8:54 pm - Cümə axşamı Yanvar 19, 2017

Qaçqın şəhərciyində bir gün

“Azadlıq” metrosunun yaxınlığında bir şəhərcik yerləşir. Bu şəhərcik digər şəhərciklərə bənzəmir. Burada yaşayanlar yurd nisgilli, Vətən həsrətli, elindən, obasından didərgin düşənlərdir. Doğma yurddan xeyli aralıda şəhərin mərkəzində Qarabağın bir parçası yerləşdirilib. Qarabağ qaçqınları onlar üçün yaradılmış bu şəhərcikdə yaşayırlar. Əslində onları bu məkana yerləşdirmək çox çətindir. Çünki bu insanların hər biri ayrılıqda bir dünyadır. Bəli, həyat davam edir. Bu insanların ürəyində Qarabağ nisgili ilə yanaşı, qələbəyə inam, ümid də var.

Şəhərcikdə məni ilk qarşılayan bütün problemlərdən uzaq, qayğısız uşaqlar oldu. Onlar yaşıl çəmənlikdə öz yaşıdları ilə oynayır, sevinirdilər. Uşaqları uzaqdan seyr etdikcə, qəlbimin dərinliyindən bir arzu keçdi. Uca tanrı körpələrimizi top-tüfəng səsindən uzaq etsin, qoy onlar qayğısız, atalı-analı böyüsünlər.

Vətənin böyük bir bölgəsinin adət-ənənələrini gündəlik həyatında yaşadan qarabağlılarla tez-tez görüşdüyümdən onların torpaq dərdini də təkcə bir vətəndaş kimi yox, həm də onlara doğma bir insan kimi özümünküləşdirmişəm.

Hər bir azərbaycanlı kimi mənim də ən böyük arzum Qarabağa getməkdir. Bizim hər birimizi bu amal birləşdirir. Vətən həsrəti ilə döyünən ürəklərimizi qarabağlılara bağlayan da bu istəkdir. Yaşadığım Pirşağı qəsəbəsində də qaçqın düşərgələri yaradılıb. Onların kəndimizə gəldikləri ilk gün yaxşı xatirimdədir.

Kəndimizdəki qaçqın düşərgələrini təsadüfdən xatırlamadım. Bu gün 2009-cu ildə Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən 2 saylı Evtikmə Kombinatının həyətində inşa edilən və ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə köçkünlərin istifadəsinə verilən bu şəhərciyin həyət qapısından içəri daxil olanda qürur hissi keçirdim. Sevindim ki, ağrılı-acılı günlərimiz arxada qaldı. Günü-gündən inkişaf edən, güclənən dövlətimiz qayğıya ehtiyacı olan vətəndaşlarına imkanlı sosial şəraiti yaratmaq iqtidarındadır. Burada yaşayan sakinlərlə söhbətim zamanı məlum oldu ki, üç hektar ərazidə salınmış şəhərcikdə insanların yaşaması üçün müasir standartlara uyğun hər cür şərait yaradılmışdır. Nazirlər Kabinetinin qərarına uyğun olaraq burada köçkünlər üçün 9 mərtəbəli 6 bina tikilərək istifadəyə verilmişdir. Şəhərcikdəki binalar bir blokludur. Hər blokda isə 60 ailə məskunlaşmışdır. İlk baxışda binaların xüsusi planla tikildiyi diqqətimi cəlb etdi. Binalar inşa olunarkən onların təmiz havaya çıxışına diqqət yetirilmiş, tikinti normalarının tələb etdiyi məsafədə yerləşdirilməsinə riayət olunmuşdur. Bu da mənzillərə günəş işığının düşməsini təmin edir. Binalarda lift quraşdırılmışdır. Mənzillərin istiliklə təminatı problemini həll etmək məqsədilə burada qazanxana inşa olunmuşdur. Elə buna görə də qış aylarında sakinlər soyuqdan əziyyət çəkmir. Şənbə və bazar günləri isə mənzillərə isti su da verilir. Bu da təsadüfi deyil. Şəhərcik yaradılarkən sakinlərin su probleminin həlli də düşünülmüş və bunun üçün şəhərcikdə 100 tonluq su anbarı inşa olunmuşdur.

Sakinlərdən onu da öyrəndim ki, binalarda yerləşdirilən köçkünlər əsasən Nərimanov rayonundakı Səttərxan adına zavodun yataqxanasında müvəqqəti məskunlaşanlar, həmçinin paytaxtımızın məktəblərində, uşaq bağçalarında, Tofiq Bəhramov adına stadionun ətrafında yaşayan ailələrdir. Köçkünlər ailə üzvlərinin sayına uyğun olaraq 1, 2, 3, 4 otaqlı mənzillərdə yerləşdiriliblər.

