5:26 pm - Çərşənbə Avqust 16, 2017

Təhsildə dəyişiklik və innovasiya

Aytən Tahirli,  Akademik Zərifə Əliyeva adına  liseyin tarix  müəllimi

Aytən Tahirli,
Akademik Zərifə Əliyeva adına
liseyin tarix
müəllimi

Cəmiyyət inkişaf edir. İnkişafda olan cəmiyyətin əsas meyarlarından birini də tədris təşkil edir. Cəmiyyətə, dövlətə savadlı, öz işini mükəmməl bilən kadrlar lazımdır. Heç şübhəsiz, bu baxımdan bugünkü tələblərə uygun olan müəllim kadrlarına böyük ehtiyac var. Bu gün XXI əsrin müəlliminin qabağında bir sıra suallar durur. Onlardan biri də budur ki, müasir tədris texnologiyalarını bilmədən yüksək səviyyəli müəllim olmaq olarmı? Gəlin bir anlıq olsa da XX əsrə nəzər salaq. XX əsrdə verilən təhsil…XX əsrdə işləyən müəllim..??

XXI əsrdə işləyən müəllim ənənəvi təhsili dəyişir. Niyə? Çünki ənənəvi təhsillə keçilən dərslər biristiqamətlidir. Müəllim deyir, şagird təkrar edir, əzbərləyir.

Və bununla da dərs bitir. Nəticə isə nə müəllimi, nə də şagirdi qane edir.

Ənənəvi təhsil müəllimyönümlü olduğu halda, şagirdin bilik və bacarıqlarını, yaradıcı qabiliyyətini üzə çıxartmaq mümkün olmur. XXI əsr müəllimi monoton dərsdən imtina edir və artıq şagirdyönümlü dərslər qurmağa başlayır. Bəs bu cür dərsləri necə keçmək olar? Müəllim hansı yeni üsul və metodları, texnologiyaları bilməlidir ki, bu cür dərslər keçə bilsin.

Heç şübhəsiz bu gün tədris prosesində istifadə edilən yeni texnologiyaları bilmədən yüksək səviyyəli müəllim olmaq olmaz. Bu gün XXI əsrin müəllimi müasir innovativ vasitələrdən geniş şəkildə istifadə etməlidir.

Tədris prosesində şagirdlərdə maraq yaratmaq əsas məqsədlərdən biridir. Bu maraqlar bir neçə formada rasional və emosional, faktlar və ümumiləşdirmələr, kollektiv və fərdi, informasiyaverici, problemli, izahedici və axtarış xarakterli ola bilər. Tədris prosesində bu maraqların hər hansı birindən istifadə etməklə şagirdlərdə təxəyyül, təfəkkür, yaddaş və nitqi inkişaf etdirmək olar. Dərs tədris prosesinin əsas elementi olaraq qalır. Ancaq onun funksiyaları müxtəlifdir.

Dərsdə bilikərin yoxlanılması və yeni biliklərin verilməsi dərsin əsas məqsədi ola bilməz. Müəllim dərs zamanı şagirdlərdə müstəqil təfəkkür tərzinin inkişafına, şagirdlərin dərsə yanaşma mexanizmlərinə xüsusi fikir verməlidir.

Müəllim şagirdlə dərs prosesində əməkdaşlıq yaratmağı bacarmalıdır. Təhsilin öyrədici xarakteri şagird şəxsiyyətinin yaradıcı qabiliyyətini üzə çıxarmağa imkan yaradır. Tarix dərslərində şagird inkişafının əsasında tarixin tədrisinin məzmunu və keyfiyyəti durur. Dərs prosesində hər hansı bir mövzunun zəngin faktlarla emosional səviyyədə müəllim tərəfindən çatdırılması şagirdə bu mövzu haqqında bütöv mənzərə yaradır. Müəllim tərəfindən eyni mövzunun iki ayrı sinifdə tədrisi müxtəlif nəticələr verə bilər. Bu baxımdan şagirdlərin səviyyələri nəzərə alınmalıdır. Başqa sözlə, təhsilin inkişafedici xüsusiyyətinin əsas şərti dərsdə olan şafgirdlərin aktivliyi və yaradıcı təfəkküründən asılıdır.

