqram və layihələr qəbul olunub. Hər zaman inkişafda olan təhsil sistemi bu gün də dünyanın, konkret olaraq ölkənin inkişaf tempinə uyğun daha uğurlu islahatların aparılmasını tələb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkədə təhsilin inkişafında çox ciddi dönüş yaradacaq, onun daha vüsətli tərəqqisinə, dünya standartları səviyyəsinə qaldırılmasına geniş yollar açacaqdır. Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planını 5 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Təhsil naziri Mikayıl Cabbarov Dövlət Strategiyası ilə bağlı açıqlamasında deyib: “Bu sənəd bizim qarşımızda yeni hədəfləri, təhsil sahəsində indiyə kimi mövcud olan vəziyyətin qiymətləndirilməsini, eyni zamanda Azərbaycan təhsil sisteminin aparıcı dünya standartlarına uyğun qurulması üçün yollar müəyyənləşdirir”.

Sənəddə strateji hədəflər və tədbirlər sırasında səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması istiqamətində uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumların hazırlanması ön plana çəkilir. Şübhəsiz ki, məktəbəqədər təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Çox yaxşı bilirik ki, uşaq bağçalarından məktəbə qədəm qoyan uşaqlarla birbaşa ailədən gələnlərin arasında böyük fərq var. Ölkəmizdə isə uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının səviyyəsi heç də ürəkaçan deyil. Faktlara müraciət edək. Dövlət Strategiyasında da qeyd olunduğu kimi, ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Son illər paytaxtda görülən müəyyən işlərin nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbi 16,5 faizdən 27 faizə qalxıb. Ölkədə kəndlər üzrə bu göstərici cəmi 8,7 faizdir. Dövlət strategiyasında qarşıya qoyulan vəzifələr ilbəil həyata keçirildikcə məktəbəqədər təhsil sistemində də xeyli irəliləyişlərə nail olunacaqdır.

Dövlət Strategiyasının “Təhsil sahəsində beynəlxalq təcrübə və meyillər” bölümündə qyed edilib: “Bir çox qabaqcıl ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Kanada, Fransa, Hollandiya və Çexiyada ümumtəhsilin müddəti 14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zellandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 il təşkil edir. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3-6 faiz artımına gətirib çıxarır”.

Mütəxəssislərin qeyd etdiyi kimi, ölkəmiz 12 illik təhsilə keçməkdə çox gecikib. 12 illik təhsilə keçidin üstünlükləri çoxdur. Onlardan biri və ən əsası icbari təhsilin 10 il olması, proqramın yüngülləşməsi, son 2 ilin təmayülləşməsidir. Tam orta təhsil kursunda təmayülləşmə repetitor xidmətindən istifadəni xeyli aşağı salacaq, minimum həddə enidirəcək. Şagirdlərin bilik və bacarıqları, artacaq və mükəmməlləşəcək. Oğlan məzunlar hərbi xidmətə gec yollanacaq ki, bu da onların həm əqli, həm də fiziki cəhətdən daha çox inkişaf etməsi deməkdir.

Qlobal inkişaf təhsilin məzmununda dəyişikliklər aparılmasını zəruri edir. Son 5-10 ildə kurikulumların tətbiqi ilə bağlı xarici ölkələrdə, eyni zamanda respublikamızda əldə olunan təcrübəyə əsaslanmaq lazımdır. Bu metod demək olar ki, çox sürətlə inkişaf edir və təkmilləşir. Dövlət strategiyasının dərc olunduğu Azərbaycan müəllimi qəzetinin 25 oktyabr 2013-cü il tarixli nömrəsində Kanadanın Toronto şəhərindəki C.H.Beşt adına orta məktəbin müəllimi Yeganə Cəfərovanın məqaləsində 2006-cı ildən kurikulumlar tətbiq olunan bu ölkənin təhsil sistemi haqqında ətraflı məlumat verilir. Bu da bizim üçün beynəlxalq təcrübədən bir nümunədir.

Dövlət Strategiyasında deyilir: “Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumular iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səirştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır… təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir”.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” son illərdə ölkəmizin inkişafı, təhsilimizin tərəqqisi yolunda atılan ən mühüm addımlardan biridir. “Təhsil millətin gələcəyidir” müddəasını irəli sürən ulu öndər Heydər Əliyevin ideyalarını bu gün onun layiqli davamçısı İlahm Əliyev uğurla davam etdirir, təhsil sahəsinə də çox böyük diqqət və qayğı göstərir.

Filed in: ARAŞDIRMA, MƏKTUBLAR

Hələ şərh yoxdur

Şərh yazın