Şəhərciyin həyətində diqqətimi çəkən məqamlardan biri də burada müasir standartlara uyğun üçmərtəbəli məktəb binasının inşası oldu. Gəlişim şənbə gününə təsadüf etdiyindən məktəbin pedaqoji kollektivi və şagirdlərlə söhbət edə bilmədim. Təmiz havada həyətdəki güllüklərdə istirahət edən ağsaqqalara yaxınlaşıb, onlarla birlikdə Bakının mərkəzindən Qarabağa boylandıq. Yenə xatirələr çözələndi…

Söhbətə Zəngilan rayonundan məcburi-köçkün düşən Allahyar Məmmədov başladı. 1993-cü ildə Bakıya gələndə Nərimanov rayonunun ərazisində (hazırda Heydər Əliyev Mərkəzinin yerləşdiyi ərazidə) 10 mərtəbəli yarımçıq binada məskunlaşmışdıq. 2009-cu ilə kimi biz orada çox çətin şəraitdə yaşamaq məcburiyyətində qaldıq. Həmin binanın üstüaçıq idi, önündə isə elektrik və su xətləri hörümçək toru kimi biri-birinə qarışmışdı. Bu gün isə şükürlər olsun.

Yeni mənzilə köçəndə mətbəx mebelləri bizə hədiyyə olundu. Mən özüm üç otaqlı evdə ailəmlə birlikdə yaşayıram. Əlbəttə, çox sevinirəm. Düzdür, burada gözəl şərait olsa da qəlbimizdəki yurd həsrətini bizə unutdura bilmir. Nə etməli, görünür bu da bizim alın yazımız, tale qismətimiz idi. İnanırıq ki, nə vaxtsa torpaqlarımıza qayıdacayıq. Ölkə başçısı bununla bağlı danışıqlar aparır, əlindən gələni əsirgəmir. Sabaha ümidimiz böyükdür. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət və gərgin zəhməti bahasına bizim üçün belə gözəl mənzillər inşa edilmişdir. Biz dövlətimizin köçkünlərə göstərdiyi diqqət və qayğısından çox razıyıq.

Şəhərciyin sakini Laçın rayonundan olan məcburi köçkün Fazil Bayramovun mənzil şəraiti ilə yaxından tanış olmaq məqsədilə onun evinə yollandıq. Qapını üzümüzə evin xanımı açdı. Qarabağlılara məxsus qonaqpərvərliklə bizi qonaq edən ev sahibi maraqlandığımız sualları cavablandırdı. Fazil Bayramov bildirdi ki, hazırda Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda çalışır. Onun ailəsi şəhərciyə köçməmişdən əvvəl Yasamal rayonu ərazisindəki Uşaq bağçasının binasında məskunlaşmışdır. Nə az, nə azacıq, düz 18 il həmin sığınacaqda bir təhər dolanaraq, hər cür çətin şəraitə səbirlə dözüm göstərmişlər. Fazil Bayramovun ailəsində iki qız və bir oğul övladı böyüyub boya-başa çatmışdır. Qızı Könül Respublika Mərkəzi xəstəxanasının həkimi, Xəyalə isə Mərdəkanda özəl klinikalardan birində həkim işləyir. Oğlu Ramin isə Texnika Bankda çalışır. Fazil kişi mənzil şəraitindən razıdır: – “Prezidentin şəklini görürsünüz? Nəvəm deyir ki, – “baba, evimizi bizə prezidentimiz verib”.

Ağlımıza da gəlməzdi ki, belə gözəl mənzillərdə yaşayacayıq. Biz dövlətimizin qayğısını hər an hiss edirik. Prezidentimizə o qədər alqış edirik ki! …”

Laçını unuda bilərikmi? – deyə Fazil Bayramov yenə xatirələrə qayıdır:

– Sürücü işləyirdim. İkimərtəbəli evim vardı. Hamı bizim evi barmaqla göstərirdi. Laçınla bağlı videolentlərimiz var. Tez-tez baxırıq. Laçın həmişə qəlbimizdədir…

Qonağı olduğum şəhərciyin növbəti sakini isə Çərkəz Məmmədovun (Qubadlı) ailəsi idi. Çərkəz Məmmədov uzun illər ictimai işlərdə çalışıb. Rayonda hörmət və nüfuz sahibi olub. O, rayonun mətbuat orqanı olan “Avanqard” qəzetində redaktor, redaktor müavini vəzifələrində çalışıb. Həmin qəzet sonralar “Bərgüşad” adı ilə nəşr olunmağa başlamışdır. Çərkəz müəllim vaxtilə Cəbrayılda nəşr olunan “Kolxozçu” rayon qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.

Jurnalist Çərkəz müəllim çoxillik fəaliyyətinin bəhrəsi olan kitablarını göstərib söhbətimizə körpü saldı: – “Bir jurnalist kimi vətənimə olan vətəndaşlıq borcumdan Qubadlıdan bəhs edən kitabla çıxmağa çalışmışam. Gələcək nəsillərə Qubadlını tanıtmaq üçün bu kitabı ərsəyə gətirmişəm. Hazırda “Bərgüşad” qəzetini heç bir maliyyə dəstəyi olmadan nəşr edirəm. İstəyirəm ki, adət- ənənələrimiz, tariximiz bu qəzetlə yaşasın, nəsildən-nəslə ötürülsün.

Qubadlının ermənilərdən qorunmasında mübarizə aparmış, döyüşlərdə mərdliklə şəhid olmuş igidlərimizin xatirəsi hər zaman “Bərgüşad”ın səhifələrində yad olunur. Həmçinin burada biz ermənilər tərəfindən yerlə-yeksan edilmiş kəndlər və onların adət-ənənələri barəsində vaxtaşırı yazılar veririk. Mən Qubadlının dünəni və bugününə aid bir videomaterial da hazırlamışam. Bu material bizim orada yaşadığımız illərdə lentə aldığımız kadrların əsasında yaradılmış və 3 diskdən ibarətdir. Qubadlı üçün qəribsəyəndə həmin disklərə baxıb, təskinlik tapırıq”.

Çərkəz müəllim bizi Qubadlı haqqında yazdığı kitabları ilə tanış edir. Kitabda Kamran Hüseynov, Əli Əmiraslanov, qocaman jurnalist Əli İldırımov, Tariyel Cahangirov, yazıçı Şamonun həyat və yaradıcılığı haqqında geniş söhbət açılır.

Eyni zamanda burada Süleyman Rəhimovun evinin fotoşəkli, Məzrə kəndi ilə bağlı məlumatlar da öz əksini tapmışdır. “Yurd harayı” isə Çərkəz müəllimin şeirlər kitabıdır. Bu şeirlərin hamısı Vətən həsrətlidir.

Çərkəz Məmmədov Qubadlını belə xatırlayır: – “Vətən çox şirindir. Qubadlını kövrəlmədən xatırlamaq olmur. Mənim üçün Vətən Qubadlıdakı evimizdən başlanır. O dərələrdə ki, mən gəzmişəm, qoyun-quzu otarmışam, ot biçmişəm, orada təhsil almışam. Qubadlının hər cığırı xatirimdədir.

Qubadlı gözəl bir diyar, dilbər guşə idi. Qubadlı iki çayın – Bərgüşad və Həkəri çaylarının arasında yerləşir. Burada 600-ə yaxın bulağın olması, meşələrimiz təbiətin füsunkarlığından xəbər verir. Qubadlının həm dağ yeri, həm dağətəyi, həm də düzənlik yerləri var. Düzənlikdə insanlar taxıl əkirdi, meşələrsə bizi odunla təmin edirdi. Dağətəyi yerlərdə isə camaat heyvan saxlayırdı. İnsanlar yaxşı dolanırdı. Qubadlıda müxtəlif növ ağaclardan ibarət 14 min hektar meşə zolağı var. Bizim Həkəri, Bərgüşad çaylarında olan balıqlardan heç yerdə yoxdur. Qızıl balıq, nərə balığı kürüsünü orada tökürdü.

Qubadlı istedadlar məskəni idi. Bizim yüzlərlə adlı-sanlı ziyalılarımız, elm xadimlərimiz, mərd oğullarımız Qubadlıdan pərvazlanmışdır. Süleyman Rəhimov, xalq şairi Qasım Qasımzadə, ilk SSRİ Elmlər Akademiyasının müxbir üzvü Əli Əmiraslanov adlarını qeyd etmədiyim yüzlərlə hörmət və nüfuz sahibləri Qubadlı torpağının yetirmələridir.

Artıq təqaüdçüyəm. Hazırda ara-sıra “Bərgüşad” qəzetinin nəşrinə köməklik göstərirəm. Çalışıram ki, adət-ənələrimiz yaşasın.

O ki qaldı, bizim üçün burada yaradılmış şəraitə, hər nə varsa göz qarşısındadır. Şikayətimiz yoxdur. Suyumuz, qazımız, işığımız gəlir. Lakin dövlət bizi nə qədər qayğı ilə əhatə etsə də vətən vətəndir. Vətən həsrəti bizim qəlbimizi didir, parçalayır. Biz daxilimizlə mübarizə aparırıq. Bu gündən bircə arzum var: O torpaqda ölüm!

Beləcə, qaçqın şəhərciyində bir günümüz başa çatır. Yurduna, torpağına bağlı insanlarla daha bir görüşüm yaddaşımın tarixinə yazılır. Mən Qarabağlılardan ayrılarkən, bir daha əmin oldum ki, xalqımız mübarizdir, əyilməzdir. Onun azadlıq əzmini tarix boyu sarsıtmaq mümkün olmamışdır. Nə qədər Azərbaycan xalqı yaşayır, heç vaxt düşmənə boyun əyməyəcəkdir. Gün gələcək üçrəngli bayrağımız Qarabağda -Şuşada dalğalanacaqdır. Ulu tanrının köməyi ilə biz o zaman dünyanın ən böyük bayraq meydanını da, məhz Qarabağda inşa etdirəcəyik!

Qeyd: Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanmışdır.

Dilşad Xaqaniqızı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın