2:39 pm - Çərşənbə axşamı May 23, 2017

129 nömrəli tam orta məktəbdə fənn kurikulumları uğurla tətbiq olunur

129 tam orta məktəbdə “Fizika fənninin tədrisində yeni təhsil proqramlarının (kurikulumlarının) tətbiqi” mövzusunda dəyirmi masa təşkil olunmuşdu. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin Təbiət və riyaziyyat fənnləri şöbəsinin müdiri Əlişah Gərayev, həmin şöbənin elmi işçisi Zeynəb Məmmədova, Bakı şəhəri üzrə Təhsil İdarəsi Metodiki Mərkəzin fizika fənni üzrə metodisti Fəridə İbayeva, Nizami rayonundakı ümumtəhsil məktəblərinin fizika müəllimləri və KİV nümayəndələri iştirak edirdilər.

129 nömrəli tam orta məktəb

129 nömrəli tam orta məktəb

Dəyirmi masanı məktəbin direktoru Samir Mehdizadə açdı. O qonaqları salamlayıb, müasir fənn kurikulumları haqqında fikirlərini bölüşdü. Bildirdi ki, artıq 6 ildir ki, yeni fənn kurikulumları müəllimlər tərəfindən uğurla tətbiq olunur. Müəllimlərin bu sahədə üzləşdiyi problemlərin həllində məktəb rəhbərliyi və metod kabinet tərəfindən onlara vaxtaşırı köməklik göstərilir. Həmçinin müəllimlər təlimdə uğurlu nəticə əldə etmək məqsədi ilə “Kurikulum üzrə təlim kurslarından” keçmişlər.

129 nömrəli tam orta məktəb

129 nömrəli tam orta məktəb

2013-2014-cü tədris ilindən başlayaraq, VI siniflərdə fizika fənn kurikulumu tətbiq olunduğunu vurğulayan natiq, onu da qeyd etdi ki, bu gün fizika müəllimlərinin də məqsədi şagirdləri dövrün tələblərinə uyğun formalaşdırmaq, onların təbiət haqqında dünyagörüşlərini artırmaqla yanaşı, eyni zamanda öyrəndiklərini təcrübədə tətbiq etmələrinə nail olmaqdır. Samir müəllim bildirdi ki, şagirdlərin məntiqi, yaradıcı təfəkkürünü inkişaf etdirmək fizika fənni qarşısında duran əsas məsələlərdən biridir. O, həmçinin fizika fənninin öyrənilməsində məqsədin şagirdlərdə mühakimə yürütmək, müşahidə aparmaq, təhlil etmək, fiziki hadisələr və onlar arasında əlaqələri dərk etmək bacarıqlarını formalaşdırmaqdan ibarət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, göstərilən həmin bu bacarıqlar alt standartlarda VI sinifdən başlayaraq sinif daxilində şaquli xətt üzrə, sinifdən sinifə keçdikcə üfüqi xətt üzrə həm inkişaf edir, həm də dərinləşir. Tədris prosesində alt standartlar reallaşdıqca, məzmun xətləri üzrə təlim nəticələri, ilin sonunda isə sinif üzrə təlim nəicələri reallaşmış olur.

Sonra söz Bakı şəhəri üzrə Təhsil İdarəsi Metod Kabinetinin fizika fənni üzrə metodisti Fəridə İbayevaya verildi. Fəridə xanım bildirdi ki, 2013-2014 tədris ilindən başlayaraq Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində digər fənlərlə yanaşı fizika fənni üzrə də yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur.

Fizika fənninin tədrisində məqsədin məhz şagirdləri təbiətdəki qanunauyğunluqlara aid elmi dünyagörüşə yiyələnməklə onlarda təfəkkür və kommunikativ mədəniyyəti inkişaf etdirmək, müasir texnologiyalarla işləmək qabiliyyəti formalaşdırmaqdan ibarət olduğunu vurğulayan natiq bildirdi ki, bütün bunları nəzərə alaraq 3 məzmun xətti, 8 fəaliyyət və təlim nəticələri məqsədəuyğun hesab edilmişdir.

Fəridə İbayeva gözlənilən nəticələr haqqında məlumat verərək, qeyd etdi ki, şagird VI sinfi bitirdikdə hadisələri (mexaniki, istilik, elektrik) fərqləndirir, onlara dair sadə məsələləri həll edir, materiyanın formalarını fərqləndirir, maddələrin aqreqat hallarını izah edir, təbiətdəki əlaqəli sistemləri fərqləndirir və qarşılıqlı təsirə dair müşahidələrini izah edir, sadə təcrübələr aparır və ölçü cihazlarından təhlükəsiz istifadə edir, fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir, fizika elminin inkişafında dünya alimlərinin roluna dair məlumatları təqdim edir. Fəridə İbayeva VI siniflərdə müəllimlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması məqsədi ilə fənnin tədrisində yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi yollarını mövzular üzərində göstərdi.

Daha sonra 238 nömrəli tam orta məktəbin müəllimi Gülbəniz Valehova ümumtəhsil məktəblərində yeni qiymətləndirmə sistemi və məktəbdaxili qiymətləndirmə qaydaları haqqında məlumat verdi.

Kurikulum Mərkəzinin Təbiət və riyaziyyat fənləri şöbəsinin müdiri Əlişah Gərayev isə müəllimləri maraqlandıran suallara cavab verdi.

Dəyirmi masa iştirakçıları eyni zamanda məktəbdə təşkil olunmuş nümunəvi dərsləri izlədilər. Tədbir iştirakçıları əvvəlcə Sevda Qasımovanın dərsini dinlədilər. O VIc sinfində “Ölçü cihazları” mövzusunun tədrisi üçün hazırladığı dərsində 3.1.1. Sadə ölçü cihazlarından istifadə edir, 3.1.2. Sadə təcrübələr aparır, nəticələrini təqdim edir, 3.2.1. İş prinsipində fiziki hadisələrə əsaslanan məişət qurğularından istifadə edir standartlarını seçmişdi. Təlimin məqsədi şagirdlərə sadə ölçü cihazlarından istifadəni nümayiş etdirməyi öyrətmək, ölçü cihazı şkalasında bir bölgünün qiymətini və ölçü həddini müəyyən etməyi mənimsətmək idi.

Dərs motivasiya ilə başlandı. Müəllim proyektorun köməyi ilə lövhədə əvvəlcədən hazırladığı video materialı nümayiş etdirdi. Sonra şagirdlərə “Kəmiyyətlərin qiymətini necə müəyyən etmək olar?”, “İnsan duyğu üzvüləri vasitəsi ilə fiziki kəmiyyətləri ölçə bilərmi?”, “Fiziki kəmiyyətləri ölçmək üçün nələrdən istifadə olunur?” və s. yardımçı suallarla müraciət etdi. Şagirdlərin cavabları dinlənildikdən sonra lövhədə tədqiqat sualı göründü. İnsanlar hiss üzvüləri vasitəsi ilə fiziki kəmiyyətləri ölçə bilərmi?

Şagirdlər bildirdilər ki, insanlar hiss üzvülərinə əsaslanaraq temperaturu, zamanı, bədən üzvülərindən istifadə edərək isə məsafələri ölçürlər. Müəllim yenidən sinifə müraciət etdi: – İnsanlar öz bədən üzvülərindən istifadə etməklə çox böyük məsəfələri ölçə bilərmi?

Məlum oldu ki, ölçə bilməzlər. Şəhərlərarası, planetlərarası, kiçik zərrəciklərarası ölçmələri yalnız ölçü alətləri, ölçü vasitələri ilə ölçmək olar. Söhbətin gedişindən şagirdlər öyrəndilər ki, yeni dərsin mövzusu “Ölçü çihazları”dır.

Ölçü çihazları haqqında görüntü proyektorun köməyi ilə ekrana göstərildi. Şagirdlər təqdim olunan materialda tanış olduqları ölçü çihazları – termometr, saat, xətkeş, ölçü lenti, saniyəölçən haqqında məlumat verdilər. Müəllim həmçinin onlara mürəkkəb cihazlar – kurvimetr, ştangenpərgar, odometr, sfiqmamanometr barəsində də məlumatlar verdi.

Sonra kütlə, zaman, uzunluq, temperatur qruplarına tədqiqatın aparılması üçün tapşırıqlar verildi. Qruplara verilmiş tapşırıqlar aşağıdakı kimi idi.

Sizə aşağıdakı kəmiyyətləri ölçmək üçün cihazlar verilmişdir.

1. Saat, tərəzi, termometr, ölçü lenti, menzurka. Onların hansı kəmiyyətləri ölçmək üçün lazımlı olduğunu qeyd edin. Saniyə ölçənin bir bölgüsünün qiymətini və ölçü həddini təyin edin.

2. Öyrəndiklərinizi tətbiq edin. Şəkildə iki termometr təsvir olunmuşdur. Onların ölçü həddi neçə dərəcə C-dir.

3. Fiziki kəmiyyətlər haqqında bildiklərinizi yazın. Şəkildə tərəzi təsvir olunmuşdur, onun ölçü həddini və bir bölgüsünün qiymətini təyin edin.

4. Sizə aşağıdakı məqsədlər üçün cihazlar lazımdır. Hansını seçərdiniz? Şəkildə menzurka və xətkeş göstərilmişdir. Onların ölçü həddini və bir bölgüsünün qiymətini təyin edin.

Şagirdlər tapşırıqları cavablandırıb, lövhə qarşısında təqdimat etdilər. Dərsin informasiya mübadiləsi bölməsində onlar yeni biliklərə əsaslanaraq ölçü cihazlarının həyatda vacibliyi və dəqiq ölçü aparmaq üçün cihazla bağlı öyrəndiklərini şərh etdilər. BİBÖ cədvəlinin “Öyrəndim” qrafasını doldurdular.

Sevda müəllimin dərsi sona yaxınlaşdı. Müəllim şagirdlərə öyrəndiklərini tətbiq etmək üçün stolun üstünə düzülmüş cihazların ölçü həddini və bir bölgüsünün qiymətini təyin etməyi tapşırdı. Həmçinin şagirdlər kütlə, zaman, temperatur və uzunluğu ölçən cihazları qruplaşdırdılar.

Dərsin sonunda müəllim şagirdlərə əvvəlcədən hazırlanmış – tərəzi, arşın, şüşə bardaq, metrli cihaz, mizan tərəziləri barəsində video material nümayiş etdirdi.
Müəllim dərs zamanı şagirdlərin uğurlarını qiymətləndirmə cədvəlində qeyd edirdi. Qiymətləndirmə cədvəlində meyar kimi nümayişetmə, müəyyənetmə, ölçmə, məsələ həlletmə, yekun meyarları əsas götürülmüşdü.

Ev tapşırığı kimi şagirdlərə evlərindəki ölçü cihazlarının (saat, ölçü lenti, xətkeş, tərəzi və s.) ölçmə həddini, bir bölgüsünün qiymətini və hansı kəmiyyəti ölçdüyünü cədvəldə yazmaq və sadə ölçü cihazları düzəltmək tapşırıldı.

7a sinfində ənənəvi təlim üsulları ilə Məhluqə Hüseynovanın “Qazlarda, mayelərdə və bərk cisimlərdə diffuziya” mövzusu da şagirdlərin yaddaşından uzun müddət silinməyəcəkdir. Dərsin məqsədi diffuziya hadisəsini təcrübələr vasitəsilə şagirdlərə izah etmək, diffuziyanın surətinin molekullararası məsafədən və temperaturdan asılı olmasını şagirdlərə təcrübələr və slayd vasitəsilə izah etmək idi. Təchizat kimi müəllim göydaş məhlulu, su, menzurka, ətir, marqans, silindrik porşen, kompyuter, proyektor və A-3 vərəqləri götürmüşdü.

Dərsin gedişi zamanı müəllim ilk öncə şagirdlərlə salamlaşıb, davamiyyəti yoxladı. Sonra keçmiş dərsi soruşmaq üçün şagirdləri “Atom”, “Molekul”, “Maddə” və “Cisim” kimi 4 qrupa böldü. Hər qrup öz adı haqqında məlumat verdi. Keçmiş dərsin mövzusu “Kainatda obyektlərin əlaqəli sistemləri” idi. Şagirdlər müəllimin aşağıdakı suallarına cavab verdilər:

* Təbiət obyektləri və ya fiziki obyektlər nəyə deyilir?
* Günəş sistemi dedikdə nə başa düşülür?
* Nüvə hansı zərrəciklər arasında əlaqəli sistem yaradır?
* Atomun quruluşu haqqında kim danışar?
* Atom nə zaman “+” və “-” yüklü iona çevirilir?
* Molekul nəyə deyilir, misallar göstərin.
* Makroskopik cisimlər nəyə deyilir?
* Plazma nəyə deyilir və ona harada rast gəlmək olar?

Sonra müəllim keçmiş dərslə yeni dərs arasında əlaqə yaratdı. Məlum oldu ki, şagirdlər keçən dərsdə obyektlərin əlaqəli sistemləri və onların yaranma səbəbini, eyni zamanda maddələrin atom və mollekullardan təşkil olunduğunu öyrənmişlər. Yeni dərsdə isə şagirdlər bu molekulların bir-birinə nüfuz etmə hadisəsi ilə tanış olacaqlar.

Müəllim yeni dərsin izahına başladı. O, şagirdlərə maddənin molekulyar quruluşa malik olmasını təsdiq edən hadisələrdən biri kimi diffuziyanı söylədi və hazırladığı təcrübəni şagirdlərə nümayiş etdirdi:

O, göydaş məhlulunun üzərinə su əlavə etdi. Bu zaman əvvəlcə kəskin sərhəd yarandı. Müəyyən müddətdən sonra su ilə göy daş məhlulu qarışaraq açıq mavi rəngli bircins maye yaratdılar. Bu hadisəni müəllim ekranda proyektor vasitəsilə nümayiş etdirdi. Təcrübədən belə nəticə çıxdı ki, maddənin molekulyar quruluşunun iki mühüm xüsusiyyəti var:

1) Madə molekulları nizamsız hərəkətdədir.
2) Maddə molekulları arasında müəyyən boşluqlar var.

Sonra müəllim diffuziyaya tərif verdi. Diffuziya prosesində surətin temperatur və molekullararası məsafədən asılı olduğunu təcrübələr vasitəsi ilə izah etdi. Eyni zamanda slyad vasitəsi ilə molekullarası məsafəni şagirdlərə göstərdi. Şagirdlər müəllimin izahından silindirin içərisində porşeni hərəkət etdirməklə qazlarda, molekullar arasında məsafənin böyük olduğunu gördülər. Müəllim daha sonra həmin qaba maye doldurub sıxdı. Lakin maye sıxılmadı.

Müəllim həmçinin məişətdə diffuziya hadisəsinə əyani misallar göstərdi. O çayın dəmlənməsini, qida maddələrinin, bitkinin köklərinə nüfuz etməsi, tərəvəzin duza qoyulması, meyvələrin şirəyə qoyulması və s. slayd vasitəsilə şagirdlərə nümayiş etdirdi.

Müəllim həmçinin şagirdlərə Broun hərəkətini təcrübə vasitəsilə izah etdi. Bildirdi ki, Broun hərəkəti mayelərdə və qazlarda asılı halda olan zərrəciklərin nizamsız hərəkətinə deyilir. Mayelərdə və qazlarda müşahidə olunur, temperaturdan asılıdır.

Dərsin yeni mövzunun möhkəmləndirilməsi hissəsində müəllim şagirdlərə yenidən suallarla müraciət etdi. Müəllim həmçinin onların biliyini möhkəmləndirmək məqsədi ilə Broun hərəkətini müşahidə etdirən cihazı hər komandaya verməklə hadisənin səbəbini şagirdlərdən soruşdu. Dərsin sonunda müəllim test vasitəsi ilə yeni dərsin mənimsəmə dərəcəsini yoxladı.

Sonda komandaları qiymətləndirdi. “Molekul” və “Maddə” komandalar “5”, “Atom” və “Cisim” komandaları isə “4” qiyməti ilə qiymətləndirildi. Müəllim şagirdlərə ev tapşırığı verib, dərsi yekunlaşdırdı.

Kiçik tənəffüsdən sonra dinlənilmiş dərslərin müzakirəsi oldu. Hər iki müəllimin dərsi yüksək qiymətləndirildi. Onlara müvafiq tövsiyyələr verildi.

Dilşad Xaqaniqızı,
“Təhsil problemləri”

Filed in: MÜSABİQE

Hələ şərh yoxdur

Şərh yazın