3:08 pm - Bazar Oktyabr 20, 5016

BİR QƏLBİN ETİRAFI: “MÜƏLLİM ADI DAŞIMAĞIMLA FƏXR EDİRƏM…”

“Həyatı barmaqları bənövşəyi mürəkkəbli şagirdlərin və müəllimlərin arasında keçən İbrahim Yusifoğlunun yaradıcılığı həm rəng çalarına, həm də poetik mənasına görə bənövşə çiçəyinə bənzəyir…”.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

“…Boyumuz partaya çatmayanda boylarından boy veriblər boyumuza, əlimiz qələm tutmaq istəyəndə ürəklərindən güc, hərarət veriblər əllərimizə. Dünyanın ən zəngin lüğət fondunu köçürüblər dilimizə, hafizəmizə. Bəlkə ona görə də həyatda ən çox həsəd apardığım peşə sahibləri müəllimlər olublar. Bəlkə ona görədir ki, ömrümün 17-ci ilindən başlayaraq əlimə sinif jurnalı alıb müəllimlik edirəm, bu şərəfli adı daşıyıram və onunla fəxr edirəm. Ömürlər içində bir ömür yaşayıram: Müəllim ömrü! Bu ömrü şam etdim – yandım, yandıqca işıq saçdım.

Bu işığın ətrafına yığışmış pərvanələrimə boy atmağı, bərkiməyi, dünyanın şirinliyini öyrənməyi öyrətdim. İşığa toplaşmış gülüzlü balalar böyüyüb pərvazlandılar, həyatda öz yerlərini tapdılar. Onlar ucaldıqca, şan-şöhrətə çatdıqca qəlbimin dərinliklərində müqəddəs müəllim peşəsinə məhəbbətim daha da artdı.

Bir arzumun gerçəkliyi, 40 il pedaqoji fəaliyyətlə məşğul olmağım, bunun 30 ildən artığını rayon təhsil şöbəsində məsul vəzifə daşımağımdı. Adlarını eşidib, üzlərini görmək həvəsində olduğum təhsil işçiləri ilə fikir mübadilələri aparmağım, onların qabaqcıl işlərini pedaqoji fəaliyyətimdə tətbiq etməyim, zəhmətlərindən bəhs edən oçerklər, zarisovkalar yazmağımdır.

Fateh İsgəndərdən soruşurlar: “Atanı çox istəyirsən, ya müəllimini?” İsgəndər deyir ki, müəllimimi! Çünki atam məni fani dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir”.

Mən də bu sözlərin müəllifi — bizə və uşaqlarımıza əbədiyyət bəxş edən, damarlarında vətənpərvərlik qanı axan bir təhsil işçisinin yaşadığı sadə və müqəddəs müəllim ömrü haqqında söz açmağı mənəvi borc bildim.

*   *   * 

İbrahim Yusifovu 1969-cu ildən tanıyıram. O vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən Pedaqoji Məktəbin ikinci kurs tələbəsiydim. Məktəbin həyətində keçirilən tədbirdə yeni tələbələri bizə təqdim edərkən alçaqboy, qaraqaş, qaragöz, baxışlarından həlimlik, geyimindən sadəlik yağan bir oğlan diqqətimi daha çox cəlb etdi. Öyrəndim ki, bu oğlan Şərur rayonunun Axura kənddindəki məktəbin səkkizinci sinfini fərqlənmə şəhadətnaməsi ilə bitirib, Pedaqoji Məktəbə qəbul olunmuşdur. Həmin vaxt mən məktəb üzrə müəllim və tələbə komsomol təşkilatının katibi idim. Birinci kursun ortalarında dərslərdə və ictimai işlərdə fəallığı nəzərə alınaraq İbrahimi də komsomol təşkilatının büro üzvü seçdilər.

Hələ Pedaqoji Məktəbdə oxuduğu illərdə yaxşı müəllim, yaxşı pedaqoq olacağı haqda hər birimizdə inam yaratmışdı. Tanınmış pedaqoqlarla keçirilən görüşlərdə, təzə kitabların müzakirəsində onun çıxışları, söylədiyi fikirlər maraqla qarşılanır, çox zaman müzakirə mövzusuna çevrilirdi.

