7:56 am - Çərşənbə Noyabr 22, 2017

Dövrün tələbləri Səviyyəsində

Sənubər İbrahimova, Nəsimi Qoşun oğlu Aslanov adına Abşeron-Binə Peşə Liseyinin Tədris və istehsalat  işləri üzrə direktor müavini

Sənubər İbrahimova,
Nəsimi Qoşun oğlu Aslanov adına Abşeron-Binə Peşə Liseyinin Tədris və istehsalat işləri üzrə direktor müavini

Abşeron-Binə Peşə Liseyinin əsası 1939-cü ildə qoyulub. 4 nömrəli Fabrik-Zavod Təhsili məktəbi yaradılıb. 1953-cü ilin sentyabrında 2 nömrəli Kənd Texniki Peşə Məktəbi, 17 dekabr 1973-cü ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Peşə Təhsili Komitəsinin 366 nömrəli əmri ilə 101 nömrəli Texniki Peşə Məktəbi adlandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1996-cı il tarixli 440 nömrəli əmrinə əsasən peşə məktəbinin adı, statusu dəyişdirilib, Abşeron-Binə Peşə Liseyi kimi fəaliyyət göstərməyə başlayıb.

Burada təhsil almış və istehsalat təlimi ustası işləmiş, Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Nəsimi Qoşun oğlu Aslanovun adını daşıyan peşə liseyində hazırda 518 şagird təhsil alır. 2013-2014-cü tədris ili üçün 140 nəfər əsas təhsil bazasından üçillik qrupa, 120 nəfər isə tam orta təhsil bazasından birillik qrupa qəbul edilib. Şagirdlər Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə, elektrik montyoru, avtomobil sürücüsü, Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, Avtomobillərin təmiri üzrə elektrik, Əməliyyatçı mühasib, Kompyuter operatoru, Aşbaz və digər peşələrə yiyələnirlər. Onların seçdikləri ixtisasları öyrənmələri, təhsil almaları üçün mövcud şərait qənaətbəxşdir. Ümumtəhsil və ixtisas fənn kabinetləri, laboratoriya və emalatxanalar, kifayət qədər fonda malik olan kitabxana və sairə müəllim və şagirdlərin ixtiyarındadır.

Lisey rəhbərliyinin səyi nəticəsində bütün ixtisaslar üzrə istehsalat təcrübəsi yüksək səviyyədə aparılır. Geniş profili traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, Avtomobilllərin təmiri üzrə elektrik ixtisasları üzrə təhsil alan şagirdlər müqavilə əsasında ARDNŞ-in Geodeziya və Geofizika İdarəsində, Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü peşələrini öyrənənlər Bakı Elektrikləşdirmə ASC-də, Mühasib fərdi kompyuter operatoru ixtisası üzrə təhsil alanlar Xəzər rayon Sosial Təminat Şöbəsində, Əməliyyatçı mühasib, Kompyuter operatoru ixtisaslarına yiyələnənlər Abşeron KTMİ müəssisəsində, Aşbaz peşəsi üzrə təhsil alanlar isə müxtəlif restoranlarda istehsalat təcrübəsi keçirlər.

2012-2013-cü tədris ilində peşə liseyini bitirən gənclərin 78 faizi buraxılış imtahanında müsbət nəticəyə nail olub, tam orta təhsil haqqında attestata layiq görülüb. Elə bu nəticənin özü göstərir ki, peşə liseyində tədrisin təşkili ötən illərdə olduğu kimi yaxşı təşkil edilib və bu gün də şagirdlərin təlim-tərbiyəsi, peşələrə yaxşı bələd olması işləri yüksək səviyyədə qurulub. Hazırda şagirdlərin təlim-tərbiyəsi ilə 110 nəfərdən ibarət pedaqoji kollektiv məşğul olur. Onlardan 4 nəfər rəhbər işçi, 18 nəfər ixtisas fənn müəllimi, 20 nəfər ümumtəhsil fənn müəllimi, 27 nəfər istehsalat təlimi ustası və 41 nəfər digər işçidir. Peşə liseyinin direktoru Həsənov Nurəddin Şuru oğlu 29 oktyabr 2013-cü ildən kollektivə rəhbərlik edir. Nurəddin müəllim fəaliyyətə başladığı ilk günlərdən maddi-texniki bazanın möhkəmləndirilməsinə böyük önəm verir. Balansda olan traktor və avtomobilləri tam saz vəziyyətə gətirərək imkanları daha da genişləndirib. Şagirdlərin yürüş dərslərini bərpa edib. Onların tam təlim-tərbiyəsini, dərsə davamiyyətini diqqətdə saxlayır. Müntəzəm olaraq vadlideynlərlə görüşlər keçirir, şagirdlərin bütün problemləri ilə yaxından tanış olur və öz köməyini əsirgəmir. Nurəddin müəllim hər bir sahədə tələbkardır, bütün işçilərə həm təhsil müəssisəsinin rəhbəri, həm də bir ağsaqqal kimi qayğı ilə yanaşır. Odur ki, qısa bir müddətdə kollektivin hörmətini qazanıb.

Dərs hissə müdiri Əlağa Kərimov, Tərbiyə işləri üzrə direktor müavini Zərifə Ağayeva, baş usta Turab Xalıqov, Təsərrüfat işləri üzrə direktor müavini Nadir Şıxaliyev və başqaları öz işlərini müasir tələblər səviyyəsində qururlar. Məhz onların, qabaqcıl müəllim və ustaların, ən fəal şagirdlərin birgə fəaliyyəti nəticəsində bayramları, yubileyləri, tarixi-əlamətdar günləri layiqincə qeyd edirik. Şagirdlər bütün mədəni-kütləvi tədbirlərə böyük həvəslə qoşulurlar. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı liseydə silsilə tədbirlər keçirildi. Yekun tədbir daha çox yaddaqalan oldu, şagirdlərdə böyük vətənpərvərlik duyğuları aşıladı. Biz müəllim və şagirdlərin bir amalı var: hər atılan addım Vətənin ucalması və şərəfi naminə atılmalıdır.

Kollektivimiz qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirmək üçün bundan sonra da əzmlə çalışacaq, daha ürəkaçan nəticələrə nail olacaqdır. Bunun üçün yüksək potensialınız, imkan və şəraitimiz vardır.

Filed in: ARAŞDIRMA, MƏKTUBLAR

Hələ şərh yoxdur

Şərh yazın