2:51 pm - Çərşənbə axşamı May 23, 2017

Ədəbiyyatın və dilin tədrisində mənəvi dəyərlər problemi

Təcrübə göstərir ki, dilini, tarixini, milli ləyaqətini, milli şüurunu, keçmiş adət-ənənələrini qoruyub saxlamağı bacarmayan bir millət məhvə məhkumdur. Bu gerçək həqiqəti dərk edən xalqımız hal-hazıradək tarixini, dilini, dinini, dövlətçiliyini, onun atributlarını qoruyub saxlamış, öz soykökünə söykənərək inkişaf etmişdir.

Milli-mənəvi dəyərlər çox geniş və əhatəlidir. Bu dəyərlər xalq yaradıcılığı nümunələrində, dini təsəvvürlərdə, elm və mədəniyyət abidələrində, dilin qorunub saxlanılması ilə bağlı əsərlərdə, görkəmli tarixi şəxsiyyətlərin yaradıcılığında, qaya və daş rəsmlərində, arxeoloji qazıntılarda, başqa mənbələrdə öz əksini tapır. Bu milli-mənəvi dəyərlərdə xalqın dili, mənşəyi, dini təsəvvürləri, xarakteri, adət-ənənələri, düşüncə tərzi, qabiliyyəti və istedadı, insani münasibətləri və digər sosial-psixoloji keyfiyyətlər öz ifadəsini tapır.

Hər xalqın özünəməxsus milli-mənəvi dəyərləri olduğu kimi, Azərbaycan xalqının da minilliklərin süzgəcindən keçib gəlmiş davamlı və dayanaqlı dəyərlər sistemi var. Bu dəyərlər xalqımızın etnik milli hislərini, xarakterini, düşüncə tərzini, xasiyyətini, insanlarla qarşılıqlı münasibətlərini özündə ehtiva edir. Xalqın elmə, maarifə, mədəniyyətə aid fikirləri, ilk növbədə, bu dəyərlərdə cəmlənir.

Dəyərlər müxtəlif formalarda özünü göstərir. Bunlar, ilk növbədə, şifahi xalq ədəbiyyatı nümunələrində – nağıllarda, atalar sözlərində, bayatılarda, laylalarda, alqış və qarğışlarda, yanıltmaclarda, tapmacalarda, hikmətli ifadələrdə, adət-ənənələrdə, klassiklərimizin yaradıcılığında, dini təsəvvürlərimizdə və s. öz əksini tapmışdır. Xalqımızn malik olduğu milli-mənəvi dəyərlər onun ləyaqət və qürur mənbəyidir. Bu əxlaqi sərvətlər xalqımızın elm, mədəniyyət, təlim-tərbiyə məktəbidir və orada gənc nəslin təlim-tərbiyəsinə, əxlaq və düşüncəsinə, onların bir şəxsiyyət kimi formalaşmasına aid istənilən qədər material var.

Ümummilli liderimiz Heydər Əliyev uğurlu gələcəyin yolu mənəvi mədəniyyətdən, bilik, elm və yaxşı tərbiyədən keçdiyini göstərirdi. Milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü.

Milli-mənəvi dəyərlərin elə bir nümunəsi tapılmaz ki, orada gənc nəslin təlim-tərbiyəsinə, əxlaqına, ağlına, zəkasına, onların mənəvi-psixoloji aləminə aid fikirlər söylənməsin. Hər bir xalq və ya etnos özünü düzgün dərk edib qiymətləndirmək və tərəqqiyə nail olmaq üçün yalnız özünün mənəvi keçmişinə dərindən bələd olmalıdır.

Azərbaycan şifahi xalq yaradıcılığı nümunələrində insan mənəviyyatına, psixologiyasına aid irəli sürülən fikirlər klassiklərimizin yaradıcılığında, daha konkret desək, onların yaratdığı bədii obrazlarda əks olunmuşdur. Məhz buna görə Azərbaycan klassiklərinin yaradıcılığı bu gün də aktualdır. Bu da təsadüfi deyildir. Çünki həmin klassiklərin yaradıcılığındakı ideyalar gənc nəslin milli-etnik hislərinin formalaşmasında, əsl vətəndaş kimi yetişməsində böyük əhəmiyyət kəsb edir.

Şifahi xalq yaradıcılığı hər hansı bir xalqın keçmişindən bu gününə ötürülən elm, mədəniyyət xəzinəsidir. Dünyanın istənilən bir xalqı öz keçmiş əcdadlarının yaratdığı nümunələrə istinad edərək öz gələcək mədəniyyətini qurur və inkişaf etdirir. Xalq yaradıcılığının hər bir nümunəsində xalqın mənəvi psixoloji aləmi, məişəti, dünyagörüşü və s. əks etdirilir. Geniş xalq kütləsi tərəfindən yaradılan və yaşadılan şifahi söz sənəti olan folklorda xalqımızın mənəviyyatı, təfəkkürü və psixologiyası toplanmışdır. Şifahi xalq yaradıcılığı canlı danışıq dilinin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinədir. Xalq yaradıcılığının hər bir nümunəsində xalqın mənəvi psixoloji aləmi, məişəti, dünyagörüşü və s. əks etdirilir. Bu milli-mənəvi, əxlaqi sərvətlər gənc nəslin şəxsiyyətinin formalaşmasında tükənməz mənbədir.

Biz bu gün milli-mənəvi dəyərlərimizi özündə əks etdirən ədəbiyyatımızdan, dilimizdən – mərifət xəzinəsindən daha çox bəhrələnməli və onları tədqiq edərək gənc nəslə çatdırmalıyıq. Bunlar bir tərəfdən milli-mənəvi dəyərlərə olan hörmət və münasibətimizi ifadə edər, digər tərəfdən gənc nəslin öz soykökünə bağlanmasında, onlarda milli ləyaqət, qürur hislərinin formalaşmasında əhəmiyyətli rol oynayar.

Azərbaycan xalqına məxsus dəyərlərin, adət-ənənələrin, etnik xüsusiyyətlərin geniş bir formada əks olunduğu yüzlərcə nümunələr bu gün məktəblərdə mütləq şəkildə tədris olunmalıdır. Hər hansı bir xalqın mifologiyasına, folkloruna, sənət yaradıcılığına dair dəqiq tarixi məlumatlar verən yazılı qaynaqların mövcudluğu həmin xalqın etnik tarixinin, təfəkkür tərzinin, adət və ənənələrinin inkişaf mərhələlərinin öyrənilməsini olduqca asanlaşdırır.

Azərbaycan xalqının etnik xüsusiyyətlərinin təşəkkülünü tədqiq etmək, əcdadlarımıza məxsus etnik xarakter əlamətlər, stereotiplər, hislər, davranış tərzi, adət-ənənələr və s. təhlil etmək canlı şəkildə öz əksini tapmış folklor nümunələri əsasında daha da rahatlaşır. Həmin ideyaların məktəbdə öyrənilməsi və ümumiləşdirilməsinin mühüm elmi əhəmiyyəti var.

Ədəbiyyatımız bədii və elmi təfəkkürün vəhdəti nəticəsində yaranaraq, dövrün sosial, fəlsəfi – psixoloji xüsusiyyətlərini özündə əks etdirir. Bu baxımdan klassik irsimiz təhsilin nəzəri və elmi problemlərinin öyrənilməsində əvəzolunmaz mənbədir. Yazıçı və şairlərin, filosofların əsərləri həmin dövrün güzgüsüdür. Xalqın iztirablarını, adət-ənənələrini, əxlaqını, keçirdiyi hisləri, arzu və xəyallarını, xarakterini, milli ləyaqət və qürurunu öyrənmək üçün bu mənbələrə müraciət etmək lazımdır.

Əsrlər boyu xalqımızın təfəkkür süzgəcindən keçərək zəmanəmizə qədər gəlib çıxan adət-ənənələrimiz, ata-anaya, böyük və kiçiklərə hörmət, qadın şəxsiyyətinə hədsiz məhəbbət məhz ailədə öz dayaq nöqtəsini tapmışdır. Bu baxımdan Azərbaycan xalq yaradıcılığında öz əksini tapan adətlərin, illər boyu möhkəmlənmiş ailə stereotiplərinin, ümumilikdə milli-mənəvi dəyərlərin, orada öz əksini tapan təlim, tərbiyə ideyalarının qorunub saxlanılmasında, təbliğ və təqdimatında, aydın dərk olunmasında ailə və məktəb bu gün də əvəzsiz rol oynamaqdadır. Hər hansı bir problemi tədqiq edərkən, birinci növbədə, onu milli mədəniyyətimizlə, adət-ənənələrimizlə, etnik-milli hislərlə, mənəvi dəyərlərlə əlaqələndirməlidirlər.

Cəmalə Cəfərova,
Sumqayıt şəhəri 25 nömrəli tam orta
məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi

Filed in: ARAŞDIRMA, MƏKTUBLAR

Hələ şərh yoxdur

Şərh yazın