Nəhayət, yada düşəndə ürəyin tellərini sızladan tələbəlik illəri arxada qaldı, hərəmiz respublikanın bir guşəsinə pərvazlandıq. İbrahimi isə 1973-cü il sentyabr ayının 1-də Şərur rayonunun Aşağı Yaycı kənd məktəbinə göndərdilər. İlk dəfə əlinə sinif jurnalını alıb, ürəyinin çırpıntılarının səsinə qulaq asa-asa gülüzlü balalara dərs deməyə başladı, onların ilk müəllimi oldu. Vəzifəsini dərs deməklə bitmiş hesab etmədi, onun səyi nəticəsində məktəbin ictimai işləri də canlandı, yüksək səviyyədə divar qəzetləri, stendlər tərtib olundu, vaxtlı-vaxtında valideyn iclasları keçirildi, uşaqların tarixi yerlərə ekskursiyaları təşkil olundu, şagirdlər arasında inşa yazı və rəsm müsabiqələri keçirildi. Beləcə, başı işə o qədər qarışdı ki, əsgərlik yaşının tamam olduğunu ona göndərilən çağırış vərəqəsini alanda bildi.

1974-1976-cı illərdə Rusiya Federasiyasının Saxalin adasında hərbi xidmətini başa vurduqdan sonra doğulduğu Axura kəndində müəllimlik peşəsini davam etdirən İbrahim müəllim öz təhsilini Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universitetinin) Filologiya fakültəsində qiyabi yolla davam etdirərək Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnmişdir.

Müəllim işlədiyi illərdə öz bilik və bacarığını şagirdlərinə mənimsətməklə yanaşı, daim təcrübəli və yenilikçi müəllimlərin iş təcrübəsini də öyrənməyə və tədris zamanı onların tətbiqinə çalışmışdır.

1981-ci il oktyabr ayının 1-də İbrahim Yusifovu əvvəlcə Şərur Rayon Maarif Şöbəsinə (indiki təhsil şöbəsinə) metodist, az müddətdən sonra isə daha məsul işə – metodkabinetin müdiri vəzifəsinə təyin edirlər. Beləliklə o, 12 il 72 məktəbi, 22 mindən artıq şagirdi, 2.500-dən çox müəllimi əhatə edən məktəbəqədər və məktəbdənkənar müəssisələrə, bütün sahələr üzrə pedaqoji işçilərə hər cür metodiki köməklik göstərir, konfranslar, kurslar, seminarlar təşkil edir. Qabaqcıl məktəblərin və müəllimlərin iş təcrübələrinin öyrənilməsi, ümumiləşdirilib yayılması, olimpiadaların, yarışların və müsabiqələrin keçirilməsi işlərinin təşkilində də bilik və bacarığını əsirgəmir.

Təhsildə olan hər bir yeniliyin tədris müəssisələrində tətbiqində İbrahim müəllim həmişə fəallığı ilə diqqəti cəlb etmişdir. 1986-cı ildə şagirdlərin 6 yaşdan birinci sinfə qəbul məsələsi ictimaiyyət arasında birmənalı qarşılanmadı. Bir çox valideynlər və hətta müəllimlər də bu yaşdan təhsili qəbul etmək istəmir, bunun uşaqların qavramasına və sağlamlığına mənfi təsir göstərəcəyini söyləyirdilər. Lakin aparılmış təcrübə və tədqiqatlar inam yaradırdı ki, 6 yaşdan şagirdlərin təhsilə cəlbi məqsədəuyğundur. Beləliklə, 1986-1987-ci tədris ilində ilk dəfə rayonun 6 məktəbinin 12 sinfində eksperiment yolu ilə 6 yaşdan təlimə başlandı və bu siniflərə nəzarət Azərbaycan Pedaqoji Kadrların İxtisasının artırılması və Yenidən Hazırlanması İnstitutunda təlim kurslarından keçmiş İbrahim Yusifova həvalə edildi. O, 6 yaşlılara dərs deyəcək müəllimlərin seçilməsində, proqram və dərsliklərdən istifadə olunmasında, dərs cədvəllərinin tərtibində, sinif, yataq və yemək otaqlarının təşkilində metodiki tövsiyələrə əməl edərək bu çətin və şərəfli işi layiqincə başa vurdu.

2008-2009-cu tədris ilində milli kurikulumla tədrisə başlayan ibtidai siniflərə də nəzarət İbrahim Yusifova tapşırıldı. Yeni dərslik, yeni proqram materialları, köməkçi dərs vəsaitləri hər bir müəllimdən yenilik ruhu tələb edirdi.

Azərbaycan Təhsil Problemləri İnstitutunun nəzdində yaradılmış Kurikulum Mərkəzi ilə daim əlaqə saxlayan İbrahim bütün yenilikləri sinif müəllimlərinə çatdırır, ayrı-ayrı fənlərin tədrisi ilə əlaqədar seminarlar təşkil edirdi. Bu gün artıq I-IV siniflər üzrə kurikulum başa çatdırılmış və rayonumuzun məktəblərində sevindirici nəticələr əldə edilmişdir.

1968-ci ildən öz bədii yazıları ilə mətbuatda çıxış edən İbrahim Yusifovun pedaqoji mövzuda yazdığı məqalələr oxunaqlılığı və məzmunluluğu ilə diqqəti cəlb edir. 30 ildən artıq bir müddətdə “Şərurun səsi”, “Şərq qapısı”, “Azərbaycan müəllimi”, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatının tədrisi”, “İbtidai məktəb” kimi qəzet və jurnallarda dərc olunan oçerk və zarisovkalarda müəllim ömrünün portretləri yaradılmışdır.

İbrahim Yusifovun təcrübəli pedaqoqlar haqqında yazdığı oçerklər 1998-ci ildə ikicildlik “Safdır, müqəddəsdir müəllim ömrü” kitablarında çap olunmuşdur. Onun 2001-ci ildə nəşr olunan “Günəş ömrü yaşayanlar”, “Mənalı ömür yolu”, “Bir ömrün sədası”, “Şərəflə yaşanan ömür”, “Mənalı ömrün yolçusu” adlı kitablarında da respublika səviyyəsində tanınmış onlarla pedaqoqun keçdiyi şərəfli ömür yolundan söz açılır.

O, 10 ildən artıq Azərbaycan Respublikası Pedaqoji Cəmiyyəti Şərur Rayon Təşkilatının sədri olmuş, əməyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qiymətləndirilərək kollegiyanın qərarı ilə “Azərbaycan Respublikasının Qabaqcıl Maarif xadimi” döş nişanına layiq görülmüş, Pedaqoji Cəmiyyətin xətti ilə keçmiş sovetlər ittifaqının bir neçə şəhərində ixtisasartırma kurslarından keçmiş, 1998-ci ildə keçirilən Azərbaycan Müəllimlərinin XII Qurultayında iştirak etmişdir. 2011-ci ildə İbrahim Yusifov “Əsrin ziyalısı”, “İlin ən yaxşı publisisti” adına layiq görülmüş, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatını almış, pedaqoji sahədəki fəaliyyətinə görə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Təhsil nazirliklərinin fərmanları ilə təltif olunmuşdur.

İbrahim Yusifov iyirmi ildən artıqdır ki, təhsil şöbəsində kadrlar üzrə məsləhətçi vəzifəsində çalışır. Bu illər ərzində neçə-neçə gənc müəllimin bu çətin və şərəfli peşənin sirlərinə yiyələnməsində, ömürlərini müəllimliyə həsr etmiş şəxslərin yubileylərinin keçirilməsində, bədii yaradıcılıqla məşğul olanların kitablarının redaktəsində və nəşrində öz köməkliyini əsirgəməmişdir.

O, həm də respublika səviyyəsində tanınmış gözəl şair, 20-dək şeir kitabının müəllifi, “Şərurun səsi” qəzetinin nəzdində fəaliyyət göstərən “Şərur” Ədəbi Birliyinin rəhbəridir. “Pedaqoji iş şairliyinə, yaxud əksinə, şairlik pedaqoji fəaliyyətinə mane olmur ki…?” sualını verənlərə o, həmişə xalq şairi Bəxtiyar Vahabzadənin aşağıdakı misraları ilə cavab verir: “Müəllimlik – mənim günüm, həyatım. Şairlik – ən uca duyğularımdır”.

Bəli, rayon təhsil şöbəsinin kadrlar üzrə məsləhətçisi, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Qızıl qələm” mükafatı laureatı İbrahim Yusifov 40 ildir ki, pedaqoci fəaliyyətlə məşğuldur. İnanırıq ki, “qırxıncı otağın” pəncərələri daha işıqlı olacaqdır və “40-cı otağın” pəncərəsindən səslənən aşağıdakı şeir parçası isə onun yaşadığı müəllim ömrünün saf və müqəddəsliyindən xəbər verəcəkdir:

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü-ömürlərə paylanan paydı
Safdı, müqəddəsdi, müəllim ömrü…

Ümbülbanu MUSAYEVA,
Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət işçisi,
Şərur rayonu

Filed in: MƏKTUBLAR, YAZILAR

Hələ şərh yoxdur

Şərh yazın