Şagird dərs prosesində yalnız tarixi bilikləri deyil, eyni zamanda bu bilikləri öyrədən vasitələri də mənimsəyir. Dərs prosesində müəllim hazır nəticəni verirsə, şagird heç nə öyrənmir. O yalnız başqa bir insanın təfəkkürünün hazır məhsulunu mənimsəyir. Dərs prosesində şagirdlərin hadisə və faktlar haqqında müstəqil fikir yürütməsi, nəticə çıxarması və ən nəhayət, qiymət verməsi çox önəmlidir. Müəllim işinin əsasında tədris prosesində öyrənmək bacarığının formalaşdırılması durur. Dərs prosesində müəllimin ən böyük bacarığı şagird təfəkkürünün ən yüksək səviyyəsini- müqayisəli təhlil etmək bacarığını, analiz qabiliyyətini üzə çıxarmaqdır. Konkret tarixi material əsasında bacarıqlar formalaşır. Yaradıcı işin çətinliyi ilk növbədə tarixi materialın və ya tapşırığın mürəkkəblik səviyyəsindən asılıdır. Yaradıcı işin effektiv alınması üçün mütləq tarixi materialın və ya tapşırığın mürəkkəblik səviyyəsi nəzərə alınmalıdır. Şagird tədris prosesində öyrənmə vasitələrini nə qədər mükəmməl bilirsə, verilən tapşırığın öhdəsindən də mükəmməl gələcək. Şagird fəaliyyətinin optimal çətinlik dərəcəsi müəllim tərəfindən hər bir sinifdə pedaqoji şərtlərlə müəyyən edilə bilər. Dərsdə yaradılmış metodiki məqsəd-şagirdlərdə təfəkkürün aktivliyinə xidmət edir.

XXI əsr müəllimi ənənəvi təhsildən imtina edir və yeni texnologiyalardan istifadə etməklə dərsi qurur.

1. Öyrədici xarakterli vasitələr
2. Kompleks vasitələr
3. İnnovativ vasitə “Şagirdlər tarix yazır.”
4. Dərs üzrə prezentasiyaların hazırlanması
5. Mövzu üzrə yeni informasiyaların əldə edilməsi
6. Qrup şəklində tədris və s.

Bu məqsəd aşağıdakı yollarla həyata keçirilir:

1. Müəllim problemi qoyur.
2. Müəllim şagirdlərin subyektiv bacarığını dərs prosesində üzə çıxaran müxtəlif metodiki forma və üsullar axtarıb tapır.
3. Müəllim şagirdlərlə birgə dərsin planını hazırlayır və müzakirə edir.
4. Müəllim sinifdə hər bir şagirdi maraqlandıran atmosfer yaradır.
5. Müəllim şagirdlərin səhv etmək qorxusu olmadan müxtəlif üsullarla tapşırıqları yerinə yetirmək bacarığını formalaşdırır.
6. Müəllim dərs prosesində şagirdlərin yalnız son nəticəsini deyil, bütövlükdə şagird fəaliyyətini qiymətləndirməlidir.

Məsələn, 9-cu sinif Azərbaycan tarixi dərsində “Azərbaycan torpaqlarının bölüşdürülməsinin başa çatması” mövzusunu müəllim elan edir. Dərs “Mimio” elektron lövhə ilə keçilir. Müəllim əvvəlcə kiçik bir müharibə səhnəsi göstərir.

Sonra sinfə müraciət edir: uşaqlar, “işğal” nədir? Şagirdlərdən hərə işğal sözünü necə bildiyini və başa düşdüyünü deyir. Müəllim şagirdlərin dediklərinin üstünə əlavə edərək işğal sözünün mənasını izah edir. Müəllim şagirdlərin əvvəlki biliklərini nəzərə alaraq Azərbaycan torpaqlarının nə üçün Rusiya tərəfindən işğal edilməsinin səbəbini şagirdlərlə birgə aydınlaşdırır. Şagirdlər özləri nə üçün məhz Azərbaycan xanlıqlarının Rusiyanın işğal obyektinə çevrilməsinə aydınlıq gətirib, mövzu ilə bağlı suallara cavab verirlər. Mövzu müzakirəsi zamanı şagirdlər Rusiya tərəfindən Azərbaycan xanlıqlarının işğal edilmə ardıcıllığını sayıb, I Rus-İran müharibəsinin səbəblərini tapıb göstərirlər..Təbii ki, mövzunun açılmasında müəllim tərəfindən qabaqcadan elektron lövhədə (mimio) hazırlanmış tapşırıqların da böyük rolu vardır..

Məhz bu tapşırıqların köməkliyi ilə şagirdlər Azərbaycan xanlıqlarının işğalı, I Rus-İran müharibəsinin nəticəsi kimi imzalanmış Gülüstan sülh müqaviləsi haqqında məlumatları işləyirlər. Və şagirdlər özləri nəticə çıxarırlar ki, I Rus-İran müharibəsinin nəticəsində Rusiya bütün şimali Azərbaycan xanlıqlarını işğal edə bilməmişdi.. Müəllimin hazırladığı xəritənin köməkliyi ilə şagirdlər işğal olunmamış xanlıqların ərazisini göstərirlər. Xəritə əsasında işlədikcə şagirdlər markerlə ərazilərin üzərində Rusiya tərəfindən işğal edilmiş xanlıqların tarixini göstərirlər. Eləcə də onlar müstəqil olaraq bu fikrə gəlirlər ki, Rusiyanın işğalçılıq planları ilə İran dövləti razılaşmırdı. Şagirdlər II Rus-İran müharibəsinin də səbəblərini tapmağa çalışırlar. II Rus-İran müharibəsinin həlledici döyüşləri haqqında müəllim məlumat verdikdən sonra, şagirdlər nəticəyə özləri gəlirlər. Bu döyüşlərdə Abbas Mirzənin başçılıq etdiyi İran qoşunlarının hansı səbəblərdən məğlub olması haqqında müəllim məlumat verir.. Şagirdlər dərhal I Rus-İran müharibəsi ilə II Rus-İran müharibəsini müqayisə edib, onlara aid oxşar cəhətlər axtarıb tapırlar..Daha sonra müəllim İrəvan və Naxçıvan xanlıqlarının işğalı, rus qoşunlarının Azərbaycanın cənub vilayətlərini işğal etməsi ilə bağlı xəritə əsasında şagirdlərə məlumat verir.

Şagirdlər xəritədə həmin xanlıqların ərazisini göstərirlər. İran və Rusiya arasında sülh danışıqlarının başlanması haqqında müəllim məlimat verdikdən sonra, nəhayət I Rus-İran müharibəsinin nəticəsi kimi bağlanmış Türkmənçay müqaviləsinin bəndlərini bir-bir izah edir. Müəllim şagirdlərə şərait yaradır ki, onlar Gülüstan sülh müqaviləsi ilə Türkmənçay sülh müqaviləsinin şərtlərində olan oxşar və fərqli cəhətləri izah etsinlər. Şagirdlər bu cəhətləri izah etdikdən sonra müəllim mimio lövhədə hazırlanmış müqaviləynən bağlı tapşırığı şagirdlərə işlədir. Bu tapşırıq şagirdlərin bugünkü dərsdə öyrəndiklərini möhkəmləndirir. Şagirdlərdə termin, lüğət və anlayışla bağlı biliklər formalaşır.

Dərsin sona çatmasına bir neçə dəqiqə qalmış müəllim uşaqların qiymətləndirilməsi üçün onlara xüsusi hazırlanmış qiymət vərəqələrini paylayır. Ənənəvi dərslərdə şagirdə qiyməti müəllim yazırdısa, bu dərsdə tam əksinə, şagirdlər həm dərsin gedişini, həm yoldaşlarının hazırlıq səviyyəsini, həm də öz cavablarını qiymətləndirirlər. Ənənəvi dərsdən fərqli olaraq, müəllimin pedaqoji ustalığı nəticəsində şagirdlər dərs prosesində qoyulmuş mövzunun ümumi məqsədini başa düşürlər. Bu forma və metodlar frontal formadan əsaslı surətdə fərqlənir. Şagirdlərdə fərdi keyfiyyət və bacarıqlarını üzə çıxarmağa imkan yaradır. Həm də şagirdlərdə kollektiv yaradıcılığı inkişaf etdirir. Bu dərs texnologiyası vasitəsilə müəllim şagirdlərlə əməkdaşlıq etməklə həm zəif, həm də güclü şagirdlərlə iş apara bilir. Bu metod tədris prosesinin aktivliyini artırmaqla yanaşı, eyni zamanda verilmiş mövzunun şagirdlər tərəfindən yüksək səviyyədə qavranılmasına şərait yaradır. Bundan başqa şagirdlər müstəqil olaraq öz fikirlərini söyləyirlər. Əvvəlki tarix dərslərindən keçdikləri işğal və müharibə mövzularını qarşı-qarşıya gətirib müqayisə edirlər. Rus işğal dövrünü əvvəlki, məsələn, ərəb işğalı, monqol işğalı dövründən fərqli və oxşar cəhətlərini izah edirlər. Mövzuyla bağlı yeni prezentasiyalar hazırlamaq təklifi ilə çıxış edirlər. Mövzu ilə bağlı öz ehtimallarını irəli sürürlər. Dərsin sona çatmasına bir neçə dəqiqə qalmış müəllim uşaqların qiymətləndirilməsi üçün onlara xüsusi hazırlanmış qiymət vərəqələrini paylayır. Ənənəvi dərslərdə şagirdə qiyməti müəllim yazırdısa, bu dərsdə tam əksinə, şagirdlər həm dərsin gedişini, həm yoldaşlarının hazırlıq səviyyəsini, həm də öz cavablarını qiymətləndirirlər.

Filed in: MƏKTUBLAR, YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın